Akademik Xudu Məmmədovun
Ü.Hacıbəylinin
ev-muzeyində ölümü-
Nəsiman Yaqublu yazır
1988-ci ilin iyul-avqust aylarından Azərbaycan Xalq Cəbhəsi yaradılması ideyası
ətrafında müzakirələr
gedirdi. İlk toplantılar
Bakı Şəhər
Partiya Komitəsinin Tətil əleyhinə ayırdığı yerdə,
şəhərin mərkəzində Nəsiminin
heykəlinin yanındakı
o qədər də rahat olmayan bir
otaqda gedirdi (Vidadi küçəsi-125). Bu söhbətlər
çox qızğın
olurdu, vacib problemlər, onların həlli yolları müzakirə edilirdi.
Toplantılara gələnlərin sayı
getdikcə çoxalırdı
və mövcud darısqal otaqda iclasların keçirilməsi
mümkün olmurdu.
Zərdüşt Əlizadənin dostu
- Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunun
müəllimi Rasim İmanov AZİMİ-nin (Azərbaycan İnşaat Mühəndisləri İnstitutu)
müəllim və tələbələri üçün
olan "Cəngi"
musiqi - idman birliyinin zalında iclasların keçirilməsini
təklif etdi. Həmin zalda 3 iclas planlaşdırıldı.
Birinci iclasda tarix elminin problemləri
müzakirə edilirdi:
məruzəçilər Arif
Yunusov və İsa Qəmbərov idi. Burada hər kəs öz fikrini əsaslandırırdı.
Arif Yunusov İqrar Əliyevin və Ziya Bünyadovun
əsaslandığı tarixə
baxış konsepsiyasını
əsas götürürdü.
İ.Qəmbərov isə rəsmi Azərbaycan tarixinin türk amilini kiçiltməsi konsepsiyasını
irəli sürürdü.
İkinci
toplantıda iqtisadiyyat,
planlaşdırma və
respublikanın təsərrüfat
hesabı problemi müzakirə edildi. Məruzəni Şərqşünaslıq
İnstitutunun Türkologiya
şöbəsinin əməkdaşı
Altay Məmmədov etdi.
Hər iki toplantının sonunda ümumi bir fikir səslənirdi:
bu işlərin görülməsinə Azərbaycan
Kommunist Partiyası
rəhbərliyi şərait
yaratmırsa, onda biz Xalq Cəbhəsi yaratmalıyıq.
Üçüncü iclasda Z. Əlizadənin yazıb hazırladığı Azərbaycan
Xalq Cəbhəsinin Proqramı müzakirə edilməli idi. Z.Əlizadə proqramın surətini Elmlər Akademiyasında çoxaltmış və
müzakirə üçün
paylamağı planlaşdırırdı.
Lakin 1988-ci ilin oktyabrın
12-nə nəzərdə tutulmuş
iclas baş tutmadı. Rasim İmanov bildirdi ki,
AZİMİ-nin rektoru
Bünyad Sərdarov
"Cəngi" zalında iclas keçirməyi qadağan
edib. O, bunu DTK-nın tələbi ilə edib. R. İmanov qeyd edib ki, o, Azərbaycanın
Xalq rəssamı, heykəltəraş Ömər
Eldarovun oğlu Müslüm Eldarovdan yer tapmasını xahiş edib. M. Eldarov isə yaxın münasibətdə
olduğu, Ü. Hacıbəylinin
Ev muzeyinin direktoru R. Xəlilovdan orada toplantı keçirilməsinə icazə
istəyib (hətta bu toplantının bir banket olduğunu da qeyd edib ki, narahatlıq
yaranmasın). R. Xəlilov
Muzeyin zirzəmisində
tədbirin keçirilməsinə
razılıq verib (həmin yerdə filmlər də nümayiş etdirilirdi).
Oktyabrın 15-də Ü. Hacıbəylinin Ev muzeyində 37 yerlik zirzəmiyə 60-a qədər adam toplaşdı. İştirakçılar
dəhlizdə, pilləkəndə,
muzeyin həyətində
dayanmışdılar. Toplaşanlar
arasında akademik
Xudu Məmmədov, rejissor Eldar Quliyev, pianoçu Fərhad Bədəlbəyli,
Məhəmməd Hatəmi
və digərləri
var idi.
Z. Əlizadə
AXC-nin proqramını
bənd-bənd oxuyub iştirakçıların fikrini
soruşurdu. Akademik Xudu Məmmədov çıxış edib adamları uzaqgörənliyə,
ağıla əsaslanmağa,
hər bir işi qanun çərçivəsində görməyə çağırdı,
partiya və hökumətlə birgə
işləmək yollarını
aramağa dəvət
etdi.
Müzakirələr getdiyi zaman Xudu müəllim əvvəl birisi ilə mübahisə etdi və sonra özünü
pis hiss etməyə başladı (muzeyin zirzəmisində də insanlar çox toplaşdığından hava
çox ağır idi). Tez bir anda
o, krsloda əyləşmiş
halda xırıldamağa
başladı. Onu yuxarı qaldırıb xalçanın üstünə
qoydular. Təcili Yardım maşını
gələndə o, artıq
keçinmişdi. Məlum
olub ki, X. Məmmədov
üç dəfə
infarkt keçirib, bir gün əvvəl
isə "Qayğı" cəmiyyətinin
təsis konfransında
əsəbiləşib.
Bu hadisədən sonra toplantı yarımçıq
qaldı. Akademik X. Məmmədovu İkinci Fəxri Xiyabanda dəfn edildi.
Xudu
Məmmədov (1927-1988)
Xudu
Məmmədov 1927-ci il dekabrın
14-də Ağdam
rayonunun Mərzili kəndində
anadan olmuşdur.Ağdamda
orta məktəbi bitirən X. Məmmədov
Azərbaycan Dövlət
Universitetinin Geologiya-Coğrafiya
fakültəsinin Geologiya
şöbəsində təhsil
alıb.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru,
1973-cü ildə professor elmi
adlarına layiq görülmüşdür.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının
Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun
struktur kimya laboratoriyasının müdiri
vəzifəsində çalışmışdır.
Əsas elmi işləri kristallokimya sahəsindədir.
X. Məmmədov 1976-cı ildən
Azərbaycan Elmlər
Akademiyasının müxbir
üzvü olub.O,
250 elmi əsərin,
10 müəlliflik şəhadətnaməsi
və 3 monoqrafiyanın
müəllifidir. 1990-cı ildə X. Məmmədovu
(ölümündən sonra)
Azərbaycan Xalq Cəbhəsinin İdarə
heyəti milli-azadlıq
hərəkatındakı xidmətlərinə
görə Məhəmməd Əmin
Rəsulzadə
mükafatına layiq
görmüşdür.
X. Məmmədov 15 oktyabr
1988-ci ildə Bakıda
vəfat etmişdir.
Milli naxışlar. Simmetriya nəzəriyyəsi. Xalqın
oyanışı cəhdləri
Xudu Məmmədov 1954-cü ildə
elmi müdafiə işini yekunlaşdırdıqdan
sonra, milli azadlıq mübarizəsinə doğru
meyllənməyə başladı.
Onun elə 1950-ci illərin sonundan Bəxtiyar Vahabzadə, Nurəddin Rzayevlə bu istiqamətdə ciddi söhbətləri olurdu. Əsas çalışmaları milli kadrların
rəsmi şəkildə
dövlət strukturlarına
yerləşdirilməsi idi.
1960-cı illərdə isə
Azərbaycanın dövlət
rəhbərliyində olan
Şıxəli Qurbanovla
əlaqələri formalaşdı.
Xudu müəllim kristalloqraf idi. Əslində sənətdə simmetriya
nəzəriyyəsinə də
o, ciddi töhfələr
vermişdi. Sənət
və simmetriya nəzəriyyəsinə əsaslanan
böyük alim arxeoloji
toplantılarda, tarixi abidələrdə türk
mənşəyinin olduğunu
əsaslarla sübut edirdi. Çünki, Orta əsrlərdəki tapıntılarda ərəb,
fars təsirləri güclü idi. X. Məmmədov çoxlu sayda abidələrimizdə,
məsələn Naxçıvandakı "Möminə
Xatun" türbəsində "Allah" sözünün yazılmasına
baxmayaraq, bu abidənin türk mənşəli olduğunu
əsaslandırırdı. Onun Orxon-Yenisey abidələri ilə də bağlı maraqlı açıqlamaları
var idi.
X. Məmmədov simmetriya nəzəriyyəsindən çıxış
edərək, əsas
nəzəriyyəni də
irəli sürürdü:
1. Quruluş; 2. Ehtiyac.
O, əsaslandırırdı ki, təbiətdə quruluşsuz
heç nə yoxdur. Məsələn, suyun tərkibi H2-O-dur. Daşın tərkibi nədən ibarətdir və s. X. Məmmədov əsaslandırırdı ki, təbiətdəki
bu "quruluş"u
cəmiyyət həyatında
öyrənmək və
tətbiq etmək lazımdır.
"Ehtiyac" nəzəriyyəsinə
əsaslanan alim yazırdı
ki, insanın görməyə,
duymağa, hiss etməyə
ehtiyacı olduğu kimi, insanlar arasında münasibətlərin
də olmasına ehtiyacı var. İnsanlar bir-birindən öyrənməli,
anlaşmalıdır ki, cəmiyyətdə
stabillik yaransın.
Xudu müəllim əslində
bu təbliğatı
ilə insanları türkçülüyə, yaddaşa,
tarixə maraqlı etməyə çalışırdı.
Həmin dövrdə
isə "türkçülük"
baxışları tam qadağan
edilmişdi.
Xudu müəllimin 1970-ci illərdə
Azərbaycan televiziyasında
apardığı "Elm və
sənət" verilişi
tamaşaçıların böyük marağına
səbəb olurdu. Hətta bir verilişdə simmetriya nəzəriyyəsini əsas
gətirərək, kağıza
yazılmış "Xalq"
sözünün, həm
də tərsinə olaraq "Qalx" kimi oxunduğunu söyləmişdi: yəni
Xalq - Qalx! (Ayağa qalx, mübarizəyə qalx mənasında).
XUDU MƏMMƏDOV - "XUDU NAXIŞ" KLUBU
Klubun üzvlərindən olan tanınmış tarixçi
alim, professor Mahmud İsmayılovun
təşəbbüsü ilə 1984-cü ildə Azərbaycanda ilk dəfə
xalqımızın etnogenezis
problemlərinə həsr
edilmiş elmi seminar keçirildi. Seminarda məşhur tarixçi
alim, professor S. Əliyarlı, etnoqraf Q. Qeybullayev, arxeoloq R. Göyüşov,
antropoloq R. Qasımova
və digər elm xadimləri iştirak edirdilər.
Bu, o dövr üçün ciddi bir tədbir
idi. Sovet hökumətinin müəyyən
dairələrində bu
tədbir narahatlıq
doğurmuşdu. Bu "narahatlığın"
ifadəsi olaraq Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun direktoru akademik İqrar Əliyev Moskva Mətbuatında
çıxış edərək,
seminar iştirakçılarını
"pantürkist", "millətçi burjua cərəyanının üzvləri"
adlandırmışdı.
Xudu naxış klubunun üzvü olan Ənvər Börüsoyun
xatırlamaları:1974-cü ildə
Ə. Əzimzadə adına
Rəssamlıq Məktəbində
oxuyurdum. Hörmətli
müəllimlərimdən biri olan Lətif Feyzullayev məni apardı İnşaat Mühəndisləri İnstitutunun
Memarlıq fakultəsində
bir toplantıya. Hər həftənin 5-ci günləri saat 15:00-dan sonra orada bir
Mərkəzin toplantıları
keçirilirdi. Mərkəzin
adına "Xudu Naxış" məktəbi
deyirdilər. Hər toplantıya 40-50
nəfər adam
gəlirdi. Bu toplantıda
o dövrün tanınmış
ziyalıları olan Bəxtiyar Vahabzadə, Siyavuş Dadaşov (hazırda Qərb Universitetində estetika müəllimi), Cəfər
Qiyasi, xalçaçı
rəssam Lətif Kərimov, bəstəkar Aydın Əzimov (hazırda Bakı Musiqi Akademiyasında çalışır), Kərim
Kərimov (Azərbaycan
Elmlər Akademiyasının
keçmiş prezidenti
Mahmud Kərimovun atası),
şair Şahmar Əkbərzadə, tanınmış
mifoloq professor Mirəli
Seyidov və digərləri iştirak edirdilər. Bu məktəbin
rəhbəri tanınmış
alim, professor Xudu Məmmədov
idi. Bu, daha çox elmi bir təşkilat olaraq fəaliyyət göstərirdi. Buradakı
söhbətlərdə, çıxışlarda
"Türk milli sənətinin
Ortaq bir sistem olması və ictimailəşdirilərək
elmi konsepsiyaya çevrilməsi" fikri əsas götürülürdü.
Mövzular isə müxtəlif idi:
etnogenez məsələləri,
muğam sənəti,
dilçilik, ədəbiyyat,
mədəniyyət və
s. Yəni qeyd edilirdi ki, türk mədəniyyəti ilə
bağlı bəzi məqamlar bizdə qorunub saxlanılır, qazaxlarda yox, yaxud özbəklərdə
hansı bir milli dəyər var, türkmənlərdə
yox, yaxud əksinə.
Təbiidir ki, bu fəaliyyətə
mane olanlar var idi. Bəzi ziyalılarımız isə
bunu açıq şəkildə edirdilər.
Qeyd edək ki, klubun tədbirlərinin keçirilməsi
üçün şəraiti
yaradan, o dövrdə
Inşaat Mühəndisləri
Institutunun Memarlıq fakultəsinin dekanı
Ramiz Əbdülrəhimov idi.
Bu problemin həllində
Xudu Məmmədovun onunla yaxşı münasibətinin olması
əsaslı rol oynamışdı.
Toplantılarda üçlük fəaliyyət
sisteminə də üstünlük verilirdi.
Yəni hər bir adam əlavə
3 nəfəri bu söhbətlərə cəlb
etməli, onları maarifləndirməli
idi. Klubun fəallarından olan Ənvər Börüsoylu
xatırlayır ki, o, aşağıdakı
üç nəfər
ziyalını klubun təsirinə sala bilmişdi: Seyfəddin Məmmədəliyev, Fəxrəddin
Məmmədəliyev, Yusif Hüseynov.
Klubun fəaliyyəti genişlənir
və Azərbaycanın
digər bölgələrinə
də təsir edirdi. Artıq Azərbaycanın müxtəlif
rayonlarında da klubun
təmsilçiləri olan
qruplar yaranmışdı.
Həmin regionlar: 1. Gəncə. 2. Naxçıvan.
3. Şuşa. 4. Dərbənd.
5. Lənkəran. 6. Salyan.
7. Bərdə. 8. Beyləqan.
9. Quba. 10. Şəki.
Qeyd edək ki, Şəki bölgəsi çox fəal idi. Burada Ələfsər adlı bir vətəndaşın
yaratdığı qrup
ciddi işlər görürdü (sonradan bu qrup öz
fəaliyyətini genişləndirib
"Yurd" Cəmiyyətini yaratdılar). Burada əsas fəaliyyət sahəsi bölgənin tarixinin saxtalaşdırılmasının qarşısını almaq,
milli fikri inkişaf etdirmək, bu torpağın gürcülərə,
avarlara, ləzgilərə
məxsus olması haqqındakı qeyri-obyektiv
təbliğatın əsassız
olduğunu yerli əhaliyə başa salmaq, onlarla söhbətlər aparmaq və s. idi. Tanınmış ziyalılardan
tarixçi-professor Mahmud Ismayılov,
iqtisadçı alim professor Qüdrət Əbdülsəlimzadə
öz bölgələri
olan Şəki ilə əlaqə saxlayır, yerlərə gedir, görüşlər
keçirir, onlara müxtəlif ədəbiyyatlar
verirdilər.
Şəkidən olan digər ziyalı Aşıq Sakit isə klubun Dağıstan üzrə vasitəçisi
idi. O, həmin bölgədə xalq arasında təbliğat aparır, əhalini neytrallaşdırırdı.
Xudu müəllimin çıxışları
çox maraqlı idi və Şərqin
Qərblə uzlaşdırılmasını,
sintezini, Qərbdən
necə faydalanmağın
vacibliyini konkret misallarla açıqlayırdı:
"Üzeyir bəy dünya simfoniyasını
öyrəndi, sonra gəlib bizim simfoniyamızı yaratdı".
Nəsiman Yaqublu
Olaylar. - 2024.- 12-18 iyul, ¹24.- S.16.