ƏHMƏD CAVAD LİRİKASINDA KÜR:

türk dünyasının simvolik obrazı

 

Əhməd Cavad Azərbaycan ədəbiyyatının istiqlal mərhələsinin ən sanballı şairlərindən biridir. Görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnum dolu nümunələri ilə fərqlənmişdir. Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyev "Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Əhməd Cavad ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəsti-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpəvərlik duyğularının heyrətamiz poetik ifadəsidir".

Əhməd Cavad o şairdir ki:

Soranlara mən bu yurdun

Anlatayım nəsiyəm:

Mən çeynənən bir ölkənin

Haqq bağıran səsiyəm -

deyə mənsub olduğu xalqının və ölkəsinin "haqq səsini bağıran" ruporu kimi çıxış etmişdir. Gözəl şeirlər müəllifi Əhməd Cavadın müəllifi olduğu Azərbaycanın ilk dövlət himnini indi də müasir nəsillər müstəqillik qüruru ilə oxuyurlar. Əhməd Cavad yaradıcılığının bu xüsusiyyətlərinə görə həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnum edən yaradıcı sənətkarların ağsaqqalı və başçısıdır. Y.Qarayev onun haqqında yazır: "Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavadın poeziyasından alıb. ...Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə ücrəngli bayrağa altı nəğmə yazıb, "Dilimiz" şeirini (1913) qələmə alıb, əlifbaya poeziya həsr edib. ...Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olub".

Vətəndaşlıq duyğularının tərənnümü ilə ədəbiyyata gələn Əhməd Cavad "haqq bağıran səsi" olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin tərənnümçüsünə çevrilmiş, onun dövlət himninin müəllifi olmaqla bərabər dövlət rəmzlərinə ən çox şeir qoşan və bu müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü təsdiq etmişdir. Azərbaycanın dövlət müstəqilliyi qazandığı illərdə şair Azərbaycanın ucalan dövlət bayrağına ard-arda bir necə şeir yazmış, onun qürurunu əks etdirmiş və yaşatmışdır.

Ümumiyyətlə, demək lazımdır ki, 1920-ci illərə qədər Azərbaycanın dövlət müstəqilliyinə və onun dəyərlərinə açıq-açığına şeirlər yazan Əhmad Cavad 20-ci illərdən sonra onun kimilərin dövranı olmayan bir cəmiyyətdə daha çox simvolizələrdən istifadə etməklə əvvəlki xoşbəxt dövrana və illərə həsrət dolu şeirlər yazmaq məcburiyyətində qalmışdır. "Göy göl" əsəri daxil olmaqla şox əsərləri var idi ki, Əhməd cavad lirik şeirin ən gösəl örnəklərini yaratmışdı və romantik pafosla təbiətin tərənnümünü dilə gətirmişdi. Hətta "Göy göl" şeirini öz dövrünün tanınmış dövlət adamları lirik şeirin ən gözəl nümunəsi, Puşkin şeirindən seçilməyən sənətkarlıq nümunəsi hesab etmişdilər. Lakin 1923-cü ildə sonra Əhməd Cavadın qara günləri daha ağırlığı ilə başlamış, şairə göz verib, işıq verməmişdilər. Elə bu ağrılı başlanğıc da məhz şairin yüksək istedad və romantik lirik pafosla yazılmış "Göy göl" şeirində qəlbiqara tənqidçilərin müşahidə etdikləri siyasi notlarla mühakimə edilmişdi. Ümumiyyətlə, Sovet dövrünün "çekist ruhlu" tənqidçiləri bu müstəqillik nəğməkarı olan şairin bir çox əsərlərini siyasi motivlərlə tənqid və tənbeh etmişdilər. Lakin bu fikir doğrudur ki, böyük sənətkarın sovet dövründə yazdığı "Nə yazım", "Azərbaycana" kimi bir sıra əsərlərində dövlət müstəqilliyinin devrilməsindən doğan milli kədər əsas motiv olmuşdur. "Nə üçündür", "Madonnaya" (1922), "Sən ağlama" (1923), "Aya" (1923), "Gözəl qadın" (1924), "Unudulmuş sevda" (1924) şeirlərində şair Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsini, gözəl vətəninin müstəmləkə boyunduruğuna keçməsini milli faciə kimi qarşılamış, bu faciə ilə heç cürə barışa bilməmişdir (T.Salamoğlu). Əhməd Cavadın turkiyəli tədqiqatcısı İ.M.Yıldırım da yazırdı ki: ""Unudulmuş sevda" şairin ideallarıdır".

Ə.Cavadın sovet dövrü yaradıcılığı haqqında bunları da əlavə etmək olar ki, şair saxta Leninçi, Stalinçi şeirlər əhatəsində pambıqçılıqdan, əməkçilikdən, qara fəhləlikdən yazanda milli iradəni və müstəqilliyi qıran işğalçı və istilaçı diktaturanı ifşa edən misralar da söyləmişdir. Şairin "Səsli qız" əsərində, fikrimizcə, "Apardı sellər Saranı" xalq əfsanəsinin motivlərindən istifadə edilərək ellərin gözəlliyini və gözəl günlərini, xoşbəxtlik və bəxtəvərliyini aparan sərt üzlü diktatura və onun şər üzlü hökmdarından bəhs etmiş, sanki yeni bir əfsanə yaratmışdır. Əsərdə Neron və Firon kimi Allahlıq iddiasında olan əzazil hökmdarlarların taleyindən söhbət gedir. Əsərdə şərin mükəmməl obrazını yaratmaqla bərabər şərə yenilməyib də qətiyyətlə mübarizə aparan qəhrəman el qızlarından bəhs edilmişdir. Əsərdəki:

Fələk döndərdi zəhrə

Bu ölkənin payını.

Gülmək zatən yox idi

Ağlamaq oldu yasaq.

Zavallı məğlub ölkə,

Sənə nə hüquq, nə haqq!..

Şair bu misralarla əzilmiş, haqqı, hüququ boğulmuş bir xalqın taleyindən bəhs edərkən sanki öz ölkəsinin işğal altında olan taleyini ümumiləşdirmişdir. Şair:

Sara coşdu bir daha...

Coşdu qızın səsində

Ölkədə qaynayan kin.

Boş yerə bir ölkənin

Haqsızca axan qanı.

Saranın dodağında

Canlandı, oldu mahnı,

- deyə Sara kimi məğrur, qəhrəman qızları olan bir ölkənin diriliş hayqırtısını obrazlaşdırmışdır.

Şairin "Gəlmişəm pambıqlar diyarından", "Kür", "Pambıq dastanı" kimi əsərlərində sovet işğalı və diktaturasına qarşı sərt münasibət və nifrət yer almışdır. Mübariz bir xalqın iradəsini qırıb qara fəhlə və əkinçiyə çevirən, əməkçilik və zəhmətkeşlik adı altında əzilən, insanlıqdan məhrum olan, hər cür əzaba və məhrumiyyətə düçar olan xalqın məşəqqət və güzəranını, mənəvi vəziyyəti və psixoloji əhval-ruhiyyəsini təqdim etmişdir. Azərbaycan ədəbiyyatında ölkənin Şimala və Cənuba ayrılmış uğursuz, kədərli taleyini  obrazlaşdıran Araz lirikası mövcud olmuşdur. Hətta bir çox ədib və şairlər bu mövzuda daha çox tanınmışlar. Lakin daha böyük Azərbaycan, tarixi tale və Turan eli obrazını əks etdirən "Kür lirikası"nı Əhməd Cavad ədəbiyyata gətirmişdir. Ə.Cavad daha böyük, geniş bir coğrafiyanı əhatə edərək kükrəyən, aşıb-coşan Kürün axış istiqamətində həm Azərbaycanın tarixi ərazilərini, həm də qardaş elləri anlamında türk birliyi poetik coğrafiyasını obrazlaşdırdığını düşünürük:

Dünyanın ilk çağından

Ərdahanın dağından.

Əski bürcün sağından

Çıxıb keçən, axan Kür!

"Alagöz"dən bu yana,

"Ağbaba"dan o yana.

Hey dayana-dayana

Gəzintiyə çıxan Kür!

Gürcücə "Matkovari",

Türklərin qədim yarı.

Gəzib bir çox diyarı

Aşiqləri yaxan Kür!

"Araqva"ya ol yoldaş,

"Alazan"la qucaqlaş.

"Araz"ı götür birbaş

Get Xəzərdə yıkan" Kür! s.

Ə.Cavadın həsrət dolu ifadə etdiyi coğrafi adlar mühaciərt ədəbiyyatımızın görkəmli nümayəndəsi Almas İldırımın da həsrət lirikasında bol-bol işlənmiş, Azərbaycanın tarixi birliyi və turan ellərinin nisgili öz əksini tapmışdır.

Ümumiyyətlə, dövlətcilik yönlü vətəndaşlıq lirikası və dövlət atributlarının müstəqilllik duyğularının ifadəçisi kimi tərənnümü Əhməd Cavad yaradıcılığı üçün səciyyəvidir. Əhməd Cavad yaradıclığındakı türk birliyi ideyası, poetik pafosu və ictimai diktəsi ilə türk dünyasında çox sevilən bir sənətkara çevrilmişdir. Təsadüfi deyil ki, Qara dəniz üzərində türk gəmilərinin qazandığı qalibiyyətə sevinc duyğularından yaranmış "Çırpınırdın, Qara dəniz" şeiri hələ də bütöv türk dünyasında türk birliyinin himni kimi böyük hörmətlə səsləndirilir.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2023.- 20-26 yanvar.- S.18.