Yeni il klassikası

 

Zeynəb Xanlarova

 

Dəyərlərimiz millətimizin ruhudur. Onlar bizim kimliyimizi formalaşdırır, bizi digər xalqlardan fərqləndirir və varlığımızı anlamlandırır. Azərbaycan xalqının tarixi boyu qazandığı və qoruyub saxladığı dəyərlər, yalnız keçmişimizin izləri deyil, həm də gələcəyimizə işıq salan mayakdır. Əcdadlarımızdan bizə miras qalan ən böyük sərvətlərdən biri, məhz bu dəyərlərdir. Onlar, birliyimizi, mənəvi zənginliyimizi və insan kimi ali xüsusiyyətlərimizi qoruyub saxlamaq üçün bizə yol göstərir.

Bir başqa önəmli dəyərimiz qonaqpərvərliyimizdir.  Azərbaycan xalqı həmişə qonağı öz evində böyük hörmət və ehtiramla qarşılayıb. Qonaq evimizə daxil olduqda onun üçün ən yaxşı yeməklər hazırlanır, ən gözəl süfrələr açılır. Bu yalnız bir ənənə deyil, bizim içimizdəki insana hörmətin bir təzahürüdür. Müasir dünyada isə qonaqlar hətta virtual məkanda qarşılanır... Xalqın yaddaşını, onun musiqisini televizor ekranları ilə evimizdə yaşadan sənətkarlar isə bu dəyərlərin ən əvəzsiz daşıyıcılarıdır. Və bu adlar arasında Zeynəb Xanlarova xüsusi yer tutur.

Hər il, yeni ilin gəlişi ilə bərabər, sosial şəbəkələrdə bir qrup insanın Zeynəb Xanlarova haqqında mənfi fikirlərini oxumağa başladıqda, bir az gülürəm. Əvvəla, Zeynəb Xanlarova Azərbaycan musiqisinin nadir incilərindən biridir. Onun ifaları, səsi və sənətə olan xidmətləri heç kəsin şübhə etməyəcəyi bir həqiqətdir. Amma hər il "niyə yenə Zeynəb Xanlarova bu mahnını oxuyur?" deyə soruşanlar var. Bəs niyə olmasın? Həmin insanların bu narahatlıqları, məhz Zeynəb Xanlarova kimliyini bilməmələrindən və onun sənətini tam anlamamalarından irəli gəlir.

Zeynəb Xanlarova Azərbaycan musiqisinin zirvəsində dayanan bir ulduzdur. Onun səsi bir dövrün simvolu, bir çox insanın ən gözəl anlarının fon musiqisidir. Hər kəsin sevdiyi bu sənətçi, mahnıları ilə yaddaşlarda yer edib. Hər yeni ildə onun ifa etdiyi mahnılar, yalnız yeni ilin gəlişini deyil, həm də Azərbaycanın musiqi tarixini yad edir.

Bəs niyə hər il bu qədər narazılıq var? Həmin insanlar, hər dəfə onun yeni ildə çıxardığı mahnıları tənqid edənlər, bir dəqiqə düşünməlidirlər: o, sənətini həqiqətən sevən və dəyər verən insanlara təqdim edir. O, həm də yeni ilin hər təzə başlanğıcı ilə insanlara müsbət bir enerji, ruh yüksəkliyi gətirmək istəyir. İnsanların sevdiyi bir səsin, həmin il üçün özünü göstərməsi heç də bir qəbahət deyil.

Bu tənqidlər, bir az da insanlarımızın sənətə və mədəniyyətə olan münasibətinin əksidir. Bəzən insanlar, öz istəklərinə və zövqlərinə uyğun gəlməyən şeyləri qınamağı daha asan hesab edirlər. Amma sənət, hər zaman yalnız populyar olanı deyil, həm də çox müxtəlif rənglərdə, fərqli ifadələrlə özünü göstərən bir dünyadır. Zeynəb Xanlarova bu dünyada özünə yer etmiş böyük bir sənətkardır.

Beləliklə, Zeynəb xanımın hər yeni il üçün təqdim etdiyi mahnılarla bağlı narahatlıqlarını bildirənlərə demək istəyirəm ki, sənətə, musiqiyə və həm də Zeynəb Xanlarovaya hörmət etməlidirlər. Hər kəsin sevdiyi, güvəndiyi və təkrar-təkrar dinləmək istədiyi bir səsin arxasında daha çox şey durur - sevgi, zəhmət və ən əsası, sənətə olan bağlılıq. Zeynəb Xanlarova, hər kəsin gözlədiyi, hər kəsin səsini axtardığı bir sənətkardır. Bunu qınamaq, sadəcə anlamamazlıqdan irəli gəlir. Həm də unutmayın: sənət insanları birləşdirir, Zeynəb xanım isə bunu hər yeni ildə öz ifası ilə bir daha göstərir.

 

Zeynəb Rzayeva

 

Olaylar.- 2024.- 12-19 dekabr, №44.- S.18.