Ləngəbiz
yaylası-Küdrü Şirvan
düzü faciələri-
1918-ci ildə...
Azərbaycan Xalq Cumhuriyyəti dövründə rus-bolşevik və hay-daşnak silahlı quldurlarının fasiləsiz hücumlarına və dinc sakinlərinin amansız qətllərinə hədəf olan Küdrü Şirvan düzü Bakı şəhərində yuva qurmuş S.Şaumyan-A.Mikoyan cütlüyünün hərbi dəstələrinin döyüş cəbhələrinə bitişik olduğu üçün həm də Şamaxı qəzası da faciəvi basqınlara məruz qalmışdır. Ləngəbiz yaylası və Sakqala/Sənqalan dağı (931 m) istiqamətindən edilən hücumlar 1917-ci ilin sonu və 1918-ci ilin əvvəlində, eləcə də 1918-ci ilin iyul-avqust aylarında da (rus-hay dəstələri Bakı şəhərinə doğru geri çəkilərkən) baş vermiş, Padarçöl, Keçdiməz, Bico, Ləngəbiz, Qəşəd, Rəhimağalı, Ovculu, Hacıqədirli, Çöl Göylər...kəndlərində müsibətli qətliamlar-soyqırım faciələri törədilmişdir...
1917-ci ilin sonlarında-1918-ci ilin əvvəllərində Bakı-Tiflis dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir nahiyəsinin Sığırli kəndindən keçən hissəsində Bakı Xalq Komissarları Sovetinin zirehli qatarı ilə Gəncə şəhəri istiqamətinə daşınan silah-sursatla təchiz edilən hay-daşnak quldurları da (400 silahlı) Ağsu nahiyəsinə hücum edərək Küdrü Şirvan düzü boyunca yerləşən yuxarıda adları çəkilən kəndlərin dinc sakinlərinə qarşı qətliamlar və qarətlər törətmişlər. Həmin yaşayış məntəqələri Ləngəbiz yaylasının ətəklərində sıralandığı üçün başqa bir istiqamətdən (quzeydən)-Şamaxı qəzasının ruslar-"erməni"lər yaşayan kəndlərinin (Çuxuryurd, Nağaraxana, Qozlu (Hilmilli), Mərəzə, Qurdtəpə, Saqiyan, Mədrəsə, Kərkənc...) də silahlı dəstələrinin hücumlarına məruz qalmışlar.
Şamaxı qəzasında hay-daşnak quldurlarının mövqeyi həm də ona görə üstün olmuşdur ki, qəza iki istiqamətdə:
-Şamaxı-Mərəzə-Cəngi-Çaylı və Şamaxı-Göylər-Quşçu-Poladlı-Udulu-Navahı-Atbulaq...ərazilərindəki (Qobustan alçaq təpəliyi-Şubanı yüksəkliyi-Ələt tirəsi və Küdrü-Padarçöl boyunca) yaşayış məntəqələrinə (Xoca Həsən/ Xocasən, Qaraheybət, Qızılburn, Atbulaq, Navahı, Pirsaat...) edilən basqınları, hücumları şaxələndirməyə,"səpələyəməyə" düşmən qüvvələrinin siyasi-hərbi imkanları geniş idi. Nəticədə, 1918-ci ilin mart ayının16-18-də S.Şaumyan əlavə olaraq 3min hay-daşnak quldurunu Şamaxı qəzasına göndərmişdir.
Küdrü Şirvan düzü, Ələt tirəsi, Şubanı yüksəkliyi və Qobustan massivi coğrafi ərazi-məkan baxımından Bakı şəhərinə yaxın olduğundan (100 km-dək məsafədə) Bakı Xalq Komissarları Sovetinin Hərbi-Dəniz qüvvələrinin (düşmən qüvəsinin bu qanadına Bakı şəhərində 1918-ci ilin fevral-mart aylarında 10 min nəfərdən çox dinc Türk-Müsəlman əhalisini amansızlıqla qətlə yetirən "Daşnakstyun" quldurları ilə birlikdə inqilabi qüvvələrin rəhbərlərindən biri Q.N.Korqanyan (1886-1918) başçılıq etmişdir) fasiləsiz silah-sursat yardımı ilə yanaşı, qəzanın haylar, ruslar yaşayan kəndlərinin (Mədrəsə, Saqiyan, Kələxana, Xankəndi, Zalxı, Mərəzə, Hilmilli, Qızmeydan...) yerli sakinləri də kökənli, dinc Türk-Müsəlman sakinlərinə qarşı əks cəbhədə döyüşür (kəşfiyyat səciyyəli məlumatları ötürməklə yanaşı), yerli şəraitə uyğun olaraq döyüş mövqeyi seçir və amansız qətliamlar törədirdilər.
1918-ci ilin aprel ayında cəbhənin bu hissəsində (Sakqala/Sənqalan dağı-Ləngəbiz yaylasında), Alpout kəndi (909 m) tərəfdən hücumlar Bico kəndinin quzeyindəki "Bico dərəsi"ndən, Gəgəli kəndinin "Orta bulaq yolu"ndan (Kamandərəsi bağı yanından), Qəşəd və Ləngəbiz kəndləri arasındakı "Qəşəd/Xəlfə dərəsi"ndən olmuşdur (bu barədə Bico kənd sakini Müstəcəb Alış oğlu (1926-2010), Qəşəd kənd sakinləri Mina Mürşüd qızı (1884-1984), Zərbalı Ağaməmməd oğlu (1865-1943), Abdulla Abdulhüseyn oğlu (1881-1969), Ədil Mehdi oğlu (1902-1977), Eybulla Qədim oğlu (1930-2003)... daha çox məlumat vermişlər).
Sakqalan/Sənqalan dağı boyunca (929 m) "Bico dərəsi" qaratikan, yemişan kolları, sumağ ağacları ilə örtülü olmaqla, qəzanın (Şamaxı nahiyəsinin) Osmanbəyli kəndindən başlayaraq 10 km məsafədə uzanır və tirəni-dağı kəsib keçərək Bico kəndindən Küdrü Şirvana birləşir. Müstəcəb Alış oğlu söyləyib ki, Kərkənc, Zalxı, Xankəndi, Kələxana kəndinin hay quldur dəstələri bu dərə boyunca Bico, Keçdiməz, Qəşəd... kəndlərinə hücumları gecələr və ya sübhə yaxın ediblər. Və silahlı quldurlar cəm olduqları yeri fit çalmaqla və ya oxşar səs çıxarmaqla bir-birlərinə bildiriblər, hücuma birlikdə keçiblər.
Qəşəd kəndinin quzeyində, 6-7 km aralıdakı "Dağ qəbirstanlığı"nda hay-daşnak quldurlarının qətlə yetirdikləri Abdulhüseyn Nuru oğlunun (1860-1918), Kamandar Abdulhüseyn oğlu Nuriyevin (1890-1918), Surxo Abdulla qızının (1895-1918), 7-8 yaşlı Balaş Kamandar oğlunun... meyidlərinə qurd-quş ziyan vurmasın deyə gecə ikən gətirib Hacıqədirli kəndi yaxınlığındakı "Hacı Nur" təpəliyində dəfn etmişdilər.
Qəşəd kəndinin cənub-qərb hissəsində, Keçdiməz kəndi yaxınlığında hay quldur dəstələri əlində müqəddəs "Qurani-Şərifi" tutan molla Mehrab molla Gülü oğlunu (1857-1918) gülləyə tutsalar da, güllə ona dəymib. Molla Mehraba yaxınlaşan dinsizlərə irfan yiyəsi deyib:
-Kafir, əl imdə Müqəddəs Kitabım var, güllələrin mənə dəyə bilməz...
Əhatəyə alınan Ruhani Ataya düşmən, qabaqlarına düşüb getməyi təkid edir:
-Allahın qulu və Muhammad hümməti kafirlərin qabağında gedə bilməz...
Bu cavabdan sonra kafirlər Molla Mehrabı oradaca qılıncdan keçirib, doğrayıblar..
İrfani din xadiminin Şəhid olduğu və dəfn edildiyi yerdə hazırda gümbəz ucalır (oğul nəvəsi Güləhməd Yarəhməd oğlu (1948) 2008-2009-cu illərdə inşa etdirib), el arasında ruhani siqlətlə anılan məkanlardan, müqəddəs Dini-Şəhid məqamı kimi ziyarət edilir...
Ümumiyyətlə, 1915-1918-ci illər ərzində qəzanın hay silahlı dəstələri Qəşəd kəndinin yüzlərlə dinc sakinini xüsusi işgəncə ilə qətlə yetiriblər.
Haşiyə. 1983-cü ilin yay aylarında Qəşəd kənd sakini Yaylaq Rəşid qızı (1929) nəvəsi Emil Oqtay oğlu (1974) ilə 10 km aralıda haylar yaşayan Kələxana kəndinə, Yura (1988-ci ildə Rostov şəhərinə köçüb) adlı tanışlarının evinə gediblər. Onun qayınatası Ruben ona deyib ki, bu düşmənlərimizi niyə evimizə gətirmisən?
Ləngəbiz silsiləsi ətəklərində yerləşən kəndlərdə yaşayan 7-8 min nəfərə qədər dinc Türk-Müsəlman əhalisinin min nəfərə qədəri 1904-1918-ci illər ərzində rus silahlı qüvvələrinin himayə etdiyi hay-daşnak dəstələri tərəfindən amansızlıqla qətlə yetirilmiş, mal-mülk qarət edildikdən sonra yandırılmış, maddi-mədəniyyət ocaqları, dini-sakral abidələr dağıdılmış... və Vətən tarixində "Bico soyqırımı" kimi qalmışdır. Bu faciələrin son mərhələsi 5-ci Qafqaz İslam Ordusunun əsgər-zabit heyətinin cəbhənin bu hissəsində olması ilə başa çatmışdır. Heyətin Qazi üzvlərindən İbrahim Əfəndi Həsən oğlu (1880-1946) və Osman bəy Əli oğlu (1900-1945) Qəşəd və Keçdiməz kəndlərində yaşamışlar.
Bir cəhəti də qeyd etmək lazımdır ki, hay quldurları qarət etdikləri mal-heyvan sürülərini kəndlərinə mal yiyələrinin qabağına qatıb apamağa məcbur etmişlər, sonra onları qətlə yetirmişlər.
Amma, yerli özünü müdafiə qüvvələri də rus-hay quldur dəstələrinə qarşı mübarizə apara bilmişlər.1918-1919-cu illərdə Qəşəd kəndinin yüzbaşısı olmuş, xalq sənətkarı Mirzə Bilal Mustafa oğlu Mikayılov (1872-1937) bu bölgədə müqavimət hərakatının təşkilində böyük zəhmət sərf etmiş, ətrafında kəndin sərrast atıcılarından olan Səməndər Abdulhüseyn oğlu (1872-1943), Nüsrət Qənbərli (1900-1937), Məmmədxan Səməndər oğlu (1898-1937), Şəfaqət Tahirli (1900-1937), Keçdiməz kəndindən Şahbaba Şeyda oğlu, Kor Etibar...birləşmiş, ayrı-ayrı səngərlərdə (Dağ yurdunda, Pirboyunda, Güllük zəmidə...) düşmənə layiqli cavab vermişlər. Onlar eyni anda düşməni sağ və sol gözlərindən, ürəyindən nişan alaraq məhv edə bilirdilər.
Bu zərbələri və milli-müqavimət hərakatı üzvlərini unutmayan rus-hay qüvvələri 1937-1938-ci illərdə xalqımızın milli ruhlu bu qəhrəmanlarını "sosializm quruculuğu düşmənləri" adı ilə həbs edərək...güllələmişlər.
1928-ci ildə keçirilən Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı Mirzə Bilalı Şamaxı şəhərində Dövlət Thlükəsizlik Komitəsinin 4-cü şöbəsinin müstəntiqi, leytnant Q.B.Martirosyan dindirmişdir...
R.S. 1918-ci ilin sentyabr ayının əvvəllərində 5-ci Qafqaz İslam Ordusunun hərbi-səhra düşərgələri Şubanı dağının şimal-qərbindəki Qobu kəndi ərazisində və Xəzər dənizi yaxınlığında Qaraheybət obasında (Yasamal tirəsinin ətəyində) yerləşmişdir.
1918-ci il 15 sentyabr tarixinin Bakı şəhərinə həlledici müzəffər-qalibiyyət hücumu məhz bu istiqamətlərdən edilmişdir.
(Yazının hazırlanmasında həm də Ağsu rayonu, Qəşəd kənd sakini İlham Nuru oğlu Bağırovun (1955) məlumatlarından istifadə olunub).
Qismət
Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2023.- 22-28 sentyabr.- S.17.