“Teatr
məbəd deyil, məbədə aparan yoldur”
Gəlin, teatrdan danışaq
Vidadi Həsənovla MÜSAHİBƏ
İlk dəfədir müsahibədən
öncə giriş hissəni yazıram. Hə, bu gün noyabrın
24-dü. Mən hələ
müsahibimlə sabah-noyabrın
25-də görüşəcəm. Bəs niyə indi yazıram?
Hardasa 1 il
öncə bir tamaşa elanı gördüm. "M. Teatr"da Bir gecənin
nağılı"... İlk dəfə idi eşidirdim, diqqətimi çəkdi. Bilet aldım. Tamaşa saatı yaxınlaşırdı.
Tıxaclar məlumunuzdur.
Tamaşaya 15 dəqiqə
qədər gecikdim. Sadəcə 15 dəqiqə
gecikdiyimi düşünürdüm,
sən demə, teatrın bir çox incəliyini qaçırmışam... Bunu
növbəti dəfə
gedəndə anladım.
"M. Teatr"ın özünə
məxsus adətləri
varmış. Tamaşadan
öncə nə qədər gözləsəniz
ki, hardansa zəng səslənəcək
və sizi içəri buraxacaqlar, bu mümkün deyil. Çünki bu zəngi tamaşaçılardan
biri səsləndirməlidir.
Maraqlıdır, hə?
Elə bu andan "M. Teatr" sənin üçün doğmalaşmağa başlayır.
İlk zəng səslənir,
içəri daxil olub əyləşirik. Teatrın bədii rəhbəri Vidadi Həsənov zənglə
gəlir, tamaşaçıları
salamlayır və ikinci zəngi səsləndirmək üçün
birini seçir. İkinci zəngi də bizdən biri səsləndirir, hətta üçüncü
zəngi də. Amma üçüncü zəngdən
öncə Vidadi müəllim "M.Teatr" haqqında,
tamaşa haqqında məlumat verir. Düşünün, dəfələrlə
həmin nitqi eşitmişəm. Hər
dəfə eyni hekayəni eyni hisslərlə izah edərkən, heç vaxt səsində yorğunluq hissi olmur. Onun bu
həvəsi hər dəfə teatrın ruhunu yenidən canlandırır. Üçüncü
zəng səslənir,
tamaşa başlayır...
Çox
şahidi olmuşam, tamaşa boyu müsahibim qapının yanında dayanaraq tamaşanı izləyir. Bəzən həyəcanla,
bəzən qürurla,
bəzən də açığı deyim,
üzündəki ifadə
mənə məlum olmur.
Müsahibim xalq artisti, müstəqil
"M.Teatrı"nın
bədii rəhbəri,
aktyor Vidadi Həsənovdur. Teatrda dəfələrdə olmuşam,
bəs bu müsahibə niyə indi baş tutur?
Açığı, izlədiyim
ilk tamaşadan sonra bu müsahibəni götürsəm, səmimiyyət
olmayacaqdı. İndi mən
də özümü
bu teatrın bir parçası hiss edirəm. Bəlkə də buna görə bu müsahibə məhz indi baş tutur...
- Vidadi müəllim, söhbətimizə hazırda
olduğumuz məkandan
danışmaqla başlayaq.
"M. Teatr" necə
yarandı?
- Uzun illərdir
ki, Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
dərs deyirəm. Hər il gözümün
qabağında istedadlı
insanlar universiteti bitirirlər. Əfsuslar olsun ki, sonradan özlərini realizə etməyə yer tapa bilmirlər. Mən dövlət teatrlarını
və aktyorluq fakültəsini bitirən
tələbələri nəzərdə
tuturam. Dövlət teatrlarında ştat məsələsi var və
ştatlar doludur. Gənc insanlar da cəhd edir, yollar axtarırlar ki, teatra düzəlsinlər,
amma mümkün olmur. Bir az da keçir, həyat və mühit şərtləri var, yaşamaq
lazımdır. 3-4 ildən
sonra görürsən
ki, biri taksi sürür, biri alver edir. Adama
pis təsir edir. 2016-cı ildə bir qrup belə
gənci ətrafıma
yığdım. Dedim
gəlin teatr düzəldək, asan olmayacaq, çətin olacaq, amma gəlin
başlayaq. Onlar da razılaşdılar. Yığışdıq,
şəhərin mərkəzində
balaca bir yer kirayələdik. Məşqlərimizi etdik,
tamaşa hazırladıq.
Teatrları icarəyə
götürüb tamaşamızı
göstərdik. "M. Teatr"
belə niyyətdən
yarandı ki, gənc insanlar itib batmasınlar.
İndi də "M" Teatrda
çalışan aktyorların
əksəriyyəti gənclərdir.
Hətta elə gənclər var ki, onların
bu sahə üzrə təhsili yoxdur. Onlar burda
rol oynayır, özlərini nümayiş
etdirirlər. İstedadlı
insan istedadlıdır.
- Onda aktyor olmaq üçün
təhsil o qədər
də önəmli deyil?
- Aktyor olmaq üçün təhsil
çox önəmlidir.
Bu uşaqlara burda müəyyən peşə
vərdişləri də
öyrədirik. Səhnəyə
çıxıb rol
da oynayırlar, amma onların ən böyük arzu və istəyi universitetə daxil olmaq, təhsil almaqdır. Biz bunu onların beyinlərinə
yeritməyə çalışırıq.
Təhsilsiz heç bir şey mümkün
deyil. Artıq onların bir neçəsi qəbul olub, bir neçəsi
də bu il Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə
daxil olacaqlar.
- Olduqca maraqlı tamaşalar səhnələşdirirsiniz. Repertuar
seçimində nələrə
diqqət edirsiniz? Sizin üçün əsas olan nədir?
- Bizim ən diqqət etdiyimiz şey tamaşaçı və
tamaşaçı rəyidir.
Ona görə də öz repertuarımızı düşünəndə
ilk növbədə öz
"Facebook" və
"İnstagram" səhifələrimizdə
tamaşaçılarımıza müraciət edirik: "Hansı müəllifi, hansı əsərləri
səhnədə görmək
istəyirsiniz?" Onlar
da öz arzu və istəklərini bildirirlər. Sorğuda çoxluq təşkil edən əsərləri
və müəllifləri
sonradan səhnəyə
gətiririk. Beləcə
Stefan Sveyqin "Yad qadının
məktubu", Lilian Voyniçin
"Ovod", Con Steynbekin
"Adamlar və siçanlar" əsərlərini
səhnələşdirmişik. Bu yaxınlarda yenə də həmin o tamaşaçılar bizim
teatrın səhnəsində
hansısa absurd janrında
olan pyes, əsər görmək istəyirdilər. Biz Slavomir
Mrozekin "İmmiqrantlar"
əsərini səhnələşdirdik.
Qarşıda hazırlayacağımız
tamaşalar da yenə
onların arzu və istəyindən ibarət olacaq.
- Tamaşaçınıza
çox önəm verdiyinizin dəfələrlə
şahidi olmuşam. Hər tamaşada bunu hiss etdirirsiniz. Məsələn, tamaşa
bitəndən sonra öz tamaşaçınızı
alqışlayırsınız. Tamaşaçı və
aktyor arasındakı
bağ sizə nə qazandırır?
- Teatr o zaman var olur ki, səhnədə tamaşa, zalda isə tamaşaçı
olur. Bu iki şey olmasa, teatr yoxdur. Ona görə də biz sənətçi olaraq səhnədə baş verənlərə nə qədər dəyər veririksə, bu səhnədə hazırladığımız
əsərləri təqdim
etdiyimiz insanlara, tamaşaçılara da o qədər
dəyər veririk. Bizim ilk tamaşalarımıza
bir, iki, üç nəfər gəlirdi. O vaxtdan biz hər tamaşa bitəndən sonra gəlirik və zalda əyləşən
insanlarla birlikdə şəkil çəkdirir, onların
tamaşa haqqında fikirlərini öyrənirik.
Bəzən tamaşamız
bir saat çəkir, amma tamaşa haqqındakı müzakirələrimiz saat
yarım, iki saata qədər uzanır. İnsanlar baxdıqları əsəri
müzakirə etməkdən,
onun haqqında fikir bildirməkdən həzz alırlar. Əgər sən tamaşaçıya diqqətli
olursansa, o da bu diqqəti hiss edirsə, bir də gələcək.
Bizim teatrda tamaşaçıyla bağlı
fəaliyyət birbaşadır.
Yenə vurğulamaq istəyirəm, biz dövlət
teatrı deyilik, dövlətdən bir qəpik pul almırıq. Əgər
bu tamaşaçılar
gəlməsə, biz ayaqda
dura bilmərik, işləyə
bilmərik. Tamaşaçı
ilə bizim aramızda heç kəs yoxdur. Dövlət teatrında inzibatçı, bileti yayan adamlar var və s. var. Bizdə belə bir şey
yoxdur. İnsanlar
"İTicket"dən bilet
əldə edir və birbaşa gəlib baxırlar. Heç bir başqa vasitələrlə
tamaşaçıları bura cəlb etmək fikrində deyilik. Onlar bilet almalı və gəlib baxmalıdırlar. Əlbəttə,
dəvət elədiyimiz
insanlar da olur, xüsusilə də premyeralarımız olanda.
Tamaşaçıya çox
böyük önəm
vermək, tamaşaçıya
çox böyük diqqət göstərmək
lazımdır. Bunu evimizə gələn qonaq kimi düşünək.
Gələn qonağa
diqqətli olanda, qayğısına qalanda,
gəlməsinə hazırlaşanda,
onun üçün hər gün bişirdiyimiz yeməyi yox, başqa naz-nemət hazırlayanda razı qalır və bir dəfə
də sənin yanına gəlmək istəyir. Nə vaxt dəvət etsən, gələcəklər,
amma sən onlara üz göstərməsən, gələn
qonaq sənin vecinə olmasa, əlbəttə ki, bir daha sənin evinə gəlməyəcək,
evinin kandarına ayaq basmayacaq.
- Vidadi müəllim, tamaşadan
sonra müzakirə hissəsini ilk sizin teatrda görmüşəm.
Bu ənənəni necə
formalaşdırdınız?
- Bu adət bizə mənim müəllimim - Vaqif İbrahimoğludan keçib.
"Yuğ" Teatrında
belə bir adət var idi.
- İndi yoxdur...
- İndi "Yuğ" Teatrının öz binası da yoxdur. Binasızlıq, yersizlik üzündən Azərbaycan
Dövlət Kukla Teatrının binasına
sığınmışıq. Yəqin ki, özünün
binası olandan sonra bu ənənəni
bizim gənclərimiz
istəsələr, davam
etdirərlər. Bu ənənə
bizim yaratdığımız,
düşündüyümüz bir şey deyil.
Bu bizə ustadımızdan
qalan mirasdır.
- Dövlət
teatrında da çalışırsınız.
Mən sizdən bu gün özəl
teatrlara məxsus olan problemləri eşitmək istəyirəm.
- Özəl teatrların
problemi bir deyil, beş deyil. 44 ildir teatrla məşğulam və 44 ildir dövlət teatrında işləyirəm. Bu illər
ərzində dövlət
teatrlarının problemləri
haqqında hər il danışılır. Bir nazir gedir, o birisi gəlir, yenə danışılır.
O birisi gedir, yenisi gəlir, yenə danışılır.
44 ildə bu problemləri hər dəfə eşidirəm
və məlum olur ki, problem deyilən şey heç vaxt qurtarmaz. Bu nə nazirin dəyişməyindən asılı
bir şeydir, nə teatrların fəaliyyətsizliyindən. İşləyirsənsə,
orada mütləq
problem, hansısa maneə
və əngəllər
olacaq. Bu hələ dövlət teatrlarıdır.
Dövlətin böyük
qayğısı, diqqəti
var. O ki qaldı belə
qayğıdan və diqqətdən kənar qalan müstəqil teatrlara, onların problemi sadaladığımdan
qat-qat çoxdur. Bu problemlərdən
ən əsası bilirsiniz nədir? Bizim müəyyən maliyyə yerlərinə əlimiz çatmalıdır.
Bunun üçün isə
qanunvericilikdə müəyyən
dəyişikliyə ehtiyac
var.
- Bu dəyişiklik
nədən ibarətdir?
- Belə şeylər qonşu dövlətlərin nümunəsində
var. Tutaq ki, kiməsə
müraciət edirsən
ki, biz belə tamaşa
hazırlayırıq. Ya
bizə müəyyən
mənada dəstək
olun, ya da sizin üçün tutaq ki, öz tamaşamızda hansısa
reklam işini görək. Bizdə bu maliyyəsi olan böyük şirkətlərin, holdinqlərin,
insanların marağında
deyil. Amma bu böyük şirkətləri
vergidən müəyyən
faiz azad edib desələr ki, bunu onun üçün
edirəm ki, siz də mədəniyyətə,
incəsənətə, idmana
və digər bu kimi sahələrə
dəstək olasınız.
Onda biz sponsor arxasınca
qaçmarıq, onlar
bizi axtararlar. Çünki onların bir tamaşaya, filmə, idmançıya
ayırdığı pul
o qədər böyük
məbləğ deyil.
Amma onlar elə böyük məbləğdə
vergidən azad olacaqlar ki, onda onlar özləri axtaracaqlar ki, hansı teatra, idmançıya köməklik etsinlər,
hansı filmə sərmayə qoysunlar.
Bunun üçün isə
zaman lazımdır.
Bakıda
hələ ki, öz yeri, yuvası olan, mütəmadi hər həftə tamaşa göstərən
bir müstəqil teatr var. O da "M. Teatr"dır.
Amma 2022-ci ildə Mədəniyyət
Nazirliyi yanında İctimai şuranın dəstəyi ilə Müstəqil Teatrların
Festivalını təşkil
elədim. İctimai şura bizə çox böyük dəstək oldu. Məlum oldu ki, Bakıda 17 müstəqil
teatr var. Gənclər
teatr fəaliyyəti ilə məşğul olurlar, tamaşalar hazırlayırlar, amma göstərməyə yer
yoxdur. Biz festivaldan sonra Mədəniyyət Nazirliyinə müraciət
etdik və nazirlik hər teatra ayda bir
dəfə dövlət
teatrlarında tamaşa
göstərməyə imkan
verdi. Bu, müstəqil
teatra böyük dəstək idi, amma sonradan bu
ənənə də
yox oldu. Bir komanda getdi, o birisi komanda gəldi. Bir də gördük ki, bu yaxşı iş aradan çıxdı.
İndi təkcə Bakıda
deyil, demək olar ki, respublikamızın
hər bir rayonunda teatrlar mövcuddur. Dövlət teatrları, xalq teatrları, dram dərnəkləri
var. Özəl teatrların
inkişafına diqqət
ayırmaq lazımdır.
Adətən bizə xarici ölkələrdən
misal göstərirlər. Mən isə öz ölkəmizdən bir nümunə deyim. Harda dövlət sektoru varsa, eyni sahədə müstəqil sektor da varsa, orada inkişaf
var. Nə üçün?
Çünki rəqabət
var. Teatr da dövlət
müəssisəsidir. Dövlət
də onun marağında olmalıdır
ki, onun yanında müstəqil teatrlar da olsun. Müstəqil teatrlar yalnız rəqabət üçün
deyil. Bu həm də ona görədir
ki, burada yeni gənclər
formalaşa, yetişə
bilər. Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti bitirən gənclər küçələrdə
qalmaz, gedib başqa işlərlə
məşğul olmaz.
Rusiyanın təcrübəsində
bu çox önəmli görünür.
İndi xəbərim yoxdur, amma bir vaxtlar
hər metro stansiyasının
yanında bir balaca teatr var idi. O balaca teatrda
yetişən, formalaşan
aktyorlar sonra rus teatrlarının, kinosunun simasına çevrildilər. Axı
bu gənc insan hardasa püxtələşməli,
fəaliyyət göstərməli,
yetişməlidir... Başqa
cür çox uzun bir yol
gedəsi olacağıq.
Ona görə də bəzən bir gənc universiteti bitirib teatra gəlir və deyirlər ki, bu bacarıqsızdır. Əlbəttə!
Universiteti bitirmək hələ aktyor olmaq demək deyil. Gərək müəyyən təcrübəsi
olsun. Biz də istedadlı tələbələrimiz
üçün münbit
şərait yaratmalıyıq
ki, onlar yetişsin, inkişaf etsin. Əks halda elə hamı deyinəcək ki, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti istedadlı
adam buraxmır. Niyə buraxmır? Sadəcə o istedadı müəyyən müddət
inkişaf etdirmək lazımdır.
- Özəl teatrla dövlət teatrında işləmək arasında
hansı fərqlər
var? Məncə ilk sırada
müəyyən sərbəstlik
və potensialını
ortaya çıxarma dayanır...
- Bizim teatrda fəaliyyət
göstərən Oksana Rəsulovadan
danışaq. O, filmlərə
çəkilir, seriallarda
oynayırdı. Müxtəlif
teatrlara bəlkə də müraciət eləyib, bilmirəm, amma özünü səhnədə realizə
etmək üçün
bir imkanı yox idi. Günlərin
bir günü Oksana Rəsulova "M. Teatr"a
gəldi, burda oynamaq istəyini bildirdi. Artıq Oksana Rəsulova
"M.Teatr"ın aparıcı aktrisasıdır.
O yenə filmlərə,
seriallara çəkilir,
prodüser kimi də fəaliyyət göstərir, amma insan aktrisa kimi
özünü realizə
etməyə bir yer tapmalıdır. Bu fəaliyyətin nəticəsidir
ki, Oksana Rəsulova artıq
Azərbaycanda bir neçə yeni keyfiyyətli
filmlərə çəkildi.
Bu yaxında Pakistanda filmə çəkilmək
üçün dəvət
aldı. Həmin rejissor bizim tamaşaya baxmağa gəlmişdi və baxdı. Oksana Rəsulovanı
bir aktrisa kimi bəyəndi və onu öz
filmində çəkilməyə
dəvət etdi. Teatr onun üçündür
ki, sən burda özünü daha keyfiyyətli realizə eləsən. Teatr elə bir məkandır
ki, orada səni daha çox görürlər. Bizim gənclərimiz ki var, vaxt
gələcək və
onlar hamısı dövlət teatrlarında
işləyəcəklər. Çünki onlar burada daim fəaliyyətdədirlər,
iş görürlər,
daim öz üzərlərində çalışırlar.
Gələn həftə
bizdə premyera olacaq. Elə bir tamaşadır ki, orada ancaq gənclər
oynayacaq. Bu nə üçündür? Mən
qabaqcadan da bilirəm
ki, o tamaşa bizə
o qədər də maliyyə, pul gətirməyəcək. Amma biz bu tamaşanı həm də ona görə hazırlayırıq ki, bu
gənclər özlərini
realizə etsinlər.
Özlərini sınasınlar,
rol oynasınlar, öz üzərində işləsinlər. Elə
hər şeydə pul güdmək lazım deyil axı. Burada çalışan aktyorların,
aktrisaların inkişafını
da nəzərə almaq
lazımdır ki, onlar
burada püxtələşsinlər,
sənətkarlığa doğru
müəyyən addımlar
atsınlar. Dövlət
teatrında rejissor deyir ki, mən bu tamaşanı hazırlayıram, amma biz elə edə bilmərik. Biz mütləq
tamaşaçılarımızdan soruşuruq. Əgər növbəti tamaşamıza
insanlar gəlməsə,
o birisi tamaşamızı
hazırlaya bilməyəcəyik.
Dövlət teatrında
belədir ki, dövlət
hətta tamaşanı
hazırlamaq üçün
bəzən sifariş
verir, pul da ayırır, maaş verir, teatrın müəyyən xərclərini
ödəyir. Burda isə hər şeyi özümüz edirik, hər şey bizə aiddir. Ona görə də bizim işimiz
çox çətindir.
Buna baxmayaraq, çalışırıq
ki, bütün bu şeylərin hamısını
həll edə bilək.
- Tamaşaçı
yoxdursa, teatr da yoxdur...
- Bu, qanundur.
"M.Teatr" bir az gözdən,
könüldən uzaq
yerdədir. İnsanların
əksəriyyəti bura
taksi ilə gəlir və taksi ilə gedirlər. Əgər onlar burda nəyisə
xoşlamasalar, bu tamaşalar onlara təsir eləməsə, bura
gələrlərmi? Gəlməzlər.
Bura şəhərin mərkəzi
deyil ki, həm gəzməyə çıxsın,
həm də desin ki, bir tamaşaya
da gedim. Bura gələn
insanlar artıq nə istədiklərini bilən adamlardır. Qeyri-təvazökarlıq kimi
səslənməsinin, "M.Teatr"ın artıq öz tamaşaçıları var və
nə xoş ki, bu tamaşaçıların
əksəriyyəti şəhərimizin
intellektuallarıdır.
-Pilləkənlərdən
qalxan kimi bizi "Teatr məbəd deyil, məbədə aparan yoldur" yazısı qarşılayır.
- Mən tələbəlik
illərindən həmişə
bu sözləri eşitmişəm ki, teatr
tribunadır, teatr böyüdücü şüşədir,
teatr məbəddir. Elə deyirdilər. Gənclik illərində bütün bu sözlərə inanırdım.
Özüm teatra gələndən sonra gördüm ki, bu sözlərdə həddən
artıq pafos var. Onda bu sözlərin
hamısını özüm
üçün başqa
cür ifadə etməyə başladım.
Bu sözlərdən biri
də "teatr məbəddir" ifadəsi
idi. Mənə elə gəlir ki, teatr məbəd deyil, teatr elə
teatrdır. Teatr kilsə olmalı deyil, məscid olmalı deyil, məbəd olmalı deyil. Bura hansısa sekta deyil, burada
hansısa ayinlər keçirilmir. Teatrda tamaşa göstərilir.
Amma teatr həm də böyük mənəvi-əxlaqi dəyərləri
təcəssüm etdirən,
təbliğ edən məkandır. Bu mənada
mənə elə gəlir ki, teatr məbəd deyil, məbədə aparan yoldur. Yaxşı ədəbiyyatdan, yaxşı
sənət əsərindən
keçən bütün
yollar səni mənəviyyata, həqiqətə
aparır. Bütün
dinlərin adında yol sözü var. Bütün dinlər bizi böyük olana - Allaha aparan yoldur. Teatr da bizi həmin
mənəvi-əxlaqi dəyərlər
olan məkana, məbədə, bizi göylərə aparan yoldur.
- Bunu teatrın cəmiyyət qarşısındakı məsuliyyəti
adlandıra bilərik?
- Teatrın məsuliyyəti
də var, vəzifəsi
də. Teatr da bir müəssisədir. Əgər məsuliyyəti,
çiynində duran vəzifəni hiss etməsən,
onda bura teatr olmaz. Teatrda
olmağın məsuliyyəti
var. Sən o məsuliyyəti
çiynində daşımalısan.
Bu ölkənin vətəndaşısansa,
bu ölkənin hər şeyi, bütün dəyərləri
sənin üçün
də var və hörmətlə yanaşmalısan.
"Mən müstəqiləm!"
deyib, ağzına gələni danışmalı
deyilsən. Müstəqil
teatrın çiyninə
daha ağır, daha çətin işlər düşür.
Dünən Polşa dramaturqu Yevgeni Poplavskinin
"İlham pərisi" tamaşasından sonra yenə müzakirə gedirdi. İnsanlar bu mövzuda olan tamaşanın hazırlanması və göstərilməsinə görə
bizə çoxlu təşəkkür edirdilər.
Deyirdilər ki, səhnədən
təcəssüm olunan
bu mənəvi-əxlaqi
dəyərlərə bu
saat hər kəsin ehtiyacı var və bu onları
razı salır. Çalışırıq ki, bu dəyərlərə,
bu məsələlərə
görə həm məsuliyyət hiss edək,
həm də öz vəzifəmizi yerinə yetirək.
- Teatr kütləni formalaşdırır,
yoxsa...?
- Mənim kütlə sözündən
xoşum gəlmir, çünki kütlə
deyiriksə, orda sən də varsan, mən də. Amma insanların əksəriyyəti kütlə
deyəndə özünü
ordan çıxardır.
Deyir mən orda deyiləm. Toplum olaraq, xalq olaraq hamımız
eyniyik. Kimliyindən və vəzifəsindən
asılı olmayaraq. Birincisi, hər kəs bilməlidir ki, o, vətəndaşdır. Sənin
şəxsi məsələlərin
bundan sonra gəlir. Müəyyən
bir vəzifədəsənsə,
bu ölkənin vətəndaşı olduğun
üçün o vəzifədəsən.
Bu vəzifəni sənə
ona görə veriblər ki, insanlara xidmət edəsən. Heç bir şey insanın həyatından izsiz örtüb keçmir. Yağış, külək,
oxuduğumuz bir kitab, baxdığımız bir
tamaşa, küçədə
eşitdiyimiz yaxşı
bir söz... Elə bir şey
yoxdur ki, bizim həyatımızın formalaşması,
kimliyimizin inkişafı
üçün xidmət
etməsin. Teatr da bu cəhətdən belədir. Amma mən
"teatr insanları tərbiyələndirir" və
s. kimi məsələlərə
o qədər pafosla yanaşmıram. Bu məsələlərə
çox sadə baxıram. Düşünürəm
ki, həkimlərin hamısı
dərmanla, iynəylə
müalicə eləmir
ki. Elə həkimlər
var, sözlə, münasibətləri
ilə də adamı sağaldırlar.
Yaxşı bir bənna təkcə daşı daşın üstünə qoymur. O həm də öz düşüncəsi,
zövqündən istifadə
edir. Ona görə də yer üzündə
nə varsa, hamısı insanlar üçün faydalıdır.
Baxır hər kəs bu məsələlərdən
necə faydalana bilir. Biri yaxşı qidadan, biri teatrdan
zövq alır. Bir ovçuluqdan, biri xəyala dalmaqdan zövq alır. Hər kəs özündə haqlıdır.
Sadəcə öz həyatında sənə
kömək və dəstək ola biləcək
məsələləri tapmalısan.
Bir yaxşı kitab tapıb
oxuyanda o kitabdan nə qədər şeylər öyrənirik.
Bizim düşüncəmizə,
zövqümüzə, gündəlik
həyatımıza da təsir
edir. Kitab bizi formalaşdırmır, həmən
kitabı başqası
da oxuyur. Ola bilər
ki, onun vecinə olmasın. Baxır sən özün nəyi istəyəcəksən.
"Məhz teatr insanları formalaşdırır",
"məhz ədəbiyyat,
incəsənət bu
işi görür",
demək düz olmaz. Belə bir söz var: "Ağıllı insanlar otdan da, itdən də, atdan da öyrənir". Hətta
dəlilərdən də
çox şey öyrənmək olar. Firdovsinin oğlu ondan soruşur ki, ata, sən necə
belə ağıllı
oldun? Deyir baxdım dəlilərə,
tərsini elədim.
Adam istəsə dəlidən
də öyrənır.
Ona görə də məsələ teatrın
mövqeyində deyil,
məsələ insanlardadır.
Sən teatrdan nəyi götürəcəksən?
- Kino çəkilişində
bir səhv olarsa, kadr yenidən
çəkilər. Teatr
aktyorlarının bu sarıdan "bəxti gətirməyib".
- Dünən tamaşa
oynayırdıq. Bir sözü
mən unutdum, bir sözü tərəf müqabilim. Dünya da dağılmadı
(gülür). Tamaşaçılar
bunu bilmədilər.
- Məncə,
gənc aktyorlar üçün bu o qədər də asan olmaz.
- Bu, tramplindən tullanmağa
oxşayır. Hündür
bir yerdir, əvvəlcə sürüşürlər, sonra atdanırlar, uçurlar, gəlib yerə düşürlər. Tramplindən
tullanan insanlara birinci tullanmağı yox, yıxılmağı
öyrədirlər ki, yıxılanda
sağ qala bilsin. Teatrın da müəyyən özəllikləri,
səriştələri var ki, onlara yiyələnməlisən.
Hər şeydən əlavə bir sənətdir. Sənəti
isə öyrənərlər.
Məşqlər ki edirik,
onda sənətin hər məsələsini
öyrənirik. Bu məsələlərdən
biri də odur ki, sabah belə problemlərlə qarşılaşanda onu həll edə biləsən. Bu da bütün
peşələrdə olan
kimi peşə məsələsidir. Kinoda
da elə epizodlar var
ki, alınmır. Sonra məcbur
olurlar, o cür də saxlayırlar. Hiss edirsən ki, rejissor bəyənmədi, amma neynəsin? Əvvəllər
daha çətin idi, lentə çəkirdilər. Lent də
bahalı bir şey idi. Bəzən
kinoda da belə şey var. Peşənin sirlərini öyrənirsən,
yavaş-yavaş alışırsan
və qorxulu heç nə olmur.
- Tələbkar
aktyor və bir teatr rəhbəri
olaraq bu gün Azərbaycanda səhnə üçün
yazılan əsərlər
sizi qane edir?
- Bizim teatrda posterlərimizə də baxsaq, görərsiniz ki, əksəriyyəti
səhnələşdirmələrdir.
Biz hansısa pyesi götürüb səhnələşdirmirik.
Dövlət teatrında
işləyən bir rejissor deyir ki, mən bu pyesi
hazırlamaq istəyirəm.
Ona heç kim heç nə demir. Teatrın öz repertuar siyasəti var, öz bədii şurası var. Onlar da razılaşırlar
və onu hazırlayırlar. Bizdə
belə deyil. Biz tamaşaçılarımıza müraciət edirik, onlar deyirlər ki, "Ovod"u görmək istəyirik. Hərçənd
ki, o qalınlıqda romanı
səhnələşdirmək, bir saat ərzində
səhnədə göstərmək
asan məsələ deyil. "Ovod"u səhnələşdirmək üçün
romanı dörd dəfə oxuyandan sonra bir yol
tapdım ki, bunu necə hazırlayacağıq.
Çox istəyirəm
ki, "1984"ü səhnələşdirim.
O romanı səkkiz dəfə oxumuşam, amma yolunu tapa bilmirəm ki, necə edim. Necə edim ki, onu səhnələşdirim.
Olmayıb ki, hansısa
hazır pyesi götürək. Hətta
gələn həftə
bizdə "Vəliəhd"
tamaşasının premyerasıdır.
Hamının yaxşı
tanıdığı İlqar
Fəhminin trilogiyasıdır.
Onun yazdıqlarını
səhnədə altı
gün göstərsək,
bitməz (gülür).
Biz o trialogiyanın məğzini
çıxarmışıq və onu bir
saatlıq tamaşa etmişik. Ona görə də bizim belə
problemimiz yoxdur. Çalışırıq insanlar
bizə öz arzularını, istəklərini
bildirsinlər. Onların
arzu və istəyinə uyğun
roman olsa belə, səhnələşdiririk. Bu mövsümün axırına
çalışacağıq ki, məşhur türk yazarı Səbahəddin Əlinin "Xəz paltolu Madonna" əsərini
hazırlayaq. İnsanlar
çox istəyirlər
ki, onu hazırlayaq. Hazırlayacağıq. İndi mən onu səhnələşdirirəm.
Səhnə üçün
yazılmış əsər
deyil, amma onu səhnə üçün yazılmış
əsərə çeviririk.
- Son günlərin
trendi olan "Vətəndaş A" serialını
izləmisiniz? Fikirləriniz
necədir?
- "Vətəndaş A" gedəndə eyni zamanda başqa kanalda "Sara" serialı
da gedir, mən özüm də orada çəkilmişəm.
Səmimi deyirəm, demək olar ki, indiyə qədər çəkildiyim seriallara
da baxmamışam. O seriallar
gedən vaxtı televizorun yanında olmuram, işdə oluram.
- Haqqında heç eşitməmisiniz?
- Eşitdiklərim
haqqında danışmaq
istəmirəm. Eşitdiyim
bir neçə fikirdi, o da həmin insanların şəxsi fikirləridir. Mənim fikrim deyil axı.
Özüm səmimi deyirəm, baxmamışam.
Günəş Tegin,
Oqtay Mehdiyev, Qurban İsmayılov, Şamil Süleymanovun çəkildiyini eşitmişəm.
Rastlaşanda və yaxud telefonla danışanda hamısını
təbrik edirəm.
- Bir neçə
gün öncə personajların səsləndirdiyi
qeyri-etik sözlərin
efirə verilməsi ilə bağlı kanala xəbərdarlıq
edildi. Bu hal canlı efirlərdə, televiziya verilişlərində
demək olar ki, hər gün qarşılaşdığımız haldır. Amma məsələ
serial olanda...
- Mən vaxtım olanda ancaq futbola baxıram. Futbol həvəskarıyam.
Televizora baxmağa
vaxtım yoxdur. Həm də vaxtımı xoşuma gələn bir şeyə həsr etmək istəyirəm.
Ona görə bu məsələlər hamısı
mənim üçün
belə qaranlıqdır.
Çalışıram televizora çox baxmayın. Filmə də kinoteatrda baxmağı xoşlayıram.
Vaxt olanda gedib baxıram.
- Müsahibələrinizin
birində heç vaxt erməni rolunu oynamayacağınızı
demisiniz. Bəlkə erməniyə olan nifrəti, onun vəhşiliyini göstərmək
üçün elə
onun rolunu oynamaq lazımdır?
- Yenə oynamaram.
Erməni varsa, mənlik deyil.
- Yeni aktyor nəsillərlə çalışırsınız.
Onlarda gördüyünüz
əsas güclü və zəif cəhətlər hansılardır?
- Gənclik həm güclü olmalıdır, həm zəif. Gəncin enerjisi ilə bizimki bir deyil.
Zəif tərəfləri
təcrübəsizlik və
s. olur. Biz elə bilirik ki, gənc fövqəladə gücə
malikdir. Cavanlıq səhvlik, dəliqanlılıq
dövrüdür. 66 yaşım
var, indi mən o cavana desəm ki, sən belə yox, belə et. O da mən dediyimi etsə, onda 66 yaşı olar. O özü bildiyi kimi etməlidir, cavandır. Cavanlarla işləyirəm, çalışıram
ki, daha çox onları öyrətməyin,
onlardan öyrənim.
İndi hamı cavan sözü eşidən kimi deyir "otur, mən səni öyrədim".
Ay yaşlı, bir düşün də, dədələrimiz deyib axı... Deyib ki, uşağın dilindən
elə bir söz çıxar ki, heyrətə gələrsən.
Onlardan da öyrənməli
çox şeylər
var. 39 ilə yaxındır
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
dərs deyirəm. Əlbəttə, peşə
məsələlərini öyrətmək
lazımdır, vacibdir,
amma elə məsələlər var ki, onlardan
da öyrənmək lazımdır.
"Sən cavansan, heç nə bilmirsən" nöqteyi-nəzərindən
yanaşmaq çox yanlışdır. Onların
bildiyi elə məsələlər var ki, mən
heç vaxt bilməyəcəm, mənim
üçün artıq
gecdir. Üç yaşında uşaq telefonunda fövqəladə
işlər görür,
mən telefondan hələ də qorxuram. Kompüter mənim üçün hələ də qaranlıq meşədir. Mən də bunları bacarmıram. Mənim üçün kompüteri öyrənmək
artıq gecdir, onun üçün isə bütün ömrü var. Yavaş-yavaş
öyrənəcək də.
Biz müəyyən bir
yaşa gəlib çatırıq və elə bilirik ki, mən indi deyəcəm,
gənc insan da o saat mən dediyimi
edəcək. Edə bilməz, anlaya bilməz axı...Onun da ömrü keçməli, müəyyən
təcrübə qazanmalıdır
ki, o da gəlib sənin
yaşına çatsın.
Niyə darıxırıq?
Biz özümüz də
onlar kimi olmuşuq. Kim desə ki, mən cavanlıqda indiki gənclər kimi olmamışam, inanmayın, biz də səhvlər etmişik, günahlar işlətmişik.
Bizi də danlayıblar, bizi də öyrətmək istəyiblər, biz də
etiraz eləmişik.
- "İndiki
cavanlar" ifadəsi...
- İndiki cavanlar
ifadəsini leksikondan ləğv etmək lazımdır. İndiki cavanlara nə olub? Müharibəni udan elə indiki
cavanlar olmadı?
"Cırıq şalvarda
gəzirlər", "bu
nə köynəkdi?",
"bu nə boyunbağıdı?", "bu nədi, bu
nə saçdı?"
Nə aidiyyatı var?
İgidlik lazım gələndə igidlik elədilər və göstərdilər ki, nələrə
qadirdilər. Qayıdıb
gəlib hərbi formasını çıxardıb
yenə cırıq şalvar geyinir, əcəb edir. Saçını uzadıb,
lap yaxşı edib.
Bu insan bu cür yaşamağı xoşlayır. "Bu cür
etmə" deməklə
olmaz. Vaxt gələcək, özü
etməyəcək. Mən
gənc idim, muğamdan həzz almırdım. Radioda xarici musiqilər axtarıb tapırdım, onlara qulaq asırdım.
Yaş keçdi, indi mən o musiqiləri qoymuşam kənara, ancaq muğama qulaq asıram. Onda mən pis idim,
indi yaxşı oldum? Yox. Həyat
səni yetişdirəcək,
püxtələşdirəcək, kamilləşdirəcək. Əsas
olan odur ki, həmişə öyrən.
Bilmədiklərini bilməyə
çalış. Onda
qocalanda cavanları da
çox öyrətmək
istəməyəcəksən. Başa düşəcəksən
ki, hələ sənin
özünə nə
qədər öyrənmək
lazımdır.
- "Azərbaycanda
niyə yaxşı
kino, serial çəkilmir?" sualı artıq şablona çevrilib. Şablon cavab olaraq da maliyyə məsələsini ön
plana atırlar. Kino və
s. incəsənət sahələrindəki
vəziyyətin qənaətbəxş
olmasının səbəbi
təkcə maliyyədir?
- Kim desə ki, Azərbaycanda
yaxşı kino çəkilmir,
bilin ki, onlar kinoya baxmayan və kino sahəsindən
o qədər də xəbərdar olmayan adamlardır. Onların son
vaxtlar görülən
işlərdən, deyəsən,
anlayışları bir
az azdır. Mən demirəm ki, hər şey yaxşıdır. Kim sizə
desə ki, ədəbiyyat,
yaxşı yazıçı
yoxdur, bilin ki, onlar kitab oxumayan adamlardır. Kim desə
ki, bizdə teatrda heç bir inkişaf yoxdur, teatrlarımız XX əsrdə
qalıb, bunlar da teatra getməyən adamlardır. İnsanlar məlumatsızdırlar, getmirlər,
maraqlanmırlar. Elə
ancaq deyirlər ki, yoxdu. Elə insanlar da var ki, teatrlara gedirlər, baxırlar. Sən də dəfələrlə gəlmisən.
Burda nə qədər insan olur. O insanlar niyə desinlər ki, teatr yoxdur? Onlar
hətta deyirlər
ki, dövlət teatrı
ilə yanaşı, bir müstəqil teatr da var. Bu insanlar digər teatrlara da, dövlət teatrlarına
da gedirlər. Onlar heç vaxt demirlər ki, teatr yoxdur. Bu sözü deyənlər, xəbərsizlərdir.
Bir filmə, tamaşaya
baxmasan, onun haqqında necə danışa bilərsən?
Bayaq soruşdun, həmin seriala baxmamışam deyə danışmadım, amma sən başqasından soruşsan, o dəqiqə
başlayacaq ki, seriallarımız
pisdir. Azərbaycan da bir dənə də yaxşı serial yoxdu. Heç vaxt da olmayacaq. Pul yoxdu deyəcəklər.
Mən xaricdə film festivalında olanda Azərbaycanda gənclərin
öz gücləri hesabına çəkdiyi
film mükafat aldı.
Məsələ bəzən
heç pulda da deyil. Əlbəttə, yaxşı pul olanda daha yaxşı
işlər görmək
olur. Təşəbbüslə
də bir-iki dəfə işləmək
olar. Bu gənclərə
dəstək olmaq lazımdır ki, onlar öz filmlərini daha keyfiyyətli çəksin. O başqa məsələdir. Dövlət
onunla maraqlanır, nəsə etməyə çalışırlar. Bunu
birdən-birə etmək
mümkün olmayacaq,
müəyyən zaman lazımdır.
Hər halda artıq hərəkət
başlayıb. Ağzıgöyçəklərin
sözünə inanırlar,
biri o birisinə ötürür, hamısı
deyir pisdir. Təəssüflər olsun
ki, belə danışanlardan
çoxu elə incəsənət adamlarıdır.
Danışanlar əlləri
çatmayanlardır. "O etməsin, mən edim". Sən etmisən, o da etməlidir.
Bütöv mənada
desək ki, bizim teatrımız, kinomuz, ədəbiyyatımız çox
yüksək səviyyədə
inkişaf edib, yalan danışırıq.
Desək ki, kinomuz, teatrımız, ədəbiyyatımız
çox bərbad vəziyyətdədir, o da yalan
olar. Hər şey yavaş-yavaş düzəlir. Vaxt var idi ki, kitab yazan, kitab oxuyan yox idi.
Amma indi burada( "Qanun" Nəşriyyatında) kitab sərgisidir.
15 gündən çoxdur
sərgi gedir. Hər gün insanlar axın-axın gəlir, kitab alırlar.
Ona görə ki, həm
öz yazarlarımız
var, həm yaxşı
tərcümələr çap
olunmağa başlayıb.
Bəli, müəyyən
səhvlərlə, qüsurlarla.
Əlbəttə ki, birdən-birə
olmayacaq, amma artıq hərəkət
var. Əgər sən
bunu görmürsənsə,
görmək istəmirsənsə,
o heç. Həmişə
qaranlıqda hardasa bir işıq olur. O balaca işığa inanmaq lazımdır. Sən desən ki, Günəş
qaradır, onda Günəş qara olmur. Kino, incəsənət,
mədəniyyət sahəsində
də bizdəki vəziyyət qənaətbəxşdir.
Nə çox yaxşı deyil, nə çox pisdir. Mövcud vəziyyətimiz budur, amma getdikcə hər şey dəyişir. Buna inansan, yaxşı olacaq.
Bu müsahibəni
bu gün sizə təqdim etdimsə, bu, bir tamaşaçı ilə aktyor arasında yaranan, ancaq yalnız zamanla yaranacaq olan bağın təbii nəticəsidir...
QİYMƏT
MAHİR
Olaylar.- 2024.- 29 noyabr-5 dekabr, ¹42.- S.16-18.