Məzələnmək
Felyeton
Bu məzələnmək
var ha, başqa
aləmdir. Adam ya zarafat edir, ya
da hirsini, qəzəbini sətiraltı
mənayla qarşısındakı
adama bildirir. Adam məzə qurur, atmaca atır ki, hər kəs
payını götürsün.
Xalq bizdə əsasən sosial-məişət
səviyyəsində məzələnir.
Camaatın siyasi məzələnməklə işi
yoxdur, ora qırmızı çizgidir,
ora girsən başın ağrıyar,
səndə ağrımayan
başına niyə yaş dəsmal qoyasan? Amma, bu, o demək deyil ki, başqa
sahələrdə məzələnmək
mövcud deyil. Əlbəttə, var, məsələn məmur,
dini və sairə sahədə məzələnmələr. Lökbatanda
Ağa Lökbatanlı
TV var, o da xalqın məzəsindən
danışır, mərifətdi
də danışır.
Onsuz da hamı bir-birilə məzələnir. Bu da hamıyla.
Adam tanıyıram, həmişə zibili -"bura zibil atan eşşəkdi"
yazısı olan yerə atır. Soruşanda deyir ki, neyləyim, o biri divara da
var-yox söyüşü
yazıblar. Bax, adam eşşəkliyini qəbul edir, amma var-yox məsələsini
özünə yaxın
buraxmır. Elə eşşəkdi ki, eşşək. Olmazmı
eşşəkliyi də
özünə yaxın
buraxmayasan?!
Eşşək yazdım, yadıma bir lətifə düşdü: "Bir gün şir iş axtarır, buna meşədə iş tapılmır. Deyirlər yalnız dovşan ştatı boşdur. Şir əlacsız qalıb dovşan kimi işləməli olur. İşə başlayandan
sonra görür ki, zürafə dələ, ayı meymun, canavar kirpi, dəvə kərtənkələ vəzifəsində
çalışır. Bir
ara Avropadan meşəyə yoxlama gəlir, vəziyyəti öyrənib çox təəccüblənirlər. Deyirlər, gedək, kadrlar şöbəsilə
danışaq, görək
bu nə məsələdir. Gedib görürlər ki, kadrlar şöbəsi vəzifəsində eşşək
işləyir. Hə,
belə kadrlar bizdə kifayət qədərdir; atın qabağına ət, itin qabağına ot qoyurlar. Hər
ikisi də ac qalır. Udan kim olur,
əlbəttə məmur.
Vəzifəyə "təyin"
olunandan sonra bildi-bilmədi, hikkəsini
həyata keçirmək
istəyir.
O gün bir
tədbirdə eks
"qaişnik"lə, Vaqif
Əsədovla söhbət
edirəm. Fotoqraf Bayram əvvəl şəklimizi
çəkir, sonra yaxında dayanan şairəni göstərib
deyir ki, Vaqif müəllim, o şairəni tanıyırsan?
O da məzə ilə deyir ki, əgər radara düşübsə,
hökmən tanıyıram.
Neyləsin, ona xahişlə ən çox müxbir və şairlər müraciət edir. Deməli Vaqif Əsədov pensiyada olsa da, sevimli
işini davam etdirir.
Binanın divarında
elan yazılıb:
"Boz rəngli, baha qiymətə alınmış pişik
evdən gedib. Görənə, ya yerini deyənə mükafat nəzərdə
tutulur". Elandan aşağıda bir qeyd yazılıb: "Bu hələ başlanğıcdır. Qaz
pulunu ödəyin! Qaz İdarəsi".
Rəhmətliyin oğlu, bahalı pişik alırsan, pul mükafatı vəd edirsən, amma qaz pulu
ödəmirsən. "Bu
hələ başlanğıcdır"
deməklə, işarə
vurur ki, evdə qaz olmasa
sən də çıxıb gedəcəksən.
Bu qaz məmurları xalqla hər ilin sonunda
əməlli-başlı məzələnirlər.
Dekabr ayında elan verirlər ki, bəs filan
vaxtda, filan rayonda qaz olmayacaq,
lap yaxşı. Bəs bunu dekabr
ayında niyə edirsən, axı indi havalar soyuqdur?! Bu təmiri yay aylarında niyə etmirsiniz? O zaman xalq, demək
olar ki, qazdan istifadə etmir. Hə, xoruzun quyruğu burada görünür. Saat altıda guya qaz verirlər.
Düz dörd saat qaz plitəsindən
hava gəlir. Sayğac da fırlanır.
Yayda işlətmədiyin
qazın pulunu bizdən belə çıxırlar. Hava da soyuq, "mıqq" eləyə bilmirsən. Bir gün bir kişinin
qarnı ağrıyır,
arvadına deyir ki, qarın ağrısı dərmanı
ver. Kişi dərmanı atıb, gedir işə. Qadının sonradan yadına düşür ki, bəs kişiyə
əsəb sakitləşdirən
dərman verib. Tez ərinə zəng vurub soruşur ki, kişi, necəsən? Kişi də cavab verir: "Arvad, batırmağına
batırdım, amma heç vecimə deyil". Bəli, bəli, düz tapdınız, yolun ortasına parkinq, avtobus dayanacağı qoymaqla əməlli-başlı
batırıblar, amma heç veclərinə də deyil. A kişilər, sənə
cərimə göndərirlər
ki, bəs maşını evinin qabağında saxlamısan,
İndi də velosiped yolu çəkiblər. Vallah,
bizim tərəfdə
o yoldan hələ bir velosiped də keçməyib. Bizdə mentalitet var e. Velosiped sürənə birtəhər baxırlar.
Onu sürənlərə,
heç qızlar da ərə getməzlər. Bax, buna mayanı batırmaq deyirlər.
Hələ bir
buna baxın! Bəzi hakimlər qanunlarla məzələnirlər.
Qanunu istədikləri
qədər rezin kimi dartırlar, təki ədaləti yox, istədiklərini yekunda yazsınlar. Onlara ayrıca yazı həsr etmək lazımdır.
Hələ gör,
"Azərişıq" necə məzələnir,
yazmaqla qurtarmır. Bütün magistral yollarda, müştəri cəlb etmək üçün kafe və restoranların önündə yüz-iki
yüz lampa asıblar. Zalımın oğlu, buna işıq pulu çatdırmaq olar? Əlbəttə, subsidiya
hökmən lazımdır.
İşıq da qaranlıqla belə məzələnir.
Liftlərə baxan
"Tross Qüdrət"
var idi. Yerindən
duran ona döşəyirdi, zatən
düz də edirdilər, çünki,
o da liftlərlə məzələnirdi, axırın
da bilən olmadı.
Məmurlar haqqında
hələlik bu qədər. Keçək
din məsələsinə.
Oxucularımız yazır:
"Kənddə araq
çəkən bir seyid vardı. Hamı arağı ondan alırdı ki, bəs, seyid
adamdı, haram qatmaz". Pah, atonnan! Seyid ha! Hələ bu yaxşıdır. Ət məhsulları istehsal edən bir şirkət kolbasa və sosislərə "Cənnət"
adı qoyub. Belə çıxır ki, bunları yeyən cənnətə
düşəcək. Ayə,
mən ölüm, lotusunuz! Belə çıxır, orda da kolbasa, sosis
yeyəcəyik. Bunlar
birbaşa cənnətlə
məzələnirlər. Cəhalət
bax budur. Qonşu kənddə bir nəfər oturur taksiyə. Taksi sürücüsü
də ön şüşənin kənarlarına
seyidlərin şəkillərini
vurubmuş. Müştəri
də qayıdıb sürücüyə deyib
ki, qardaş, bunlar axtarışdadır?
Bax, belə, o qurban olduğum seyidlərin şəkillərini
maşının şüşəsinə
vurmaqda məqsəd nədir? İki variant var; ya sürücü
seyidlərlə (əstəğfurullah),
ya da müştərilərlə
məzələnir, o yanı,
bu yanı yoxdur.
Birini də deyim, yazını bitirim. Dığ-dığ qadınlar
da olur. Ərinin başını sözlə
partladır... Biri arvadının
əlindən bezir, gedib dükandan oğurluq edir. Düşünür ki, bəlkə
arvaddan bir müddət canım belə qurtarar. Hakim də oğurluğa görə kişiyə üç il ev dustağlığı verir.
Di get, canını qurtar.
Ümumiyyətlə, dünya bir-birilə məzələnir;
Amerika dünya ilə,
Paşinyan Putinlə,
İsrail İranla, Avropa üçüncü
dövlətlərlə və
sairə. Məzəsiz
dünya ötüşməz.
Bir azdan dünyada bütün insanlardan karbon vergisi alacaqlar. Çünki onlar da qoz ağacları
kimi oksigen alıb, ətrafa karbon buraxırlar.
Telefonuma
zəng gəldi. Mən də məzələndim. Dedim
ki, sənə təmiz
türk dilində deyirəm ki, beş dəqiqəyə çatıram.
Hər yarım saatdan bir niyə
zəng edirsən?
P.S. Elzaya deyiblər ki, bir də millətin
ağzını tikmə.
O da yeni şeir yazıb.
"Söküm sizin
ağzınızı". İndi də tikdiyini sökməyə başlayıb.
Di gedin, məzələnin...
Yunus Oğuz
Olaylar.- 2024.- 12-19 dekabr, №44.- S.10.