Zülüm-zülüm
ağlayan ana dilimiz
İndiki halda bu mövzuda
yazmaq bəlkə də kimlər üçünsə yersiz,
kimlər üçünsə əhəmiyyətsiz, kimlərdən
ötrü isə vaxtında deyilmiş, hətta gecikmiş
SOS olacaq. Məncə də SOS
vermək yerinə düşür. Söhbət ana dilinin
qorunmasından, şəffaflığından, bu
günündən və sabahından
gedir. Dil elə bir nəsnədir ki, onun
haqqında söz açmaq dəqiq bir zaman tələb
etmir. İlin bütün günlərində,
günün istənilən vaxtında ana dili haqqında
danışmaq, əyər-əskiyini qabardaraq həll yollarını
tapmağa çalışmaq mübahdı.
Bu gün Azərbaycan dilini o günə qoyublar ki, bilmirsən əyilmiş, it-bata düşmüş, yolunu azmış ana dilinin hansı tərəfindən söz açasan ki, onu gələcəyə sağ-salamat çatdırmaq üçün gərəkli fikir bildirmək mümkün olsun. Kim necə istəyir danışır, kimin ağlına nə gəlir sözü o cür də tələffüz edir. Şifahi danışıq bir yana, yazı mətnləri də bərbaddı. Azərbaycan dili demək olar ki, korroziyaya uğramağa başlayıb. Paslanmış, aşılanmış dil xalqın gələcəyini təhlükəyə atır.
Bu barədə dərindən düşünəndə beyin sıfırlanır. Dilimizi itirməklə çox keçməz ki, özümüz də yox olacağıq. Bu sürətlə ki, dilin üzərində eksperimentlər aparılır, həmin zamanın yaxınlaşmağına heç bir şübhə qalmayıb. Əlbəttə, bu yoxolmada başqa amillər də istisna deyil. Məsələn, Azərbaycanda azərbaycanlı kimi doğulsa da rus, ingilis, fransız, alman dilində danışmaqla ana dilini unutmaq, eləcə də digər millətlərlə evlənib öz milli mənsubiyyətinə arxa çevirib onu çox asanlıqla itirmək olar. Bununla bağlı çoxlu sayda fakt da sadalaya bilərəm. Amma bu bir başqa mövzunun söhbəti olduğu üçün üstündən keçirəm. Qalsın sonrakı yazılardan birinə. Bu günkü Azərbaycan dilinin qrammatikası, eləcə də ədəbi - bədii dili millətin sabah məhv ola biləcəyi bir səmtə yönlənib, ya da yönləndirilib. Çox qorxuncdu. Hətta bu cümləni yazarkən içimdən keçən sızıltının ağrısından bədənim titrədi...
Ana dili xalqın varlığını, milli kimliyini təsdiq edən ilkin faktdı. Millətin ən dəyərli sərvəti onun dilidi. Xalqın keçdiyi tarixi yol və mədəniyyəti öz doğma dilində əks olunur, yaddaşlara hopur. Millətin mədəni səviyyəsi onun əlifbasına, şifahi danışığına, ədəbi-bədii dilinə bağlıdı. Bunu unutmaq, bu fakta arxa çevirmək çox qorxuncdu, çox təhlükəlidi. Və nə yazıq ki, bu gün həmin təhlükəni hiss etməyənlər, qorxunc duyğularla yaşayanlar saysız-hesabsızdı. Belələri ilə hər gün rastlaşırıq: evdə, küçədə, avtobusda, metroda, qatarda, təyyarədə, iş yerində və televiziya ekranlarında.
***
Sonuncu daha ağrılıdı. Ekrandan boy göstərən bəzi aparıcılar dilin başına kəndir salıb belədən - belə, elədən - elə sürüyürlər. Rəsmi xəbər aparıcısı monitordan oxuduğu sözləri şivə ilə tələffüz edir. Ləhcəsindən bilinir ki, hansı bölgədən gəlib, harda doğulub. Bunlar məktəb oxumayıblarmı? Ədəbi dildə danışmağı öyrətməyiblərmi? Efir mədəniyyətinin ilk göstəricisinin ana dilində təmiz yazmaq və danışmaq olduğunu deməyiblərmi? Bu adamları işə götürəndə onun ədəbi dildən kasad olduğunu anlamırlarmı? Ümumiyyətlə xəbər aparıcıları hansı məziyyətlərinə görə işə götürülür? Sanki bir-biri ilə bəhsə giriblər: ana dilini kim daha çox tapdalayacaq? Çiy, kal, yetişməmiş, əttökən verilişlərdə Azərbaycan dili nə günə qoyulur, İlahi?! Bunlara doğrudanmı "dur" deyən olmayacaq? İllərdi səviyyəsiz verilişlər, bayağı proqramlar haqqında mətbuatda yazılır, sosial mediada tənqid olunur, hətta söyənlər, təhqir edənlər də tapılır. Amma televiziya rəhbərləri, veriliş aparıcıları sanki, bu təhqir və söyüşlərdən "qidalanır", güc alır, daha da şitini-şorunu çıxarırlar. Çox iyrəncdi!
Başqa verilişlərin və proqramların aparıcıları haqqında söz demək isə, sadəcə, vaxt itkisidi. Çünki az qala hər yoldan keçəni, eləcə də müğənni tayfasını efirə çıxarıb xalqa "dərs demək", hər cür hadisə haqqında ekspert qismində şərh vermək səlahiyyətini verənin özü naqisdi. Hələ onu demirəm ki, artist, müğənni tayfasının söylədiklərinə pir kimi baxanlar var. Sağ olsunlar onlar da efirlərdən xalqa əxlaq dərsi vermək üçün sinov gedirlər. Çoxusu söylədiyi qırıq-salxaq sözləri dialekt və şivələrinə büküb millətə "yedirməkdə" ustad dərsi keçər. Zatən hər gün ucuz şoulardakı uçuz mahnı oxuyanları görməkdən, eşitməkdən qulağımız kar, gözümüz kor olub.
Təkcə televiziya deyil ki?! YouTube ondan da betərdi.
Azərbaycan dilində yutub kimi tələffüz
edirik. İndi bəzi alimlər durub deyəcəklər
ki, elə o cür də yazaq. İşi
olmayan bekar alim üçün mövzudu (burda bir təbəssüm
və təəssüf işarəsinə gərək var).
YouYube üzərindən proqram
hazırlayanların danışığı adamı
öldürür. Sözləri elə tələffüz
edirlər ki, bu an bu yazıda onu izah edə
bilməyəcəm, dillə demək lazımdı.
Aparıcıların nitqində orfoepik qaydalara əməl
olunmur, bəzən mətn emosional səslərlə oxunur,
dinamik və sərbəst ifadələrdə qüsurlar
baş alıb gedir, heca vurğusu düzgün səslənmir,
lüğət tərkibindən qeyri-peşəkarcasına
istifadə olunur, dilin intonasiyası pozulur və s. Televiziyadan
fərqli olaraq YouTube
dünyanın dörd bir yanında izlənir. Hardasa, məsələn,
okeanın o tayında, Avropanın mərkəzində kimsə
YouTube vasitəsi ilə Azərbaycan
dilini öyrənmək istəsə, yaxud da bu dilin necə olduğu
ilə maraqlansa, nə qənaətə gələcəyini təsəvvür edirsinizmi?
***
Dil sözlərdən ibarət ifadə və ünsiyyət
vasitəsidir.
Sözün düzgün tələffüz
edilməsi ona olan dəyərin göstəricisidi. Uzun illər Azərbaycan dili rus dili ilə yan-yana
işlənib. 70 illik sovetlər dönəmində
rəsmi dövlət dili Azərbaycan dili olsa da rus dilinə
üstünlük verilirdi. Rəsmi
yazışmalarda daha çox rus dilindən istifadə
edilirdi. Hətta iş o yerə çatmışdı
ki, rus dilinə "ikinci ana dili" adı verilmişdi. Bununla belə o dövrdə Azərbaycan dili
çox gözəl mühafizə olunurdu. Dialekt, şivə və ləhçə
yazılı ədəbiyyatın qapısından içəri
girə bilməz, ekran-efir tanımazdı. Hər kəs ədəbi dildə
danışmağa cəhd edirdi. Kənddən
şəhərə gələnlər avtobusdan, qatardan
düşən kimi şəhərli olmağa
çalışırdılar. Danışığında
ləhçədən istifadə etməməyə maksimum səy
göstərir, oturuşunda-duruşunda həddini
aşmır, ədəb - ərkanına fikir verirdi. Bu ona görə belə idi ki, o zamanın
insanları ana dilində mütaliə edir, bədii ədəbiyyat
oxuyurdular. Ədəbiyyat adından da
göründüyü kimi bir ədəb məktəbidi.
O zamanlar hər kəs bu məktəbdən yüksək qiymət
almağa çalışırdı. Ana dilini
təkcə xalq qormurdu, diçilər də dilin
üstündə əsirdilər, ona ləkə düşməyə
qoymurdular.
Amma bu gün dili dilçilər məhv edirlər. Özünə dil bilicisi
deyənlərin çoxu dili dil olmaqdan
çıxarır. Yüz illər boyu yol gəlib
bu günümüzə çatan Azərbaycan dili 5-3
"alimin" əlində qalıb. Gündə bir hoqqa
çıxarırılar. Gah sözün
tələffüzünü dəyişir, gah durğu
işarəsini ləğv edir, gah qrammatikada səhv tutur, gah
xarici dillərdə işlənən sözlərin dilə
yatmayan, çox gülünc qarşılığını
tapır, gah da sözlərdəki qoşa saitləri ləğv
etmək təklifi ilə çıxış edirlər.
Bizim dilçilərin
bu hərəkəti özlərindən "yeni amerika kəşf
edərək" gündəmə gəlməkdən
başqa bir şeyə bənzəmir. Orfoqrafiya
və orfeopiya qaydalarını qaydasız döyüşə
çeviriblər. Sözlər üzərində
oynamaq nə demək? SÖZün müqəddəsliyinə
toxunmaq onun başına kəndir salmaqdı. Deyəsən, bu adamların vecinə də deyil ki,
həmin kəndir SÖZü boğur. SÖZ
boğulub öləndə millət ölür.
Bu millət alim fikrinə güvənəndi. "Geyçim", "ipəzor",
"süranə", "vurşiş",
"saçazor" və sair bu kimi gülünc sözlərin
səsləndiyi günlər çox da uzaqda qalmayıb. Heç bir məntiqə sığmayan, olduqca
gülməli səslənən bu sözlər yaxşı
ki, ictimaiyyətin təpkisinə tuş gəldi. Hələ
onu demirəm ki, dünən, srağagün
"dovşan" sözünün "doyşan" kimi
yazılmasını təklif edənlər, bir azdan deyəcəklər
ki, "yovşan" "yoşan", "buzov" da "buzoy" kimi
yazılsın. Vallah adam bilmir ki, kimə inansın, hansı alimə
üz tutsun, hansı bilicinin ətəyindən
yapışsın. Ana dilində demək olar ki,
bir xaos yaranıb. Dilimiz az qala çıxılmaz
labirintə düşüb. Gəl, indi alim
sözünə güvən görüm necə güvənirsən?!
Bu millət şair, yazıçı SÖZünün
başına dolanandı. Sovetlər zamanı ədəbiyyat
ana dilinin keşiyində dayanan ən güclü vasitə
idi. O dövrdə yaranan bədii nümunələrdə
Azərbaycan dili özünün gözəlliyi və təmizliyi
ilə göz oxşayır. Yazarlar ədəbi dilin, eləcə
də ümumi sözlərin ən yaxşı tərəflərini
mənimsəyərək ana dilində ədəbiyyat
yaradıblar. İstə şeir dili, istərsə
də nəsr dili su kimi axıcıdı. Bu günkü bədii ədəbiyyatda isə ana
dilini çirkinləşdirmək tendensiyası var. Az qala hər
yoldan keçən
"yazıçıyam", "şairəm"
deyib istədiyi kəlməni ədəbi dilə gətirməyə
çalışır. Məişət sözlərini, tələffüzdəki
kobud ifadələri dilin ruhuna pərçimləyirlər. Gəl indi şairin, yazıçının
yazdığı SÖZün başına dolan görüm
necə dolanırsan?!
***
Hər millətin dili onun üçün sərvətdi,
yüksək dəyərdi. Millət
özünün dili ilə yaşayır, tarixdə qalır.
Amma onun ədəbi dilinin təmizliyinə,
saflığına kölgə salan dialekt və şivə,
eləcə də xarici sözlər var ki, bu da çox
ağrılıdr. Həmin neqativ hallar aradan
qaldırılsın deyə dövlət ana dili haqqında bir neçə
qanun qəbul edib. Amma bu qanunların müddəaları qəzet,
jurnal və saytlar, reklam agentlikləri, xüsusən də
televiziya və radio
aparıcıları tərəfindən
durmadan pozulur. Çünki istər yazılı, istərsə
də elektron KİV-də işləyənlərin çoxu savadsız,
peşəkarlıqdan uzaq, ana dilini mükəmməl bilməyən,
ləhçə ilə yazanlar, danışanlardı.
Bu gün Azərbaycan dilinin keşiyində ötən əsrin
60-70-ci illərində olduğu kimi dayanmaq, yad dillərdən
təmizləmək, saflaşdırmaq kimi cəhdlər yoxa
çıxıb. Azərbaycan ədəbi dili demək olar
ki, "zülüm-zülüm ağlayır". Ana dili milli sərvət olmaqdan çıxıb.
Ona görə də yerindən duranın ona
soyuqqanlı yanaşmasına göz yummaq olmaz. Ana dilini qorumaq hər
kəsin müqəddəs borcudur. Bu borcdan
qaçmaq bizi uçuruma aparır. Ana
dili bizi birləşdirən, bizi qoruyan, bizi mükəmməl
olmağa vadar edən ən böyük dəyərdi.
Nə yazıq
ki, bu dəyərin üstündən xətt çəkənlər
ana dilinin ağlar günə qalmasına səbəb olurlar...
Züleyxa NADİR
Olaylar.- 2023.- 6-12 yanvar.-
S.15.