Mənim üçün bir janr var-SÖZ!
Müsahibimiz yazıçı, şair,
tərcüməçi Seyran Səxavətdir.
-Seyran bəy, deyirlər ki, müəyyən istedadla həyata keçirilən
fəaliyyət peşə,
iş adlandırılmamalıdır.
Məsələn, yazıçılıq.
Sizcə, yazıçılıq
peşə, iş deyilsə, nədir?
-Düzdür, bu, peşə deyil. Bu, iş də deyil. Bu, tamam başqa bir mərtəbə, başqa
bir mövqe, marşrutdur. Haqlı deyirlər ki, bu, Allah vergisidir. Yazıçılıq
peşə deyil, yazıçılıq sənət
deyil. Yazıçılıq
xasiyyətdir. Bir adam davakar, o biri xəsis, başqa biri əliaçıq
olur, bu, onun xasiyyətidir. Yazıçılıq Seyran Səxavət
üçün xasiyyətdir.
Rəssamlıq da, şairlik
də, bəstəkarlıq
da həmin adamların
xasiyyətidir.
-Yazıçı nədən
yazmalıdır? Kütləyə
uyğunlaşmalıdır, ya kütləni özünə uyğunlaşdırmalıdır?
-Yazıçı kütləyə
yox, kütlə yazıçıya uyğunlaşmalıdır.
Soruşarlar ki, niyə?
Yazıçı göydən
gəlib? Bəli, həm göydən gəlib, həm də kütlə yazıçının dediyini
ona görə etməlidir
ki, kütlənin etdiyini
istənilən yazıçı
edə bilər. Müvəqqəti də olsa, bir saatlığına,
bir günlüyə,
on dəqiqəliyə çevrilib
kütlə ola bilər.
Amma kütlə heç
bir saniyəlik, bir anlıq da olsa, çevirilib yazıçı, bəstəkar,
rəssam ola bilməz.
-Hansısa əsərinizdə,
şeirinizdə öz
həyatınızdan bəhs
etmisiniz?
-Ömür boyu nə yazmışamsa, şeirlər, poemalar, pyeslər, romanlar, 6500-dən
çox müsahibəmin
hamısı Seyran Səxavətin
parçalarıdır, qırıqlarıdır.
Bir yerə yığılmış
mükəmməl formasıdır.
Bəlkə başqa yazıçılar başqa
cür cavab verər, amma mənim aləmimdə insan nə yazırsa,
bir az yaxın
oxşarlıq, bir
az uzaq oxşarlıq ola bilər,
ancaq özüdür.
Yazıçı ancaq
öz həyatını
yazır. Çünki,
öz həyatına başqalarının həyatından
daha çox bələddir, yaxındır.
Ona görə də,
mənim yazdıqlarımın
nəinki bir bəndi, nə yazmışamsa, hamısı
öz həyatımdır.
Mənim ikicildli "Qaçhaqaç" romanım
var. Təxminən min səhifədir.
Məsələn o, daha
çox özümdən
yazılıb. Mən
onda da fikirləşdim
ki, mənim haqqımda özümdən
başqa heç kim mənim yazdığım qədər
dürüst yaza bilməz. Bunun da səbəbi
odur ki, məni mənim özümdən
yaxşı kim tanıya bilər ki? Heç kəs!
-Yaratdığınız personajlar əsasən reallıqdan götürülüb,
yoxsa fantaziyanızın inikasıdır?
-Bunun mühasibatını aparmamışam,
amma onların əksəriyyəti metisdir.
Mənim yaratdığım
obrazların atası təxəyyüldür, anası
da real həyat. "Metis" sözünü təsadüfən
işlətmədim. Sözün
müsbət mənasında
metisdir, qarışıqdır.
-Müasir yazarlara münasibətinizi bilmək
istəyirəm. Maraqlıdır,
bu gün ədiblərimizin daha çox hansı janrda yazmasını arzu edərdiniz?
-Əvvəla, janrlara münasibətimi bildirim. Həmişə müxtəlif
zaman kəsimində müxtəlif
yerlərdə də demişəm ki, nəsr, poeziya, dramaturgiya, publisistika, ədəbi tənqid, esse, novella və s. ki var, bunlar mənim üçün yoxdur. Bunlar mənim aləmimdə ədəbiyyatşünasların uydurmalarıdır. Ədəbiyyatşünaslar
bunu özlərindən
uydurublar və sözə böyük zərbə vurublar. Sözü parçalayıblar.
Dramaturgiya, poeziya, nəsr, filan bunların uydurmalarıdır
və dolanmaları üçün yanaşmadır.
Bu, sosial müdafiə
istiqamətində uydurulmuş
bir şeydir. Mənim üçün bir janr var-SÖZ. Ən böyük janr budur və
yeganə janr da bu olmalıdır. Sadaladıqlarımın hamısı
mənim aləmimdə
uydurmalardır.
Keçim sualının əsas
hissəsinə. Mən
arzu edərdim ki, nə yazırlarsa, yazsınlar, sizin təbirinizcə desək,
hansı janrda yazırlarsa, yazsınlar, həyati, inandırıcı
və insana yaxın olsun. Bir sözlə, mən istəyirəm ki, bizim müasir yazarlarımız
hamısı bir janrda, bir mövqedə
yazsınlar. Onun da adı "SÖZ" janrıdır.
-Nə qədər
yeni yazıçılardan, əsərlərdən bəhs
etsək də, bir kəsim ədəbiyyata yaxınlaşdıqca,
digər kəsim uzaqlaşır.
Hətta deyərdim, insanlıqdan... Ard-arda gələn müsibətlərin,
cəmiyyətdəki mənəvi
dəyərlərin yox
olmasının səbəbi
elə ədəbiyyatdan,
incəsənətdən uzaqlaşmaq
ola bilərmi? Bir ziyalı
olaraq siz bu gün cəmiyyətdəki
bəlaların səbəbini
nədə görürsünüz?
-Ədəbiyyatın, incəsənətin
fövqündə bir
şey dayanır, hamısının da səbəbi
odur. Bütün bəlalar da ondan doğur. Bütün bəlalar milli şüurun
sıfırdan aşağı
olması ilə bağlıdır. Bəs, milli şüurun
sıfırdan aşağı
olması nə ilə bağlıdır?
O da son otuz ildə Azərbaycan təhsil sisteminin darmadağın olması ilə bağlıdır. Məlum
hadisələr baş
verdi, sovetlər dağıldı, yenisini qurmamış, köhnəsini
darmadağın etdilər.
Söhbət təhsil
sistemindən gedir. Xalqın milli şüurunu
yüksək səviyyəyə
qaldıran təhsildir.
Xalqın milli şüurunu
cilalayan təhsildir. Bütün bəlaların
başında da təhsilimiz
dayanır.
-Seyran bəy, hansı işlər görülməlidir
ki, cəmiyyətdəki bəlalar
son tapsın və mənəvi şüur öz səviyyəsini bərpa etsin?
-Hər şeyi pozub yenidən başlamalıyıq. Təhsilimizi
yenidən qurmalıyıq.
Təhsil özü hər şeyi yenidən nizamlayacaq. Təhsilsizliyin ucbatından Azərbaycan
dilimiz bu saat "reanimasiyadadır".
Ağır vəziyyətdə,
ölüm ayağındadır.
Kütləvi informasiya
vasitələri, başda Azərbaycan
televiziya məkanı
olmaqla yazılı mətbuat, qəzetlər,
jurnallar, saytlar, tərcümə kitabları,
mahnıların əcaib,
duzsuz mətnləri və s. Bütün bunlar hamısı təhsil sisteminin son dərəcə
aşağı olması
ucbatındandır. Bunlar Azərbaycan
dilini "mühasirəyə
alıb". Azərbaycan
dilinin vəziyyəti
heç vaxt bu günki qədər
ağır olmayıb.
Son 20 ildə dilimizin bəlası ilə bağlı həmişə
mütləq nəsə
demişəm. Bizim dilimiz bu saat
"Azərbaycan dilinə
ədalət kompaniyası"
keçirilməsini istəyir.
Buna çox böyük
ehtiyacı var. 95 faiz günah televiziya və radio məkanındadır.
Bizim dilimizə-Azərbaycan
Respublikasının dövlət
dilinə, gözəl
dilimizə hər gün minalar basdırıla-basdırıla gedir.
Bu saat Azərbaycan dili Qarabağın mina basdırılmış ərazilərinə
bənzəyir. Bunu duymaq o qədər də çətin deyil. Dillə bağlı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi var. 15-16 işçisi var. Onlar dörd cilddə dilimizlə bağlı bütün nöqsanların
hamısını göstərirlər.
Televiziyalarda, radiolarda,
qəzetlərdə, saytlarda-hamısında.
Mən belə hesab edirəm ki, Monitorinq Mərkəzinin dörd cild qalın kitabı elə Azərbaycan dilinə basdırılmış
minaların xəritələridir.
Hər şey orda var. Hərəkətə
keçmək lazımdır.
Açığını deyirəm, necə istəyirlər, elə
də başa düşsünlər. Əgər
dövlət müdaxiləsi
olmasa, Azərbaycan dili əldən gedəcək. O zaman biz Milli Məclisə
yığışıb Konstitusiyamızdakı
məşhur "Azərbaycan
Respublikasınım dövlət
dili Azərbaycan dilidir" cümləsini
ordan çıxardıb,
başqa cür yazmalıyıq: Azərbaycan
Respublikasınım dövlət
dili Azərbaycan televiziya məkanının
dilidir.
Biz əgər bu gün tərpənməsək,
sonra bu dili xilas etmək
mümkün deyil. Yadınıza gəlir, bir ara dilçilər
hörümçəkdən nə qədər danışdılar. Sonra keçdilər
dovşandan danışmağa.
Əcəba, bu, nə münasibətdir dilə? Bu, nə deməkdir? Bunlar dilçilərdir, yoxsa Zoologiya İnstitutunun alimləridir?
-"Sıfırlamaq"da yük
ən çox hansı təbəqənin
üstünə düşür?
-Dövlətimiz başda olmaqla cəmiyyətin bütün təbəqələrinin.
Bu, tək dövlətin
də işi deyil, cəmiyyətin hər
hansı bir 2-3 seçmə təbəqəsinin
də gücü çatan məsələ
deyil. Necə ki Qarabağı aldıq, indi də külli
halda silkələnib tozumuzu tökməli və təhsilimizi yenidən qurmalıyıq.
-Sizcə, cəmiyyətimiz
indiki halda buna hazırdır?
-Bilmirəm, hazırdır,
ya yox. Hazırdısa,
başlayaq. Hazır deyilsə, hazırlasınlar.
Bunun üçün hər
şey, hər cür şərait var. Mən məktəbdə oxuyanda kitablarda dilə belə bir tərif verirdilər: "Dil ünsiyyət vasitəsidir".
Bu, dil haqqında o qədər dayaz yanaşmadır ki... Dil ancaq yox, dil
həm də ünsiyyət vasitəsidir.
Dil xalqı tənzimləyən möhtəşəm
bir varlıqdır. Əgər xalqı dil tənzimləyirsə,
dünya da xalqdan ibarətdir, deməli, bütün bəşəriyyəti
dil tənzimləyir. Görün, bu, nə deməkdir?
5-6 ay öncə professorlarla bir məclisdə milli bəla olan boşanmalardan
danışırdıq. Hərə
öz həqiqətini
dedi. Biri dedi işsizlik, biri dedi iqtisadi vəziyyət.
Bunlar hamısı doğrudur, amma mən də öz həqiqətimi dedim, dedim ki, boşanmaların bir nömrəli səbəbi Azərbaycan
dilinin xəstə olmasıdır. Dedilər,
sən də ağ edirsən axı. Dedim, bəli. Gənc ailələr bir-biri ilə yola getməyəndə
nə deyirlər? Deyirlər ki, bala, gedin, dil tapın,
dolanın, yaşayın,
ailəni dağıtmayın.
İndi tutaq ki, bu dili tapdılar. Dil özü bu saat reanimasiya
vəziyyətindədir. Bu dil o gənc ailələrə nə kömək edə bilər? Heç nə. Dil xalqın
ən qüdrətli silahıdır, dil hər şeydir. Dil xalqın təpədən dırnağa
özü deməkdir
-Son zamanlar yazıçıları
bəzi məsələləri
"açıq" yazmaq,
hansısa zərərli
vərdişləri təbliğ
etməkdə günahlandırırlar.
Bəzi məsələləri
əsərlərdə "açıq" şəkildə
yazmaq onu təbliğ etməkdir?
-Bəli, bu bəlalar
haqqında açıq
yazılması həm
də onu təbliğ edir. Son zamanlarda bir oğlan (Əhməd Əhmədov) ailəsini məhv etdi. İnformasiya gəlir, insan beyni onu
qəbul edir, sonra o, şüur altında oturur. Nə zamansa oxşar vəziyyət yarananda onun da könlündən keçir.
10 il qabaq televiziyadan eşitdim ki, 250 qram yağa görə nəvə nənəsini
öldürüb. Belə
şeyləri verməklə
cəmiyyətdə immunitet
yaradırlar, cəmiyyət
buna alışır. Deyir,
nə olsun, televiziyada dedilər filankəs bunu etdi. Bunlar o qədər iyrənc şeylərdir ki... hətta düşünürəm
ki, hansısa mütəşəkkil
bir qrup, təşkilat var, xalqın
bütün dəyərlərini
çirkablaşdırmaqla məşğuldur. Burda
da yenə Azərbaycan
televiziyası bir nömrəli əjdahadır.
Bunlar bu xalqın mənəviyyatını,
beynini, qanını, iliyini, canını nə qədər murdarlayırlar. Bunun qarşısı
alınmalıdır, faciə
budur. Qızım, inanın səmimiyyətimə, Qarabağ
alınmamışdan qabaq
televiziya verilişlərinin
birində müsahibə
verdim. Mən qarabağlıyam, görünür,
aparıcı bunu nəzərə alaraq sual
verdi ki, Seyran müəllim,
sizin bir nörməli probleminiz yəqin, Qarabağdır,
elədirmi? Aparıcını
da qınamaq olmaz, dedim, qızım, Qarabağ problemdir, amma bir nömrəli
deyil. Qız elə bil çaşdı,
dedi, bəs, onda probleminiz nədir? Dedim, mənim bir ziyalı, bir azərbaycanlı, bu ölkənin vətəndaşı
kimi bir nömrəli problemim Azərbaycan
dilinin zəlil olmağındadır. O qədər
sığallı, tumarlı
danışırlar ki... Sizə
bir misal gətirim, televiziyada 40 yaşlarında bir oğlan müsahibə verir. Kamera görən
kimi başlayır: Mənim telefonuma zəng daxil oldu və buyurdular
ki, ananız Bakı-Qazax yolunun neçənci kilometrliyində
avtomobil qəzasına
məruz qalmışdır.
Mən özümü
hadisə baş verən yerə yetirdim, anama baxış keçirtdim.
Telefona zəng daxil olmaz, zəng gələr, adam daxil olar.
"Anama baxış keçirtdim"-belə Azərbaycan
dili olar, qızım? Bax, bütün münaqişələr
dillə bağlı doğulur. İndi bu dəqiqə
doğmaların da sözü bir-birinin boğazından
keçmir, adamlar bir-birini yola vermirlər. Bunun da səbəbi
yenə dilimizlə bağlıdır. Məsələn,
televiziyadakı verilişdə bir cümlə işlədirlər
ki, marallar çox tez hamilə olur. Əvvəla, dilimizə
görə maral hamilə olmur. Maral heyvandı, heyvanlar hamilə
yox, boğaz olurlar. Hamilə analarımız,
bacılarımız, qızlarımız olur. Əgər biz
heyvanla anaya dildə fərq qoymuruqsa, başlayırıq
heyvana bəslədiyimiz münasibəti anamıza bəsləməyə.
Bax, o ilahi tənzim, dilin qüdrəti budur. Ona görə də
dil korlananda belə olur. Evimizin ən üzlü qonağı
televiziyadır. Heç adamın atası adama helə ərk
etmir ki, televiziyanın helə bir ərki var. Bu ərkin
müqabilində də dilimizi məhv edib. Gecə-gündüz
gözəl dilimizin üstünə çirkab axıtmaqla məşğuldur.
Bunun qarşısı alınmalıdır.
Qarabağ demişkən, sizcə,
bu gün ədəbiyyatımızda
Qarabağ mövzusuna nə dərəcə önəm
verilir?
-Öz fikirimi bildirirəm, bunlar
kökündən yalnış bir şeydir. Qarabağ alınmamışdan
öncə nə qədər dadsız, duzsuz, səviyyəsiz,
köksüz müxtəlif janrlarda əsərlər
yarandı. Hamısı da bir-birindən zəif, solğun,
heç nəyə yaramayan əsərlər. İndi
Qarabağ haqqında əsərlər yazılacaq, amma ədəbiyyat
zavod deyil ki, bəri başdan xammalı tökəsən, o tərəfdən
hazır məhsul çıxsın. Şəxsən mən
Qarabağ haqqında yazmışam. "Qarabağ" poemam
da var. Mən hələ o vaxt demişdim ki, daha Qarabağ
haqqında yazmaq lazım deyil, hələ 20 il qabaq.
Bütün dostlarıma da qadağan etdim.
-Müsahibələrinizin birində
demisiniz ki, Qarabağ haqqında ən
böyük əsəri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və əsgərlərimiz
yazdı.
-Bəli, bax, o əsərin ardınca nə yazasan? Ola bilər
ki, sonra mən özüm də nəsə yazam, amma ən
böyük əsəri onlar yazdı. O vaxt hələ 20 il əvvəl
aparıcı demişdi ki, niyə Qarabağdan yazmayaq? Mən
demişdim ki, Qarabağ haqqında ən mükəmməl, ən
vacib əsər ki, son 200 ildə helə əsər
olmayıb, onu Azərbaycan
əsgəri və Ali Baş Komandan yazmalıdır.
Şükürlər olsun ki, yazıldı. Qızım, təxminən
25 il qabaq mən televiziyaların birində belə bir şey
dedim:
-Nə qədər ki, Azərbaycan torpağı erməninin
işğalı altındadır, lap aşağıdan lap
yuxarıya qədər kim özünü kişi hesab edir
etsin, mən özümü kişi hesab etmirəm və bu
gündən kişilikdən istefa verirəm. Allaha
şükür ki, məlum vaxtda Şuşadan Azərbaycan əsgəri
mənim telefonuma zəng edib dedi ki, Seyran müəllim, sizin
kişilikdən istefa ərizəniz qəbul olunmadı, biz
artıq Şuşadayıq! Nə xoş bizə!
QİYMƏT MAHİR
Olaylar.-
2024.- 23-29 fevral, ¹7.- S.15.