Abbas Səhhət
yaradıcılığı Azərbaycan ədəbi tənqidi kontekstində -
ABBAS SƏHHƏT - 150
M.F. Axundovdan başlayan
professional Azərbaycan ədəbi
tənqidi yarandığı
zamandan etibarən
milli ədəbiyyatımızın tədqiqində, təbliğində,
inkişafında mühüm rol oynamışdır. Azərbaycan
tənqidçiləri və
ədəbiyyatşünasları milli, eləcə də dünya ədəbi irsinin tədqiqi, milli ədəbiyyatın formalaşma
qanunauyğunluqlarının müəyyənləşdirilməsi sahəsində mühüm
xidmətlərə imza
atmışlar. Azərbaycan
ədəbi tənqidinin
əsas problemlərindən
və vəzifələrindən biri professional ədəbi
tənqidin hələ
tam formalaşmadığı dövrdə fəaliyyət
göstərmiş, yaradıcılıqları
yaşadıqları dövrdə
elmi aspektdən tədqiq edilməmiş ədiblərin irsinin araşdırılmasıdır. Azərbaycan romantizminin görkəmli nümayəndəsi
Abbas Səhhətin yaradıcılığı
da bu qəbildəndir.
Abbas Səhhətin yaradıcılığı
ilə bağlı
Mir Cəlal Paşayev,
Kamal Talıbzadə, Cəfər
Xəndan, Əziz Mirəhmədov, Məmməd
Cəfər Cəfərov,
Kamran Məmmədov, İsa Həbibbəyli, Məsud Əlioğlu, Abbas Zamanov,
Kamran Əliyev, Bəkir
Nəbiyev və digər ədəbiyyatşünaslarımızın
müxtəlif aspektli
araşdırmaları mövcuddur.Bu araşdırmalarda
Abbas Səhhət yaradıcılığının
ədəbi cərəyanlar
kontekstində tədqiqi
xüsusi xətt kimi diqqəti cəlb edir.
Professor
Mir Cəlal Paşayev
araşdırmalarında Abbas Səhhətin yaradıcılığında
həm romantik, həm də realist ədəbi məktəbin
ənənələrinin eyni
zamanda təzahürünün
ədibin irsinin unikallığını şərtləndirdiyini
xüsusilə qeyd edir: "Abbas Səhhət
dövrünün çox
az yazarlarından olub ki, hər iki - həm romantik, həm də realist ədəbi məktəbin nümayəndəsi
kimi Azərbaycan ədəbiyyatında, mətbuatında,
ədəbi mühitində
tanınıb, oxunub, sevilib və yaddaşlarda həkk olunub... Abbas Səhhət romantiklər arasında məktəb, tərbiyə
ilə ən çox bağlı olan şairdir... Səhhətin fikrincə,
müsəlmanlar ona görə geri qalmış, qapaz altına düşmüşlər
ki, ehkami-dini pozdular, şəriəti düz yerinə yetirmədilər."
Professor Abbas Zamanovun, Əziz
Mirəhmədovun, Cəfər
Xəndanın tədqiqlərində
isə Abbas Səhhətin
maarifçilik ideyalarına
xüsusi diqqət yetirilir. Abbas Zamanov yazırdı: "Səhhətin
gözəl uşaq şeirləri yetmiş ildir ki, dərsliklərimizin
səhifələrindən düşmür, bu gün də məktəblilərimizin dilinin
əzbəridir. Abbas Səhhətin
şair, tərcüməçi,
ictimai xadim, həkim, müəllim kimi gördüyü işlərin, xalqa etdiyi xidmətlərin on illik ümumi mənzərəsinə nəzər
saldıqda heyrətə
gəlir, inanırsan
ki, o, bu illərdə
xalqın mədəni
inkişafı üçün
əlindən gələn
hər şeyi etmiş, heç bir fədakarlıqdan çəkinməmişdir. İnanırsan
ki, o, çoxcəhətli yaradıcılığında və fəaliyyətində
yalnız bircə məqsəd düşünür:
Fikrimiz tərbiyeyi-millətdir,
Qəsdimiz millətə bir
xidmətdir."
Əziz
Mirəhmədov da Abbas Səhhətin
maarifçilik fəaliyyətini
xüsusi vurğulayır:
"Səhhət sözü
ilə işi bir olan xadim
idi. Xalqa məktəb lazım idi - onlar da açdılar. Xalqa yeni teatr lazım idi - yaratdılar, hətta qadın rolunu da bir müddət
özləri oynadılar.
Xalqa tibbi yardım lazım idi - göstərdilər.
Kitab lazım idi - yazdılar. Qəzetjurnal lazım idi - çıxartdılar...".
Akademik Məmməd Cəfər Cəfərovun, akademik
İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Kamran Əliyevin
tədqiqatlarında Abbas Səhhət
yaradıcılığı Azərbaycan romantizmi kontekstində tədqiqə
cəlb edilir. Akademik İsa Həbibbəyli
Abbas Səhhətin Azərbaycan
romantizminin nümayəndəsi
olduğunu əsaslandırmaqla
yanaşı onun ədəbi-bədii görüşlərində
sentimentalizmin izlərinin
olduğunu da qeyd edir: "Doğrudur, Abbas Səhhətin ədəbi
manifesti kimi səslənən "Təzə
şeir necə olmalıdır" adlı
məqaləsi 23 fevral
1905-ci il tarixdə "Həyat"
qəzetində dərc
edilmişdi. Lakin məqalədən
göründüyü kimi,
Abbas Səhhət cəmiyyət
hadisələrinin dəyişməsi
ilə əlaqədar
olaraq, ədəbiyyatın,
şeirin "təzə
səbkiyə" keçməsi
zərurətini düzgün
dərk etmişdi.
Lakin onun "Təzə
şeir necə olmalıdır" sualına
verdiyi açıqlama
xəyala əsaslanan romantizmin yox, bu ədəbi cərəyana çox yaxın olan və hissiyyat üstündə qurulan sentimentalizmin sənət kredosunu ifadə edirdi: "Yazı yazdığımız vaxt
hər şeydən müqəddəm hissiyyata
tabe olmaq gərək. Tainki kəlamın oxuyanların
qəlbinə təsiri
ola və başqasının
hissiyyati-qəlbisini oyandır.".
Azərbaycan ədəbi
tənqid tarixində
Abbas Səhhət yaradıcılığı
ilə bağlı
fundamental tədqiqin müəllifi
olan akademik Kamal Talıbzadə də Abbas
Səhhəti Azərbaycan
romantizminin əsas imzalarından biri kimi təqdim edir: "Səhhət poeziyasında obyektiv romantik istiqamət üstünlük təşkil
edir və üslubi xüsusiyyət onun peyzajları üçün daha səciyyəvidir, elə bu xüsusiyyətləri ilə də o, Koltsov və Nikitinə çox yaxındır." Kamal Talıbzadə
ədibin yaradıcılığında azadlığın,
sevginin, vətən eşqinin tərənnümünün
milli folklor və ədəbi-mədəni
ənənələr kontekstində
və bazisində öz əksini tapdığını xüsusi
vurğulayır. Akademikin
qənaətinə görə
Abbas Səhhətin yaradıcılığında
əks olunan maarifçilik,
romantik düşüncə
vüsəti, vətənə
sevgi motivləri onun yaradıcılığının
Azərbaycan milli mədəniyyəti
və ədəbiyyatındakı
yerini müəyyənləşdirən
əsas cəhətdir.
Abbas Səhhət yaradıcılığı
bu gün də Azərbaycan ədəbi tənqidinin diqqətindədir. Prof. A. Rüstəmlinin,
F. Ələkbərlinin, S.Fərəcovun, S. İsmayılovanın,
R. Məmmədovanın, F. Qəzənfəroğlunun, R. Əliyevin
və digər tədqiqatçıların ədibin
yaradıcılığının müxtəlif aspektlərinə
həsr edilmiş tədqiqatları buna bariz
sübutdur.
Elnarə Qaragözova
Olaylar. - 2024.- 12-18 iyul, ¹24.- S.17.