"Şeirin orbitinə
hələm-hələm düşmək olmur"
Onunla müsahibə üçün direktoru
vəzifəsində çalışdığı Əli Kərim
adına Sumqayıt şəhər Poeziya Evinə
yollandım...
Müsahibəyə başlamazdan öncə
bir xeyli söhbət etdik. Yolu necə gəldiyimdən
başlamış, kitablarına qədər... Birdən mənə
maraqlı gəldi: "Görəsən, sonuncu şeirini nə
vaxt yazıb?"
-İbrahim bəy, sonuncu şeirinizi nə
vaxt yazmısınız?
Bir az düşündü. Yadına saldı:
-Bir neçə il əvvəl Çiçək Mahmudqızının "Könül Körpüsü" proqramında idim. Tələsirdim getmək üçün. Çıxanda Çiçək xanım dedi ki, bir şeir de, get. "Sizin də məhləyə yağış yağırmı?" şeirini dedim. Səhəri gün gördüm bir çox saytlar paylaşıb, sosial şəbəklələrdə tirajlanır. Deyəsən, elə sonuncu şeirim odur.
Tez telefonu açdım ki, tarixinə baxım:
-2020-ci il.
-O qədər keçib?,- deyə təəccübləndi.
-Bəli,
4 il... Hətta 4 il, 3 ay.
Sonra
yadına saldı ki, 1 ay əvvəl öncədən 2 bəndi
hazır olan bir şeirini tamamlayıb. Şeirin çap
olunduğu "Ədəbiyyat" qəzetini tapıb, mənə
göstərdi.
-Adam
jurnalistlərin suallarından qaça bilmir. Al oxu, mən də
canımı belə qurtarım (bir xeyli güldük).
-Amma bu
şeir yenə də 4 il fasiləni dəyişmir...
Söhbətimiz
"Şair olmaq zülmdür" kitabının
üstünə gəldi. Mənim ona ilk ünvanlayacağım
sual da bu kitabla bağlı idi.
-Söhbət
bura gəlmişkən, gəlin, başlayaq.
"Olaylar"ın
müsahibi şair İbrahim İlyaslıdır. Onu başqa
cür də təqdim edə bilərdim. Amma bu müsahibəmdən
sonra qəlibləşmiş sözlərlə deyil, elə
ona ən çox yaraşan ŞAİR sözü ilə sizə
təqdim edirəm. Şair İbrahim İlyaslı.
-İbrahim
bəy, şair olmaq niyə zülmdür?
-Şairliyi
şərtləndirən çox ciddi kriteriyalar - şərtlər
var. Onun birincisi halallıqdır. İkincisi cəsarətdir.
Sonra azadlıqdır, dürüstlükdür, hər zaman ədalətli
olmaqdır. Bunların hamısını özün
üçün gündəlik həyat tərzinə
çevirməlisən. İnsanıq, cəmiyyət
içində yaşayırıq. Bunların hamısına
eyni zamanda və davamlı olaraq əməl etmək zor bir
işdir. Ona görə də şeirin orbitinə hələm-hələm
düşmək olmur. Bir dəfə bir şeirimdə:
Dərviş
olamadım, dərvişmisalam,
Ayıbıma
koram, ağlıma lalam.
Hörülüb
hasarım, qurulub qalam,-
Adım
İbrahimə şikaram indi.-
yazmışdım. Bunların hamısını bir
ömrün içinə bir dərviş yerləşdirə
bilər. Bütün günahlardan qorunsan, övliya mərtəbəsinə
qalxmış biri olarsan. Mənimki hər gün bu şərtlər
daxilində yaşamağa cəhddən, bunu həyat tərzinə
çevirmək istəyindən ibarətdir.
Yaşadığımız cəmiyyəti, zamanı
bilirsiniz. Neyniyəsən ki, həm elə olasan, həm də
adam kimi yaşayasan? Sən də insansan, evin, ailən,
gündəlik tələbatın var.
Çalışırsan, çalışdığın
yerdə kollektivlə işləyirsən. Cəmiyyət
içinə çıxırsan.
Mən bu
şərtlər daxilində yaşamağa nə dərəcədə
nail oluram, bilmirəm. Amma bilirəm ki, onların
hamısını bir araya yığmaq doğrudan
zülmdür. Ona görə də şairliyi həm də
zülm kimi qəbul edirəm.
-Şeirinizin
birində "Hardasan dünyanın halal adamı" deyərək
üsyan edirsiniz, onu axtarırsınız. Cəmiyyəti bu
hala nə gətirdi ki, halal adam tapa bilmirik?
-Zaman deyəcəm,
düz çıxmayacaq. Bütün zamanlar zamandı, dəyişən
cəmiyyətdi, insanlardı. Görünür, bunun bir sirri
var, biz bilmirik. İndiki kimi əvvəllər də ədalətsizlik,
haqsızlıq, haramçılıq olub. Bu sualın
cavabı, məncə, məndə deyil. Bilmirəm...
-Onda
niyə bu şeiri yazmısınız? Halal adamı niyə
axtarırdınız?
- Hardasan
dünyanın halal Adamı,
Hardasan,
varmısan?-Səsimə səs ver.
Məndən
o tərəfə sən tükənirsən,
Səndən
bu tərəfə mənə nəfəs ver.
Məndən
o tərəfə, səndən bu yana,
Nə
kökdədi dünya, xəbərin varmı?
Tapşırıb
yellərə, büküb al-qana,
Bir ürək
yollasam sənə çatarmı?
Əgər
insanlar arasında müqayisə aparası olsaq, bunu ancaq iman
ölçüsü ilə etmək olar. Kimin imanı daha
kamildirsə, o, bir o qədər böyük insandır. İnsanları fərqləndirən
bütün başqa cəhətlər nisbidir. Amma o, mütləqdir.
Cəmiyyətdəki eybəcərlikləri görəndə,
insanların haramı halal kimi təqdim etdiyini eşidəndə
adamın ayağının altından yer qaçır.
Barı sus. Susmayıb da belə söylənəndə, adam
tənhalığına çəkilir, özünə
qapanır. "Axı niyə? Niyə beləyik biz? Niyə
belə dünyada yaşayırıq?" deyə suallar
çıxır. Onun ardından da bu şeir yaranır.
Yəni
halal adamın qapısının nökəri olmaq(o cür
insanların qapısında nökər olmur,
yardımçı olur) elə şah olmaqdır. Belə
düşünürəm.
-Keçim,
dillər əzbəri şeiriniz-"Necəsən, zalım,
necəsən?" şeirinizə. Bir çoxları sizi məhz
bu şeirlə tanıyırlar. Bu şeirdən sonra həyatınızda
dəyişiklik hiss etdiniz? Desəm ki, həyatınızı
bu şeirdən əvvəl və sonra olaraq qiymətləndirin...
-Şeirlərin
də taleyi olur. Ciddi ədəbiyyat adamları ilə söhbət
edəndə çoxusu deyir ki, sənin ondan da güclü, məhşur
olmağa haqqı olan şeirlərin var. Amma sən bu
şeirlə tanınırsan. Bu şeiri aşıqlardan sonra
ilk dəfə Xəzər Süleymanlı söylədi. Xəzər
də həmişə hər yerdə etiraf edib deyir ki, mənim
bədii qiraət taleyimi bu şeir müəyyənləşdirdi.
O da o şeirlə tanındı. Məni də çox adam bu
şeirlə tanımağa başladı. Dəyişən
ancaq odur ki, bu şeir daha çox populyarlıq qazandı və
mənim adım çəkiləndə deyirlər ki,
"Necəsən?" şeirinin müəllifi. Oxucu rəyləri,
münasibətlər, ünsiyyət çoxaldı. Həmin
şeir bir çox dillərə tərcümə olundu,
çox sayda qiraətçilər bu şeiri təkrar
söyləməyə başladılar. Belə...
-Aktyor
var, bir obrazla yadda qalır. Bəs şairin bir şeirlə
tanınması, yadda qalması necə?
Ədəbiyyat
tarixinə nəzər yetirsəniz görərsiniz ki,
şairlər də əsasən 3-5 şeiri ilə daha
çox yadda qalır. Həyatda enerji yeganə şeydir ki, hər
şeyə, istənilən anlaşıya ekvivalentdir.
Şeirin də enerjisi olur. Bir şeirin enerjisi nə qədər
çoxdursa, o qədər möhtəşəm olur. Bəzən
deyirlər ki, Səməd Vurğunun "Azərbaycan"
şeiri adi sözlərdən ibarətdir:
"El
bilir ki, sən mənimsən,
Yurdum,
yuvam, məskənimsən,
Anam,
doğma vətənimsən!
Ayrılarmı
könül candan?
Azərbaycan,
Azərbaycan!"
O
baxır həmin şeiri nə qədər sevgiylə
yazmısan. Sənin Azərbaycana sevgin nə qədər böyükdürsə,
mətnin içərisinə o qədər enerji oturur. Bu təkcə
mətndəki sözlərin quruluşundan,
düzülüşündən, poetikasından asılı
deyil, şair qəlbindən qələmə nə qədər
enerji ötürürsə, şeir də o qədər
sevilir. Enerji onu saxlayır. Zamanında da, sonrakı zamanda da o
enerji pozulmur. Çünki enerji daşıyıcıdır,
fizika qanununda deyildiyi kimi "enerji halını dəyişsə
də itmir".
Mənim
adı çəkilən şeirimə gəlincə,
görünür, bu şeirin də də enerjsi daha
çoxdur. Ya da, sadəcə, insanların çoxunun taleyində
belə bir hal olub və bir yol "necəsən" deyə
səslənmək istəyib.
-Bu
şeiri yazdığınız an yadınızdadır?
-Təbii
ki. Sadəcə, sualın çox dərinliklərinə getmək
istəmirəm. Əslində o şeirin içində sirr
axtarmağa ehtiyac yoxdur. Bilirsən niyə? Bir az diqqətlə
oxunsa, artıq oxucu bilir ki, nə var, nə yox. Şeirdəki
hər məqama izah verəndə də ləzzətini,
dadını itirir.
-Adamlar
oxuyanda özləri üçün bir məna tapır.
-Elədir.
Normal Azərbaycan dilində - öztürkcəmizdə
yazılmış bir şeirdir, onu bilməyə nə var?
-Bəs,
siz, bu şeirinizi yaradıcılığınızda
hansı yerdə görürsünüz?
-Qələm
dostlarımın dediklərindən asılı olmayaraq
oxucularımın da bir həqiqəti var. Bunu etiraf edim.
Boşuna ola bilməzdi ki, bu şeiri bu qədər adam sevsin.
Deyək ki, bunun bir qismi zövqsüz ola bilərdi, bir qisminin
ədəbiyyatdan başı çıxmaya bilərdi.
Axı, ədəbiyyatdan başı çıxan adamlar da fərqindədirlər.
Düşünürəm ki, sevgi mövzusunda
yazdığım şeirlərin ən enerjilisidir. Daha
ağır, daha çətin yaşanıb. İçində
daha böyük həsrət yükü var.
Arada
misraları tək-tək soruşurlar ki, məsələn
"barmaqları bəxtəvərim" nə deməkdir?
Deyirəm ki, özünüz bilirsiniz də, məndən niyə
soruşursunuz?
-Akif Səmədlə
qohum (xalaoğlu) olmusunuz. Ədəbiyyat söhbətləri
edirdinizmi? Akif Səməd sizin
yaradıcılığınıza təsir edibmi?
-Təbii.
Akif məndən yaşca böyük idi. Məqamı
behişt olsun. Onlar bizdən əvvəlki onilliyin, biz isə
sonrakı onilliyin ədəbi nəslində idik. Mənim ilk
dəfə şeirlərimi də Məmməd İsmayıla
Akif təqdim edib. O vaxt Məmməd İsmayıl Gənclik
Ədəbi Birliyinin rəhbəri idi. Yazıçılar
Birliyində həftədə bir dəfə gənc yazarlar
yığışar, orda şeirlərini oxuyardılar. Mənim
onda 23 yaşım vardı. Şeirlərimi Akif Səməd təqdim
etmişdi. Şeirlər oxunandan sonra müzakirə
açılırdı.
Şeirimi
oxudum, əyləşdim. Tənqid edən də oldu, tərif
edən də Akif Səməd də dedi ki, İbrahim mənim
xalam oğludur. Məmməd İsmayıl da dedi ki, Akif Səməd,
sən cinayətkarsan. Dedi, niyə, ay Məmməd müəllim,
mən neynəmişəm? Cavabında Məmməd müəllim
dedi ki, sən indiyə kimi bizdən şair gizləmisən.
Təsəvvür
elə, 23 yaşında Məmməd İsmayılın dilindən
bu sözü eşitmək... Bakıdan Sumqayıta gələnə
kimi az qala qanad açıb uçacaqdım. Məmməd
İsmayıl "Gənclik" jurnalında hər adama
bütöv səhifə vermirdi. "Hər şairdən bir
şeir" deyə güşə vardı. Tək-tək
adamlara bütöv səhifə yer ayırırdı. İlk
dəfə mənim şeirlərim o jurnalda bir səhifədə
çap olundu. Jurnal çox populyar idi. Mən Sumqayıtda
yaşayır, çalışırdım. İndiki Texniki
Universitetdə də axşam oxuyurdum. İndi həyat
yoldaşım olan Esmira xanımla dərsdən
qayıdırdıq. O da bir kurs fərqlə tələbə
yoldaşım idi. Onda ailəli deyildik. Görünür, bu
jurnalın köməyi dəyib (gülür). Metroda vaqona
daxil olmuşuq, tələbələr jurnal əllərində...
Açırlar, oxuyurlar. Şeirə də bir dəli həvəs
vardı onda. Həmən poeziya səhifəsini
açırdılar. Sonra kimsə gördü orda şəklimi,
şeiri. Sonra başını qaldırıb mənə
baxıb pıçıldaşdılar. Belə şeylər
adama xüsusi zövq verir...
Akif Səməd
çox böyük şairdir. Akif Səməd nə qədər
araşdırılıb, söylənilib, o, bir yana. Mənə
elə gəlir ki, ədəbiyyatşünaslıq da, ədəbi
tənqid də Akifə yenidən qayıdacaq. Ümumiyyətlə
o ədəbi nəsildən olan şairlərin indi təbliğatı
azdı. Görünür, müəyyən tarix, mərhələ
lazımdır. Vaxtı çatanda ciddi, akademik
araşdırma mövzusu ortaya qoyulacaq.
Biz
xalaoğlu olsaq da aramızda bir pərdə vardı.
Böyük-kiçik məsələsi, mən cəsarət
edib hər şeyi ona oxuya bilməzdim. Ədəbiyyat
adamı kimi ciddi məsafə saxlayırdıq. Amma
görünür, o da hiss edib, nəsə görüb.
İlk kitabıma da son söz yerinə "Oxşarlıq,
orjinallıq və rahatsızlıq" deyə bir yazı
yazdı. Söhbət "Hamı bir körpüdən
keçir" adlı kitabımdan gedir. İlk dəfə
1998-ci ildə kiril əlifbası ilə çapdan
çıxıb.
-26
il...
-26 il? Hə...
Maşallah, sənin hesablaman çox yaxşıdır.
-Sumqayıtda
yaşayırsınız. 34 ildir Poeziya evinin rəhbərisiniz.
Burda ədəbi mühit necədir?
-Təkcə
mənim baxışım yox, ədəbi tənqidçilərin,
ədəbi çevrənin də baxışından desəm,
Sumqayıtda dolğun bir ədəbi mühit var. Burda
yaşayıb-yaradan, dünyasını dəyişən
şairlərimiz, çox istedadlı yazarlar olub. Əli Kərim
Sumqayıta çox bağlı olub. Vaqif İbrahim Əli Kərim
adına Poeziya klubunu yaradıb. Xasay Cahangirov
"Sumqayıt" qəzetinin çevrəsində
Sumqayıt Ədəbi Birliyini yaradıb və uzun illər bu
birliyə rəhbərlik edib. Görkəmli şairimiz
Əşrəf Veysəlli uzun müddət Sumqayıt ədəbi
cameəsinin rəhbəri olub. Ofelya xanım Babayevanın
imzası həmişə respublika ədəbi mühitinin
diqqət mərkəzində olub və bu gün də belədir.
Elə indi də Əşrəf müəllimin və Ofelya
xanımın tövsiyyələri ilə hərəkət
edirik. AYB Sumqayıt bölməsinin sədri olmuş Sabir
Sarvanın da danılmaz xidmətləri olub ədəbi
mühit üçün.
Bizim ədəbi
gəncliyimiz isə Milli Azadlıq Hərəkatına, təlatümlər
dövrünə təsadüf etdi. Gənclik ehtirası ilə
özümüz "Dəniz" Gənclər Ədəbi
Birliyini yaratdıq. Birliyə məni sədr seçdilər.
Qaynar ədəbi mühit yarandı. Necə deyərlər, dəniz
təlatümə gəldi. Həmin vaxtın xeyli istedadlı
adamları vardı ki, şəhər çərçivəsində
tanınırdı, bilinirdi. Sonra ölkə miqyasında
tanındılar, bilindilər və qəbul olundular. Əsas
odur ki, burda sağlam ədəbi mühit var.
İndi
Poeziya Evində davamlı olaraq yerli yazarlarımızla
görüş, kitab təqdimatı və imza günləri
ilə yanaşı, həm də ölkə və beynəlxalq
çaplı tədbirlər keçirilir. Türk
dünyasının, Avropa və Asiyanın ünlü
yazarları qonağımız olur. Oljas Süleymenov, Serhat
Kabaklı kimi ünlü yazarlar və ictimai xadimlər, eləcə
də bütün Türk Cümhuriyyətlərindən gənc
yazarlar Poeziya Evində keçirilən uluslararası etkinliklərdə
iştirak edib, fəaliyyətimizi təqdir ediblər. Bu
günlərdə 4 gün davam edən VI Milli Kitab Sərgisinə
də evsahibliyi etdik.
Poeziya
Evinin binası və burada yaradılan şərait isə
gözlərinizin qarşısındadır. Nəinki ölkəmizdə,
heç gedib gördüyüm xarici ölkələrdə də
ədəbiyyata bunca diqqət yoxdur. İnsafən, xarici
ölkələrdən gələn qonaqlarımız da bunu
etiraf edirlər. Bizə belə geniş və
işıqlı, əzəmətli bir bina
ayırdığı üçün şəhərimizin rəhbəri
Zakir Fərəcova yazarlarımız adından bir daha dərin
təşəkkürümü və minnətdarlığımı
bildirirəm.
-Sizcə,
Azərbaycan ədəbi mühitində Sumqayıt camiəsinin
yeri haradır?
-Deyilənlərə
görə, 1-ci yerdədir (gülürük). Deyirlər ki, əgər
bölgələri, şəhərləri götürsək,
Sumqayıt ədəbi mühiti ön sıradadır.
Öyünmək üçün demirəm. Sadəcə bu
bir həqiqətdir.
-
"AYB-də şeir başqa şeyə deyirlər" ifadəsini
işlətmisiniz. AYB-də şeir nəyə deyirlər?
-Maraqlı
sualdır. Bilirsiniz necədir? İndi mənim dilimdən səslənməyi
ümumiyyətlə başqa cür olacaq. Çünki mən
indi AYB-də Şeir şöbəsinin rəhbəriyəm
(bir xeyli gülür). Görünür, qurultayda elə bu
ifadəmin cəzası olaraq məni poeziya seksiyasına rəhbər
seçdilər ki, gəl, elə et burada məhz şeirə
şeir desinlər. Başqa şeyə yox... İndinin mənzərəsini
isə kənardan müşahidə edənlər deyə bilər.
- Şeir
soyuqluğu sevmir. Elə deyilmi?
-Onu
şeirin özündən soruşmaq daha yaxşı
olardı. Mənim fikrimcə, şeirin havası bahar və
payızdır. O, istidən alışa, soyuqdan isə dona bilər.
Bəlkə elə buna görədir ki, şairlərin ən
çox təsvir etdikləri təbiət mənzərələri
də payız və bahardır. Yox, əgər soyuqluq deyincə,
münasibət və qəlb soyuqluğunu nəzərdə
tutursunuzsa, tamamilə haqlısınız.
-Tərcümə
fəaliyyətinizdən danışaq. Çingiz Aytmatovun
hekayələrini tərcümə etmisiniz. Niyə məhz o?
-O, mənim
ən çox sevdiyim yazıçıdır. Çingiz
Aytmatovun bütün povestlərini, romanlarını
oxumuşdum. Amma hekayə mənim ən çox sevdiyim
janrdır. Bir gün qarşıma Çingiz Aytmatovun "Êðàñíîå ÿáëîêî" hekayəsi çıxdı.
Bizdə tərcümə olunmamışdı, rus dilində
oxudum. Hekayəni tərcümə etdim. Sonra "Altun
Kitab" nəşriyyatının sifarişi ilə
"hekayə ustaları" seriyası üçün
Ç.Aytmatovun bütün hekayələrini tərcümə
etdim və kitab çap olundu. Qırğızıstanın
ölkəmizdəki səfirliyində xalq
yazıçısı Anarın, akademik Nizami Cəfərovun,
millət vəkillərinin iştirakı ilə təqdimatı
keçirildi. Tərcümənin keyfiyyətinə mütəxəssis
rəyi bildirdilər. Razı qaldıqlarını söylədilər.
Yeri gəlmişkən,
Şahmar Əkbərzadə adına mükafata layiq
görülməyimdən dolayı "Vektor" nəşriyyatı tərcümələrimdən ibarət
"Qırmızı almadan qızıl Almaya" adlı
kitab nəşr edib. Seçilmiş tərcümələrim
orda yer alıb. "Qızıl Almaya..." ünlü
Türk yazıçısı Ömər Seyfəddinin hekayəsidir.
-Azərbaycanda
tərcümə ədəbiyyatının vəziyyəti
sizi qane edir?
-Mən
öz baxışlarımı sərgiləyə bilərəm.
Çünki ayrı-ayrı tərcüməçilər və
tənqidçilər, eləcə də oxucular bu məsələyə
fərqli münasibət bildirə bilərlər.
Düşünürəm ki, arzuolunan səviyyədə
deyil. Bir oxucu olaraq məni də qane etmir. Bu işi daha
yüksək bir düzəydə qurmaq, daha olumlu bir hala gətirmək
olar.
-Azərbaycan
oxucusu da narazıdır. Əksəriyyəti azərbaycancaya
tərcüməni oxumurlar.
-Tərcümə
çox ciddi məsələdir. Dil təkcə bilgi deyil.
Dili həm də duymaq lazımdır. Elə cümlələr
var ki, onu 3-4 cür tərcümə etmək olar.
Hamısı da düzdür, fikri ifadə edir. Amma baxır,
orijinaldakı enerjini hansı daha güclü ifadə edir.
Hansı daha axar-baxarlıdır, daha oxunaqlıdır. Məhz həmin tərcümənin üzərində
dayanmalısan. Bəzən tərcüməçilərimiz
bilirsiniz neynəyir? Bir əsəri başdan-ayağa
oxumamış tərcümə etməyə başlayır.
Qəti olmaz. Birinci əsəri bütöv oxumalısan, mənimsəməlisən.
Ondan sonra qayıdıb, birinci cümlədən əsəri
tərcümə etməlisən. Bu, bədii ədəbiyyatdır,
publisistik mətn deyil. Məqalədə onu etmək olar, amma
bədii əsəri oxumamış necə onu tərcümə
edirsən? Tərcümə üçün dil faktoru
çox önəmlidir. Əcnəbi bir
yazıçını sənin dilində oxuyacaqlar. Oxucu bunu
rahat oxumalıdır. Yazıq deyilmi, oxucu? Cümləni
oxusun, sonra desin ki, burda yazıçı nə demək istəyirdi?
Bir problem
də tərcüməyə verilən qonorarla
bağlıdır. Bizdə tərcüməçinin zəhməti
çox ucuz tutulur. Başqa ölkələrə nisbətən
çox az qonorar verilir. Peşəkar tərcümə ilə
həvəskar tərcümə arasında fərq qoyulmur.
Bazar iqtisadiyyatı şəraitində stimul, motivasiya pula
bağlıdır. Tərcüməçi zəhmətinin bəhrəsini
görməlidir.
Tərcümə
Mərkəzinin elan etdiyi "Dəfnə yarpağı"
müsabiqəsində dörd
yer üçün "İlk beşlik" elan olunmuşdu.
Mənim tərcümələrim də seçilmiş ilk
beşlikdə idi. Sonra mükafat üçün
ayrılmış məbləği
verməyin dərdindən elan etdilər ki, 1-ci yerə,
2-ci yerə, 3-cü yerə layiq tərcümə yoxdur. Necə
olur? Bunu sizin münsiflər heyəti yüzlərlə tərcümənin
içindən seçib və siz beşliyi elan etmisiniz. Nə
isə...
-Türk
Dövlətləri Təşkilatına üzv olan ölkələrin
mütəxəssisləri tərəfindən "Ortaq
türk dili" və "Ortaq türk əlifbası"
layihələri var. Türk toplumları ilə sıx
işbirliyində olan ziyalı kimi bu layihələri necə
dəyərləndirirsiniz?
-İfadə
ilk baxışdan adama kolay və xoş gəlir: "Ortaq
türk dili", "Ortaq türk əlifbası". Amma bunu
oluşdurmaq, o sözlərin altını ciddi bir məna və
məzmunla doldurmaq və "bu işi bitirdik" demək
çox ağır, çətin və vaxt aparan bir məsələdir.
"Ortaq
türk dili" deyə dil əmələ gətirmək və
onu şərtləndirmək asan iş deyil. Mənə elə
gəlir, bütün türk cümhuriyyətlərində və
toplumlarında latın
qrafikalı əlifbaya keçidlə bu məsələ qismən
həllini tapa bilər. Necə ki, artıq tapmaq üzrədir.
Türkiyə ilə bizim əlifbalarımız bəzi fərqlərlə
demək olar ki, eynidir. Özbəkistan da latın əlifbasına
keçir. Qazaxıstan artıq keçmək üzrədir.
Qırğızıstanda da o yöndə işlər
gedir. Türkmənistan həmçinin.
Türk Dövlətləri Təşkilatının,
TÜRKSOYun, Uluslararası Türk Akademiyasının,
Uluslararası Türk Yazarları Birliyinin yaranması və
Ümumtürk mədəniyyətinə xidmət edən bir
çox fondların və qeyri-hökümət təşkilatlarının
geniş fəaliyyət göstərməsi bu istəyimizə
rəvac verir. Turan mədəniyyəti və ədəbiyyatı
dünya çapında gec-tez öz layiqli yerini tutacaq. Ortaq
türkcə dediyimiz çox vaxt aparan bir prosesdir. Amma
mümkün olacaq. Necə deyərlər: "Yolumuz
Qızıl Almaya"dırsa, istiqamət müəyyən
olunubsa, ortaq türkcə də tədricən öz həllini
tapacaq. Çünki ən
vacibi, bizim qrammatikalarımız eynidir. Bizim cümlə
quruluşlarımız eynidir. Fikir ifadə etmək qaydalarımız
eynidir. Ona görə də bizim bir-birimizi başa düşməyimiz
çətin olmayacaq.
-Ümumiləşdirsək,
ortaq türk əlifbası yaxın zamanda gözlənilə
bilər, amma ortaq türk dili üçün hələ
zaman lazımdır.
-Əlbəttə.
Bu, millətimizin hədəfidir və inanıram ki, bu hədəfə
çatacağıq.
-Sizə
görə, bəşəriyyət "Şeir nədir"
sualına cavab tapmaqda acizdir. İbrahim İlyaslı
üçün şeir nədir?
-İbrahim
İlyası üçün şeir elə şeirdir.
Bir dəfə
Türkiyədə bir tədbirdə idik. Mövzu şeir idi.
Əsasən tənqidçilər danışırdılar.
Mən də oturub dinləyirəm. Hamısı şeirin
mahiyyətini izah etməyə çalışır.
Axırda durub dedim ki, ay arkadaşlar, sonucda siz yenə də
"şeir nədir" sualına tam cavab verə bilməyəcəksiniz.
Aristotelin "Poetika" kitabından tutmuş
çağdaş ədəbiyyatşünasların dəyərləndirmələrinə
qədər rast gəldikcə oxuyuram, amma hələ də
şeirin mahiyyətini tam dolğunluğu ilə ifadə edən
bir tərif görmədim.
Mən
bunun səbəbini nədə görürəm? Deməli,
biz, istənilən anlayışa sözlə tərif veririk.
Rəsm nədir? Anatomiya nədir? İnsan kimdir? Dəniz nəyə
deyilir? İstənilən anlayışa.
Qarşısından mənasını yazırıq. Şeir
isə sözün özüdür. Sən bunun özündən
özünə nə tərif verə biləcəksən? Bu
alma ağacına "alma nədir" sualını vermək
kimidir.
Odur ki, ən
yaxşısı indiyə qədər bütün
zamanları aşıb gəlmiş bir şeir söyləyirsən
və deyirsən şeir budur. Ən yaxşı cavab elə
budur. Yunus Əmrədən, İmadəddin Nəsimidən, Məhəmməd
Füzulidən, Əlişir Nəvaidən, Abbas
Tifarqanlıdan bir şeir oxu, Abaydan bir şeir oxu. Bir bənd
olsun, üç bənd olsun, beş bənd olsun. Sən
özünə zülm verib bir abzaslıq tərif verincə,
bunu oxu. Sonra de ki, şeir budur.
Bu sualla da müsahibəmizi yekunlaşdırdıq. Sonra mən ona səsləndirdiyim "Necəsən, zalım, necəsən?" şeirini dinlətdim. Bəyəndiyini söylədi. Müsahibədən öncə bir dəftəri olduğunu demişdi. Orda tamamlamadığı 1-2 bəndlik şeirləri var. Dedi ki, mən şeir yazmaq üçün gərək şeirin orbitinə düşəm. Şeiri dinlədəndən sonra: "Yadıma 2 bəndini yazdığım, həmin dəftərdə olan şeirim düşdü. Deyəsən, orbitinə düşürəm. Söz verirəm, onu tamamlayan kimi ilk sənə göndərərəm,-dedi və sonra da əlavə etdi-,düşünürəm ki, bu mənim ən yaxşı müsahibələrimdən olacaq".
Hə, bu müsahibə "ən"lərindən və "ən"lərimdəndir...
Qiymət Mahir
Olyalar.-
2024.- 24-30 may, ¹17.- S.16; 18.