Allah iki dəfə gülür...
Elə
insanlar var ki, doğulduqları gündən son nəfəslərinədək
Allahın nəzərləri üzərlərində olur.
Onlar ucaldıqca ucalırlar. Deyirlər ki, Allah iki dəfə
gülür - Onun qaldırdığını yıxmaq istəyənlərə,
bir də Onun yıxdığını qaldırmağa
çalışanlara...
Xalq
yazıçısı Anar Allahın qaldırdığı
adamlardandır. Zəngin təcrübəsi, nüfuzu,
işgüzarlığı rəhbərlik etdiyi qurumun
uğurlu fəaliyyəti üçün mühüm rol
oynayır. Nə qədər yaşayırsa, nə qədər
vardırsa ondan yararlanmaq, bəhrələnmək gərəkdir.
İkinci bir Anarı yetişdirməkdən ötrü, bu
millətə bəlkə də yüz il vaxt lazım olacaq…
Deyir ki,-
“İllər boyu bir neçə mətbuat orqanı və bəzi
saytlarda mənim ünvanıma, Yazıçılar Birliyinin
ünvanına olmazın böhtanlar, yalanlar, təhqirlər
yağdıranlar nədən küsüblər və bizdən
nə umurlar? Məhz onlar kimi düşünməyimizi, hadisələri
ancaq onlar kimi qiymətləndirməyimizi, heç vaxt,
heç kəsdən asılı olmayan öz müstəqil
mövqeyimizi, münasibətimizi bir qırağa qoyub
onların dediyini deməyimizimi istəyirlər?! Adını
belə çəkmək istəmədiyim birisinin
işi-peşəsi yazıçılara çirkab
atmaqdırsa, “Yazıçılar Birliyinə
tüpürürəm” demək tərbiyəsizliyindən belə
çəkinmirsə və qəzet də bu xuliqanlığa
öz səhifələrində yer ayırırsa, sizcə
biz buna cavab verməməliyik? Deməsinlər, eşitməsinlər.
Çörəkləri Yazıçılar Birliyinə
sataşmaqdan çıxanlar tipik mafioz qanunlarıyla hərəkət
edir. Nəinki özləri hər cür iftira və yalanlar
uydurur, hətta Birliyimiz haqqında az-çox obyektiv söz
deyənləri, yaxud hətta adicə məndən müsahibə
alanları da dərhal qaralamağa, vurub sıradan
çıxarmağa tələsirlər. Buna da hər kəs
tab gətirmir, geri çəkilir, hədə-qorxu gələnlərdən
“qəbahəti” üçün üzrxahlıq eləyir. Hər
fürsətdə qəsdimizə duranlar sonra da şikayətlənirlər
ki, niyə bizi müdafiə etmirsiniz. Lap Məşədi
İbad yada düşür: “Aç qapını, gələk
səni öldürək”. Qəti fikrim budur ki, müxalifətə
ən böyük ziyanı məhz bu sayaq yazılar -
başqa cür düşünən, başqa mövqedə
olan ziyalıları təhqir edən, pisikdirən, onları
itələyib uzaqlaşdıran yazılar vurur. Demokratiyadan dəm
vuran bu adamların tolerantlıq, fərqli fikrə
dözümlülük haqqında sanki heç təsəvvürləri
yoxdur. Obyektivlik naminə onu da deməliyəm ki, belə
yazılar, təəssüf ki, iqtidar mətbuatında da yer
alır. Kiminsə siyasi baxışlarıyla
razılaşmamaq təbiidir, amma buna görə onun
bütün fəaliyyətinin, hətta başqa sahələrdə
xidmətlərinin üstündən qələm çəkmək
düz deyil. Belə yazılar da ilk növbədə iqtidara zərər
gətirir. Demokratiya o deməkdir ki, siyasi rəqibini opponent
kimi görəsən, düşmən kimi yox…”.
Xalq
yazıçısı daha sonra əlavə edir:- "Mən
1987-ci ildə, hələ Sovet dövründə, amma yenidənqurmanın
havası əsməyə başlayanda o vaxtkı Kommunist
Partiyası Mərkəzi Komitəsinin göstərişiylə
deyil, yazıçıların öz təklifiylə bu təşkilata
rəhbər seçilmiş ilk şəxsəm.
Yazıçıların üç qurultayında yekdilliklə
yenidən Birliyin sədri seçilmişəm və yenə
də yazıçıların əksəriyyəti bu vəzifədən
getməyimi təklif etsə, həmin gün istefa ərizəmi
verməyə hazıram. Amma desinlər görək axı
küsənlər nədən küsüblər və umanlar
nə umurlar? Bir dəfə də olsun bu barədə
aydın-açıq bir söz eşitmədim. Yaxın
dostlarımın rəhbərlik etdiyi başqa
Yaradıcılıq təşkilatları haqqında deyəndə
mən məhz bunu nəzərdə tuturdum.
Yazıçılar Birliyinin rəhbərliyindən başqa
heç bir siyasi, ictimai ya elmi idarənin rəhbərliyi
müzakirə olunmur. Niyə? Bilmirəm.
Həm də
gördüyümüz mühüm işlərə göz
yumaraq mütləq qurdalayıb tərs məlumat verməyə
çalışırlar. Mən Birliyin rəhbəri işlədiyim
Sovet dövründə yüzdən artıq
yazıçı ev aldı. İndi quruluş, şərait
tamamilə dəyişib, əvvəlki imkanlar yoxdur, amma yenə
də hörmətli prezidentlərimizә, əvvəlcə rəhmətlik
Heydər Əliyevə, sonra da İlһam Әliyev cənablarına müraciət
edәrәk yazıçılar
üçün bir neçə mənzil düzəldə
bildik. 34 nəfər razı, iki-üç nəfər narazı
qaldı və mətbuatda əlüstü bunun ətrafında
qalmaqal yaratdılar. Yazıçılar Birliyinin
mükafatlarını təsis etdik. İsa Muğanna kimi
böyük yazıçımızı
mükafatlandırdıq, yaratdığımız Münsiflər
heyəti katibliyin heç bir müdaxiləsi olmadan layiqli
müəllifləri mükafatlandırdı. Bunu da tərs
yozdular, əleyhimizə çevirdilər. Hətta təqdimatlar,
yubileylər keçirməyimizi də bizə irad tuturlar.
Heç onu demirlər ki, bəzən elə
yazıçıların yubileylərini keçiririk ki,
başqa heç yerdə bu yubileylər keçirilmir.
İdarə heyətimizdə, redaksiya heyətlərimizdə
müxalifət partiyalarının üzvləri də təmsil
olunub. Birlikdə heç bir yerliçiliyə, əliəyriliyə
imkan verilmir. Bütün bunlar məgər naqis cəhətlərdir
ki, bizə bu qədər daş atırlar? Təəssüf
ki, Yazıçılar Birliyinə sağmal inək kimi baxanlar
belə inəyin üstünə qonan milçəkləri
qovmağa təşəbbüs göstərmir. Əksinə,
peşmansan birini fəxri ada, mükafata, ordenə təqdim edəsən,
onu-on beşi inciyəcək ki, bəs mən niyə yada
düşmədim. Heç kəs heç nə almayanda isə
hamı sakit oturur yerində. Bizim təklifimizlə hörmətli
prezidentimiz 50 yaşlı və 20 gənc yazıçıya
illik təqaüdlər təyin etdi. Bilsəniz hər il bu təqaüdlər
müəyyənləşən zaman başımız nə
ağrılar çəkir. Bəziləri məsələni
belə qoyur ki, bu təqaüdü məhz bu il almasam,
yaşaya bilməyəcəm. Əzizim, bu təqaüdü
almadığın və bir ildən sonra almayacağın
vaxtda necə yaşayırdın və necə yaşayacaqsan
bəs? Yox, kimə deyirsən? Mütləq bu il almalıyam,
almasam dünya dağılar. Hədə, böhtan, təhqir…
Ən iyrənc iftiralara əl atırlar. Elələri də
var ki, təqaüdün yalnız bir dəfə verildiyini
bildiklərinə görə təqaüd aldıqları
müddətdə Yazıçılar Birliyindən razı,
təqaüd müddəti qurtaran günün səhəri dərhal
narazı olurlar, hətta o qədər hirslənirlər ki,
Birliyin üzvlüyündən çıxırlar.
Çıxsınlar. Birlik könüllü təşkilatdır,
heç kəsi bura dəvət etmirik və heç kəsin
də getdiyini ürəyimizə salmırıq…".
Bəli,
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar ölkəmizin ictimai-siyasi həyatında,
Azərbaycan ədəbiyyatında xidmətləri olan
görkəmli şəxsiyyətlərdən biridir. Necə
deyərlər, uca bir dağdır. Onun
böyüklüyü ilə barışa bilməyənlər,
bir az kənara çəkilib, bu dağın harasında
olduqlarının fərqinə varsalar, öz yerlərini
tapacaqlar...
Martın
14-ü bu "QOCA QARTALIN" 86 yaşı tamam olur. Ona can
sağlığı, ağrı-acısız günlər
arzulayıram...
Çox yaşasın!
Elman Eldaroğlu
Olaylar.-
2024.- 15-28 mart, ¹10.-S.8.