Xarakterim çərçivəyə salınmağı sevmir

 

Çərçivəni yalnız özüm, özüm üçün qoya bilərəm

 

Gövhər Həsənzadə: "Yaradıcılıq məsələsində məni idarə etmək imkansızdır, yaradıcılığım azad bir təfəkkürdür, hiss etdiklərimi yazıram"

 

Müsahibimiz Azərbaycanın tanınmış bəstəkarı, unudulmaz musiqi əsərlərinin müəllifi Gövhər Həsənzadədir.

Onun bəstələri yalnız ölkəmizdə deyil, xaricdə böyük maraq sevgi ilə qarşılanır. Gövhər xanım musiqinin ruhunu duyan əsərlərinə öz hisslərini qatan sənətkarlardandır. O, musiqi ilə təkcə dinləyicilərin qəlbində deyil, eyni zamanda Azərbaycanın mədəni irsinə öz izini qoyur.

-Gövhər xanım, musiqi bəstələyərkən sizi ən çox ilhamlandırır?

-Mən heç vaxt proqramlı sifarişli musiqi bəstələmirəm. Məni ilhamlandıran, kəlmə ilə  söylənən sözləri ruhumla hiss edib musiqi kimi eşitməyimdir. Həmin notlar da hiss etdiklərimi ifadə edən melodiyalardır. Həyatda gördüyüm, hiss etdiyim duyğuların musiqi ilə ifadəsinin üzərinə onun həyəcan, enerji   xarakterini gəldikdə  olur onun orkestrləşdirilməsi-yəni həmin musiqinin janrının  müəyyənləşməsi. Bunların hamısı yaradıcı  insan üçün çox önəmli faktorlardır. Çünki bir melodiya hər janrda ifadə oluna bilər. İnsanlar o musiqini səsləndirmək üçün gələn istəyə ilham pərisi deyirlər. Amma bəstəkarın "tragediyadan ilhamlanıb yazdım",-ifadəsi düzgün olmayacaq. İlham pərisi gözəllikdən ilhamlanıb cuşa gəlməkdir. Həyatın ağır anlarından, insanın dərd-kədərindən yazılan yazıların ilham pərisi ilə əlaqəsi yoxdur. Bu sadəcə təsirləndiyin, hisslərinin oyandığı o hisslərin nəyi ifa etdiyindən irəli gələn yaradıcılıqdır.

 -Ümumiyyətlə, müasir Azərbaycan musiqi mühitini necə dəyərləndirirsiniz? Bu mühitin gənc bəstəkarlar üçün imkan məhdudiyyətləri haqqında fikirləriniz nələrdir?

-Söhbət  Azərbaycan musiqisindən gedirsə, bu sualın cavabı başqadır. Bu gün musiqi camiəsində səslənənlərə münasibət isə bir başqadır. Azərbaycan musiqi mühitində, peşəkar aləmdə hər şey yüksək səviyyədədir. Peşəkar aləmdə bizim Bəstəkarlıq İttifaqımız, peşəkar musiqimizin banisi olan Üzeyir Hacıbəyov tərəfindən təməli qoyulmuş, dünyaya böyük bəstəkarlar, musiqilər bəxş edən bir ocaqdır o bu günə qədər öz səviyyəsini, gücünü saxlamaqdadır. Bundan sonra da qədər ki, dünya var, Azərbaycan Bəstəkarlar İttifaqının ocağında toplanan, yaradan, dünya klassik, estrada, xalq musiqisinə töhvə  verəcəyi biri-birindən güclü musiqi əsərləri olacaq. Bu gün Azərbaycanın peşəkar musiqisində hər şey yüksək səviyyədədir. Professor, görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan musiqisini Qremmi mükafatına layiq görülən əsərinin bəstəkarı, fəxrimiz Firəngiz xanım Əlizadə bu qurumun başındadır. Bu gün ağır rejiminə baxmayaraq, hələ yaradıcılığında gözəl, təsirli əsərlər yaradaraq Azərbaycan peşəkar musiqisini dünyaya təqdim etmək işinin başındadır. Bu isə Azərbaycan musiqi mühitinin çox yüksək göstəricisidir. Həmçinin dövlətimiz tərəfindən çox böyük qayğı ilə  dünya səviyyəsində dəyərləndirilərən xalq yaradıcılığımız var. Hər il xalq musiqimizə böyük dəstəklər verilir xalq musiqimiz müəlliflik hüququnu saxlayaraq çox gözəl şəkildə inkişaf etməyə davam edir. Bu da Azərbaycan musiqi mühitimizin ikinci qoludur. Üçüncü qol isə bu mühitin təhsilidir. Professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyamız var. Keçən ildən etibarən caz musiqi sektoru peşəkar olaraq fəaliyyətə başlayıb ki, bu da çox böyük göstəricidir. Konservatoriyanın təhsilvermə sistemində bütün musiqi aləti ifaçılarımız peşəkar sənət diplomu ilə  təsdiqlənir. Dördüncü qol mənim üçün çox doğma olan Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının başında duran rektor, professor, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəylinin nəzarəti altında klassik musiqi sənətinə yiyələnməkdir. Səsləndirilən musiqi mühitində isə bu gün tənzimlənmə mühitini keçirik. Bu, hər ölkədə olan keçid dövrüdür ki, demokratik hüquqlardan istifadə edərək hər kəsə yaradıcılığa ayrı-seçkilik qoyulmadan açılıb imkan verildi ki, hər zövqlə tamaşaçının dinləmək istədiyi insan televiziya radio kanallarından özünü təqdim edə bilsin. Burada bu işlə qeyri-peşəkarların məşğul olması problemini yaşadığımıza, əsərlərin seçilmədən efirə buraxılmağına görə elə bir təəssürat yaranır ki, bu gün Azərbaycan musiqi mühitində hər şey bərbaddır. Elə deyil. Təbliğat alətlərinin gündəmdə bunları saxlaması baxımından, onları çox dinlədiyimiz üçün belə düşünürük. Amma faiz baxımından Azərbaycan peşəkar musiqisində çox böyük işlər görülür. Sizin bu gün qəbul etmədiyiniz Azərbaycan musiqisi adından səsləndirilən qeyri-peşəkar səslənən nələrisə çox müzakirə etmək, diqqətdə saxlamaq lazım deyil. Diplomu, təhsili belə olmayan bəstəkarın musiqisini peşəkarlar tərəfindən hazırlayıb efirə versələr, artıq hər şey tənzimlənər Azərbaycan musiqi mühiti dediyiniz yerdə yalnız həqiqi Azərbaycan musiqisini eşidərik. Gənclərə isə heç bir məhdudiyyət yoxdur. Əgər özü peşəkar olub, kənardan gülünc vəziyyətə düşməməyi, "mən sənətdə əbədi qalmaq istəyirəm"i düşünüb böyüklərin qapısını çalıb, onlardan dərs alsalar, bir çox istedadlı gənclərimiz sənətdə olacaqlar. Bu gün bazar iqtisadiyyatı dönəmində yaşayırıq, maddiyyat qarşısında hər kəs öz əsərini istədiyi kimi oxuya bilir, istədiyi geyim tərzini geyinir s. Bunun Azərbaycana qədər layiqli yaradıcı insan olması isə qalıb onların öz vicdanına.

 -Uzun illərdən sonra, musiqi irsinizin Azərbaycan mədəniyyətində necə yadda qalmasını istəyirsiniz?

-Birmənalı olaraq klassik janrda yazacağım bu günə kimi yazdığım əsərlərlə-klassik bəstəkar kimi yadda qalmaq istəyirəm. Bir çox insanların mahmı yaradıcılığında bir dəsti-xətti olaraq Azərbaycan mahnı yaradıcılığına töhfə, yenilik gətirə bilən bir imzası olan bəstəkar kimi. Bu da klassik bir yanaşmadır. "Populyar", "gündəmdə olan bəstəkar" kimi bir titul istəmirəm. Mən istəyirəm ki, Azərbaycan peşəkar musiqisində xüsusi izi olan, flan baletin, simfonik əsərlərin, böyük simfonik orkestrda ifa olunan simfoniyaların müəllifi, sonradan Azərbaycan peşəkar estrada ifaçı sinfinə aid olan gənc ifaçıların yaradıcılığına dəstək verən bəstəkar Gövhər Həsənzadə kimi yadda qalım. Bir sözlə, Azərbaycan klassik musiqisində adını layiqincə təsdiqləyən bunun təmsilçisi olan peşəkar kimi qalmaq istəyərdim.

 -Azərbaycan musiqisinin beynəlxalq arenada daha çox tanınması üçün hansı addımlar atılmalıdır?

-Azərbaycan musiqisinin-həm vokal musiqimizin, həm milli instrumental alətlərimizin, həm milli klassik əsərlərimizin təsdiqlənərək bütün beynəlxalq aləmdə rəsmi olaraq tanınmasının təməli illər öncə Heydər Əliyev Fondu tərəfindən muğam festivalları ilə qoyulub. Bu gün çalışdığım Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin sədri vəzifəsi Azərbaycan musiqisinin anonimliyinə qarşı üzərimə düşən ən böyük işdir çox böyük qürurla deyə bilərəm ki,  bu üç il ərzində çox böyük işlər görmüşük. Azərbaycan Dövlət Əqli Mülkiyyət Agentliyinin dəstəyi, onların verdiyi akkreditasiyayla həvalə etdikləri tapşırıqlar əsasında demək olar ki, Azərbaycan mahnılarının, musiqilərinin illərlə bir çox filmlərdə konsertlərdə anonim kimi istifadəsinin qarşısı ciddi alınıb. İllər öncə olan məsələlərə bu gün yenidən dönürük, müəlliflər müəyyənləşdirilir haqlı qonororları ilə təmin olunurlar. Bu çox ürəkaçan məsələdor. Çox uzun məsələ olduğuna görə burada faktları, açıqlamaları deməyəcəm. Amma ən böyük - muğamımızın dünyaya dəyərli, layiqli təsdiqi artıq görülüb. Böyük bəstəkarlarımız Bəstəkarlar İttifaqımızın sayəsində dünyaya təqdim olunur. O ki qaldı estradaya illər öncə milli estradamızın nümayəndələri, Əfsanəvi "Qaya", Müslüm Maqomayev, Polad Bülbüloğlu, Rəşid Behbudov, Mübariz Tağıyev, rəhmətlik Rafiq Babayevin orkestri, Siyavuş Kərimi-bir çox insanlarımız artıq Azərbaycan estradasına layiqli təqdim ediblər bu işin davamı bu gün canla başla davam etdirilir. Mənim özümün çox, yəni fəxrlə dediyim, Avropanın ən böyük konsert salonunda, ən böyük layihəsində, ən böyük tamaşaçı auditoriyası toplayan Avroviziyanın ilk Azərbaycan ifa iştirakında mənim musiqim səsləndirilib, bununla da bəstəkarlıq borcumu az da olsa, təsdiqləmişəm. Düşünürəm ki, bundan sonra böyük layihələrdə yenə Azərbaycan layiqincə təmsil olunacaq. Amma qeyd etməliyəm ki, Azərbaycan milli estradasını dünyaya təqdim etmək üçün bayağı süni yolla Azərbaycan muğamını, Azərbaycan milli instrumentlərini, ifa tərzini bayağı Avropa musiqisi ilə calaq deyil, sintez formasında peşəkar təqdim etsələr, Avropanın, dünyanın buna daha çox marağı olacaq. Əfsanəvi Vaqif Mustafazadənin muğama başqa heç əlavə etmədən caz janrında ifa etməsi dünyada cazın başqa bir qolu kimi qəbul olundu bu günə qədər dinlənilir, bu günə qədər heyrətamiz təsir bağışlayır. Bu kimi peşəkarlarımızla dünyanı yenə heyrətləndirə bilərik. Düşünürəm ki, bugünkü gündəmə cavab verəcək həm gənc, həm peşəkar düşüncəli, yaradıcı insanlarımız var. Mən buna çox yaxşı, nikbin baxıram özüm bu günlərdə aldığım çoxsaylı təklifləri dəyərləndirirəm.

-Zaman keçdikcə yaradıcılığınızda hiss etdiyiniz dəyişiklikləri varmı?

-Heç bir dəyişiklik olmayıb. Yaradıcılığımda stil, janr, düşüncə dəyişib. Dəyişən sadəcə yığdığım təcrübədir. Hər mahnı yazdıqca, səsyazma studiyasına girdikcə, aranjiman, orkestrləşdirmə məsələlərində olduqca peşəkar ifaçılarından bir çox şey öyrənirəm. Özümdə diapazon, stilistika, janr baxımından olan səhvlərdən çox şey öyrənirəm. Bunların hamısıyla ilk gündən indiyə kimi yaradıcılıq işimdə məşğulam. "40 ildir bu işin içərisindəyəm, mən peşəkaram, mən dedimsə, müğənni onu oxuyacaq, heç nəyi dəyişə bilməz" deyə bir şey yoxdur. Bunlar ancaq böyük həcmli musiqilərdə ola bilər. Amma mahnı yaradıcılığında, estrada janrında əlbəttə ki, hər kəslə müzakirə edərək, ən yaxşısı nədirsə, yaradıcılığıma da elə yanaşıram. 5 yaşımdan pianoda ifa edəndə hiss edirdimsə, indi eyni hislərdir. Hər hansı ənənəvi gün yaxınlaşır deyə ona mahnı yazmaq məndə heç cür alınmır. Elə, alınmasa yaxşıdır, çünki yaradıcılıq bədahətən gəlməlidir. Bu günə qədər heç bir bəstəkar beyninin içində səslənən musiqini olduğu kimi təqdim edə bilməyib. Buna əminəm. Elə səslər, çalarlar, döngələr var ki, onların nota köçürülməsi mümkün deyil. Bu isə çox dərin mövzudur. Qısası, deyə bilərəm ki, yaradıcılıq insan doğulandan beynində necədirsə, ölənə qədər elə gedir. Dəyişən yalnız təcrübədir.

 -İndiyə qədər üzərində çalışdığınız ən çətin layihə hansı olub?

-Üzərində çalışdığım heç bir çətin layihəm olmayıb. Sifarişlə, məcburiyyətlə beynimə heç vaxt göstəriş verməmişəm ki, bunu etmək lazım deyil. Heç kəsin xətrinə dəyməsin, bu, yaradıcılıq deyil. Mən buna montaj kimi baxıram. Musiqi parçalarında montaj edib onu həmin mövzuya uyğun səsləndirib təhvil verirlər. Bunu hamımız edə bilərik. Mən bunla məşğul olmuram. Xarakterim çərçivəyə salınmağı sevmir. Çərçivəni yalnız özüm, özüm üçün qoya bilərəm. Mənim özüm üçün qoyduğum sədlər var ki, onları aşmaq olmaz. Söhbət həyatdan, yaşayış tərzindən gedir. Amma qalan nələrdəsə, kimsənin məni yönəltməsinə icazə vermirəm. Səhvlərim, təcrübəsizliyim ola bilər, bu başqa şeydir. Lakin yaradıcılıq məsələsində məni idarə etmək imkansızdır, yaradıcılığım azad bir təfəkkürdür, hiss etdiklərimi yazıram. Bacarmadığım işin altınaysa, girmirəm. Kənardan bu vəziyyəti yaşayanları da qınayıram. Kimsə sənə etimad edib, bacaracağını bildirir, amma sən əksi olacağını bilirsənsə, bu yanlışdır. Eləcə musiqi. Mən bilirəm ki, o musiqi mənim yaradıcılığım deyil, vaxt, bugünki imkanlarım baxımından bunu edə bilməyəcəm, qədər göz qamaşdırıcı təklif olsa da, o yükün altına girmirəm.

 -Bu günə kimi bir çox vəzifədə çalışmısınız. Maraqlıdır ki, özünüzü ən çox tapa bildiyiniz yer bunlardan hansı olub?

-Çox ciddi, məsuliyyətli xasiyyətim olduğuna görə hamı da bilir ki, əgər Gövhər dedisə, üzərinə bu işi götürdüsə, arxayın olun ki, o yüksək səviyyədə təmin olunacaq. Uğurumun da yüz faizi ətrafıma daim peşəkarları toplamağımdan irəli gəlir. Heç vaxt heç birinin işinə müdaxilə etmirəm nəticəsi yüksək olur. Ona görə həmişə ciddi işləri mənə etibar ediblər, buna görə həmişə hər kəsə minnətdaram. Mən yaradıcılığa aidəm. Bura özümü ən rahat hiss etdiyim yerdir. Allah xeyirlisini versin, mənim xeyrim hara dəyəcəksə, Allah mənə o işi qismət etsin. İnsan "mən istəyirəm",- deyib öz nəfsinin dalınca getməməlidir. Çünki bununla bir çox insanın çörəyinə bais ola bilərsən. Nəyi yaxşı bacarırsan, hara aidsənsə orada olmalısan. Allah hər kəsin halal ruzisini qismət etsin. Bacarıqsızlıq, qeyri-peşəkarlıqla heç kəsi utandırmasın.

 

Gövhər Həsənzadə

 

Müsahibəni apardı:

Zeynəb Rzayeva

 

Olaylar.- 2024.- 1-7 noyabr, ¹38.- S.16.