Yaddaşlarda Xocalı...

 

Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsini Azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun dilindən dinlədik.

-Qeyd etmək istəyirəm ki, bu gün Xocalının, işğalda olan ərazilərimizin azad edilməsi çox böyük bir hadisədir. Xocalının uzun illər boyu işğalda qalması həm də orada qətlə yetirilən insanların ruhunu sanki incidirdi. Ona görə də bu gün təbiidir ki, Xocalı soyqırımında həlak olan insanlara Allahdan rəhnət diləyirik. Eyni zamanda da bir şeydən müəyyən bir təskinlik tapırıq ki, bu torpaqlar azad edildi. Xocalı soyqırımı baş verəndən 3-4 gün sonra mən Ağdama getdim. Ağdamda rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırovla görüşdük. Orada meyidlərin daşınmasında da iştirak etdim. Öz gözümlə ermənilərin burada insanları necə qəddarlıqla qətlə yetirdiklərini gördüm. Çox zaman şəkillərdə göstərilən o balaca qız uşağı var, başı, qulağı kəsilib, dizləri deşik-deşik olub. Bax mən onu gözümlə gördüm. Eləcə də digər insanların necə qətlə yetirildiklərinin şahidi oldum. Mənim üçün bu çox ağrılı bir hadisə idi ki, biz onları maşınlara yığıb gətirib Ağdam məscidinə qoyanda o sağ qalan xocalılar öz qohumlarının o vəziyyətini görəndə necə qışqırıb nalə çəkirdilər, ağlaşırdılar. Mən bu hadisədən sonra uzun müddət bu psixoloji vəziyyətdən çıxa bilmədim. Sonra Ağdamda bir neçə gün girovdan azad edilmiş insanlarla görüşdük. Mənim yadımdadır ki, girovdan azad edilən adamların ən çox ağız nahiyəsindən yaralar var idi. Ermənilər hansı xocalıların qızıl dişi varsa çəngəllə, bıçaqla çıxardıb onlara işgəncə verirdilər. Orada erməni əsirliyindən azad edilib gətirilən xocalılarla onlara verilən işgəncələrin əlamətləri barədə danışdım. Sonra müəyyən xəstəxanalara getdim. Orada da xocalılarla görüşdüm. Bir neçə gün soyuq havada meşələrdə, çöllərdə, dağlarda qalan xocalıların çoxunun ayağını şaxta vurmuşdu. Bəzilərinin əlini kəsirdilər, bəzilərinin ayağını kəsirdilər. Çünki, şaxta o hissəni qaraldıb çürütmüşdü. Bu faktları ona görə deyirəm ki, ermənilər Xocalı insanlarına qarşı doğurdan da böyük bir vəhşilik, qəddarlıq törətmişdilər. Onu da qeyd etmək istəyirəm ki, xocalılar həm də ermənilərə müqavimət göstərmişdilər. Orada beşmərtəbə deyilən yerdə bir müddət döyüş də getmişdir. Başda Əlif Hacıyev olmaqla Xocalının digər cavanları, gəncləri ermənilərə qarşı müqavimət göstərmişdirlər. Çox təəssüflər olsun ki, Rusiyanın 366-cı alayı ermənilər tərəfdə vuruşmuşdu və bizim onlara qarşı uzun müddət müqavimət göstərmək imkanlarımız olmamışdır. Ona görə də Xocalı soyqırımı tarixdə baş verən ən dəhşətli soyqırımlardan biridir. Baxmayaraq ki, Xocalı artıq azad edilib, düşünürəm ki, biz bu soyqırımla bağlı bu istiqamətdə yəni, ermənilərin bu qəddarlığını dünya ictimaiyyətinə çatdırmaqla bağlı fəaliyyətimizi hər zaman davam etdirməliyik. Bunun həm də siyasi qiyməti verilməlidir, ermənilər buna görə cəzalandırılmalıdırlar. Bu gün də  həmin hadisəni törədənlər Ermənistanda qalır. Məndə olan məlumatlara görə onların bəziləri güc strukturlarında, müdafiə nazirlikləri sistemində çalışır. Biz onları geri alıb, onlara Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə hökm oxumalıyıq. Necə ki, Qarabağ ərazisində cinayət törədənlər bu gün gəlib Azərbaycan həbsxanalarında yatırlar, eləcə də Xocalı soyqırımını törədən ermənilər bu gün gəlib bizim həbsxanalarda yatmalı və cəzalarını çəkməlidirlər. Bu baxımdan fevral ayının 25-dən 26-na keçən gecə bizim tariximizin ən qanlı səhifələridir. Xocalı soyqırımında 600-dən çox insan qətlə yetirilib. Bu insanların nahaqdan qətlə yetirilməsini bütün dünya ictimaiyyətinə çatdırmalıyıq və mənə elə gəlir ki, bu istiqamətdə hər bir Azərbaycan vətəndaşı çalışmalı, fəaliyyət göstərməlidir.

Qeyd edim ki, elə həmin il, 1992-ci ildə mən Xocalı soyqırımı haqqında kitabı yazdım. Bu Xocalı soyqırımı haqqında ilk kitabdır. Azərbaycan Nəşriyyatında 30 min tirajla kitabı çap etdirdim. Yadımdadır ki, həmin kitab Azərbaycanın bütün kitabxanalarına paylanıldı. Eyni zamanda, kitabdan müəyyən hissələri isə Türkiyədə Azərbaycan jurnalında çap etdirdik və bunu dünya ictimaiyyətinə yaydıq.

 

ZEYNƏB RZAYEVA

 

Olaylar.- 2024.- 23-29 fevral, №7.- S.9.