Hər bir azərbaycanlının
qəlbində
Heydər Əliyev abidəsi, Heydər Əliyev sevgisi var
"1923-cü il may ayının 10-da dünyaya gələn Heydər Əliyev Günəş kimi parladı, onun işığı Naxçıvanı,
Azərbaycanı, SSRİ-ni,
Türk dünyasını,
dünya siyasi arenasını əhatə
etdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib:
"Ömrünü xalqına, millətinə, bütövlükdə Azərbaycan Respublikasının inkişafına həsr etdi. Buna görə qədirbilən Azərbaycan xalqı Heydər Əliyev kimi Ümummilli Lideri ilə haqlı olaraq fəxr edir. Hər bir azərbaycanlının qəlbində Heydər Əliyev abidəsi, sevgisi var. Bu sevgini Ulu Öndər öz əməyi, zəhməti, xalqa, dövlətə sevgisi ilə qazanmışdır.
Onun həyatı çox maraqlıdır. O, ilk olaraq Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında işə başlayıb. 1967-ci ildə Nazirlər Kabineti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunub. Bu dövrdə çox böyük işlər görüb. Təsəvvür edin ki, Azərbaycan kimi bir ölkədə Heydər Əliyevin apardığı işlər Moskvada böyük əks- sədaya səbəb olub. O zaman elə idi ki, ittifaq respublikalarının sədrləri hamısı rus millətindən olurdu. Müavinlər adətən azərbaycanlı olurdu. Heydər Əliyevi sədr qoydular. Heydər Əliyev bu qurumda işlədiyi dövrdə, xüsusilə 30-cu illərin repressiyalarını gözəl bilirdi və bilirdi ki, bütün bu repressiyaları həyata keçirən digər millətlərin nümayəndələri olublar. Xüsusilə ermənilər, ruslar, qarışıq ailələrin adamları. Ona görə də Heydər Əliyevin ən böyük xidmətlərindən biri təhlükəsizlik orqanlarında azərbaycançılıq ideyasını irəli sürməsidir. O, təmiz azərbaycanlı kadrların orqana gəlməsinə böyük dəstək, qayğı göstərdi. Hətta mən, 1984-cü ildə bu orqana gələndə, o zaman da yenə çoxluğu başqa millətlər təşkil edirdi. Ancaq Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olandan sonra da bu saya xüsusi diqqət verirdi. Heydər Əliyev orqanda işlədiyi dövrdə bilirdi ki, təmiz azərbaycanlı qətiyyən öz xalqına, öz xalqının böyük alimlərinə, ziyalılarına, şairlərinə, yazıçılarına belə repressiya etməzdi. Məhz Heydər Əliyevin dövründə də onun böyüklüyü, apardığı işlər sayəsində bizim böyük şairlərimiz Xəlil Rza, Bəxtiyar Vahabzadə, elə Əbülfəz Elçibəyin özü həmin zaman repressiyalardan qurtarıldı Bir çoxları Heydər Əliyevin sayəsində Sibir çöllərindən azad oldular. Yəni Heydər Əliyev işlədiyi o sahədə də həmişə xalqı, dövləti üçün böyük işlər görüb. Onun qanında, canında millilik, xalqa, dövlətə bağlılıq olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonrakı dövrdə geridə qalmış Azərbaycanı inkişaf etmiş sənaye respublikasına çevirdi. SSRİ məkanında ilk olaraq kondisioner zavodu Heydər Əliyev sayəsində Azərbaycana gətirildi. Azərbaycanda kondisioner zavodu, soyuducu zavodu oldu və böyük tikintilər, mikrorayonlar salındı. Bütün bunlar hamısı Heydər Əliyevin sayəsində oldu. Sonra onu Moskvaya apardılar. SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsinə təyin etdilər və ordan da SSRİ miqasında böyük işlərə rəhbərlik etdi. Hətta bu günlərdə Moskvada Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi qeyd olundu. Orada Heydər Əliyevin böyük əməyi bir daha onun şahidləri tərəfindən qeyd olundu. Bildirildi ki, məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, gecə-gündüz çalışması sayəsində həmin Baykal-Amur magistral yolu tikildi. Rus xalqı onu unutmur. Heydər Əliyevin adına qəsəbə salınıb və dəmir yolu stansiyası tikilib.
Bu gün bizim əldə etdiyimiz bütün nailiyyətlərin kökündə, Heydər Əliyevin qurduğu doğru, düzgün siyasət dayanır. Biz müharibəni dayandırdıq, iqtisadiyyatımızı gücləndirdik, iqtisadiyyatdan gələn, əldə olunan kapitalı insan kapitalına çevirdik. Bu hamısı Heydər Əliyevin strategiyası idi. Azərbaycan inkişaf etməyə başladı. Heydər Əliyev xalqı ölümdən qurtardı, xalqı parçalanmaqdan, dağılmaqdan, Azərbaycanı parçalanmaqdan qurtardı. Bu gün də xalq onunla qürur duyur, Heydər Əliyev bu gün də yaşayır. Onun siyasəti bu gün davam edir və bundan sonra da davam edəcək. Çünki həmin siyasəti davam etdirən, onun layiqli davamçısı İlham Əliyev var. Heydər Əliyevin fəaliyyəti, gördüyü işlər haqqında, tikdiyi binalar haqqında cild-cild kitablar yazılıb. Sözün həqiqi mənasında bunlar yazılıb ki, gələcək tarix bilsin, xalq bilsin, gələcək nəsillər bilsin ki, Azərbaycanın tarixində belə böyük bir dahi şəxsiyyət olub. Heydər Əliyevin böyüklüyü bir də onda idi ki, dahi insanları, böyük şəxsiyyətləri həmişə sevib, onlara qiymət verib. Heydər Əliyev böyük insan idi. O, bizim yazıçılara, şairlərə diqqət verirdi, hər birinin yubileyində iştirak edirdi. Onlara xüsusi diqqət, qayğı göstərirdi. Mənim yadımdadır, bəstəkar, SSRİ xalq artisti Tofiq Quliyev xəstə idi, ona dövlət mükafatı vermişdi. Heydər Əliyev gəlib ordeni öz evində, öz yatağında təqdim etdi. Onunla söhbət etdi, ordeni təqdim etdi. Bundan əlavə, mənim yadımdadır, xalq şairi Zəlimxan Yaqubun 50 illik yubileyi ərəfəsində Heydər Əliyev ona təklif etdi ki, Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) tədbir keçirilsin. Heydər Əliyev şəxsən özü gəldi, orada iştirak etdi. Onda Zəlimxan Yaqubun 49 yaşı var idi və axıra qədər orda oturdu. Çox bəyəndi, sevdi. Yəni bu mənada Heydər Əliyevin əməyi çox böyükdür. Onun 1969-cu ildə hakimiyyətə gələndən sonra universitetlərə qəbulda irəli sürdüyü prinsiplər, kəndli, fəhlə balalarının qəbul olunması, yəni rüşvətə, korrupsiyaya qarşı mübarizəsi, bütün bu hallar orta yaşlı nəslin yaxşı yadındadır. Heydər Əliyevin azərbaycanlı gənclərin SSRİ məkanında, ittifaq məkanındakı böyük ali məktəblərdə təhsil alması və ondan sonra da respublikaya qayıdıb işlərlə məşğul olması haqqında tədbirləri bu gün də xoş xatirələrlə anılır. Onu deyim ki, bu gün də həmin ənənəni Azərbaycan Prezidenti İlham Əliyev aparır. Təkcə indi Rusiya yox, Qərbin, Avropanın, Amerikanın böyük nüfuzlu universitetlərində Azərbaycan gəncləri dövlət hesabına təhsil alırlar və qayıdıb Azərbaycanın xeyrinə çalışırlar. Biz böyük, xoşbəxt xalqıq ki, bizim belə bir fenomen rəhbərimiz, Ulu Öndərimiz olub. Bununla xalqımız haqlı olaraq fəxr edir. Bundan sonra da tarix boyu biz fəxr edəcəyik ki, bizim belə bir rəhbərimiz, Ulu Öndərimiz olub. ".
Qiymət Mahir
Olylar.-
2024.- 3-16 may, ¹15.- S.4.