“İndi ədəbi məhsul çoxdur, amma dəyərli
ədəbi məhsul, mənim fikrimcə, çox azdır”
SƏFƏR ALIŞARLI :
"İnsanın yeganə
səmimi olduğu yer ədəbiyyatdır"
"Olaylar"ın AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi
tənqid şöbəsinin
aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu
ilə
"Ədəbiyyat söhbətləri"
layihəsinin növbəti
qonağı yazıçı,
tərcüməçi Səfər Alışarlıdır.
Əvvəli 26 aprel-2 may tarixli sayımızda
E.Q.- Bu gün bizim ədəbiyyatımızda demək olar ki, kənd nəsri yoxdur. Sanki 80-ci illərin sonu, 90-cı illərin əvvəli kənd nəsrinin son işartıları idi. 90-cı illərdə urbanizasiya o qədər sürətləndi ki, kənd nəsri anlayışı itdi. Kənd nəsri olmadığından təbii ki, şəhər nəsrindən danışmaq da absurddur. Hətta kənd həyatına xüsusi sevgisi olan Səfər Alışarlının da son dövrdə yazdığı əsərlər kənd nəsri nümunələri deyil. Sizcə, artıq kənd nəsri anlayışına gərək yoxdurmu? Yox, əgər varsa, XXI əsrin kənd nəsri Səfər Alışarlıya görə necə olmalıdır? Bu kontekstdə "Qız və maneken" əsərinizə də toxunaq.
S.A.- 1957-ci ildə SSRİ-yə Gənclər Festivalına artist kimi düşə bilmiş Q.Q. Markes
SSRİ-ni nəzərdə
tutaraq deyirdi ki, burada insanlar
necə pis yaşadıqlarını dərk
etmirlər. Deyirdi ki, Moskva lupa
altında böyüdülmüş
bir Ukrayna kəndinə oxşayır.
Paradoksal bir detal kimi Markes
Qızıl meydanın
kiçikliyini qeyd edirdi. Sözümü ona gətirirəm ki, mən yazmağa başlayanda ilk məqsədim
insanlara necə yaşadıqlarını göstərmək
olub. Mən kənddə doğulmuş
bir adamam.Mütaliəm
sayəsində
insanların necə
yaşamalı olduğunu
bir az da fantastik cizgilər və rənglərlə təsəvvür edirdim. Və bu təzadı
öz sovet kəndimizin timsalında hər gün, hər dəqiqə hiss edirdim. İnsanların sovet qəzetlərində,
kitablarda yazılan kimi yaşamadığını
görür və bunu onlara göstərmək istəyirdim.
Sovet dövründə
kənd əhalisi, kənd zəhmətkeşləri
üstünlük təşkil
edirdi. Paytaxt Bakı əhalinin çox az hissəsini
əhatə edirdi. Həmin dövrdə kənd insanının düşüncə tərzi,
həyatı şəhər
insanlarından çox
fərqlənirdi. Buna görə
şəhər nəsri
ilə kənd nəsri arasında müəyyən bir səddin mövcudluğu özünü göstərirdi.
O dövrün şəhər
nəsrinə fikir verin. Maqsud, Rüstəm İbrahimbəyovlar,
Anar, Elçin şəhər nəsrini
təmsil edirdilər.
Çünki onlar şəhərdə doğulmuşdular,
şəhər insanını
yaxşı tanıyırdılar.
Biz isə kənd uşaqları idik, kəndi, onun insanını gözəl
tanıyırdıq. Zaman keçdikcə
kənd dəyişməyə
başladı, şəhərə
axın sürətləndi.
İndi kənd əhalisi
əvvəlkindən daha
azdır. Mən zaman və ədəbiyyat məsələsinə toxunmaq
istəmirəm. Sırf
suala cavab vermək istəyirəm. Kəndin bu gün sanki ədəbiyyata ehtiyacı
yoxdur. Kənd gələcəkdə şübhə
etmirəm ki, öz nasirlərini yetişdirəcək.
O nasirlər artıq dəyişmiş, müasirləşmiş
kəndin nasirləri olacaqlar. Torpaqla, mal-qara ilə işləyən
insan insanla işləyən insandan
qat-qat səxavətli, bərəkətli
və yumşaq olur. Mən yaradıcılığa başlayanda
kəndin ədəbiyyata
ehtiyacını daha çox hiss edirdim. Hətta elə zamanlar olub ki, şəhər mövzusuna
müraciət etməyi
özüm üçün
israfçılıq saymışam.
Kənddə mənim
yazılarıma daha çox ehtiyac olduğu düşüncəsində
idim. Ona görə kənd mövzusu mənə daha doğma idi. Amma zaman keçdikcə insan dəyişir, yazıçı
artıq ədəbi tələbatın harada daha çox hiss olunduğunu duyur. Məsələn, bu gün şəhər mühiti, şəhər
insanı ədəbiyyata
daha çox ehtiyac duyur. Biz yazıçılar bunu
hiss edirik. Şəhər
insanına onun həyatını, yaşadığı
mühiti göstərmək
daha mühümdür.
Mən konkret işlə məşğul
olan insanı təsvir etməyi daha çox sevirəm. Onun gördüyü işin fonunda onun mənəvi-əxlaqi
dəyərlərini qabartmaq
mənim üçün
daha rahatdır. "Qız və maneken" povestimdəki neftçi qəhrəmanım da bu qəbildəndir. Bu əsərdə
bayaq dediyim postmodern elementlər və mistik düşüncə
tərzi əks olunub. Qəhrəmanın
qızının dənizdə
baş verən fəlakəti öncədən
görə bilməsi
və atasını faktiki olaraq dənizi tərk etməyə məcbur etməsi öz -özlüyündə bir
ədəbi priyomdur. Orada cəmiyyətin kütlə olaraq ideya arxasınca qaçışına sanki
müəyyən bir baryer yaratmağa çalışmışam. İnsan
kütlə axını
ilə getməməlidir.
Kütləyə qoşulmaq
insana fayda vermir. Xüsusilə fərdi düşüncəsi,
fərdi fikri olan adamlar kütlədən
həmişə kənarda
durmağa çalışırlar.
Bu baxımdan həmin
qəhrəmanın düşdüyü
vəziyyətlər kütləyə
və axına qarşı etirazın formalarından qidalanır.
Azərbaycan ədəbiyyatında
bu gün təsnifatlandırma bir qədər diqqətdən
kənardadır və buna görə
də oxucuya nəyi oxumağın vacib olduğunu bildirməkdə çətinlik
çəkirik. Sosial
şəbəkələri ədəbi kontekstdə izləyən bir
adam kimi görürsünüz ki, ardı-arası
kəsilmədən material təqdim olunur. Bəziləri satılmaq,
bəziləri ürəklərə
yol tapmaq, bəziləri şedevr iddiası ilə yaradılan bu ədəbi məhsul çoxluğu içərisində
onsuz da az olan oxucu çaşıb
qalır. Oxucu daha ucuz mövzular
arxasınca qaçır,
əyləncəli, parıltılı
məqamları daha çox bəyənir. Oxucudan da müəyyən
bir səviyyə tələb olunur ki, ciddi əsərləri oxuyub qavraya bilsin. "Faust"un oxucusu "Xortdanın cəhənnəm məktubları"nın
oxucusu ilə bəlkə də bir məcraya sığar. Amma "Faust"un
oxucusu dinsizlik, allahsızlıq əleyhinə
yazılmış komediya
janrına o qədər
də meyl etməz. Bizdə bu təzadlar güclüdür. Məhşur
bir kəlam var ki, oxucu bir əsər
oxuyur, ikinci əsəri oxuyur, üçüncünü isə
artıq özü yazmağa başlayır və fikirləşir ki, yazmaq çox asandır. Həyatda baş verənlər hələ ədəbiyyatın
materialı deyil. Həyatda baş verənlərin ədəbiyyatın
materialı olması üçün orada ümumiləşdirmə, tipikləşdirmə,
giriş, kulminasiya,
fabula olmalıdır. İndi ədəbi məhsul çoxdur, amma dəyərli ədəbi
məhsul, mənim fikrimcə, çox azdır. Bizim əsl mənada yaza bilən yazıçılarımızın bir çoxu müasir mövzulara müraciət etmirlər,
bəsit mövzular işləyirlər, özlərini
də, ədəbiyyatı
da aldatmağa çalışırlar.
E.Q.- Səfər müəllim,
bayaq teatrdan, dramaturgiyadan danışdıq.
"Göz-gözə" povestinizin qəhrəmanı
da aktyordur. Əsərin
üst qatı nakam məhəbbətdən
bəhs edir. Lakin alt qatda daha dərin
problemlər qoyulub. Elə buradan çıxış edərək
yaradıcılıq və
istedad məsələsinə
toxunaq. İstedad insanı idarə edir, yoxsa insan
istedadı idarə etməlidir?
S.A. - Yadıma bir aforizm düşür: dahi bir şeyi
bacarır, istedad çox şeyi. Amma dahinin bacardığını
heç kim bacarmır. İstedad çox ağır bir yükdür. Bizim cəmiyyət uzun müddət istedadı sovet ölçüləri ilə
ölçüb. O ölçülərin
bəzi parametləri bu gün də
tətbiq olunur. Bu çox mürəkkəb
məsələdir. Əgər
istedad ədəbiyyatla
məşğul olursa,
onun ədəbiyyatdan
başqa məşğuliyyəti
olmamalıdır. İnsanlar
isə bir neçə həyatlarının
olmasına, çoxüzlü
həyat sisteminə adət ediblər. İnsanın yeganə səmimi olduğu yer ədəbiyyatdır. İstedad yalnız sözü oynatmaq deyil. Bugünkü istedada böyük bir mütaliə, böyük bir mədəniyyət bünövrəsi
lazımdır. Bu bünövrə
olmadan cəmiyyətdə
özünütəsdiq mümkün
deyil. Mən şəxsən yazmayanda günün boş və hədər xərcləndiyini düşünürəm.
Yazmayanda nə üçün yaşamalı
olduğumu müəyyənləşdirməkdə
çətinlik çəkirəm.
E.Q. -
"Sifət möcüzələri"
povestiniz koronovirus epidemiyasının tüğyan
etdiyi dövrdə yazıldı. Bu əsərdə
diqqətimi əsas cəlb edən məqam mistik, magik süjetin əsərin əsas strukturuna daxil edilməsi oldu. Yaradıcılığınızda yeri özəl olan bu əsər
barədə düşüncələriniz
maraqlıdır.
S.A.-
"Sifət möcüzələri"
povestinin əsasında
həyat faktı durur. Bu əsər koronovirus epidemiyası vaxtı vəfat etmiş əmimoğlu ilə bağlı hadisələrdən qaynaqlanıb.
Biz onunla bir sinifdə oxumuşduq. Texnikumda da dörd il
bir yerdə oxuduq. Sonralar ikimiz də Bakıda yaşadıq. Onun ölümü mənə çox pis təsir etdi. Epidemiyadan başqa məni dəhşətə gətirən
fakt, həmin povesti yazdıran fakt morq oldu.
Biz əmimoğlunun meyidini
götürməyə bir
qədər tez getmişdik, hələ qapılar açılmamışdı.
Orada bir nəfər pəhləvan
cüssəli morq işçisi dedi ki, hələ tezdir. Sonra yuxarı qalxıb ondan fərqli olaraq çox cılız, cansız olan partnyorunu oyatmağa başladı. Həmin şəxs morqu açdı və morq açılandan
sonra məni içəri dəvət
etdi. Dedi ki, meyit çoxdur, ölünüzü özünüz
axtarın tapın. Axtarmaq da o deməkdir ki, hər meyitin qoyulduğu kisəni açıb mərhumun sifətinə baxmalısan.
O fikirləşdi ki, bəlkə
də mən bu məqamdan qorxub içəri girməyəcəyəm. Mən
çox qəribə
bir arxayınçılıqla,
qorxmadan içəri
girdim. O baxdığm
sifətlərdəki müxtəlif
təsvirolunmaz ifadələr
məni dəhşətə
gətirdi. Mənə
elə gəldi ki, o ölən şəxslərin
hər biri bir düşüncə ilə, son dəfə çox fərqli düşüncə ilə
bu həyatla vidalaşıb. Bu prosedur çox ağır olsa da mənim üçün çox maraqlı idi. Mən əsgərlikdə
də, 20 yanvar hadisələrində də
morqda olmuşdum. Yəni morq mənim üçün ekzotik bir məkan
deyildi. Lakin bu morq məndə tam fərqli assosiasiyalar yaratdı və bu morqu təsvir
etmək qərarına
gəldim. Mənə
elə gəlir ki, bu povestdə ən dəyərli məqam məhz morqdur və məhz morqun bədii təcəssümü
xətrinə o povesti
yazmağa dəyərdi.
Povestin digər hadisələri reallıqdan
kənara çıxan
faktura deyildi. Adi insan taleyi, adi insan
bioqrafiyasıdır.
E.Q. - Hal-hazırda hansısa əsər üzərində
işləyirsinizmi?
S.A. - Hal-hazırda bitmiş və bitməmiş hekayələrim var. Xatirələrimin
bir hissəsini qələmə almışam.
Xatirələrdə bədii
boyalardan istifadə etmədən sırf
faktura materialı ilə
işləyirəm, həyatımın
müxtəlif anlarını
dəyərləndirməyə, qiymətləndirməyə çalışıram. Memuar qeydlərimdə müəyyən
mənada yaşadığım
dövrün, zamanın,
insanların, hadisələrin
təsvirində o tipikliyi,
o ümumiləşdirmələri və özümün bu həyatdan necə keçdiyimi, necə yaşadığımı
verməyə çalışıram.
Mən bilmirəm geniş oxucu kütləsi bu xatirələrlə maraqlanacaqmı,
maraqlanmayacaqmı? Bu o qədər
də prinsipial məsələ deyil. Önəmli məqam odur ki, mənim bu il 70 yaşım tamam olur, bu
az yaş deyil və belə
desək, həyatın
verdiyi bonusları geri qaytarmaq vaxtıdır. O xatirələri
daha sonra yazmağım mümkün
olacaqmı, həvəs
olacaqmı, sağlamlıq
olacaqmı? Amma indi imkanın var ki, mən onları qələmə
alım.
E.Q.- Müasir
ədəbi prosesimizdə
olan gənc imzalara ədəbiyyatda
var olmaları və məhz Azərbaycan nəsrini dünyada təmsil etmələri, ədəbiyyatımızın gələcəyi olmaları
üçün ustad
bir yazıçı
kimi hansı tövsiyələri verərdiniz?
S.A. - F.M. Dostoyevski deyirdi ki, ali ideya olmadan nə insan, nə də cəmiyyət yaşaya bilər. Bu mənada hər bir yazıçının qarşısına qoyduğu bir ali ideya olmalıdır. O ideya bəzən konkret ola bilər, bəzən qeyri-konkret. Amma bütün hallarda o olmalıdır. İnsan birinci öz istedadının kalibrini müəyyənləşdirməlidir. Müəyyənləşdirməyi bacarmalıdır ki, mən nəyə qadirəm, hansı rənglərlə daha yaxşı işləyə bilərəm, hansı situasiyaları yaxşı təsvir edə bilərəm. Bunlar yaradıcılıq üçün mühüm cəhətlərdir. Mənim ədəbi dünyagörüşümün, ədəbi zövqümün formalaşmasında, heç şübhəsiz, M.Qorki adına Ədəbiyyat İnstitutunun rolu böyükdür. Mən M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsilimə qədər də dünya ədəbiyyatını, rus ədəbiyyatını çox oxumuşdum, klassik ədəbiyyatın əlli faizini mütaliə etmişdim. Amma o institutda nəyi gördüm? Ədəbiyyatı yox, onu yaradanları və o haqda danışanları bilavasitə yaxın məsafədən gördüm, onların fədakarlığının, ədəbiyyat sevgisinin şahidi oldum. Onların cəmiyyətə, ədəbiyyata, yaradıcılığa həmişə alternativ təqdimat istəyi ilə yanaşdığını gördüm. Onların az maddi nemətə qane olmaqla böyük mənəvi yükün daşıyıcısına çevrildiyini gördüm. Bax, bu dəyərlər mənim ədəbi zövqümün və ədəbi dünyagörüşümün formalaşmasında çox mühüm rol oynayıb. Mən indi də çalışıram ki, bu dəyərləri özümdə yaşadım, özümdə tərbiyə edim. Yazdığım əsərlərlə çalışıram ki, gənc nəslə kömək edim, dəstək olum. Bu məsələlər mənim yaradıcılıq missiyamın əsaslarını təşkil edir. Ədəbi gənclik termini məncə bir qədər köhnəlib. Əvvəlki ədəbi gəncliyin kütləviliyi, ədəbiyyata kütləvi gəlişi yoxdur. Amma bunun əvəzində ədəbiyyata yüngül məşğuliyyət kimi münasibəti müşahidə edirəm. Halbuki ədəbiyyat böyük əzablar məktəbidir. Əzablara qatlaşmadan, özünü sözə təslim etmədən, dünyanın parıltısından imtina etmədən dəyərli bir əsər yaratmaq çətindir. Ədəbi gənclik fikrimcə bundan sonra istedadına görə daha çox seçiləcək. İndiki çap imkanlarının genişliyində kimin nə gətirdiyi dərhal bəlli olur. Ədəbiyyat adına yüksək pafoslu ideyalar yox, sırf bədii inikas gələndə maraqlı olur. Özümdən sonrakı gənc nəslə tövsiyyəm ilk növbədə çox mütaliə etməkdir. Dünya ədəbiyyatının gözəl nümunələrini mükəmməl bilsinlər. Yazıçının özündən əvvəl yaradılmış mədəni irsə, xüsusilə ədəbi-bədii irsə bələdçiliyi yüksək səviyyədə olmalıdır. Zaman keçdikcə ədəbiyyatdan kənar məqamlar silinəcək, yalnız həqiqi bədii dəyərlər qalacaq. Gənc dostlarımız yazdıqları əsəri mürəkkəbi qurumamış sosial şəbəkəyə qoymamalıdırlar. Çünki əsərə müəyyən zaman keçdikdən sonra qayıdanda orada müəyyən qüsurları görürsən, müəyyən yanlışlıqları aradan qaldırırsan. Buna görə əsəri üzə çıxarıb təqdim etməyə tələsmək lazım deyil.
E.Q. - Geniş, əhatəli müsahibə üçün təşəkkür edirik, Səfər müəllim!
S.A. - "Ədəbiyyat söhbətləri"nin müsahibi olmaq xoş idi. Təşəkkür edirəm.
Olaylar.-
2024.- 3-16 may, ¹15.- S.17-18.