İlyas Əfəndiyev Qarabağa bənzəyirdi

 

İçində gəzdirdiyi Qarabağa

 

İlyas Əfəndiyev keçmiş sovet məkanında dövrünün ən görkəmli yazıçılarından biri kimi tanınır oxunurdu. İ.Əfəndiyev  çəkisində əlvanlığında bir yazıçının sənin müasirin olduğunu düşünmək, "qonşuluğunu" hiss etmək özü elə xoşbəxtlik idi. Dövrün hadisələrini bizimlə birgə yaşaması əsərlərində əks etdirməsi onu oxucu üçün daha maraqlı edirdi. İ.Əfəndiyev yaradıcılığının əhəmiyyəti bir onda idi ki, ədəbiyyatımızın yeni, böyük mərhələsi onun adı ilə bağlıdır.

Nasirin sonuncu - "Geriyə baxma, qoca" romanından başqa, dörd əvvəlki romanı əmək mövzusunda yazılmışdır. Lakin bunlar quru bir istehsalat romanları deyildir. Daha doğrusu, burada hadisələr, münasibətlər, sevgi, həyəcan, ayrılıq - varsa, hamısı həmin o arxada görünən əmək mövzusunun fonunda baş verir.

"Söyüdlü arx" yazıçının ilk romanı olub, nəsrimizdə "lirik-psixoloji təmayülün başlanğıcı" sayılır. Həmin romandan çox "sətirlər axıb"... Bu sətirlər "Körpüsalanlar"a, "Dağlar arxasında üç dost"a, "Sarıköynəklə Valeh"ə çevrilib...

Yazıçılığı bir az sehrbazlıqla müqayisə edirlər. Düşünürəm ki, bu müqayisə yerindədir. "Bir az kimya, bir az magiya, bir az mühəndis işi... Heç nədən canlı obraz yaratmaq. Sonra da ona həyat üfləmək. Danışmaq öyrətmək... Xarici görünüş, səs seçmək". Sehrbazlıq deyilmi? Əlavə etməyə bir şey qalmır.

"Söyüdlü arx" hisslər, duyğular romanıdır. Çünki İ.Əfəndiyev özü "hisslər, duyğular bolluğu ilə yazıb-yaradan" yazıçı idi, "lirika həqiqi sənətin qanadıdır, ruhudur" deyirdi. Taleyi ilə barışan, bütün dünyası kəndin Mədəniyyət evinə sıxışan bu istedadlı aktrisa mehrini Güney qışlağa, onun sakinlərinə salır.  Nuriyyənin yenilikçi, maraqlı əmək fəaliyyəti, gətirdiyi ab-hava uzaq Güney qışlaqda böyük canlanma yaradır. Lakin romanın uğur qazanmasının əsas səbəbi bu deyil, qəhrəmanın şəxsi həyatının fonunda yaşadığı dram idi.  Nuriyyə Murada göz yaşları  içərisində məktub yazaraq onu rədd edir. Bu sözün əsl mənasında mənəvi qurban idi. Ləyaqətə bələnmiş qurban... Bununla da, Nuriyyə oxucuların, cəmiyyətin gözündə ideal qadın obrazı səviyyəsinə yüksəlir.  Milliyyətindən asılı olmayaraq (bunu yazıçıya gələn oxucu məktubları deyir) əsəri oxuyan hər qız-qadın Nuriyyəni özünün rəfiqəsi bilir, "onunla qabaq-qabağa oturub uzun-uzadı söhbət etmək", dərdləşmək istəyir.

"Söyüdlü arx" "Dağlar arxasında üç dost" romanlarında keçən əsrin ortaları Azərbaycan kəndi təsvir edirlir. Kəndlərimizin bu günki mənzərəsindən fərqli olaraq, Oralarda həyat qaynayır. Heç kim şəhərə köçməyi düşünmür, əksinə, şəhərlilər təyinatla rayona işləməyə gedir. Şəhərlə kəndin  fərqinin itdiyi bu günümüzdə isə kəndlərdə evlər boş qalıb.

Səlimə bir az Nuriyyəyə bənzəyir. Zəhmətkeşdir, xalqa, millətə canla-başla xidmət onun həyat kredosudur. "Dünyada yalnız bir fərəh var: yaratmaq, həmişə yaratmaq"... Oxucunun nəzərində Səlimə heç zootexnikə oxşamır. Oxucu bu əziyyətli, çirkli peşəni cavan, zərif, ziyalı qadına yaraşdırmır. İ.Əfəndiyev burda da, səni qabaqlayır, qəhrəmanı haqqında formalaşan imici Şahların dili ilə təsdiq edir: "Sizə yaraşır gözəl geyinmək... Lojalarda oturub, teatlara tamaşa etmək..."

Bu qızlar edirlərsə, ürəkdən, sevə-sevə edirlər. Ən xırda şeylərdən heyrətlənməyi, ən sadə şeylərdən xoşbəxt olmağı bacarırlar. Onları yazıçı belə yaratmışdı.

"Körpüsalanlar"la 60-cı illərin ədəbi prosesində bir "qızdırma" yaşandı. İlk baxışda mövzu quruculuq, sosial inkişaf olsa da, bu mürəkkəb, travmalarla dolu bir ailə dramıdır. Dünya ədəbiyyatında çox müraciət edilən məhəbbət üçbucağı İ. Əfəndiyevin romanlarında, xüsusilə "Körpüsalanlar"da daha dərindən yaşanır.   Bu üç oğlan-bir qız tək "Zoğallı körpü"nü salmırlar, aralarında ondan da möhkəm mənəvi körpü yaradırlar. Səriyyə necə istəyir, nəyi düzgün hesab edir, elə yaşayır, hərəkət edir. Özünün haqlı olduğuna inanır, özünü elə aparır ki, "elə bil indicə ayrı bir planetdən" gəlib. Cütlük arasında ruh yaxınlığı yoxdur, bir yerdə yürümələri mümkün deyil, mənəvi cəhətdən bir-birini məhv edərlər. Səriyyəyə münasibət birmənalı olmasa da, obrazın haqqını vermək lazımdır. O, bizim ədəbiyyatda yeni, əvvəllər görünməyən bir obrazdır. Bəlkə , o, cəsarəti, protesti ilə yazıçının digər sevimli "qızlarından" artıq şəxsiyyətdir.

"Sarıköynəklə Valehin nağılı" yazıçı üçün , oxucu üçün yeni bir təqdimatdır. Burada gördüyümüz xoşbəxt cütlüklə ədibin başqa romanlarında qarşılaşmırıq.

"Sarıköynəklə Valehin nağılı" "Geriyə baxma, qoca" - mövzusundan başqa, həm , hadisələrin davamlılığı ilə yazıçının əvvəlki romanlarından seçilir. Məsələn, "Söyüdlü arx", "Körpüsalanlar"da hadisələr bir-iki il civarı əhatə edirsə, "qoca"nın nağılları Qarabağ xanzadələrindən başlayıb 1920-ci ilə qədər yol gəlir.

V.Q.Belinskiyə görə bədii əsərin adı "həmişə əhəmiyyətlidir, çünki o, həmişə əsərin ideyasını təmsil edən baş qəhrəmana, ya da bilavasitə bu ideyanın özünə işarədir". Əsərin başlığı yazıçının oxucusuna dediyi ilk sözüdür. "Geriyə baxma, qoca" müraciəti əsərin təlqin etmək istədiyi fikri, çağırışı ifadə edir.

Professor Pənah Xəlilov əsərin çağırışını belə şərh edir: "Bu yeniyetmənin (balaca Muradın - D.A) bütün meyli gələcəyədir. Müəllif öz nəslindəki qocaların da ancaq gələcəyə baxmasını istəyir!"

"Geriyə baxma, qoca" romanı XlX əsrin ikinci yarısında XX əsrin əvvəllərində Azərbaycan kəndinin məişətinin, ictimai taleyinin çox real zəngin təsviri ilə diqqəti cəlb edir. Romandakı adi, zahirən məişət xarakteri daşıyan təsvirlər çox mühüm ictimai mətləblərdən xəbər verir. Professor Şirindil Alışanlı yazırdı: "Xalqın tarixi taleyi baxımından ən mühüm siyasi mənəvi dəyərlərin, hadisələrin, qələbə faciələrin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi bədii janrların hər birində görürük". Ona görə "Geriyə baxma, qoca" tarixi-məişət romanı adlandırılmışdı.

Qocanın rəvayətləri nağıl ruhludur, "Möhnət qocanın nağılları" adı altında təqdim olunur. Yazıçının təhkiyəçiliyi "etibar etdiyi" Muradın söhbətləri isə müxtəlif səpkili rəvayətləri əhatə edib onun dünyabaxışı zəminində izlənilir. Murad bütün əhvalat epizodların bilavasitə şahididir. Lakin o, laməkan-lazaman təqdim olunmur. Qoca Möhnət onun görmədiyi, bilmədiyi hadisələri danışmaqla balaca təhkiyəçinin köməyinə çatır, onlar ikilikdə romanda bütövlük yaratmağa, hadisələr zəncirinin qarşısını almağa müvəffəq olurlar.

İ.Əfəndiyev təhkiyə ustasıdır, qəhrəmanlarını öz dili ilə danışdırır, "lirik etiraf üslubunu sevirdi". Birinci şəxsin dilindən təhkiyə aparmaq dünya ədəbiyyatında geniş yayılmışdır. Qəhrəman oxucuya ürəyini boşaldır, dərdini danışır, sirrini deyir, hisslərini bölüşür, danışdıqca da, özünün xarakteri açılır.

Qarabağın tarixi, orada "oynanılan" hadisələr yazıçının əsərlərində öz panoram əksini tapmışdı. "Geriyə baxma, qoca"da oxuyuruq: "Cıdır düzünün bir tərəfi şəhər, o biri tərəfi "Xəzinə qayası" deyilən dərin uçurum idi. Uçurumun dibilə Daşaltıçay axırdı. Cıdır düzündən üzüaşağı baxanda çayın qırağındakı adamlar güclə seçilirdi. Çaydan o tərəfdə - ta uzaqlarda gümüşü duman içində görünən Ziyarət, Kirs dağlarına qədər qalın meşələr uzanıb gedirdi". Bundan əvvəl Qarabağ təbiətini, onun toponimlərini "Mahnı dağlarda qaldı"da təsvir etmişdi. Xüsusən Topxana meşəsini... chr("39")chr("39")Səhər Topxana meşəsi elə duman idi ki, bir addım qabağı görmək olmurdu". "Dağlar arxasında üç dost"da da təsvir edilən hadisələr qalın Qarabağ elində  baş verir. Bu təbiət, mühit, insanlar yazıçıya doğma olduğu üçün hadisələri zamanla oraya aparır...

Şair Famil Mehdi "İlyas müəllim" haqqındakı xatirə-oçerkində yazırdı: "Söhbətinin əsas mövzusu Qarabağ, Şuşa, bəylər, xanlar, onların fəaliyyəti, Vaqif, Zakir, Xan qızı Natəvan s. idi". İ.Əfəndiyev özü Qarabağa bənzəyirdi. İçində gəzdirdiyi Qarabağa.

İ.Əfəndiyev kommunist ideologiyasına deyil, ədəbiyyata xidmət edirdi. Onun külliyatı bu gün , heç bir dəyişikliyə məruz qalmadan olduğu kimi çap olunur. "Geriyə baxma, qoca" 1980-ci ildə yazılıb. O vaxt qədər çox yazıçı Xl "Qızıl Ordu"nu talançı kimi təqdim edə bilərdi? "On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi. Otaqlardan yalnız birini bizə vermişdilər. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamət qalmamışdı. Atamın keşişdən aldığı mebelləri sındırıb dağıtmışdılar".

"Xalq yazıçısı" onun üçün rəsmi fəxri ad deyildi, bir status idi. "O, öz şöhrətinin rejissoru deyildi... sənətinin taleyini zamanın (tarixin) öhdəsinə buraxmışdı". Xalq yazıçısı Elçinin sözünə bu kəlamla qüvvət vermək istəyirəm: "Küləklər köpükləri dağıdacaq, amma dəniz sahil həmişə qalacaq". Bu kəlamı İlyas Əfəndiyev yaradıcılığına yaraşdırdım. Bu fikir ədəbiyyatımıza "yeni ruh, yeni çalar" gətirmiş həmişə müasir yazıçımızın yaradıcılığına işıq salıb həmişə yaşayacağından da əminlik yaradır.

 

Dilarə Adilgil

AMEA Nizami Gəncəvi adlna Ədəbiyyat İnstitutu

 

Olaylar.- 2024.- 24-30 may, ¹17.- S.17.