Ezop dili
Ordan-burdan
silsiləsindən
Felyeton
Ezop
dili çox dərindir, altında qatlar, dərin mənalar
var, ya da heyvanların, quşların dililə fikrini
çatdırırsan, atmacalar da öz yerində. Belə
baxanda bizim atalar sözləri Ezop dilindən çox qədimdir,
amma yiyəmiz olmadığı üçün Ezop
qabağa düşüb. Vallah, bizdə elə sözlər
var ki, Ezopu arxada qoyub, ondan daha böyük mənalarla öndə
gedər.
Məsələn, biri o birinə
deyir ki, eşşək boyunu yerə soxum. Lakonik, sərrast, həm
də çox mənalı. Yəni qanmazsan, gönün
qalındı, nə desəm də, heç nə başa
düşməyəcəksən, öz bildiyini eləyəcəksən.
Yaxud, biri o birinə deyir: "Ə, mən sənin
tayınam? Get anqır, tayını tap." Hə, bax belə.
Adam qarşısındakı insanı eşşək elədi,
bir. İkincisi, cəmiyyəti böldü təbəqələrə,
varlı və kasıblara. Üçüncüsü, cəmiyyət
bölündü danışan heyvanlara və insanlara. Sən
demə, pulun varsa, düz eşşəklikdən
insanlığa qalxa bilərsən və cəmiyyət də
bunu qəbul edəcək, hətta balta atsan belə. Balta da
Ezop dilidir. Bə, nə bilmişdiniz? Balta o adama atılmadı, cəmiyyətə
atıldı. Cəmiyyət də baltanın sapını
çıxardandan sonra, onu atan gördü ki, daha bu balta
olmadı, qayıtdı əvvəlki yerinə. Yaxud, daha bir
atalar sözü: "İki eşşəyin arpasını
bölə bilmir". Görün nə qədər mənalı,
dərin qatlı, hikmətli bir sözdür. Adam nə qədər
savadsız ola ki, iki eşşəyin arpasını bölə
bilməyə. Niyə? Deməli, təhsilimiz düz deyil,
şagirdlərə vurmanı, bölməni,
çıxmanı, üstəgəli öyrətmir. Bəs
onda müəllimlər nəyi öyrədib maaş
kağızına qol çəkirlər? İki eşşəyin
arpası gəlib çıxdı cəmiyyətimizin problemlərinin
üstünə. Burdan o yana məntiqi düzüb qoşmaq
bir addımlıq işdir. Nə isə... Ezop dilli atalar
sözlərimiz çoxdur, nə qədər istəsən,
kitablar yazmaq olar. Birini də
deyim keçək o biri məsələlərə.
El arasında bir söz var, sözü yerində deməyəndə,
peşimançılıq çəkəndə deyir:
"Gətir bağla
dilimə". Bunun kökü
Molla Nəsrəddindən
gəlir. Bir gün Molla darvazasının qabağında durub, gəlib-gedənə salam
verir. Görür ki, bir atlı keçir.
Dərhal ona salam verir və
deyir ki, gəl, qonağım ol. Atlı da etmə tənbəllik atdan düşür. Baxır
ki, atın yüyənini
bağlamağa yer yoxdur. Soruşur ki, ay qardaş, bəs atı hara bağlayım?
Nəsrəddin baxır
ki, atlı zarafat eləyənə oxşamır.
Dediyinə peşiman olur, amma cavabını
da verməlidir ki, çıxıb
getsin. Deyir: "Gətir bağla dilimə". Ezop dili belə olar, e!..
Ezop dili dövrümüzdə
çox sahələrə
sirayət edib, məsələn, siyasi Ezop dili, iqtisadi,
jurnalistika, ekologiya, sosial və sairə, və sairə, hətta təhdid Ezop dili var.
Bu TV-lərdə, radiolarda bir də eşidirsən
ki, indi də "keçid alırıq"
deyir. Bah, yox əşşi, metro alırıq.
Ay kişi, sən keçid alansan, nə demək istəyirsən? Hayqırıb
demək istəyirsən
ki, mənə də bir obyektdən, zaddan verin, başımı
girələyim. Yoxsa,
keçid alırıq
nədir? Keçi alırıq desəydin, ondan yaxşıdır. Demək olmaz ki, keçirik başqa bir mövzuya. Olmaz, çünki Ezop dililə ismarıcını göndərir.
Hələ, o biri jurnalistə bax, deyir ki, "bu arada" bir kitab oxudum. Adam aranı düz yüz səksən gün uzadır. Belə ara olur? Özünün
Ezop dilindən istifadə edib cəmiyyətə çatdırmaq
istəyir ki, guya mütaliə etməyi sevirəm, ziyalıyam, mənimlə yaxşı
rəftar edin. Zamanında deyir ki, kitabı nə vaxt oxuyub. Ay canım, gözüm,
"bu arada" sözü paralel olaraq proses gedir. Sən isə bunu altı ay saqqız kimi uzadırsan. Di, keç.
Yadıma
Parisdə güllə
atan Yusif Dikeş düşdü. İsmarıcı belə
verərlər, e.., hətta
İlon Mask İstanbula
gəlib onunla görüşmək istəyir.
Hələ sairlərimizə baxın. Biri şeirin adını belə qoyub: "Gedirəm".
Ə, hara gedirsən, niyə
gedirsən? Ezop dilində kimə ismarıc göndərirsən,
Allaha, yoxsa cəmiyyətə? Bu dildə
danışan ən çox şairlərdir.
O gün birisi, sosial şəbəkədə
guya şeir deyir: "Sənə verərəm, sənə
verərəm. Əcəb
eyləyərəm". Di gəl baş çıxart, nə demək istəyir? Özün korlanmısan cəhənnəm, bəs
bu cavanları niyə yoldan çıxardırsan? Sən
bu yaşda verəndə, bəs bunlar niyə verməsin? Bir sözlə
alt qatda belə məna formalaşır
ki, hamı elə ondandır... Hələ bəzi müğənnilər
elə geyinirlər
ki, heç ora Ezopun dili gərək
deyil. Adama uzaqdan deyir ki, gəl... gəl...
Həcidən-zaddan da olmadıq.
Başqa
birisi də Anardan nəsə qopartmaq istəyirsə, əvvəl tənqid edir, sonra işi
düzələrsə, tərifləyir.
Milli mətbuat günü münasibətilə
redaksiyamıza bir nazirlik təbrik hədiyyəsi göndərib.
İçində nə
olsa yaxşıdır;
açar breloku, qələm, bloknot, uşaq termosu. Nə demək istəyirdilər, sonra başa düşdüm. Heç "Bir qalanın
sirri"ndəki Eldostu
həkim belə qəliz danışmamışdı.
Yadınızda olar, filmdə qutunun içində sim, nar və qanlı daş vardı. El ağsaqqalları belə nəticəyə gəldilər
ki, bəs, Simnar xan onu Qanlı
Qalaya aparıb. Mən də bu hədiyyənin sirrini açdım. Qələm-müxbir, bloknot-kağız,
yəni get yazını
yaz, sən hələ uşaqsan-uşaq
termosu - arada da qəhvəni,
cayını iç.
Qaldı breloka, hə, bu da o deməkdir ki, yazını
yaz, amma, çaşma, açarları
da itirmə.
Bu zibilliyin də Ezop dili var. Şəhəri vaxtlı-vaxtında
zibilyığanlar təmizləyirlər.
Təkcə gözəgörünən
zibili yığmırlar.
Şəhərdə xüsusi
adamlar var ki, gözəgörünməz
zibildən təmizləyirlər.
Biri vəzifəyə gəlir,
o birinin zibilini örtür, bəs üstünü açma,
üfunət aləmi
basar. O de Mətbuat prospektində zibilin üstü açılııb.
Sən demə bu prospektdə kanalizasiya lyuku varmış. Hacıbala müəllimin vaxtında
bu lyukların üstünü örtüblər.
Yağış da yağanda
prospekt gölə çevrilirdi. İndi COP-29-la bağlı
gedən təmirdə
asfaltın üst təbəqəsini götürəndə,
bu lyuklar göbələk kimi üzə çıxıblar.
Adamdan soruşarlar ki,
bu lyukların üstünü niyə bağlamışdınız? O qədər alt qatlı mənalar var ki, fikirləşəndə
adamın əti ürpəşir.
Qəzet
almağa gedəndə
görürəm ki, "Ləziz"in
qarşısını hər
gün 300-400 litr su işlətməklə
meydançanı yuyurlar.
Elə fikirləşməyin
ki, bunu texniki su ilə edirlər.
Ay, hay... Bizdə texniki
suyun borularını kəsib armatura çeviriblər. Çəmənliyi
də, ağacları
da, maşınları da, meydançaları
da içməli
su ilə yuyurlar. Özü də oralarda su fasiləsiz gəlir. Əhaliyə isə fasilə ilə su verirlər.
Hələ bir gün şıdırğı
yağış yağan
vaxt işçi
çəmənliyə su verirdi.
Qadından soruşuram ki, suyu
niyə israf eləyirsən, indi su uğrunda müharibə gedir. Nə cavab versə
yaxşıdır, özü
də Ezop dilində. Dənizin suyu azalıb, mən də dimdiyimdə suyun artmasına kömək edirəm. Di, gəl anla!
Ezop dilində danışan deputatxanaya verilən namizədlər məni daha çox güldürdü. Köhnə
deputatların bəzilərindən
soruşurlar ki, namizədliyini
verirsən? O da müdrükcəsinə
cavab verir ki, hələ fikirləşirəm.
O birisi deyir ki, ailəm deputatlığımın
əleyhinə çıxdı,
nə bilim nə... O qədər bəhanə gətirdilər
ki, adam istəyirdi ki,
ayaq üstə durub onları alqışlasın. A kişilər,
biri durub demədi ki, xeyir-duamı
ala bilmədim. Kimdən?
Yəqin xalqı nəzərdə tuturdular.
Onlar onsuz da beş ildə Ezop dilində danışırdılar, elə
bundan sonra da elə olacaqlar.
Hələ sən bax, İranın yeni prezidenti Pezişkianla necə Ezop dilində danışdılarsa, seçki
ərəfəsi dediyi
sözlərin, verdiyi
vədlərin ətəyindən
əl çəkib, haça-paça qaldı.
Alt qat dilində İsmayılı
öldürməklə başa
saldılar ki, hətərən-pətərən
danışma, yoxsa sən də Rəisinin gününə
düşərsən. İndi, o bilmir neyləsin... Yanar ağzına əlini soxub, di gəl, əli də yanır. Di get, müharibəni elə. Elə bilirdin əsarətdən qurtulacaqsan.
Ümumiyyətlə, indi hamı Ezop dilində danışır.
Mən də bu yazını Ezop dilində yazdım.
06.08.24
Yunus Oğuz
Olaylar.- 2024.- 9-15 avqust,
¹28.- S.8.