Şairə Mahirə Nağıqızının bədii
söz ustalığı
Müasir ədəbi prosesdə özünün bədii sənətkarlığı ilə
tanınan istedadlı
şairlərdən olan
Mahirə Nağıqızı
- Hüseynovanın yaradıcılığı
da bədii dil baxımından olduqca zəngin və mükəmməldir.
Ana dilinin bütün imkanlarından
ustalıqla istifadə
edən istedadlı şairə şeirlərilə
mükəmməl bədii
dil ortaya qoymuşdur. Onun yaradıcılığı mövzu-mündəricə
etibarilə zəngin olduğu kimi, bədii dil və sənətkarlıq
baxımından da mükəmməl və nümunəvidir. Vaxtilə
ədəbiyyatşünaslığın
böyük bilicisi və qüdrətli yazar Mir Cəlal
yazırdı ki,
"bədii dil bədii əsərlərdə
həyatı, varlığı
şairanə bir şəkildə əksetdirmə
vasitəsidir". Ustad
Mirzə İbrahimov da deyirdi ki,
"bədii dil ... bədii əsərin taleyini həll edir".
İstedadlı, təbli bir şairə kimi özünü tanıdan şairə bu günə dəqər xeyli sayda kitablar bəxş etmişdir. Geniş oxucu kütləsi tərəfindən sevilərək rəğbətlə qarşılanan Mahirə Nağıqızı bir şairə kimi qiymətli əsərlərinə görə "Qızıl qələm" və digər mükafatlara layiq görülmüşdür.
Müasir ədəbi prosesdə öz qələmi və imzası ilə tanınımış Mahirə Nağıqızının yaradıcılığı özünəməxsus bədii ifadə imkanları ilə zəngin və sənətkarlıq örnəyidir. Mövzu-mündəricə etibarilə yaradıcılığı zənginliyə malik olan şairənin müşahidə qabiliyyəti ilə ifadə imkanlarının məharəti və zənginliyi bir-birini tamamlayaraq çox ecazkar, bədii sənətkarlıq baxımından heyrətamiz bir yaradıcılıq nümunəsi ortaya çıxarmışdır. Şairə M.Nağıqızı dilçi alim olmaqla ana dilimizin üslubi imkanlarına bütün dərinliyi ilə bələd olduğu kimi, öz yaradıcılığı ilə də onun üslubi zənginliyinin təcrübi örnəyini ortaya qoymağa müvəffəq ola bilmişdir. Bu baxımdan M.Nağıqızının yaradıcılığında olduqca məzmunlu və özünəməxsus məcazlar nümunəsi, üslubi fiqurlar örnəyinə rast gəlmək mümkündür. Şairə hiss və duyğularını, lirik obrazını dilin mükəmməl poetik sistemi ilə təqdim edərək yaddaqalan, diqqətçəkici və orijinal məcazlar və poetik fiqurlar istifadə etmişdir. Şairənin yaradıcılığı üçün müqəddəs ANA obrazını bədii cəhətdən təsirli və yaddaqalan təqdim etmək üçün istifadə etdiyi üslubi fiqurlar, mübaliğə və məcazların məharətli öz çəkiciliyi ilə fərqlənmiş və nümunəyə çevrilmişdir:
Xəbərim olmayıb süd əmməyimdən,
Bəlkə döşləri də daşıymış onun?!
Əlini başıma çəkdiyi gündən,
Duydum əllərinin daş olduğunu.
Şairə ana məhəbbətindən, ana nəvazişindən məharətlə söz açır. Elə məhəbbət ki, bəzən daş kimi ağır, nəvazişi daş kimi möhkəm. Şairə çox məharətlə daş parçalayan, qayalar qıran, palçıq qarışdırıb kərpic qaldıran bir ana əlinin daş ağırlığında gizlənən ana nəvazişini ən sadə dil konstruksiyaları ilə canlı-canlı, təsirli ifadə etməyə qabil olmuşdur. Anasının sədaqətini, evinə, ocağına bağlılığını məhz bu daşlara dözən tabında-tavanında taparaq əks etdirib. Bununla da təkcə bir ananın deyil, milyonlarla azərbaycanlı anası - qadınının obrazını, heysiyyət və həssasiyyətini, sədaqət və qeyrətini, məhəbbət və nəvazişini ümumiləşdirərək obrazlaşdırıb.
Mahirə Hüseynovanın şeir dilində ana dilimizin qanadlı sözlər xəzinəsindən məharətlə istifadə edilmişdir. Onun yaradıcılığında ana dilimizin məna müxtəliflikləri ifadə etmə qüdrətinə bələdçilik və istifadə məharəti də özünü təzahür etdirir. Onun yaradıcılığında iki ANAya dərin məhəbbət və qırılmaz bağlılıq var: bir bizi dünyaya bəxş edən Ana, bir də Vətən:
Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizimdə,
Sənə məhəbbətim, Vətən, bitmədi.
Vətənə məhəbbətin min-min sözdə ifadə tapdığı eyniyyətin orijinal, bənzərsiz bir nümunəsi qarşımızda dayanıb. Vətən siyasi cəhətdən konkret sərhədlərlə yer tapır, lakin bir vətəndaş, insan qəlbində Vətən və ona məhəbbət sonsuz, hüdudsüz, sərhədsizdir. Şairə böyük sənətkarlıq məharətilə obrazlı ifadələrini ən orijinal, özünəməxsus ifadə tapıntıları ilə, söz oyunları ilə əks etdirməyə müvəffəq olub. Burada da şairə bir tərəfdən misralar arasında üslubi fiqur olaraq bədii təzaddan istifadə etmiş (bitər-bitmədi), bədii təzadın qarşılaşdırma yolu ilə nəzər diqqəti cəlb etmə məharətini göstərmiş, həm də bədii təzadın ifadəlilik imkanları daxilində vətənə məhəbbətin hüdudsuzluğunu təqdim etməyə nail olmuşdur. Eləcə də "Arzuları göyərməyən kəslərin, Torpaq üstdə sinədaşı göyərər" misrasında şairə məharətlə "göyərməyən - göyərər" bədii təzadını yaratmaqla fikrin olduqca dərin və rəngin bir ifadəsini ortaya qoymuşdur. Ümumiyyətlə, istedadlı şairə öz yaradıcılığında bir sıra orijinal bədii sual, təzad, təkrir, mübaliğə, litota və b. kimi üslubi fiqurlardan istifadə etmişdir:
Təzad:
Yazılanı bu dünyada olmaz pozan;
Allahdan aşağı, bəndədən uca
Adını bir nəfər ucadan çəkir;
Allahın adından danışan
insan
Allahın evini daşa tuturdu;
Onların sağlığı döyüşən əsgər,
Məzarı -Vətənin istehkamıdır
və s.
Şairə məcazların çox
maraqlı, həm də orijinal nümunələrini
ərsəyə gətirməklə şeriyyətinə min
bir rəng, canına can, ruhuna ruh qatmışdır. Şairə
obrazı mükəmməl və təsirli yaratmaq
üçün yaddaqalan mübaliğə və litotlardan
istifadə etmiş, mükəmməl nümunələrini
ortaya qoymağa müvəffəq olmuşdur. "Canımı
verərəm səndən ötəri, Ruhum
sağlığından xatircəm olsun" bədii
misrasında da şairə mübaliğənin
imkanlarından yararlanmaqla aşiqdəki məhəbbətin
qırılmazlığı və fədakarlığının
özünəməxsus təbiri və ifadəsini, məxsusi
olaraq əzəmət, qüdrət və dəruniliyini təcəssüm
etdirmişdir. Şairənin yaradıcılığında
rast gəldiyimiz aşağıdakı mübaliğə və
litota nümunələri də onun poetik
ustalığını aydın nümayiş etdirən bədii
faktlardandır:
Mübaliğə:
Ərən oğulları bir
yolu seçdi
Tutub dırnağıyla sal qayaları;
Dərə keçib, dağ
aşaram,
Düz-dünyanı dolaşaram;
Bir güllə gücünə
sakit olanlar,
Bir addım səsinə diksinə bilər;
Litota:
Hansı
dərddi dağdan ağır,
Qısılıbsan qönçə-qönçə
və s.
"Bir güllə gücünə
sakit olanlar, Bir addım səsinə diksinə
bilər" misrasını əziz şəhidlərimizin qəhrəmanlığına
hörmətlə yazan M.Nağıqızı
"sakit olmaq" feilini "ölmək" feilinin evfemistik
qarşılığı olaraq istifadə etmiş, "bir
güllə səsinə susanlar" ifadəsində
kiçiltmə (litota), "bir addım səsinə diksinə
bilər" misrasında isə həm də təzad olaraq
şişirtmə (mübaliğə) yaratmışdır.
Mahirə
Nağıqızının yaradıcılığında çox maraqlı epitet örnəkləri
var. Şairə qüvvətli fikir və təəssürat
oyatmaq üçün epitetlərin bədii
yaradıcılıqdakı rolundan məharətlə istifadə
etmiş, orijinal örnəklərini yaradaraq bədii dilimizin
zənginləşməsinə xidmət göstərmişdir:
O əsir dağların, gen
dərələrin
Qərinə dərdinə qalanıb
gəlib;
Dinər
saza həsrət dağlar;
Bu ümid yeridir, ay lövbər
adam! və s.
M.Nağıqızı yaradıcılığında
ən çox diqqət
çəkən məcazlardan biri metafordur. Əlbəttə,
burada bədii yaradıcılıq üçün əhəmiyyətli
olan ümumişlək məcazlardan istifadə etmək deyil,
ağlagəlməz, qeyri-adi müqayisə predmetləri
tapmaqla yalnız müəllifə xas məcazlar yaratmaq
qüdrətidir ki, ədəbiyyatşünaslıqda məhz
bu, sənətkarlıq olaraq dəyərləndirilir.
M.Nağıqızının da bədii
yaradıcılığında məhz onun özünə
xas olan çoxsaylı nümunələr müşahidə
etmək mümkündür ki, bunlar şairənin sənətkarlıq
məharəti olaraq təzahür tapır:
Nə nazlanır Xarıbülbül,
Görüb ömrə yarı
bülbül;
Get, gözləyir Laçın
səni, Şuşam səni;
Torpağın bağrında yatar
şəhidlər;
Burdan yavaş gedin, astadan keçin,
Qəbirlər titrəyər, daş
dinə bilər və s.
Şairə M.Nağıqızının
fikrin obrazlı və
təsirli təqdimi üçün istifadə etdiyi təşbehlər
də maraq doğurur. M.Nağıqızının
yaratdığı bu kimi təşbeh nümunələri
fikrə dərin obrazlılıq və bədii təsir bəxş
etmişdir:
Hər biri dikəldi, durdu dağ kimi,
Düşmən qabağına verdilər
sinə.
Gecənin bağrından bir
mizraq kimi
Onlar sancıldılar düşmən
köksünə;
Yunus kimi məzar-məzar
Torpaq ennəm, demədimmi? və
s.
Ədəbiyyatşünaslıqda bədii,
məntiqi sual olaraq
adlandırılan üslubi fiqurlar da bədii
yaradıcılıq hadisəsi üçün olduqca əhəmiyyətlidir.
Müəllif bədii sual vasitəsilə oxucunu daha çox
düşündürməyə və onu fikri istiqamətləndirməyə
yön verir. M.Nağıqızının da
yaradıcılığı üçün xarakterik olan
üslubi fiqurlardan biri bədii sualdır:
Kimə
qəzəblisən, payız
yağışı?;
Nələrə şəhadət etdi
bu şəhər,
Qəlbində nə qədər
yaraları var?! və s.
Təkrirlər də həm fikrin dərin, qüvvətli
anlaşılması, düşüncənin toplanması və
vurğulanması, həm də estetik cəhətdən
mükəmməl ifadəsi üçün mühüm əhəmiyyətə
malikdir. Təkririn növləri kimi çıxış edən
anafora və epiforalardan uğurla istifadə edən sənətkar
məna dərinliyi ilə bərabər, məqsəd və
xüsusi vurğu kəsb edən fikirləri təkrirlər
vasitəsilə ifadə etməyə üstünlük
vermişdir. M.Nağıqızının şeirlərində
təkrirlər məna dərinliyi və fikrin ekspressivliyi
üçün uğurla istifadə edilmişdir:
"Azərbaycan bağrım"
deyən,
"Ağrısıdır ağrım"
deyən,
"Qardaş" deyən,
"Yavrum" deyən,
Yollarına salam olsun!;
Gücün sənin - bu
dünyada olan haqqın,
Göz dağımdır düşmanımda
qalan haqqım.
Yağı versin: o can haqqım, bu qan
haqqım,
Haqq sənindir, öz haqqını almağa get və s.
Ümumiyyətlə,
şairə Mahirə Nağıqızı şeriyyət
dilinə çox məsuliyyətlə yanaşaraq ana dilinin
bütün imkanlarından məharətlə
faydalanmış, çox zəngin söz tərkibi
nümayiş etdirmiş, orijinal bədii məcazlar ortaya
qoymuşdur. Onun yaradıcılığında Vətən
sevgisi və el, torpaq, yurd məhəbbəti başlıca yer
tutur. Mahirə xanımın yaradıcılığı yurd
sevgisi ilə qaynayıb qovuşur. Şairə bu məhəbbəti
təkcə mövzu-tematika ilə deyil, həm də ana yurdun
doğma, şirin dili ilə, onun şəhdi-şəkəri,
imkanlarından uğurla, məharətlə istifadə ilə
nümayiş etdirir. Şairə çox təsiredici və
orijinal cinaslar yaradır, təzadlar ortaya qoyur, bədii təkrirlər
işlətməklə şeriyyətini əlvanlaşdırır,
gözəlləşdirir və məna, hikmət verir.
"Nazlı, nazlı", "Niyə?", "Əllərin",
"Qəlbində bir yuvam olsa", "Gözəl",
"Həmən yol" və digər şeirlərində,
sözün əsl mənasında, ustalıqla qurulmuş
söz oyunu və məharətli dil istifadəsini görmək
mümkündür. Həm də ayrıca bir bədii məziyyət
burasındadır ki, istedadlı müəllif təkcə
estetik cəhətdən gözəl, mükəmməl
söz rənginliyi yaratmır, həm də mənaca dərin,
hikmətli, yüksək obrazlılığa malik fikirlər
ifadə etməyə müvəffəq olur. Elə
buna görədir ki, şairənin
yaradıcılığı, üslubu, dili, eləcə də bədii-estetik cəhətdən
mükəmməl əsərləri
bir çox bəstəkarların da diqqətini
cəlb etmiş, əsərlərinə nə
qədər gözəl
mahnılar bəstələnmişdir.
"Azərbaycana", "Azərbaycan", "Ata Heydər,
oğul İlham", "Vətən",
"Layla çal, yatım,
ana" (bəstəkarı S.Mansurova), "Ana",
"Ay ana", "Dolanım", "Balam" və başqaları bu gün də sevilə-sevilə dinlənən
ən gözəl mahnılarımızdandır.
Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızı
həm də o şairələrdəndir ki, Azərbaycan
dilinin imkanlarına həm elmi, həm də praktik cəhətdən vaqif olan və
poetik cəhətdən
Azərbaycan dilinin qrammatikasını əks
etdirən ustad sənətkarlardandır. Şairənin
"Bitmiş fikrin nağılı", "İşarələrin
dili", "Nitq hissələri", "Lovğalanmaz
əvəzlik", "Söz
cümləyə dönəndə"
kimi şeirlərində
məhz ana dilimizin qrammatikası və durğu işarələrinə
aid qaydalar poetik şəkildə ifadə
və izah edilmişdir. Şairə yeri gəldikcə xalq deyim və
ifadələrindən də
ustalıqla improvizə
edərək istifadə
etmiş, yüksək
poetik duyuma malik nümunələr ortaya qoymuşdur. "Düşdüyüm
yerdə ağıram",
"Gəzən ayağa
daş dəyər",
"Ata kürkü deyil,
övlad geyinə",
"Niyyət hara, mənzil
ora" və b. kimi çoxsaylı nümunələrlə şairə
xalq təfəkkürünün
ifadə ustalığına
istinad edərək fikirlərin obrazlı, canlı və daha təsirli bədii əksi üçün məharətlə
faydalanmışdır. Beləliklə,
Mahirə Hüseynova-Nağıqızı
sözün ucalığına
doğru yol gedən söz adamıdır. Özünün
də dediyi kimi, "Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər
uca dünyaya".
Ramiz
QASIMOV,
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.- 2024.- 29 noyabr-5 dekabr, №42.- S.20.