“Qərbi Azərbaycanın
coğrafiyası” – XIX əsr rus
arxeoloqları,
tarixçiləri və
etnoqraflarının... tədqiqatlarında...
Cənubi Qafqazın Kiçik Qafqaz dağlıq bölgəsi, o cümlədən Qərbi Azərbaycan ərazisi Avrasiya materikində geoloji-struktural inkişaf mərhələrinin mürəkkəbliyi və meqastruktur örtüyünün zənginliyi baxımından da bir sıra xarici ölkə arxeoloqlarının-tarixçilərinin, coğrafiyaşünasların diqqət mərkəzinə və onların elmi-tədqiqat obyektinə çevrilmiş, nəticədə bir sıra elmi əsərlərin mövzusu (məzmunu) olmuşdiur. Onlardan biri kimi məşhur rus tarixçisi, antropoloqu, etnoqrafı Aleksey Arsenyeviç İvanovskinin (1866-1934) də adı çəkilir.
Rusiya İmperator Cəmiyyətinin Antropologiya bölməsinin nəşri olan "Rusiya Antropologiya jurnalı"nın 1911-1914-cü illərdə redaktoru olan, tarix elmləri doktoru A.A.İvanovski Altay diyarında, Monqolustanda, Orta Asiyada, Qafqazda (1891), Türkiyə və Cənubi Azərbaycanda arxeoloji tədqiqatlar aparmış, həmin ərazilərin təbii-coğrafi şəraiti, əski Türk-Müsəlman xalqlarının morfogenetik, etno-tarixi xüsusiyyətləri və arxeoloji-maddi ocaqları barədə qiymətli elmi-nəzəri mülahizələrin müəlifi olmaqla, həm də bu mövzularda bir sıra tarixi əsərlərini çap etdirmişdir.
Onlardan biri də XIX əsrdə Azərbaycan xalqının tarixi-coğrafi keçmişinə aid məlumatları özündə əks etdirən "Qafqazın arxeologiyasına aid materiallar" toplusunun (1886-1916-cı illər dövrünü əhatə edən) VI buraxılışında (redaktoru Cəmiyyətin direktoru P.S.Uvarova-1840-1924...) Cənubi Qafqaz, eləcə də Qərbi Azərbaycan bölgəsinə həsr etdiyi, 1911-ci ildə Moskva şəhərində işıq üzü görən arxeoloji tədqiqatların və müşahidələrin nəticələri (238 səhifə) xüsusi maraq doğurur. Çünki, bu təqdidatların bir hissəsi Qərbi Azərbaycan ərazisində aparılmış, alimin çoxşaxəli, dövrün arxiv materiallarının da nəzərə alındığı elmi-nəzəri nəticələri bölgənin tarixi-coğrafi keçmişinin düzgün, obyektiv, qərəzsiz qiymətləndirilməsinə əsas verir, həmçinin tutarlı mətn və kartoqrafik təsvir materialları ilə zəngindir.
"Qafqazın arxeologiyasına aid materiallar" toplusunun məzmun tərkibi "Ön söz"dən (səh.6-9), "Göyçə gölü hövzəsi" (9-33), "İrəvan düzü-vadisi" (33-62), "Bəyazid və Maku xanlığı" (62-69), "Qars vilayəti" (69-85) və "Yelizavetpol quberniyası" (85-185) mövzularını əhatə etmiş (bu tədqiqatlarda digər rus arxeoloqu-tarixçisi M.V.Nikolski (1848-1917) də iştirak etmişdir) və aşağıdakı məzmundadır:
-Qərbi Azərbaycanın tarixi-coğrafi əhəmiyyətinin beynəlxalq və regional hərbi-strateji və iqtisadi əhəmiyyəti nəzərə alınaraq elmi-nəzəri tədqiqat obyekti kimi qiymətləndirilməsi;
-Qərbi Azərbaycanın təbii-coğrafi şəraitinin coğrafi məkan (etimoloji yer adlarının timsalında) baxımından təsviri;
-Qərbi Azərbaycanın bölgələr üzrə tarixi-maddi abidələrinin, arxeoloji tədqiqat nümunələrinin milli mənşəyinin qiymətləndirilməsi;
-Qərbi Azərbaycanının milli-demoqrafik tərkibinə dair statistik məlumatların təhlili;
-Qərbi Azərbaycanın əsas etno-morfogenetik (Türk-Müsəlman mənşəli) struktur vahidləri daxilində arxeoloji təqdidatların nəticələri;
Qeyd etmək lazımdır ki, arxeoloji tədqiqat obyekti kimi tarixi-maddi abidələrin yayıldığı coğrafi məkan adları (toponimlər) milli, morfogenetik mənşə baxımından Türk-Müsəlman mənsubluğu dəyişdirilməmiş və mətn-xəritələrdə olduğu kimi saxlanılmışdır.
"Ön söz"dən məlum olur ki, A.A.İvanovski və M.V.Nikolski 1893-cü ildə Moskva İmperator Arxeologiya Cəmiyyəti tərəfindən Cənubi Qafqaza tarixi-maddi abidələrin tədqiqi, elmi-arxeoloji araşdırılması məqsədi ilə uzunmüddətli ekspedisiya tərkibində ezam olunmuşlar.
Haşiyə. Rus şərqşüması və assuriyaşünası Mixail Vasilyeviç Nikolski (1848-1917) Şumer mədəniyyətinin və tarixinin tədqiqatçılarından olub, Şumer mətnlərinin gil lövhələr üzərində yazısını oxuyub, 1880-ci illərin əvvəllərində Moskv Universitetində "Assurologiya və Semitologiya" elmlərini tədris edib, 1887-ci ildə Moskva İmperator Arxeologiya Cəmiyyəti yanında Şərq Komissiyasını yaradıb, 1889-cu ildən isə redaktorluğu ilə "Qədim Şərq" jurnalı çap edilib.
M.V.Nikolskinin tədqiqatları Göyçə gölü ətrafında, Kolanı-Kirlani kəndi ərazisində əski (e.ə.II-I minilliklər dövrü) Şumer mədəniyyətinin gil yazı lövhələrinin üzə çıxarılmasına, ilk dəfə olaraq elmi yenilik kimi qəbul edilməsinə imkan yaratmışdır.
Məşhur arxeoloq bu tədqiqatları barədə "Qafqaz arxeoloji məlumatlar" nəşrinin V buraxılışında geniş elmi-nəzəri təhlilə əsaslanan məlumat vermişdir.
Göyçə gölü hövzəsindən sonra arxeoloji qazıntılar İrəvan düzü-vadisində (qədim Bəyazid şəhərinin qalıqları yayılan Qanlı təpə və Daşburun kəndi yaxınlığında) davam etdirilmişdir.
1894-cü ildə Sarıqamış nahiyəsində, Çaldır gölü ətrafında tapılmış gil yazılı lövhələr (eləcə də bürünc və gil qablar) Tiflis Muzeyinə verilib.
Ümumiyyətlə, Cənubi Qafqazın Qərbi Azərbaycan bölgəsində aparılan Moskva İmperator Arxeologiya Cəmiyyətinin təqdidatları 1905-ci ildə sonuclanmış, bu barədə A.A.İvanovskinin 25 sentyabr 1910-cu il tarixli hesabatında da bildirilir.
"Göyçə gölü hövzəsi"ni əhatə edən arxeoloji-tədqiqat axtarışlarının nəticələrində qeyd edilir ki, Cənubi Qafqazda maddi-tarixi abidələrin və yazılı gil lövhələrin məzmun zənginliyi baxımından qapalı və yüksək dağlıq silsilələr arasında, 1903 m yüksəklikdə, 1398,7 kv.km sahədə, Yeni Bəyazid qəzası hüdudlarında yerləşən bu hövzə xüsusilə fərqlənir.
Rus alimləri Yeni Bəyazid qəzasında (məkəzi Yeni Bəyazid şəhəri) apardıqları arxeoloji tədqiqatların ünvanlarını-coğrafi məkanlarını (Türk-Müsəlman toponimlərini) koordinat göstəricilərinə qədər dəqiqləşdirmişlər. Belə ki, 11-32-ci səhifələrdə yer alan şərhdə ("Göyçə gölü hövzəsi" başlıqlı) ətraf coğrafi obyektlər etno-milli toponimlərlə ifadə edilib.
Müəllif qeyd edib ki, əski çağlarda "Göyəm", "Qacar su" ("təmiz, büllur su hövzəsi" mənasında) adlanan Göyçə gölü qədim yunan coğrafiyaşünası K.Ptolomeyin (100-170-ci illər) xəritəsində təsviri yer almaqla ilkin mənasını da qoruyub saxlamışdır. Hətta "Əkinçilik" jurnalının 1896-cı il buraxılışı olan I-II kitablarında (səhifə 4-5) özü tərəfindən təklif olunub ki, gölün kənarındakı Dərəçiçək nahiyəsinin Çubuqlu kəndinin adına uyğun olaraq "Çubuqlu gölü" adlandırılsın...
Coğrafi məkan üzrə Göyçə gölünün fiziki ölçüləri aşağıdakı kimi verilmişdir: şimal-qərbdən cənub-şərqə doğru uzunluğu 72 km, eni 42 km, qərbdə Şorgöl, şərqdə Ağtəpə burunları (yarımadaları-su ayırıcıları) gölü iki hissəyə ayırır-şimal (382,7 kv.km) və cənub (1016 kv.km).
Hövzəni istiqamətlər üzrə əhatə edən dağ silsilələrinin adları (orotoponimlər) dəyişdirilmədən, geoloji mənşəcə düzgün olaraq verilmişdir: şimal-şərqdə Şahdağ silsiləsi (həm də qeyd edilib ki, yerli əhali "Güney silsiləsi" adlandırır, bu hissədə ən uca zirvə Kirgitdağ (2749 m) adlanır), qərbdə Pəmbək dağları, bu iki sıra dağlar arasında Kömürlü zirvəsi (3290 m) ucalır.
Hövzənun cənub-şərq hissəsində quzeydən güneyə doğru Qarabağ dağlıq silsiləsi uzanır.
Göyçə gölünü əhatə edən uca dağ sıralarının və zirvələrinin (Soyuqbulaq-2684 m, Maralca (Maraldağ-Q.Y.)-2606 m, Qaraarxac-3057 m, Hinaldağ-3370 m...) gölə doğru uzanmış, parçalanmış yamacları-dərələri, çılpaq qayalıqları əyri tirələr-"burun"lar əmələ gətirmişdir. Gölün şərq hissələrində yaranmış bataqlıqların da adlarını qeyd etməyi unutmayıb tədqiqatçılar-Məzrə düzündə (boyu 30 km, eni 20 km) uzunluğu 3 km-ə çatan Cilli göl (oxşar yerlərdən Cil gölü Lənkəran bölgəsində, Cillik kəndi Balakən rayonunda yerləşir-Q.Y.) bataqlığı, ona bəzən körfəz də deyilir...
Daha sonra, müəllif qeyd edib ki, Göyçə gölünü əhatə edən dağ silsilələrinin geoloji-struktur tərkibinin öyrənilməsi ilə bağlı XIX əsrin 90-cı illərində dağ mühəndisi M.F.Mitte tərəfindən mühüm tədqiqatlar aparılaraq müəyyən edilib ki, ərazi ümumilikdə qədim suxur massivləri üzərində formalaşmış diabazit, diorit, andezit, porfirit, qranit, laylı şist...yaruslarından ibarətdir, vulkan lavalarının yayıldığı qayalıqlar, dağlar Mezozoy erasının Təbaşir yaşlı suxurları ilə örtülüdür.
Zəng çayının mənbəyindən Yeni Bəyazid şəhərinədək 30 km-lik məsafədə vulkan mənşəli çöküntülər üzərindəki suxurlara, soyumuş lavalara, sönmüş vulkan kraterlərinə (ocaqlarına) və mamırlaşmış qaya çıxıntılarına daha çox rast gəlinir. Bu səbəbdən dağların ətəklərini (qayalıqları) kəsib keçərək gölə tökülən çayların mənsəblərində dərin yataqlar yaranmışdır, xüsusilə cənub-qərb hissədə Balıqçay yatağında.
Gölün cənubunda Mənüçöhür (hay kilsəsi-"Manuçar" adlandırır-Q.Y.) vadisindəki Qum dağını isə geopetroqrafik baxımdan antropoloq-etnoqraf İ.S.Polyakov (1845-1887) tədqiq etmişdir. Qeyd olunur ki, bünövrə çay gətirmələrinin sarı rəngli çöküntülərindən ibarətdir, onun üzərini qalınlığı 30 m-ə çatan qumlu-gilli qalın qat və soyumuş vulkan lavaları örtür. Lavaların qalınlığı 2 m-ə çatsa da bəzi hissələrdə 2 qatlı, bəzi hallarda 4 qatlıdır.
Tədqiqatçıların fikrincə, Göyçə gölünün suları yuyan lava çöküntülərinin yerində əski çağlarda çay yatağı və ya göl hövzəsi olmuşdur, çünki çöküntülər su səthindən 100-120 m hündürlükdə qalmışdır. Eləcə də, gölün yatağından, sahil qayalıq və suxur laylarının çatlarından sızan sular kənarlarda üzə çıxaraq göl səthindən aşağı su hövzələri əmələ gəlmişdir (1888-1889-cu illərin yay aylarında general-geodezist İ.İ.Jilinskinin (1834-1916) rəhbərliyi ilə hövzədə ekspedisiya aarılıb).
Qeyd edilib ki, Göyçə gölündən axan Zəngi çayına (uzunluğu 100 km-dən çoxdur, çay mənbə hissəsində 2 km-lik məsafədə sahil xəttinə paralel axır, sonra qərbə yğnələrək göldən ayrılır) Pəmbək dağlıq silsiləsinin (Pirdağ zirvəsindən) axan suların hesabına çay daha da gurlaşıb, dərin, dar dərələrdən (ündürlüyü 30-35 m) axaraq sürətlənir, yalnız Araz düzənliyinə çatanda sakitləşir. Bir sıra mülahizələr irəli sürülür ki, Zəngi çayı ilk başlanğıcında Göyçə gölündən başlamayıb, yaxın dövrlərdə sünii qazılan kanalla gölün suyu çaya birləşdirilmişdir...
Eləcə də, gölün suvarma əhəmiyyəti nəzərə alınaraq 1883-cü ildə Rusiya Dövlət Əmlak naziriliyi tərəfindən (Tiflis şəhərində) irriqasiya layihəsi işlənilmişdir.
(ardı var)
R.S. Çar Rusiyasının inzibati-idarəetmə sisteminə uyğun olaraq 1849-1918-ci illər ərzində mövcud olmuş Yeni Bəyazid qəzası (qəza mərkəzi Yeni Bəyazid kəndi olub) Göyçə gölü hövzəsini əhatə etməklə, hay sürüsü bu ərazilərə 1829-1931-ci illərdə Osmanlı Türkiyəsinin Bəyazid şəhəri ətrafından köçürüldüyündən eyni adla ünvanlanıb. Hay kilsəsi Bəyazid çayı sahilində yerləşən Yeni Bəyazid şəhərini 1959-cu ildə "Kamo" (daşnak-terrorçu S.A.Ter-Petrosyanın "partiya ləğəbi"nə uyğun olaraq), 04 dekabr 1995-ci il tarixdən "Qavar", Bəyazid çayını (uzunluğu 24 km-dir) isə-"Qavaraqet", Çubuqlu kəndini 1935-ci ildən-"Tsovaqyux"... adlandırır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2023.- 6-12 yanvar.- S.17.