Mənsum İbrahimov: “Muğam ciddi
musiqidir, bütün kütlə üçün
deyil”
Azərbaycan muğam sənəti, sözün həqiqi mənasında, könül
oxşayan, ruhu təsəlli edən bir xəzinədir. Bu xəzinənin hər zərrəsi özündə əsrlərin
hikmətini, xalqımızın
keçdiyi yolun ağrı-acısını və
sevinclərini daşıyır.
Muğam yalnız bir musiqi deyil,
həm də həyat fəlsəfəsidir;
zaman və məkan məhdudiyyətlərini
aşaraq, insan qəlbinin dərinliklərinə
nüfuz edir. Bu fəlsəfənin ən incə sirlərini ifadə edərək bizlərə
çatdıran sənətkarlar
isə muğamın canlı tarixçiləridir.
Bu gün sizə həmin sənətkarlardan biri ilə söhbətimizi təqdim edəcəm. Mənsum İbrahimov - Azərbaycan muğam səhnəsinin parlaq ulduzu, sözün əsl mənasında, Məcnun obrazının müasir dövrümüzdəki təcəssümü. Hər kəsin sevdiyi, səhnədəki güclü xarizması ilə muğama can verən bu sənətkar illərdir ki, səsləndirdiyi hər muğamla yaddaşlarda silinməz iz buraxır. Lakin Mənsum müəllim təkcə ifaları ilə deyil, həm də gənc nəsillərə muğamı öyrətməklə, gələcəyin xanəndələrini yetişdirməklə seçilir. Sözü çox uzatmadan, onunla etdiyimiz səmimi söhbəti sizə təqdim edirəm.
- Mənsum bəy, bu yaxınlarda
birindən belə bir fikir eşitdim:
"Muğam məndə
narahatedici duyğular oyandırır, çox dinləyə bilmirəm".
Onu "kədərli"
adlandıranlar da var. Siz muğamı
necə təsvir edərsiniz?
- Maraqlı sualdır... Muğam fəlsəfədir. Belə bir deyim var: "Muğamı yetkin beyin qəbul edir". İnsanın yaşı az olanda daha çox hərəkətli musiqilərə diqqət edir. Həyatı hələ tam dərk etmədiyinə görə daha çox dinamikanı sevir. Müəyyən yaş dövrü gəlir və insan həyatı dərk etdikcə hərəkətlərinə, geyiminə, oturuşuna-duruşuna, danışığına daha çox fikir verir. Yetkinləşdikcə artıq daha ciddi musiqilərə qulaq asır. Biri də var ki, həmin mühitdə böyüyürsən. Məsələn, mən Ağdamda böyümüşəm. Gözümü açandan muğamın içində olmuşam, onunla tərbiyələnmişəm. Muğam Azərbaycanın keçdiyi bütün tarixi özündə əks etdirir. Muğam özü bir əxlaq, tərbiyədir. Muğam Azərbaycan xalqının bütün tarixi ənənələrini özündə əks etdirən musiqi janrıdır. Musiqimizin kökü 2 janrdan ibarətdir: aşıq musiqisi və muğamımız. Təbii ki, onun üzərində sonradan musiqi janrları əmələ gəldi, amma musiqimizin əsas kökü bu iki janrdan ibarətdir. Muğam mənim üçün həyatdır, həyat dərsidir. Mən özümü muğamsız təsəvvür edə bilmirəm, çünki bütün ömrümü ona həsr etmişəm. Muğam insanı mənən təmizləyir, kamilləşdirir. Muğam ifaçıları ilə başqa janrın ifaçılarının geyimlərinə, hərəkətlərinə, səhnədəki performanslarına baxın. Burda tamam ciddilik var, çünki muğamın yazılmamış qanunları var. O da bundan ibarətdir: "Ustaddan şagirdə". Ailəni düşünün, bir ailədə ata olur, necə ki övlad atadan tərbiyə götürür, adət-ənənələri öyrənir. Muğam bir dəryadır. Sadəcə olaraq hər kəs oradan gücü çatan bir damcını götürə bilir. Muğam bizim milli, tükənməyən sərvətimizdir.
- Əvvəlki dövrlərin muğam ənənələri ilə
çağdaş dövrün
muğam ənənələri
arasında hansı fərqlər var?
- Fərq təbii ki, zamandadır. Məsələ budur ki, texniki baxımdan inkişaflar var. Baxışlar eynidir, amma əvvəl sosial şəbəkələr yox idi, insanların zamanı çox idi. Ona görə oturub saatlarla dinləyirdilər. Qarabağda, Bakıda, Şirvanda muğam məclisləri olurdu. Məsələn, Qarabağda "Məclisi-üns" olub. Burada şairlər yığışar, öz yeni şeir və qəzəllərini oxuyarmışlar. Xanəndələr də həmin qəzəllərdən ifa etməyə başlayarlarmış. Muğam, şeiriyyatla bağlı müzakirələr gedərmiş. Dövr onu tələb edirdi, amma bu gün yanaşma tamam fərqlidir. İndi insanların səbri də yoxdur, meydan da yoxdur. Gənc muğam ifaçılarımız haqlı şikayət edirlər ki, müəllim, muğamı öyrənmişəm, bu dəstgahı harada oxuyum? Meydan yoxdur. Televiziya efirlərinə gedirsən, üç-beş dəqiqə vaxt verir. Bəzən deyirlər ki, muğamı qısa et. Yenə də bizim böyük salonlarımız var. Bu gün dövlətimizin milli musiqimizə çox böyük diqqət və qayğısı var. Xüsusi olaraq Heydər Əliyev Fondunun. 2004-cü ildən - Heydər Əliyev Fondu yaranan gündən bizim milli musiqimizə, muğamımıza böyük diqqət ayrıldı. Deyərdim ki, muğamımızın ikinci inkişaf dövrü başladı. 2005-ci ildən Muğam Televiziya Müsabiqələri, 2009-cu ildən başlayaraq Beynəlxalq Muğam Festivalları başlandı. Bu günə qədər 8 Muğam Televiziya Müsabiqəsi, 6 Beynəlxalq Muğam Festivalı keçirilib. Onun nəticəsində də bizim onlarla gənc ifaçılarımız sənətə gəlib. Artıq bir çoxunun fəxri adları var. Otuzadək muğam müsabiqəsi qalibi ana televiziyamızda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş rollar oxuyurlar. Eyni zamanda müsabiqədə qalib olan Azərbaycan Milli Konservatoriyası tələbələri bu gün artıq burda müəllimdir. Bizimlə çiyin-çiyinə ustad kimi fəaliyyət göstərirlər. Onlar artıq bizimlə bərabər Azərbaycanın milli musiqisini həm Azərbaycanın daxilində, həm ölkəmizdən kənarda layiqincə təmsil edirlər.
- Mənsum bəy, müsabiqələrdən
söz düşmüşkən,
bəziləri düşünür
ki, müsabiqələr
arasındakı fasilə
uzun olmalıdır, 2
il çox azdır. Bu bu haqda siz
necə düşünürsünüz?
- Burda fərqli yanaşmalar var. Müsabiqəni keçirən təşkilat Heydər Əliyev Fondudur. Biz də icraçıyıq. Hər dəfə insanlar deyirdilər ki, yəqin bununla bitdi, bir daha yaxşı ifaçı olmayacaq. 2 il keçir, baxırıq ki, yenidən gözəl ifaçılar gəlir. Çünki ölkəmizin potensialı çox böyükdür. Müxtəlif bölgələrdən gözəl ifaçılarımız yetişir. Əvvəldən regional mədəniyyət idarələrinə məlumat verilir, ifaçılar müraciət edirlər, gedib bölgələri gəzirik və seçimləri orada edirik. Harda gözəl səslər varsa, seçib Bakıya gətiririk. Nəticədə iyirmiliyi seçirik və 3 ay ərzində onu canlı efirlə xalqımıza təqdim edirik. Xalqımızın gözünün önündə həmin ifaçılar həftəbəhəftə formalaşır. Əslində onların hamısı yaxşıdı, amma kim daha çox öz üzərində çalışır, daha çox zəhmətkeşdir, öz müəllimi ilə daha çox çalışırsa, nəticədə o qalib olur. Bu, xalqın gözü önündə baş verən prosesdir. Seçilən ifaçıların hamısı bu gün meydandadır. O demək deyil ki, seçilməyənlər zəifdir, xeyr. Sadəcə hər adam gərginliyə dözə bilmir. Müsabiqə ağır imtahandır. Hər həftə yeni repertuar, qəzəllər, muğamlar, təsniflər... Təbii ki, ağırdır. Həmin müsabiqələrin bu gün bizə çox böyük xeyri oldu. Mən bütün muğam ustadları adından Mehriban xanım Əliyevaya təşəkkür edirəm ki, bu gün muğamımızın inkişafında bizə müstəsna dəstəyi var. Onun nəticəsində bu gün bizim muğamımız ən yüksək intibah dövrünü yaşayır.
- Müğənni
Mənsum İbrahimov,
yoxsa xanəndə? Hansı Mənsum İbrahimovu daha düzgün təsvir edir?
- Təbii ki, ikisi də eyni ifadədir, amma mən xanəndəyəm. Xalq məni xanəndə kimi qəbul edir.
- Gənc ifaçılar
yetişdirirsiniz, müasir
gənclərin muğama
olan münasibətini
necə dəyərləndirirsiniz?
Sizcə, muğam müasir dövrdə öz populyarlığını
itirmir?
- Muğam öz
populyarlığını heç vaxt itirə bilməz. Muğam dəb musiqisi deyil. Muğam fəlsəfədir,
ciddi musiqi janrıdır, bütün
kütlə üçün
deyil. Onun dinləyiciləri var. Bu hər zaman
belə olub. Yüksək səviyyəli,
həyatı dərk edən, yetkin beyni olan insanlar,
ziyalılarımız, muğam
sevərlərimiz muğamı
dinləyiblər. Bütün dünyada
bu proses gedir ki, bayağı musiqi baş alıb gedir. Çox təəssüf
ki, özəl kanallarımız
da buna yol açıb.
Bu, gənclərimizin zövqünü
korlayan böyük problemdir. Geniş diskussiyalar da gedir, hələ ki bunun qarşısını almaq
olmur. Düşünürəm
ki, nə vaxtsa ciddi senzura olacaq.
Bunun başqa yolu yoxdur. Yaxşı yerə getmir. Gənclərimizin zövqü
ilə bərabər onların əxlaqına
da ciddi təsir edir. Çox şit, bayağı sözləri olan, yad musiqilər, məzmunsuz musiqilərə sosial şəbəkələr, özəl
kanallar yol açır. Həmişə
belə görmüşük
ki, televiziyada nə göstərilirsə, deməli
bu, yaxşıdır,
keyfiyyətlidir. Sovet vaxtında hər şeyə - kino, serial, musiqilərimizə
senzura, nəzarət olub. Təəssüf ki, bu gün özəl
kanallarda bu yoxdur. Ümumiyyətlə
cəmiyyətə mənfi
təsir göstərir.
- Görürəm ki, bir
sənətkar kimi bu məsələ sizi çox narahat edir.
- Bu, hamımızı narahat edir. Bütün ziyalılarımızı. Bilirsiniz
bizə nə qədər zənglər
edirlər? Bütün
ziyalılarımız, tarixçilərimiz,
muğam sevərlərimiz
deyirlər ki, bu hara gedir? Bunun bir sonu olmalıdır.
- Bu vəziyyətin qarşısının
alınması üçün
nə təklif edərdiniz?
- Bir ara televiziyalarda bədii şuralar yarandı, amma formal olaraq qaldı. Heç bir təsiri olmaldı. Ümumi nəzarət üçün bir şura yaradılmalıdır
ki, onun bütün kanallara, sosial şəbəkələrə nəzarət etmək imkanı yaransın və təsiri olsun.
- Müəllimlik fəaliyyəti
sizə nə verir, eyni zamanda,
sizdən nə alır?
- Müəllimlik mənim üçün çox müqəddəs peşədir.
Hər kəs müəllim ola bilməz.
Çox adam dərs deyir, hər dərs deyən müəllim ola bilməz. Bizim sahəmizdə bizim məhsulumuz ifaçıdır.
Mənim bir tərifim var: "Başqasının
uğuruna sevinə bilən insan müəllim ola bilər".
Burda hər kəs iddialıdır, istedadlı insanlar gəlirlər. Biz onları
ifaçı kimi yetişdirib cəmiyyətə
göndəririk. Ona görə
də əgər müəllimin içində
eqoistlik varsa, o, tələbəni yaxşı
yetişdirə bilməyəcək.
Eqoistlik ona imkan verməyəcək.
Bu gün mən tələbələrimlə, yetirmələrimlə
fəxr edirəm. Artıq onlarla dövlət tədbirlərinə,
konsertlərə gedirik.
Tələbələrimin uğuruna
öz uğurumdan çox sevinirəm. Ona görə müəllimlik
mənim üçün
çox ali bir şeydir. Eyni zamanda müəllimliyin
faydalı cəhəti
odur ki, hər gün o muğamları təkrar edirsən, mütaliə edirsən, tələbəylə bərabər
oxuyursan. Bu sənə
çox şey verir. Özünü də mükəmməlləşdirir,
öyrədir. İnsan
ömrünün sonuna
qədər öyrənir.
Heç kim heç vaxt deyə bilməz ki, mən mükəmmələm,
hər şeyi bilirəm. İnsan doğulandan dünyasını
dəyişənə qədər
öyrənir. Həyat
budur. Bəs məndən nə alır? Zamanımı alır. İnsan əgər öz sənətini sevmirsə,
onun üçün işgəncədir. Mən
sənətimi sevdiyim
üçün bu, mənə zövq verir. Mən öyrətməkdən və
öyrənməkdən zövq
alıram.
- Xarici səfərlərdə
çox olursunuz, muğamımıza münasibət
necədir?
- Hər millətin öz milli musiqisi çox maraqlıdır. Bizim musiqimiz, muğamımız çox
zəngindir. Dünyanın
harasında olsaq da, əgər ifaçı peşəkardırsa, onun
ifası dinlənilir.
Azərbaycanın muğamı
dünyanın hər
yerində maraqla qarşılanır, sevilir.
Mən bunun dəfələrlə şahidi
olmuşam ki, bütün
muğam ustadlarımızı
necə qarşılayıblar.
- Xarici tamaşaçıların
yadınızda qalan reaksiyalarından danışa
bilərsiniz?
- Çox olub belə hadisələr. Məsələn, 2011-ci ildə
Kopenhagendə Womex musiqi festivalı keçirilirdi. Həmin
festival hər il bir ölkədə keçirilir.
"Qarabağ" muğam
qrupu olaraq Azərbaycanı təmsil
edirdik. 30 ildir muğam qrupum var. "Qarabağ" muğam qrupunun digər üzvləri Xalq artisti Elçin Həşimov (tar), əməkdar
artistlər Elnur Əhmədov (kamança)
və Kamran Kərimovdur
(nağara). Biz orda 45 dəqiqə çıxış
etdik. Dostum Emin Musavi də aparıcı idi. Orda danimarkalı jurnalist azərbaycanlıların
əlindəki kiçik
bayraqlarımızdan birini
aldı və dizini yerə qoyub bayrağımızı
öpdü. Dedi ki, belə musiqisi olan xalqın qarşısında baş
əyirəm. O zaman biz qürur
hissi keçirdik. Hardasa 10 il olar ki, Latviyada konsertdə idik. Latviyanın prezidenti orda iştirak edirdi. Sonra bizi qəbul etdi və dedi
ki, mən sizə qulaq asdım. Sözləri təbii ki, anlamırdım, amma mənə belə gəldi ki, bu Yer musiqisi deyil,
kosmik musiqidir. Qətərdə mədəniyyət
günlərində "Leyli
və Məcnun"u göstərirdik. Qətərin
mədəniyyət naziri
səhnənin arxasına
gəldi və Nəzakət xanımla, mənimlə görüşdü.
Bizə baxdı və dedi ki, sözlərini anlamadım,
amma siz ikiniz də məni dəfələrlə
ağlatdınız. Bu, bizim
musiqimizin, muğamımızın
gücüdür. Onu
ağladan bizim muğamımız, musiqimizin
təsiridir. Demək istəyirəm ki, doğrudan
da Azərbaycanın milli musiqisi,
bizim muğamımız
çox zəngindir, bəşəri bir musiqidir. Qədim olduğu qədər də müasirdir. Muğamımız hər
ifaçı ilə yenilənir, hər ifaçı muğama bir nəfəs gətirir.
- Azərbaycan teatrında Məcnun rolunu dəfələrlə canlandırmısınız.
Sizcə, Məcnun obrazı muğam sənətində hansı
dərin mənaları
simvolizə edir?
- İstər Leyli obrazı, istər Məcnun obrazı ifaçı üçün
bir zirvədir. Xanəndələr üçün
ən zirvədir. Hər xanəndə arzulayır ki, heç olmasa bir dəfə
Məcnunu ifa etsin. Mənim də bəxtimə yazılıb. 1993-cü ildən
bu günə qədər Məcnunu ifa edirəm. Məni operaya Şövkət Ələkbərova
aparıb. Asəf Zeynallı adına Musiqi Kollecində üçüncü kurs
tələbəsi idim.
Üzeyir Hacıbəyovun
anadan olmasının
100 illiyi ilə bağlı Respublika Muğam
Müsabiqəsi keçirildi.
Müsabiqədə birinci
yeri tutdum. Həmin müsabiqədə
Şövkət xanım,
Gülağa Məmmədov
və Nəriman Əliyev münsif idi. Mənim səsim Şövkət xanımın çox xoşuna gəlmişdi. Həmin ildən Şövkət xanımın
məsləhəti ilə
məni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
işə götürdülər.
Artıq 31 ildir ki,
opera səhnəsinin Məcnunuyam.
Bununla da fəxr edirəm. Təbii ki, artıq fəal səhnədə deyiləm.
İldə bir və ya iki
dəfə oxuyuram. Gəncləri aparmışıq
ora, amma tamaşaçı bizi də istəyir. Ona görə, ildə bir, ya iki
dəfə ustad dərsi kimi tamaşanın yarandığı
gün Nəzakət xanım Teymurova ilə tamaşanı oxuyuruq. Yeri gəlmişkən, 2025-ci il yanvarın
11-də - tamaşa yarandığı
gün Nəzakət xanımla "Leyli və Məcnun"u oxuyacağıq.
- Qısa müddət
öncə Məcnun obrazını tələbələrinizdən
olan Orxan Hüseynlinin ifasında dinləmişəm. Onu səhnədə izləmisiniz?
- Bəli.
- Səhnəmizin "Məcnun"u
və Orxan bəyin müəllimi olaraq onun səhnəsi
haqqında nə düşünürsünüz?
- Orxan mənim ən gözəl tələbələrimdəndir. Çox gözəl ifaçıdır. İnanıram
ki, onu qarşıda daha böyük uğurlar gözləyir. Orxan Respublika və Beynəlxalq Muğam Müsabiqələrinin qalibidir.
Mənim yetirməmdir.
Onun gələcəyinə
böyük ümidlər
bəsləyirəm.
- Müsahibələrinizin birində "Biz "Qarabağ"
adını haralara aparmadıq. Hər yeri gəzirdik, öz torpağımıza
gedə bilmirdik" deyə bir ifadə
işlətmisiniz. Qarabağ
ifalarınızda dünyanı
gəzdi. Şükür
ki, torpaqlarımızı azad
etdik. Getdiniz və Qarabağı gördünüz, amma necə gördünüz?
- Bu, çox ağrılı sualdır. 30 il səsi qazandığım torpağa
həsrət qaldım.
2020-ci il noyabrın 20-də Ağdam "Dəmir Yumruq"un sayəsində
qayıtdı. Allah bütün
şəhidlərimizə rəhmət
etsin! Bütün qazilərimizə can sağlığı
versin! Allah Ali Baş
Komandanımızı qorusun!
Biz, müzəffər ordumuzun
sayəsində torpaqlarımızı
qaytardıq. Ağdam qayıdandan 5 gün sonra öz yetirməm,
əməkdar artist Təyyar
Bayramovla Ağdama getdim. Təsəvvür edin, möhtəşəm
şəkildə qoyub
çıxdığımız Ağdam yoxdur. Bildiyimiz xarabaya döndəriblər. Biz məscid
var, onun da sanki "skeleti" qalmışdı.
Vandallar orda heyvan saxlamışdılar,
heç yaxşı vəziyyətdə deyildi.
Bir gözümüz güldü,
bir gözümüz ağladı. Sevindik ki, torpağımız qayıdıb,
torpağımızın üstündəyik.
Ürəyimiz qan ağlayırdı ki, Ağdam
xarabalığa dönüb.
Mən məscidə daxil oldum, ömrümdə
ilk dəfə azan verdim.
Heç vaxt azan verməmişdim. Allaha bir təşəkkürüm
idi ki, torpağımız
qayıdıb. O hissi bir dəfə Kəbədə yaşamışdım.
İlk dəfə mədəniyyət
günlərinə gedəndə
Kəbəni ziyarət
etdik, Məkkəyə
daxil oldum və Kəbə qarşıma çıxdı.
Həmişə televiziyadan,
şəkillərdən görmüşdüm,
amma ilk dəfə canlı qarşısında
dayanmışdım. Dedim,
Allahım, sən məni hara gətirib çıxartmısan. O hissi
ikinci dəfə Ağdamda keçirdim. Ondan 3 gün sonra Hikmət Hacıyev xarici səfirləri Ağdama aparanda məni də dəvət etdi. Dram teatrının uçuq binasının qarşısında xarici səfirlərə konsert verdim. İlk dəfə Ağdamda konserti də mən verdim, məsciddə azanı da. Bu, mənim qismətimə yazılmışdı.
Şükür bu günə ki, artıq Qarabağımız sürətlə
inkişaf edir, qurulur. Artıq orda xeyli insan
məskunlaşıb. İnanıram
ki, az vaxtda Qarabağın əvvəlki
şöhrəti özünə
qayıdacaq və ora yenə də
çal-çağır, muğam mərkəzi olacaq.
- Azərbaycan muğamı
2003-cü ildə UNESCO tərəfindən
bəşəriyyətin qeyri-maddi
irsinin şah əsəri elan olunub. Bəs, özümüzdə?
- 2004-cü
ildən, Heydər Əliyev Fondu yaranan gündən muğamımızın
yeni inkişaf dövrü
başladı. Muğama
müxtəlif vaxtlarda
müxtəlif münasibətlər
olub. Məsələn,
80-ci illərin sonları,
90-cı illərin əvvəllərində
ölkədə bir xaos var idi. Birinci
Qarabağ müharibəsi,
məcburi köçkünlərimiz,
separatçıların hərəkətləri
və başqa hadisələrin təsiri
ilə muğama diqqət yox səviyyəsinə endi.
Amma 1993-cü ildən Ulu Öndərimiz
Heydər Əliyev hakimiyyətə gələndən
sonra bizim muğamımıza diqqət
dəyişdi. Heydər
Əliyev Fondu yaranandan
sonra artıq muğam layihələri başladı. Fond tərəfindən
muğama dəstək
başladı. Bu gün
arxamızda dövlətimizi
hiss edirik. Xüsusi olaraq Heydər Əliyev Fondu deyərdim
ki, muğamımızın himayəçisidir. Bizi hər zaman hər yerdə dəstəkləyir.
- Xalqın münasibətini
necə dəyərləndirirsiniz?
- Xalqın münasibəti həmişə əla olub. Bu, bizim xalqın musiqisidir, kənardan gətirməmişik.
Xalq həmişə muğamı dəstəkləyib.
Xalqın həmişə
muğama ehtiyacı olub, hər zaman dinləyib. Bütün bölgələrdə bu
belə olub, xüsusilə də deyərdim ki, Qarabağ, Şirvan, Bakı, Şimal, Lənkəran və başqa bölgələrdə. Xalqımız
həmişə yüksək
münasibət bəsləyib.
Sadəcə olaraq müxtəlif vaxtlarda vəziyyətdən asılı
olaraq muğama münasibət fərqlənib.
Keçirilən muğam
müsabiqələrinin nəticəsində
bu gün gənclərimizin muğama
olan axını yüksək səviyyədədir.
- Əvvəllər muğam
toylarda yaşadılırmış.
Artıq muğam dəstgahlarımız toylarda
oxunmur. Necə oldu ki, bu adət-ənənə
unuduldu?
- Bax, bu yaralı yerimizdir. Çox təəssüflər olsun.
Çox doğru vurğulayırsınız, bu
gün muğamlarımız
toylarda çox az ifa olunur.
Bakı kəndlərində,
Qarabağ, Şirvan, Lənkəran bölgələrində
müəyyən yerlərdə
bu adət qalıb. Çox təəssüf ki, çox
azdır. Xanəndələr
dəvət olunurlar, amma dəstgah şəklində çox
çətindir. Gənclərimizə
meydan lazımdır.
Bu sənət unudulmamalıdır,
yaşamalıdır. Bu sənət
bizim tariximizi özündə əks etdirir. Bu sənət bizim əxlaqımız, tərbiyəmizdir, yeni qəzəliyyatımız,
yeni şeiriyyatımızdır. Düşünürəm ki, hər
kəs buna diqqət etməlidir. Ən azı hər kəs öz övladının toyunda
buna diqqət edə bilər. Mən demirəm ki, müasir 4-5 saatlıq toylarda ancaq muğam dəstgahı oxusun. Bu, mümkünsüzdür, çünki
toyun bir ssenarisi var. Yenə də bəzi bölgələrdə muğam
ifaçılarının dəvət olunması yaxşı haldır.
Qiymət Mahir
Olaylar.- 2024.- 22-28 noyabr,
¹41.- S.16-17.