Yusif və Vaqif Səmədoğluların
qələmində Səməd
Vurğun
"Olaylar" qəzetində (16.02.2024) dərc
olunan "Yusif Səmədoğlunun hekayələri: "Xəzri"dən
sonra" məqaləmizdə nasirin əsərlərində
atasının - Xalq şairi Səməd Vurğunun
obrazının inikas xüsusiyyətlərindən söz
açmışdıq. Bu yazıda isə Xalq
yazıçısı Yusif Səmədoğlu ilə
yanaşı qardaşı, Xalq şairi Vaqif Səmədoğlunun
da yaradıcılığında Səməd Vurğunun bədii obrazının təqdimi
ilə bağlı qənaətlərimizi bölüşəcəyik.
Yusif Səmədoğlunun "Gözlər" və "Güllər" hekayələrində Səməd Vurğunun bədii obrazını "ovçu şair", "xəstə şair ata" kimi yaradıldığını qeyd etmişdik. Lakin Yusif Səmədoğlu yaradıcılığında Səməd Vurğun obrazının bədii təzahürü bu hekayələrlə məhdudlaşmır. Yusif Səmədoğlunun "Qətl günü" romanı ilə bağlı tədqiqlərin, araşdırmaların cavab tapmağa çalışdığı əsas sullardan biri də məhz romandakı itmiş əlyazmanın müəllifi Sədi Əfəndinin kimliyi ilə bağlıdır. Bir sıra tədqiqatçıların fikrincə, Sədi Əfəndi obrazı Hüseyn Cavidin prototipi kimi yaradılmışdır. Vaqif Yusifli " "Qətl günü" niyə birinci oldu?" başlıqlı məqaləsində bu tendensiyaya aydınlıq gətirərək yazır: ""Qətl günü"ndə hər bir obrazın təqdimində həm ictimai-sosial, həm milli-etnik, həm də fərdi insani xüsusiyyətlər, əlamətlər qabarıq nəzərə çarpdırılır. Təbii ki, üç tarixi dövrdən söhbət açılarsa, hər bir dövrün öz tarixi koloriti nəzərə alınır. Bir sıra müəlliflər "Qətl günü"ndəki hökmdarıAğa Məhəmməd şah Qacara, edam olunan şairi Molla Pənah Vaqifə, Sədi Əfəndini Hüseyn Cavidə bənzədirlər. Bu müqayisəyə səbəb heç şübhəsiz, təsvir olunan hadisələrlə həmin tarixi dövrdə baş vermiş hadisələrin müəyyən oxşarlığıdır."
Akademik Nizami Cəfərov 2015-ci ildə "Elm və Təhsil" nəşriyyatında çap olunan "Səməd Vurğun... və Səmədoğlular" kitabında yazır: ""Qətl günü" romanını da təsadüfən yazmadı... Doğrudur, normativ (və kanonik) ədəbi-ictimai təfəkkür bu romanın baş qəhrəmanı kimi dahi Hüseyn Cavidi gördü, ancaq Sədi əfəndi yalnız Cavid deyildi. Və bəlkə də, daha çox Səməd Vurğun idi... Yusif Səmədoğlu "Qətl günü"ndə təsvir (və təhlil) etdiyi hadisələri ilk növbədə atasının tərcümeyi-halında görməyə, yaşamaya, analiz etməyə bilməzdi."
Akademik İsa Həbibbəyli də Yusif Səmədoğlunun "Qətl günü" romanında Səməd Vurğunun prototipinin yaradılmasının mümkünlüyünü bildirir: "Fikrimizcə, Xalq yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanında Azərbaycan xalqının Molla Pənah Vaqifdən Səməd Vurğunadək mürəkkəb və kəşməkeşli taleyi ədəbi-tarixi baxımdan məharətlə ümumiləşdirilmişdir. Hətta bu baxımdan yanaşmaqla "Qətl günü" romanında Molla Pənah Vaqifin və Səməd Vurğunun prototipi ola biləcək obrazlar da müəyyən etmək mümkündür. Romanın uğurlu çıxmasının, ədəbiyyatımızda ədəbi hadisə səviyyəsində qəbul edilməsinin əsas səbəblərindən biri də əsərdə əks etdirilən mətləblərin, bəzi analoji məqamların, Yusif Səmədoğlu tərəfindən atası Səməd Vurğunun tərcümeyi halında və yaradıcılıq taleyində dərindən və əsaslı şəkildə görünən və görünməyən tərəflərilə müşahidə edilməsi ilə əlaqədardır"
Məti Osmanoğlu isə Yusif Səmədoğlunun "Qətl günü" ilə bağlı qələmə aldığı ssenaridən bəhs edərkən yazır: "Kino estetikasının tələbləri baxımından fikir söyləmək çətin gəlir, ancaq mətn son dərəcə maraqlı idi. "Qətl günü" romanından film üçün şair və hökmdar xətti əsas leytmotiv kimi götürülmüşdü. Şair obrazı daha çox Səməd Vurğunun şəxsiyyəti və tərcümeyi-halı ilə səsləşirdi."
Beləliklə, tədqiqatçılar Sədi Əfəndi obrazının Səməd Vurğunun prototipi olması ehtimalının mümkünlüyünü irəli sürürlər. Bizim fikrimizcə isə Sədi Əfəndi obrazında həm Səməd Vurğuna, həm də Hüseyn Cavidə xas avtobioqrafik cizgilər öz əksini tapmışdır. Bu səbəbdən Sədi Əfəndini həmin dövr milli ziyalılarımızı simvollaşdıran bir obraz kimi qəbul etmək daha düzgün olar.
Vaqif Səmədoğlunun da yaradıcılığında atası Səməd Vurğunun obrazının bədii təzahürləri ilə qarşılaşırıq. Vaqif Səmədoğlunu atasına Yusif Səmədoğludan bir addım daha yaxın edən məqam onun da poeziyanı seçməsidir. Lakin Səməd Vurğun kimi poeziyanı seçsə də Vaqif Səmədoğlu heç bir zaman Səməd Vurğunun kölgəsində qalmadı, məhz öz fərqli dəsti-xətti ilə ədəbiyyatda tanındı.
Vaqif Səmədoğlunun atasına həsr etdiyi ilk şeirlərdən biri "Günün baxtı" (1972) adlı kitabında işıq üzü görmüş 1968-ci il möhürlü "Atamın məktublarına cavab" adlı kiçik poema idi:
Yanından
keçənlər,
ayaq
saxlayıb bir an
baxırlar
sənə,
Səməd
Vurğuna.
Mən də
baxıram.
Baxıram
cavan
ölmüş Məhbub nənəmin
Salahlıdan
gedib
heykəl
olmuş
qarayanız
oğluna...
Bu poemada
ata həsrətini özünəməxsus şəkildə
ifadə edən Vaqif Səmədoğlunun qələmində
Səməd Vurğunun tam fərqli qiyafəli obrazı ilə
qarşılaşırıq. Bu atasını 17
yaşında itirən bir gəncin gözlərindən
boylanan bir obrazdır. Ata ilə oğulun ünsiyyəti,
oğulun atadan öyrənməli olduğu məqamlar
üçün bu 17 il çox kiçik bir müddətdir.
Vaqif Səmədoğlunun həyat boyu yanında
olmasını istədiyi, axtardığı atasını qardaşı Yusif əvəz etdi.
Lakin oğul üçün atanın yeri başqadır. Buna görə də
Səməd Vurğun Vaqif Səmədoğlunun bir
ömür boyu məktub yazıb məsləhət
alacağı, öyrənəcəyi həsrət
ünvanıdır.
Vaqif Səmədoğlunun
Səməd Vurğunun ata obrazını yaratdığı məhşur
poetik nümunələrdən biri "Salam, ata..."
şeiridir:
Salam, ata,
salam.
Bilirəm,
arxamdasan.
Məzarından
cəmi əlli-altmış
addım
bu yanda dayanıb
trolleybus
gözləyirəm.
Trolleybusa
minib,
sənin
yanına
gələnə
qədər
yaşamağa
gedəcəyəm.
Ömür
bu imiş, ata?
Gəldi...
Salam
trolleybus,
əlvida
ata...
Bu
qısa şeirdə bütöv bir ömrün həsrəti,
ağrısı çox mükəmməl ifadə olunub.
Vaqif Səmədoğlu üçün atasının qəbri
burulğanları içində öz yolunu tapmağa
çatdığı həyat dənizində bir adadır.
Bu ada sabit şəkildə onu səbrə və həsrətə
dözməyə çağırır. "Yaşamağa
gedən" oğulun əlvidası da müvəqqətidir.
Bəlkə də insanı həsrətə dözməyə,
ölümü qəbul etməyə razı salan tək
ümid elə budur. Vaqif Səmədoğlunun şeirlərindən
süzülən sarı rəngli həsrət
yağışları da məhz həmin mübhəm
ümiddən söz açır:
Ayrılma
o sarı,
Yox
sapsarı yağışa açılmış pəncərədən.
Gözlərini
yumma islanmış yolun qarşısında.
Tutma
əllərinlə
qulaqlarını,
eşit,
eşit.
xəfif
yarpaqlara dəyən
ağır
damlaların səsini.
Bir uzaq
ümidin
üzünə
baxırsan bəlkə,
bəlkə
sarı yağışa dönmüş
bir yuxulu
həsrətlə göz-gözə,
üz-üzə
dayanmısan.
Taleyin qəribə
təsdüfləri, həyatın çıxılmaz, sirri
çözülməz oyunları var. Səməd Vurğun
adlı poeziya zirvəsi bu dünyaya xərçəngin
amansız hökmü ilə əlvida dedi. Onun
övladları da həmin xəstəliklə cəngləşib
ömrü başa vurdular. Atalarının qalib gələ
bilmədiyi düşmənlə savaşda onlar da məğlub oldular. Amma
"ölüm sevinməsin qoy..". Bu gün Səməd
Vurğun isimli nəhəng çinarın hər iki pöhrəsi
ataları ilə bir sırada ədəbiyyatımızın
qübbəsini çiyinlərində saxlayır və ədəbi
irsimizi gələcəyə
daşıyırlar.
Elnarə
Qaragözova
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi
Olaylar.-
2024.- 23-29 fevral, ¹7.- S.17.