Xankəndinin maarif fədaisi
Azərbaycanın mirvarisi sayılan Xankəndi bu
gün müzəffər Ali Baş Komandanımız İlham
Əliyevin qətiyyəti, Azərbaycan ordusunun fədakarlığı
sayəsində işğaldan azaddır. Erməni
separatçılarının Xankəndidə at
oynatdığı, nəhayət, ulularımızın əmanəti
olan bu şəhərin işğal altında olduğu
onilliklər arxada qalsa da, ərazi iddialı erməni millətçilərinin
fəal olduğu illərdə milli məfkurəsini itirməyən
simalarımız sanki bu gün yaxın-uzaq keçmişdən
zəfər sevincli günlərimizə boylanmaqdadırlar.
Ruhları şad bu cür insanlardan biri də fədakar maarif
xadimi Abdulla Qədirovdur.
Təhsili ömrünün zinəti
hesab edən və əsl ziyalı həyatı
yaşamış Abdulla Qədirov 1903-cü ildə
Şuşada Məşədi Bəşir kişinin ailəsində
anadan olub. Uşaqlıq və yeniyetmə dövrü
Qarabağın dilbər guşəsi Şuşada keçib.
Hər qayası, hər daşı canlı tarix olan
Şuşanın dolanbac küçələrini, sərin
bulaqlarını, ecazkar təbiətini ana laylası tək
sevən, vətən məhəbbətini qəlbində,
ruhunda yaşadan balaca Abdulla o dövrdə öz
düşüncələri, dünyaya baxışı, təfəkkürü
ilə həmyaşıdlarından fərqlənib.
Orta təhsilini Şuşa gimnaziyasında alan Abdulla Qədirovun Azərbaycanın
adlı-sanlı, görkəmli yazıçıları
Süleyman Rəhimov və Əli Vəliyevlə yaxın əlaqələri
olub, aralarındakı səmimiyyət,
qarşılıqlı hörmət zaman keçdikcə
dostluğa çevrilib.
Geniş
təfəkkürə malik Abdulla Qədirov
təhsilini davam etdirməyə daim diqqət ayırıb.
Orta təhsildən sonra Şuşa pedaqoji kursunu müvəffəqiyyətlə
bitirdikdən sonra Laçının Minkənd kəndində
məsləkdaşları ilə ibtidai təhsilin əsasının
qoyulmasında gərgin əmək sərf edib. Beləcə, o, bu kənddə əmək fəaliyyətinə
başlayıb. Sonralar Ağdamın Seyidli kəndində,
Şuşadakı rus-tatar məktəbində, digər təhsil
ocaqlarında müəllimlik əqidəsinə sədaqətlə
pedaqoji fəaliyyətini davam etdirib. 1924-cü ildən isə
əmək fəaliyyətini Xankəndinin təhsil
ocaqlarında davam etdirərək gənc nəslin təlim-tərbiyəsi
ilə məşğul olub. Abdulla müəllim harada
çalışmasından asılı olmayaraq müəllimlik
sənətinə sonsuz bağlılığı ilə
kollektiv üzvləri arasında
dərin hörmət, nüfuz qazanıb.
Abdulla Qədirov Azərbaycanda təhsilin inkişafında,
savadsızlığın aradan qaldırılmasında dəyərli
xidmətləri olmuş bir pedaqoq və maarif xadimi kimi qızların təhsilə,
məktəbə cəlb edilməsi işinə də gərgin
əmək sərf edib. Abdulla müəllim 1931-ci ildə Xankəndidə
azərbaycanlı qızlardan ibarət ilk rəqs
ansanblını yaradıb. Onun rejisorluğu ilə
C.Cabbarlının "1905-ci ildə", C.Məmmədquluzadənin
"Ölülər", O.Tumanyanın "Gikor" əsərləri
Azərbaycan, rus və erməni dillərində tamaşaya
qoyulub.
Abdulla Qədirov 1932-ci ildə
ali təhsil almaq məqsədi ilə Bakı şəhərinə
gəlib. Sənədlərini Azərbaycan Dövlət Qiyabi
Pedaqoji İnstitutuna verib, 1939-cu ildə o, bu ali təhsil
ocağının Təbiət fakültəsini uğurla
bitirib.
Ömürdən ötüşən quş qanadlı illər
acılı-şirinli xatirələrlə bir-birini əvəz
etdikcə Abdulla müəllimin də ömür
yaddaşında əsaslı dönüş yaranıb. O,
1944-ci ildə Xankəndi şəhərində Nizami Gəncəvi
adına 4 nömrəli orta məktəb yaradıldıqdan
sonra Xankəndi şəhər Təhsil Şöbəsinin
28 avqust 1945-ci tarixli, 28 saylı əmri ilə bu məktəbə
direktor təyin edilib.
Xankəndidə Nizami Gəncəvi
adına 4 nömrəli orta məktəb
yaradılarkən, vilayətin erməni rəhbərliyinin
laqeydliyindən vəsait ayrılmadığından məktəb
üçün bina tikilməyib. Məktəb 1944-1945-ci tədris
ilini Xankəndidəki 1 nömrəli orta məktəbdə
keçirib. 1945-ci ildə isə məktəbə
keçmiş Lenin prospektində - Xankəndi (Stepanakert) şəhər
Xalq Deputatları Sovetinin yaxınlığındakı birmərtəbəli
binanın zirzəmisində tədris üçün
yararsız yer ayrılıb. Təsadüfi deyil ki,
"Sovetakan Karabax" qəzeti 16 noyabr 1946-cı il tarxli 43
nömrəli sayında N.Gəncəvi adına 4 nömrəli
orta məktəbə ayrılmış binanın
yarıdağılmış və ciddi təmirə
ehtiyacı olduğunu qeyd edib.
O dövrdə yeni yaradılmış
məktəbin problemləri ilə bağlı görüləcək
işlərin öhdəsindən layiqincə gəlmək
insandan geniş iş təcrübəsi, rəhbərlik səriştəsi
və adamlarla işləmək bacarığı, ən
başlıcası isə vətənpərvərlik tələb edirdi. Abdulla
müəllim müharibədən çıxmış,
problemlərin bir-birinə calandığı bir dövlətdə
gecəsini gündüzünə qataraq, bütün mövcud
imkanlardan səmərəli istifadə edərək, əsl vətənpərvər
şəxsiyyət, dəyərli insan və maarifpərvər
pedaqoq kimi azərbaycanlı balalarının təhsil
alması üçün zəruri olan şəraitin
yaradılmasında bir sıra nailiyyətlərə imza
atıb. O - vətən sevgili bu insan şovinist erməni dairələrinin
əhatəsində yaşayan azərbaycanlı
balalarının təhsil almasına, onların savadlı
olmasına, digər millətlərin uşaqlarından geridə
qalmamasına müqəddəs vəzifə kimi baxaraq, millətçi ünsürlərlə
mübarizədən daim qalib çıxaraq xankəndililərin
qəlbində taxt qurub.
Onun qurduğu Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb
daim ermənipərəst bir mühitdə - Azərbaycan
xalqının qatı düşməni S.Şaumyanın
adını daşıyan Stepanakertdə - Xankəndidə fəaliyyət
göstərsə də, milli və mənəvi dəyərlərimizi
qoruyub-saxlayaraq azərbaycançılıq ideyası və məfkurəsi
ilə yaşamış, fəaliyyət
göstərmiş bir təhsil ocağı olub. Məktəb
millətçi erməni qüvvələrinin qərargahı
olan Xankəndidə yeganə müəssisə, təşkilat
idi ki, burda azərbaycanlılar özlərini daim sərbəst hiss edib, rahatlıq tapıb,
doğma dillərində qorxmadan, ehtiyat etmədən
danışıblar.
Abdulla Qədirov bir sıra müsbət keyfiyyətləri ilə
özünü respublikamızın pedaqoji cəmiyyətə
təqdim edib. Onu digərlərindən fərqləndirən
bir çox müsbət xüsusiyyətləri olub. Sadəliyi,
müəllim şərəfini uca tutması, vətənpərvərliyi
və ən başlıcası isə sənətinə hədsiz
vurğunluğu müəllimlər üçün əsl
örnək olub.
1945-cü
ildən başlayaraq
1959-cu ilədək fasiləsiz olaraq Xankəndi şəhərindəki
Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin
direktoru vəzifəsində çalışan Abdulla Qədirov
Dağlıq Qarabağın ictimai və mədəni
quruculuq həyatında fəal
iştirak edib. Fəal ictimaiyyətçi olan Abdulla Qədirov
DQMV Zəhmətkeş Deputatları Sovetinin, Xankəndi Zəhmətkeş Deputatları
Sovetinin deputatı kimi mütəmadi olaraq müvafiq dövlət
qurumları qarşısında məsələ qaldıraraq
azərbaycanlıların yaşadığı kəndlərin
təhsil, mədəni quruculuq işlərinə yaxından əməli
köməklik göstərib. Nəcib, mərhəmətli,
xeyirxah insan kimi seçicilərinin sevimlisi olub.
Abdulla Qədirovun maarifçilik
sahəsində əldə etdiyi dəyərli
xidmətləri dövlət tərəfindən layiqincə
qiymətləndirilib. 1951-ci ildə - İ.V.Stalinin sərt
sovet rejimi dövründə ən yüksək dövlət
təltiflərindən biri olan "Lenin ordeni"nə layiq
görülməsi, hər kəsə nəsib olmayan bu
mükafatı alması Abdulla
Qədirovun uzun müddət qüsursuz və səmərəli
fəaliyyətinin nəticəsi idi. O, həmçinin
SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti,
Azərbaycan SSR Maarif Nazirliyi, Azərbaycan
SSR Hilal Əhmər Cəmiyyəti, Bakı şəhər
Könüllü Yanğın Cəmiyyəti və s. qurumlar
tərəfindən də mükafatlandırılıb.
Abdulla Qədirov 1962-ci ildən
Bakıda - 45 və 239 saylı məktəblərdə
pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycan ictimaiyyəti
üçün gərəkli mütəxəssislərin yetişdirilməsində
yorulmaz fəaliyyəti ilə yadda qalan Abdulla müəllim
1971-ci ilin yanvar ayının 3-də dünyasını dəyişib.
Hikmət
Xudiyev (Cəmilzadə)
Tarix üzrə fəlsəfə
doktoru,
Əməkdar jurnalist, istefada
olan polkovnik
Olaylar.- 2024.- 17-23 may, ¹16.- S.20.