Böyüksözündən daha böyük

ifadə olsaydı... - Mahirə Nağıqızı

 

Olaylar.az filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi "Dəniz adamı" məqaləsini təqdim edir.

Haqqında yazmaq istədiyim Faiq Balabəyli söz adamıdır. Söz adamı haqqında söz demək isə asan deyil. Amma söz də qiymətdir, dəyərdir və yadigardır. Dəyərli insanlar haqqında dəyərli söz demək, onun əsl qiymətini vermək mütləq lazımdır. Heç yazmamışam onun haqqında. Yazmaq istəmişəm, yazmamışam, məqamını gözləmişəm. 60 illiyini qeyd etməyə hazırlaşırıq. Mükəmməl yaş dövrüdür. Yazıb yaratmağın, fəlsəfəsi daha dərin olan şeirləri üzə çıxarmağın da tam zamanıdır. Yaşın bu anına qədər yaratdıqlarından daha çox sənət inciləri yaradacağına məndə bir əminik var. İnanıram ki, O, bunu bacaracaq! Yadıma dahi Qabriel Qarsia Markes düşür:

Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində.

Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana.

Bəli, Faiq Balabəyli haqqında yazmağın məqamıdır, anıdır. “Böyük” sözündən daha böyük ifadə olsaydı Onun haqqında deyərdim, yazardım. Gözəl insan, gözəl ata, gözəl ailə başçısı, öz işinin öhdəsindən məharətlə gələn bacarıqlı bir mütəxəssis, nəhayət, gözəl şair.

 

Yelkənlər, gəminin bəyaz duvağı

bilim, gördüyüm yuxudu, bəlkə

Gecələr yuxuma girən qağayı

Ölən dənizçinin ruhudu, bəlkə.

 

Müəllif dənizçi olmasaydı belə mən onu dənizi sevən, dənizə vurğun, hər an dənizlə nəfəs alan biri təsəvvür edərdim. İfadənin səmimiliyi, reallığı bunu deyir. Necə də yerndədir: “Yelkənlər, gəminin bəyaz duvağı”. Amma elə “şeir” sözü özü də həyatın gözəlliklərini əks etdirən söz deməkdir. Bir də şeir, yəni söz insan qəlbinin göstəricisi, güzgüzü deyilmi?! də doğruluğu, dürüstlüyü, səmimiliyi, cöqunluğu təbliğ edən insan başqa nə cür ola bilər ki?! Hər bənd və ya bütöv bir şeir onu yazan müəllif haqqında nələr deyir. Qəlbinin təmizliyi, mərdliyi, vətənpərvərliyi, sevgisi qəlbindən süzülüb qələminə, oradan da ağappaq vərəqlərə süzülən şair , məncə, elə özü haqqında danışır. Gah vətənini sevən bir vətəndaş, gah sevgisi aşıb-daşan bir aşiq, gah sənətinə vurğun mütəxəssis-bir dənizçi, gah da nəvələrini oxşayıb-tumarlayan baba olur şeirlərində Faiq Balabəyli.

Həmişə bizi düşündürən suallar meydana çıxır, biz də bu sullara cavab verə- verə elə bu ruhda da köklənirik. Cavab axtardığımız sualın cavabını icra etməyə çalışırıq. O sual bizi düşündürməsə, bizi cəlb etməsə biz ona cavab da axtarmarıq. Belə suallar sırasında çox önəmli olanı: əsl vətəndaşlıq borcu nədir? Onu olduğu kimi dərk edirikmi? Özümüzdə güc tapıb onu dəyanətlə yerinə yetiririkmi? Yaxud insan yaşadğı həyata, üzvü olduğu cəmiyyətə, lap elə təbiətə olan borcunu ödəyib qurtara bilərmi? Bəs bu borcu ödəmək olarmı? Bu borcu ödəmək üçün yaşamaq, həm də nəcib hisslər, gözəl arzular, böyük ideallarla yaşamaq, yüksək məslək və amallar uğrunda mübarizə aparmaq lazımdır. Özünü həyata, insanlara, bütöv cəmiyyətə, hətta təbiətə borclu bilməyən adamlar mənasız bir həyat yaşayır, özlərindən sonra mənalı bir iz qoymadan ölüb gedirlər. Məsləksiz, amalsız bir həyat əsl insan ömrü sayıla bilməz. Əsl insan, əsl vətəndaş elə yaşamalı, qəlbində vətənə və insanlığa olan borcu elə yaşatmalıdır ki, onun həyatı əbədi bir məşəl kimi bəşər həyatını işıqlandırsın. Vətəndaşlıq borcunu dərindən dərk edənlər, bu borcu ürəklərində əbədi bir amal kimi yaşadanlar həmişə həyat mübarizəsindən şərəflə çıxır, ölümdən sonra da ölümsüzlüyə, əbədiyyətə qovuşur, daim xatırlanır. Yaddaşlarda yaşayırlar.Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, vətənlə bağlıdır. Vətən borcu vətəndaşlıq borcudur.Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.

Əsl vətəndaş odur ki, öz vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir və bir dəfə də nə vaxtsa köçüb gedir. Lakin Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, öləndən sonra şərəflə yad edilirlər.

Ana Vətənimiz Azərbaycan igidlər yurdudur. Nəsilbənəsil davam edən qəhrəmanların davamçıları 44 günlük müharibənin qəhrəmanlarıdır. Bu qəhrəmanlar vətənimizin azadlığı, xoş həyatı naminə mübarizə aparmış, bu yolda öz canlarını da qurban vermişlər.

Öz şirin canını Azərbaycanımıza qurban vermiş bu Vətən oğulları doğma yurda sədaqət rəmzi, məhəbbət simvoludurlar. Onlar vətən uğrunda vuruşmuş, vətən uğrunda canlarını qurban vermişlər, torpaqlarımızın azad olunması üçün şəhidlik zirvəsinə ucalmışlar. Söz adamları bu sırada ilk olaraq Faiq Balabəylinin adını çəkə bilərəm ki, öz şeirlərində bu igidlərin igidliyini vəsf edir, onlarda döyüş ruhu aşılayır, güc, qüvvət diləyir. Özü də necə yana-yana, ürəkdən. Faiq Balabəyli Vətənə borcunu belə verir, vətəndaşlığını belə bildirir.

 

O səmada qanad açan quş bizim

torpaq bizim, bulud bizim, daş bizim

Nə vaxta tək səbrim üstə daş düzüm

Vur də, komandir, vur!

Bu sazağın üz qarsıyır “istisi”

somsoyuqdur Kəlbəcərdə İsti su.

Bulud olur yanan qəlbin tüstüsü

Vur də, komandir, vur!

Nə müddətdir sapsarıdır yaşılım

tez əmr ver, düşmənimlə savaşım.

Qoy vurulum, torpağıma qarışım

Vur də, komandir, vur!

 

Bundan güclü hayqırtı, içdən gələn yanğı ola bilərmi?! Yuxarıda söylədiyimiz vətəndaşlıq borcu, vətən sevgisi bu misralarda öz əksini çox obrazlı, gözəl tapıbdır. Şeir gənclərə coşqun bir ruh gətirir, onları vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir, bu isə müəllifin- Faiq Balabəylinin uğuru sayılmalıdır. R.Taqor deyir ki, “Şeirin saflığı qəlbin odu ilə yoxlanılır”. Bu bir həqəqətdir və hesab edirəm ki, müəllifin ürəyinin odu çox güclü və alovludur, düşməni yandıracaq qədər. Bəli, bu şeirlərlə gənclərimiz müqəddəs Şuşamızı əliyalın aldılar, o sərt qayaları dırnaqları ilə aşdılar. Bax budur dediyimiz həmin vətəndaşlıq borcu. Amma Faiq Vətənin hər qarışını, torpağını , suyunu məlhəm bilən bir insandır. Onun dağ sevgisi də güclüdür, çay, bulaq, çəmən, çiçək sevgisi də səmimidir. Yenə yazının əvvəlinə qayıdıram, amma Faiq Balabəyli dəniz adamıdır! Safdır sular kimi, pakdır qətrələr, zərrələr kimi, çoşqundur dalğalar kimi! Dostluğu müqəddəs bilir və özü də bu zaman müqəddəsləşir. O, gördüklərini yazır, duyduqlarını ağıl süzgəcindən keçirir, ürəyinin qanı ilə qidalandırıb ağ vərəqlərdə sətirləndirir. Eynən dahilərin dediyi və mənim gördüyüm kimi.

Şair həyatda yaxşi varsa götürür və öz əsərinə daxil edir. Ona görə onun əsəri gözəl, həyatı isə çirkin olur. (Lev Tolstoy)

"Eh ayrılıq, yamansan" (1993), "Kəsilməyən həyəcan fiti" (2003), "Sənə yazılan şeirlər" (2005), "Burda darıxmaq olmaz" (2008), "Yaşıl yuxulu dəniz" (2010), "Yaxın uzaq Elazıx" (2011) kitabların müəllifidir. Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır. 30 illik işğala son qoyan müqəddəs Ordumuzun qələbəsi hər birimizin eləcə də Onun qələbəsidir. Bizi daha yeni qələbələrə səsləyən şeirlər ruhumuzu oxşayacaq, yanğılı ürəklərə su çiləyəcək elə buna görə də “Dəniz adamı” na uğurlar diləyərək: Vətən oğlu, 60 yaşın mübarək!-deyirəm. Ona da əminəm ki, hələ işıq üzü görməyən neçə- neçə kitablarında Faiq Balabəyli ürəyinin odunu oxucuları ilə paylaşacaq- haydı igidlərim, həsrətdə olan yurd yerlərimiz bizi gözləyir-deyəcək!

İrəvanda, Dərələyəzdə, Göyçədə 70 yaşınızı qeyd etmək çox gözəl olacaq, təntənəli, yaddaqalan!

 

Olaylar.- 2024.- 16-22 avqust, ¹29.- S.15.