Bakının xilası onun milli

paytaxt statusunu bərpa etdi

 

Azərbaycan xalqının tarixində 15 sentyabr günü olduqca əlamətdar bir tarixdir. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri yad düşmən qüvvələrdən azad edildi. 100 illik Rusiya əsarətindən qurtularaq dövlətçiliyini bərpa etmiş, həm ən sivil idarə üsuluna üstünlük vermiş Azərbaycan xalqı müsəlman Şərqində ilk respublika qurdu. İstiqlaliyyətini yenicə elan etmiş Cümhuriyyətin müvəqqəti paytaxt olaraq Gəncə şəhərini seçməsi acı reallıqdan çıxış yolu idi. Nəinki Azərbaycan xalqının, bütün Qafqaz müsəlmanlarının, Yaxın Şərqin mühüm, iqtisadi, mədəni, siyasi mərkəzlərindən olan Bakı artıq müsəlman əhali, yəni azərbaycanlılar üçün itirilmiş vəziyyətdə idi. Azərbaycan muxtariyyətinin qatı əleyhdarı olan Şaumyan bunun müqabilində azərbaycanlılara vəd etdiyi xarabazarlığı nəsib etdi. Bakının yerli əhalisinə - müsəlmanlara, azərbaycanlılara qarşı həyata keçirilmiş qətliamlar mahiyyəti etibarilə soyqırımı siyasəti idi.

Xatırladaq ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan, Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbula gedərək Osmanlı Türkiyəsindən köməklik istəmişdilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə əmr vermişdi. 1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım dostluq haqqında" imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı. Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhali talanlara soyqırımına məruz qoyulurdu. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı Qafqaz İslam ordusu Bakı istiqamətində əks hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı.

Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz oldu. Avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər zabitdən ibarət idi. Biçeraxov general Denstervillə gizli razılığa gələrək, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Biçeraxov iyulun 30-da Qafqaz İslam ordusu qarşısında məğlubiyyətin labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk (indiki Maxaçqala) istiqamətində şimala çəkildi. Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Məlumat üçün qeyd edək ki, Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid vermişdi. Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla şəhidlik mövcuddur. 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, XX əsrin əvvəllərində Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinə əsl qardaş yarımı etdi. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı ətraf rayonlar hələ erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumda olmasına baxmayaraq, Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini respublikamıza göndərib. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə onu ilk tanıyan dövlət məhz Türkiyə olub. Azərbaycan tarixçiləri Qafqaz İslam Ordusunun tarixi ilə bağlı araşdırmalara dövlət müstəqilliyimizin bərpasından sonra başlayıblar. 15 sentyabr Azərbaycan xalqının tarixində əhəmiyyətli hadisədir. Hər bir azərbaycanlı bu əlamətdar günün təbliğində mühüm rol oynamalıdır. Çünki Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir".

Millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, Azərbaycan xalqı 15 sentyabrı Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar daşnak quldurlardan azad edildiyi gün kimi qeyd edir: "Çünki Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını erməni bolşevik işğalından azad etmişdir. Məlum olduğu kimi 1918-ci ilin iyulunda Qafqaz İslam ordusu Bakını azad etmək istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilmiş, bəzi mənbələrə əsasən şəhərin azadlığı uğrunda gedən döyüşlərdə mindən çox türk əsgər zabitləri, yerli əhalidən isə beş mindən çox insan şəhid olmuşdu. Bu böyük zəfər yolunda şəhid olanları dərin hörmət ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.  Eyni zamanda, onu da qeyd etməliyik ki, Azərbaycan -Türkiyə arasındakı münasibətlərin yüksək Ali dəyərlər əsasında inkişaf etməsi, hər iki ölkənin keçdiyi tarixi dönüm nöqtələrinin  məntiqi nəticəsidir. 15 sentyabr tarixi belə dönüm nöqtələrindən biridir.  Beləki, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. İnanırıq ümid edirik ki, bugün olduğu kimi gələcəkdə Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq, hər iki ölkə arasındakı münasibətlər bütün sahələrdə müvəfəqiyyətlə inkişaf edəcək  genişlənəcək".

 

Alim

 

Olaylar.- 2023.- 15-21 sentyabr.- S.4.