O gecə doğulanların
dünən gecə 33 yaşı oldu
Düz 33 il əvvəl Azərbaycan tarixinin
ən faciəli səhifələrindən olan,
eyni zamanda,
xalqımızın azadlıq və müstəqillik
mübarizəsinin qəhrəmanlıq nümunəsi olan qanlı 20 Yanvar hadisəsi baş verdi. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan öz
tarixində ən yadda qalan
gününü yaşadı və tarix səlnaməsinə qəhrəmanlıq
dastanını yazdı.
33 ildi həmin yazı hər bir azərbaycanlının qan yaddaşındadır, hər gün oxunur, hər gün yada salınır. Və o yazı hələ neçə yüz illər oxunacaq, yaddaşlara hopacaq. Çünki həmin gün Azərbaycan oğullarının azadlıq və müstəqillik yolunda, şəhidlik adlı məqama ucaldığı tarix oldu. Onların yenilməz iradəsi, əyilməz cəsarəti bütün dünyaya yayıldı. Şəhidlərin timsalında tarixə yeni qəhrəmanlıq, rəşadət və şücaət səhifələri yazıldı. Həmin gecə şəhidlik məqamına ucalanlar, ölməzlik qazananlar Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini sarsıtmaq istəyən sovet imperiyasının canına vicvicə saldı. O gün elə bir təməl qoyuldu ki, iki il əvvəl Vətən Müharibəsində qazanılan zəfərdə qanı torpağa qarışan oğulların şəhidliyi dastana döndü.
Şəhidlik elə bir zirvədir ki, o yüksəkliyə ucalanlar oradan heç vaxt enmirlər. Şəhidlik elə bir yoldur ki, uğrunda canını verdiyi vətənin yaraları sağalmayınca şəhidin də ruhu sakit olmur. Şəhidlik elə bir məktəbdir ki, bu məktəbin öyrənciləri öyrəndiklərini gələcək nəsilə torpağın üstünə axıdılan qanları ilə ötürürlər. O müdhiş gecə güllə analardan, bacılardan yan keçsə də, dolu kimi yağan qəlpələr onların mənəviyyatını parçaladı. Ana fəryadı, bacı harayı uzun illər qulaqlardan çəkilmədi, bu gün də əks-səda verir. İllərdi imperiya tanklarının qabağında əliyalın dayanan oğulların qanını içən erməni-rus cinayətkarlarına olan nifrət azalmır ki, azalmır.
Bu gün Bakının ən uca nöqtəsində - qeyrət və ucalıq zirvəsində bərqərar olan, istiqlal savaşında tarixə dönən şəhidlərimizin əbədi uyuduğu bir məkan var: Şəhidlər Xiyabanı. O gecə Azərbaycan xalqının azadlıq mücadiləsinə qarşı cinayətkar təcavüzə "yox" deyən oğulların uyuduğu Şəhidlər Xiyabanı 33 ildi müqəddəs bir məkandı, səcdəgahdı, qibləgahdı. 1990-cı ilin yanvarında Dağüstü parkı "fəth edərək", millətin qəhrəmanlıq ziyarətgahı "vəsiqəsini" alıb müqəddəsləşən bu məkan müstəqilliyimizin rəmzi, azadlığımızın simvoludu. Bu statusu bizə Vətənin daşı, havası, suyu, əxlaqı və qeyrəti, eləcə də xalqın qan yaddaşı olan 20 Yanvar şəhidləri verdi. Bu məkanda əbədiyyət yuxusuna gedən igidlər xalqın ən dəyərli övladlarıdı. O gecədən sonrakı günlərin İlham və Fərizə sevgisi şəhidlik məqamının ən uca nöqtəsidi. Ürəyi vətən sevgisi ilə döyünən gənclərin ilahi eşqi elə bir ucalıqda bərqərar olub ki, top-tüfəng də onları ayıra bilmədi. Əbədiyyətə qovuşan sevgililər dağüstü parkın ən hündür nöqtəsində elə "məkan tutdular" ki, hələ yüz illər, min illər sonra da İlham - Fərizə eşqi dillərdə dastana dönəcək, əfsənəyə çevriləcək.
1968-ci ildə sovet qoşunları Çexoslovakiyaya girərək orada milli - azadlıq hərəkatını amansızlıqla boğmuşdular. Bu zaman Yan Polex adlı bir tələbə hərbi təcavüzə etiraz əlaməti olaraq Praqanın Vaslav meydanında özünü yandırmışdı. Yan Polex bu gün çex xalqı üçün qəhrəmanlıq nümunəsidir. Fəxri Xiyabanda uyuyan 146 yanvar şəhidinin hər biri bizim üçün bir Yan Polexdi. Gözünü qırpmadan üstünə yeriyən tankın qabağında dayanan, heç bir yerə qaçmayan, güllədən qorxmayan şəhidlərın Haqq Dünyasında məkanı, sözsüz ki, cənnətdi. Amma onlar bu dünyadakı əzizlərinin, doğmalarının, xalqının, millətinin də cənnət kimi bir məkanda yaşaması, məmləkətinin cənnət diyara çevrilməsi üçün imperiyaya üsyan etdilər. Haqq üsyanı şəhidliyin başlanğıcıdı. Ədalət uğrunda döyüşün ağrısını unutduran nəsnə torpağa axan şəhid qanıdı. O da ki, ola bu qan vətən torpağına qarışa, bax o zaman, şəhidlik ən ali məqama yüksəlir. Şəhid olmaq, şəhidlik məktəbindən keçmək vətən sevgisinə köklənmiş hissin közərən ocağı, alovlanan məşəlidir. Bu məşəl 33 ildir ki, Azərbaycanın başı üzərində alovlanır, Bakının ən uca nöqtəsindən işıq saçaraq sönmür. Bu közərən ocağın "istisi" həm də 33 ildir şəhid analarını yandırır, şəhid övladlarını qarsıdır.
Dünyanın bütün xalqlarında şəhidlik müqəddəslik mərtəbəsindədir. Bütün xalqlarda şəhidlər ən ali pillədə bərqarar olurlar. Çünki ŞƏHİD canını havasını udub, suyunu içdiyi VƏTƏNdən, qanını üstündə yeridiyi TORPAQdan üstün saymır. Şəhidin bir amalı olur: uğrunda döyüşdüyü torpağın, canını fəda edəcəyi vətənin azadlığına qovuşan ruhları səmada rahat dolaşa bilsin.
Bu gün Azərbaycan səmasında ağ göyərçinlər sayağı minlərlə şəhid ruhu "qanaq çalır". Qədim tariximizin qüruru, bu günümüzün hünəridi Şəhidlər Xiyabanı. 1988-ci ildən başlayan və 1990-ci ilin yanvarında kulminasiya nöqtəsinə çatan azadlıq mübarizəsi təkcə Bakıda deyil, Azərbaycanın bütün regionlarında Şəhidlər Xiyabanının salınması ilə nəticələndi. Həmin şəhid xiyabanları o regionun yeniyetmələri və gəncləri üçün torpaq sevgisinin, vətən məhəbbətinin göstəricisi olaraq, onlarda vətənpərvərlik və qəhrəmanlıq duyğularını tərbiyə edib. Həmin tərbiyənin nəticəsidir ki, 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərin səbəbkarları olan yeni şəhid xiyabanları milli birliyin, vətənə bağlılığın və qəhrəmanlığın vəfa simvoluna çevrilib.
Bu gün XX əsrin tarixinə insanlığa, bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisəsindən bir qərinə keçib. Xalqımızı qəlbən sarsıtmış bu faciənin baş vermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif yazılar yazılıb, şərhlər verilib, araşdırmalar aparılıb, hətta ortaya əks fikirlər də qoyulub. Amma bütün bu məsələlərdə üst-üstə düşən bir məqam var: yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli-azadlıq və istiqlal savaşından geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. O gecə doğulan oğullar 29 il sonra Azərbaycan tarixinə Zəfər yazdılar.
O gecə doğulanları dünən gecə 33 yaşı oldu...
Züleyxa NADİR
Olaylar.- 2023.- 20-26 yanvar.- S.19.