Ruhun səsi Vətən deyirVətən”də

 

Haradan  başlanır Vətən? Şah Xətainin dilimizi ana dili elan etdiyi o ilk fərmandanmı, bir əsgərin tozlu çəkməsi ilə ayaq basdığı yerdənmi? Bəlkə bu başlanğıc Arazın sularına qarışıb daim axır? Mavi səma ilə mavi sular  arasında ürkmədən qanad çırpan kiçik bir quşdan, ya elə Xəzərin sahilindəki xırda bir daşdan başlanır vətən? Bir şəhid məzarından, ya onun başsız qalan evinin başında dalğalanan bayraqdan? Haradan, haradan başlanır Vətən? Bəlkə bu başlanğıcdır bizim vətən sevgimizin barometri? Bəlkə bu başlanğıcı dəqiq müəyyən etdiyimiz zaman başlayır o böyük EŞQ... İstinad nöqtəsini tapdığımız zaman, daşıdığımız yükün böyüklüyü bizi qorxutmaz, güc verər, bəlkə...

Doğrudur, bu vətənin susuz vadiləri , bol sulu çayları da, daşı da, torpağı da hər qarışı ilə bizimdir,duman-sis başına çökdükcə zirvələri görünməz olan dağlar da. Amma o dağların bütünü bizimdirsə, bəlkə elə o görünməz zirvədən başlanır VƏTƏN...

Bir şairlər var, qələminin ucundan yola çıxan, oxucusunu bütün qəlbinin ritminə  kökləyən  şairlər... Bəlkə onlar üçün vətən elə o qələmin ucundan başlayıb üfüqlərə qədər uzanır...

Ramiz Qusarçaylının "vətən",- deyə başlayan bütün misraları mənə rəngarəng fikirlər təlqin edir. Onun şeirlərini oxuyanda anlayırsan ki, bir insanın başının üstündə dalğalanan bayrağı varsa, vətən elə o bayraqdan, onun  müqəddəs kölgəsindən başlayır. "Çəkəcəyəm gözümə kölgən düşən torpağı",- deyən, "Azərbaycan bayrağı" şeiri ilə çağdaş Azərbaycan vətənpərvərlik mövzulu poeziyasının bayraqdarına çevrilən Ramiz Qusarçaylının ilk şeirlərindən başlayaraq bu  gün  yazdıqlarına kimi bütün yaradıcılığı boyu həsrət,sevgi yollarında çəkdiyi iztirablar, könül həmdəmini aramaqdan doğan üzüntünün paralelində hər zaman vətən sevgisinin dilləndirilməsi poetik ruhunun saflığını ifadə edir. Bu cəhət şairin xalq mənəviyyatının, milli həyatın mahir bilicisi, müdrik bir qələm sahibi kimi inkişaf edib formalaşmasına zəmin yaratmışdır. Bu sağlam zəminin üzərində "Çörəyim daşdan çıxır" (1989), "Ömür qapıları" (1999), "Bir çiçək axşamı"(2005), " gözəldi yolun, Allah" (2010), "Almalı kitab" (2012), "Gedəsən dünyanın axırınacan"  (2017), "Sevgidi dünyaya qəsdim" (2020), "Vətən" (2022) kitabları yarandı.

İlk misrasından son misrasına kimi vətən sevgisi ilə cilalanmış "Vətən" poeması Ramiz Qusarçaylının müstəqillik dönəminin ilk zamanlarından bu günə kimi qəlbində naxışlanan, sözə çevrilən, qəlb atəşi ilə yoğrulan bir əsəridir. Müstəqillik dövrü şairin istər yaradıcılıq bioqrafiyasında, istərsə ümumən tale kitabında çeşidli qəmli məqamların yer alması ilə müşaiyət olunur. Bunu şairin:  "Davam can davasıdı, yorğan davasıdı, Azərbaycan davasıdı, Ayrı dava mənlik deyil",- deyə  təqdim etdiyi düşüncə müstəvisində cəm olunan əsərlərindən çıxış edərək inamla söyləyə bilərik. Xalqının keşməkeşli tale yolunun ağrılarını sinəsinə çəkən şairin əsərlərində milli özünüifadə pafosunun özəl forma təzahürü sənətkarlıq axtarışlarının uğurlarından soraq verir. "Vətən" poemasında  incələnən milli əxlaq, tarixi-etnik yaddaş, milli özünüdərk kimi konseptual məna daşıyıcıları milli xarakteri birbaşa özündə ehtiva edir. Ramiz Qusarçaylı dərin erudisiyalı sənətkar olaraq milli-tarixi kimlik mövzusunu bədii düşüncə predmetinə çevirərkən, təbii ki,özünəxas ədəbi-estetik biçimlərini ortaya qoymuş olur. Tarixi mövzulu əsər yazmağın çətinlikləri, əlbəttə ki, vardır. Yüzilliklər öncə baş vermiş,indi isə cansız olan keçmişə can vermək üçün böyük istək, enerji, bir o qədər istedad tələb olunur.

Dövlət dövlətçiliyin ön planda verildiyi poema  şairin vətən sevgisi ilə əqidə möhkəmliyini özündə birləşdirən, onun müqəddəs amalının ifadəçisinə çevrilmiş bir əsərdir. Bəzən bir tarixçi siması, bəzən bir sərkərdə qüdrəti,bəzən bir Türkçü xisləti ilə sözləri dilləndirmiş, qəlbini muğam üstə kökləyib haray çəkmiş vətəndaş şair Ramiz Qusarçaylı bu poemanı uğurlu araşdırmalarının ümumiləşdirmələrinin nəticəsində ərsəyə gətirmişdir.  Xalqımızın min illər  boyu yaşadığı ən mühüm tarixi hadisələri;  yadellilərə qarşı mübarizə, daxili savaşlar, bölünmələr, parçalanmalar, bütün bunların gətirdiyi faciələr, onların alt qatında yatan səbəbləri vətənpərvər şair bir tarixçi əzmi ilə araşdırıb xronoloji ardıcıllıqla özünəməxsus bir dillə sadalamışdır. Yazıçı  Elçin yazır: "Poeziyaya qiymət vermək üçün, yalnız dil bilmək (həm mükəmməl bilmək!) kifayət deyil. Yalnız sözləri başa düşməklə poeziyaya qiymət vermək olmaz. Poeziyanı gərək hiss edəsən, onu misralarla birlikdə yaşayasan. Bunun üçün isə, o dillə doğulmaq lazımdır. Poeziya ilə insan arasında genetik doğmalıq olmalıdır".

Təbii ki, bu fikirləri eyni zamanda həm şairə, həm onun əsərinə tənqidi yanaşan ədəbiyyatşünasa aid etmək olar. Ramiz Qusarçaylının poeziyasının bədii siqləti ciddiyyəti ondadır ki, milli heysiyyət, sosial ədalət duyğusu, mənəvi paklığın təntənəsinə inam onu bir müəllif olaraq heç zaman tərk etmir, o oxucusunu da buna inandırır:

Öz göyüm var,

öz mələyim,

Öz xəttim var,

öz lələyim,

Öz məzarım, öz bələyim,

Haram yuva mənlik deyil.

Bu Ramiz Qusarçaylı şerinin bədii əxlaqıdır. Ramiz Qusarçaylının poeziyası şəxsiyyətini tamamlayır yaradıcılığı özünə bənzəyir. Onu sevdirən söz, şəxsiyyət əməl bütövlüyüdür. Şair üçün vətən, yurd sevgisi bütün sevgilərin fövqündə dayanır. Akademik Nizami Cəfərova görə "Ramizin şeirlərinin kokü dərindir. Onu böyük şair edən bu söz adamının vətəndaşlığıdır, yəni onun hər misrasında Vətən var, vətənpərvərlik var, vətəndaşlıq var. Ramiz Qusarçaylı təpədən dırnağa  şairdir, bizim milli  poeziyamızın, müasir poeziyamızın klassiklərindəndir bu adı halallıqla qazanıb".

Poemanı oxuduqda istər-istəməz belə bir düşüncəyə qapılırsan: Şair poemanı Qarabağ münaqişəsini qələmə almaq üçün başlayıb, münaqişənin  köklərini araşdırarkən yüzillikləri,minillikləri adlayıb tarixən Türkün müharibələrə, döyüşlərə sürüklənmə səbəblərinə baş vurmalı olub; hər tarixi hadisə özü ilə başqa birini çəkib yaddaşa gətirib, daha əvvəlki tarixi hadisənin  nəzərdən keçirilməsinə zəmin yaradıb.Təbii ki, bunun üçün arxivlər,ensiklopediyalar, vikipediyalar, yüzlərlə yazılı şifahi ədəbiyyat, alim mütəxəssislərlə məsləhətləşmələr əsərin sütununu qurmaqda yardımçı olub.Nəticədə,tariximizin bütün dövrləri poemada öz əksini tapıb; Babək üsyanı,Səfəvilər İmperiyası, Şah İsmayıl Xətai Nadir şah dönəmləri ardıcıllıqla gəlib bugünümüzün ən böyük bəlası olan torpaqlarımızın Rusiya tərəfindən işğalına kimi davam edir. Buradan düyünlər açılmağa başlayır şair əsl araşdırma məqamına - Qarabağ münaqişəsinə doğru yol alır.

Şair poemanın əvvəlində incə ricətlə ibtidai insanın yaranışından bəhs edir, az sonra türkdilli tayfaların, ilk qədim dövlətlərin necə təşəkkül tapmasından söz açır,tarixi yenidən canlandırır, ona yeni nizam harmoniya verir-tarixi oxucusuna ədəbiyyatdan, bədii idrakdan ötürməyə çalışır. O, tarixin dərinliklərinə qədər gedib çıxır, daxildən parçalanmağın, düşmənin məkrli siyasətinin acı nəticələrinin sözlə rəsmini çəkir:

Bu savaş, bu qovğa bitməyib hələ,

Min illər  çəkərmiş dərdi  bir anın.

Kiçik  Midiyadan  başlanır elə,

Böyük  faciəsi  Azərbaycanın...

Poemada Cənubi Azərbaycanın midiyalılar tərəfindən işğalı, Manna  çarlığının süqutu, eramızın əvvəlindəki Atropatena, irsi hakimiyyətlərin yaranması, Azərbaycan ərazisində meydana çıxmış dövlətlər, torpaqlarımızın ərəb xilafəti tərəfindən işğalı, şirvanşahların süqutu, monqol hakimiyyəti, rus yürüşləri xronoloji ardıcıllıqla sadalamaqla şair tarixin torpaq qalaqlarının altından, saxsı qırıqlarının üstündən, yağış vurmuş, dolu döymüş daş kitabələrindən, dağların arxasındakı görünməzliklərdən, üfüqlərin alatoran rəng alaraq uzaqlaşmaqda olan xəttindən bu  hadisələri  çəkib gətirmiş, şerinin bir parçası edərək onlara  yenidən can vermişdir.

Bütün bunları  Ramiz Qusarçaylı kimi qəlbi milli  təəssübkeşlik odu ilə alovlanan bir şair belə aydın üsyankar təsvir edə bilərdi. Poemada Ramiz Qusarçaylı palitrası gözümüz önündə bütün rəng çalarları ilə belə bir  mənzərə açır:

Böldü məmləkəti,

böldü min yerə

Böldü,

parçaladı müqavilələr,-

Kürəkçay,-

kələk-çay müqaviləsi,

Tükmənçay,-

türkmən-vay müqaviləsi,

Gülüstan,-

külüstan müqaviləsi...

Bölündü İrəvan,

Bakı xanlığı,

Bölündü Qarabağ,

Şəki xanlığı,

Bir yerdə görmədik iki xanlığı

Yarandı məhəllə,

səki xanlığı...

Fərdi üslubunun orijinallığı ilə seçilən Ramiz Qusarçaylı üçün şeir dünyasıdır-havadır, nəfəsdir. Bəzi məqamlarda da "Mən bu xalqın ərk  daşıyam, Şair ərki şərə  düşməz,"- deyib tarixi hadisələrə öz münasibətini , bəzən qəzəbini,məyusluğunu da söz meydanında gizlətməmişdir. Şairin deyim tərzi,söz seçimi, ifadə zənginliyi, obrazlı yığcam fikirləri ibrətamizdir, nədən yazır yazsın,istedadı hisslərini bədii şəklə salmağa yetərli olur.

Xalqın tarixində səhifələrlə yanaşı qara səhifələr , zəfərlərlə  yanaşı məğlubiyyətlər , mərdlik salnamələri ilə yanaşı namərdlik ləkələri   vardır. Əlbəttə,şanlı tarixi keçmişimizdən fəxrlə danışanda gözləri dolan şairin faciələrdən yazanda qəzəbdən əlində qələmi titrəyir. "Şənini vəsf etməyə yetər, qüdrətim yetər",- deyə vətən sevgisindən riqqətə gələn şair bəzən "Mən səni qoruya bilmədim, Vətən..." - deyib göz yaşını içinə axıdır...

Tarixin dolaşıq yolları üstə,

Səni sata-sata uduzdum,Vətən.

Babəkin kəsilmiş qolları üstə

Səni Səhl Sumbata uduzdum,Vətən,-

misraları bir  daha onu  göstərir ki, tarixi bütün keşməkeşi ilə onun yaddaşına  həkk olunub. Zəfəri görəndə məğlubiyyəti, məğlubiyyəti görəndə zəfəri unutmayan şair  keçmişi unutmamağı tövsiyə edir. O, sövq-təbii ilə anlayır oxucusuna da bildirir ki, unutsaq, bu faciələr təkrar başımıza gətiriləcək...Tarixi keçmişi unutmamağın yolu isə vətən sevgisindən keçir:

Vətənsiz misralar alaq otudu,

Çiçəkdi, tikandı,

bilinən deyil.

Şairin ürəyi qara qutudu

Yansa da yaddaşı silinən deyil.

Azərbaycanın ikiyə bölünməsi, təbii ki, illərdir ki, hər bir azərbaycanlının ən yaralı yeridir, zaman-zaman Araz çayı boyunca vətənimizin parçalanması vətəndaş poeziyamızın baş mövzusu olub. Ramiz Qusarçaylıda bu qara hadisə kədərli təsirli notlarla, ustalıqla ortaya qoyulur:

Mən ha deyim, Vətən birdi,

İkidi Araz dilində,-

misralarında şairin kövrəkləşən nisgili görünür.

"Çarın rusiyası, rusun çarları, Parçala, hökm sür, əsas şüarı",- deyə rusların müxtəlif dövrlərdə başımıza gətirilən fəlakətlərlə birbaşa əlaqəsindən tez-tez söz açır şair. Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək ən qara səhifələr sırasında 1918-ci il qırğınları da yer tutur. Tarixdən bildiyimiz həqiqətləri bir Ramiz Qusarçaylı şerinin dilindən eşidirik; rusların himayəsi ilə torpaqlarımızda yerləşdirilən ermənilər onlardan dəstək alıb o torpaqlara sahib çıxıblar, ərazilərini genişləndirməklə xalqımızı qətliamlara məruz qoyublar. Daşnak-bolşevik qırğınlarının törədildiyi məkanlardan biri elə şairin ana vətəni olan Qubadır. Poemanın tarixin bu qaranlıq səhifəsinə işıq salan hissəsində yazılıb:

Qubada erməni soyqırımları,

Bakıda erməni soyqırımları,

Şəkidə erməni soyqırımları,

Vanda, İrəvanda,

Üç Müədzində,

Salyanda erməni soyqırımları,

Hər yanda erməni soyqırımları,

Qırğınlar dalınca qırğın gəlirdi,

Soyğunlar dalınca soyğun gəlirdi,

Vətən can verirdi yad əllərində,

Yadların əzazil əməllərində...

Bu  sətirləri oxuduqca qan gölünə dönmüş viranə yurdumun qanına qəltan edilmiş insanı canlanır. Ruhumuzun didilib didərgin salındığı o müsibətləri  unutmağımız Qarabağ fəlakətinin təzələnməsinə səbəb oldu.  Şair ta daş dövründə,dünyanın ilk  yaranışına kimi  getməyə  məcbur edən budur: tariximizi unutmayaq. Çünki unutduqca fəlakətlər qaçılmaz olur, təkrar-təkrar  başımıza  gətirilir. Şair ilmə-ilmə tarixi toxuyub bu günə gətirib çıxarır. Nəhayət,Qarabağ probleminin yaranmasından, torpaqlarımızın 30 illik işğalı dövründən söz açır, bu tarixi faciənin üstündə xüsusi  dayanır. Onu  daha  təfərrrüatlı qələmə alır. Poemanı yazmağa başlayanda şairin qəlbində bir nisgili,qübar edən vətən yarası vardı. O zamanlar nəinki zəfərdən, heç müharibədən danışmaq olmazdı. İctimai-tarixi dönəmin gerçək axarının daxilində cəmiyyət yetgililərinin davranış rəftarlarının şairə könül ağrıları gətirməsi bu kontekstdə təbii boyalarla işlənib. Bu da həqiqətdir ki, insan məğlub olunca  tükənməz, məğlubiyyətini qəbul edib mübarizədən əl çəkincə  tükənər. Şairin isə hələ deyilməmiş sözü var idi. Bir zamanlar, "Düşməndən dərs yükü alıb, Dərdinə daldığım Vətən,  Qarabağda "2" alıb, Sinifdə qaldığım Vətən" ("Bu qurban olduğum Vətən" şeirindən),- desə , xarakterindəki dönməzlik ovqatı, əzm iradə möhkəmliyi onu qorxunun qaranlığından  vətən sevgisinin işığına doğru yolçu edirdi. O, poemanı bu ağrıyla,bu nisgillə bitirə bilmirdi. Hey  yazmaqda davam edirdi.

2020-ci ilin sentyabrında həzin bir səssizlikdən ümid şəfəqləri parladı  44 günlük Vətən müharibəsinin başlanmasının bütün məmləkətdə toy-bayram kimi qeyd olunduğu o sətirlər əsərə gəldi. Daha doğrusu, həyatımızda müdhiş bir dönəm başladı, bu isə əsərin ümumi ab-havasını da dəyişdi. İnsanlar oğullarını qan-qadaya, ölümə toy-büsatla, qurbanlar kəsərək yola salanda bütün dünya məəttəl qalmışdı. Bu şadyanalıq bizim xalq olaraq qan hərisliyimizdən irəli gəlmirdi, bu tapdanmış, illərlə ayaqlar altında sürünən mənliyimizin xilasına sevinməyimizin əlaməti idi:

Bir vaxt qucaqlarda çıxan körpələr

İndi Qarabağa tank üstdə gəldi,-

deyən şair, sanki, yaxın keçmişdə gözümüzün qabağında baş verənləri, 30 illik bir tarixi bu iki misranın içərisinə yerləşdirməyə çalışıb.                   

Tərtər Qarabağın Naqasakisi,

Ağdam Qarabağın Xirosiması,-

misraları ilə Birinci Qarabağ müharibəsində itirdiyimiz yurd-yerlərinin ağrı-acısını,həsrət kədərimizi qələmə alan şair  ürək çırpıntılarını el-obanın dərdinə qatıb poemada misra-misra, sətir-sətir  "göyərdib":

Şəhərlər  xaraba, küçələr viran,

Ev kimin evidi, tanımaq olmur.

Üzünü  gizləyir  utandığından,

Ot basan yolları qınamaq olmur,-

deyir söz yükü ruhunun yükü qədər ağır olan şair. Poemanın Qarabağ qırğınlarının qələmə alındığı hissə,sanki,qan rəngindədir. Bu tarixi torpaqlarımızda axan minlərlə gəncin qaraca torpağa səpəlnmiş al qanıdır. O qan ki, şəhidimin bağrından fışqırdı, qazimizin yarasından sızdı, torpağa qarışdı. Sonu zəfərlə bitən o günləri  xatırladıqca biz o al rəngi təkrar aldıq alnımıza sürtdük, alın yazısı oldu, qəlbimizə götürdük şəhid yarası oldu,  bayrağımıza köçürtdük ömür yazımız, tale payımız oldu. Vətən oldu, can oldu, candan irəli Azərbaycan oldu!

Şair Vətən müharibəsi günlərində oğlu, qardaşı, nişanlısı, həyat yoldaşı şəhid olan anaların, qızların, gəlinlərin dözümünü,  qətiyyətini, yurd sevgisini olduqca həyati, inandırıcı boyalarla təsvir edir:

Tabutu xonçayla qarşılayırdı,

Xonçaya qırmızı bağlayan ana.

Qucub tabutunu şəhid oğlunun

Oynaya-oynaya ağlayan ana.

Dinləyirdi hər gün telefonunda

Səsindən savaşı yaşayan qadın.

Həyat yoldaşının cənazəsini,

Qürurla çiynində daşıyan qadın.

Şəhidlik qəhrəmanın ölümü deyildi, ölümün qəhrəmanlığı idi! 44 gündə o qədər qan töküldü ki,ölüm belə yoruldu o zaman zəfər zirvəyə yol aldı, yorğun əsgərin dizlərinə taqət, qara xəbər alan anaların ürəyinə səbr doldu, qələbəmiz zəfər oldu:

Bayraq ən ucaya, Şuşaya qondu,

Dərddən yuxalandı, incəldi Vətən!

Bayrağın kölgəsi hara toxundu

Ay-ay, ulduz-ulduz dincəldi, Vətən!

Məğlubiyyətlər qələbələrə kökləyirsə,uğursuzluqlar uğur aşılayırsa,  demək, yaşamağa dəyərmiş. Ən əsası, bu gün Şuşada Azərbaycan bayrağı dalğalanırsa, demək, arzuların bir çin olma ehtimalı daha yüksəkmiş. İkinci Qarabağ müharibəsi başlayandan Bakıya durmadan axın edən dünya mediya nümayəndələrinin çarpaz suallarına Ali  Baş Komandanın diplomatik  cavablar  verməsini  qürurla  xatırlayıb -

Bizə dərs keçməyə göndərilənlər,

Dərs alıb evinə qayıdırdılar-

deyən şair dünyanın bu qələbəni qəbul etməkdən başqa  çarəsinin olmadığına da  işarə edən misralarda belə yazırdı:

Haqqın diqtəsiylə hesablaşırdı,-

Zamanın hökmüylə barışırdılar,

Vətənin Qarabağ qələbəsinə

Könülsüz-könülsüz alışırdılar...

Şair bütöv bir məmləkətin layiq olduğu zəfərini hər bir vətən övladı kimi özünün zəfəri adlandırır "Axır ki, mənim zəfərim gəldi, Mənim Qələbə əsərim gəldi",- deyərək "Vətən" poemasını özünün qələbə əsəri adlandırır. Bu sevinc min illərlə qədim tarixə malik olan bir məmləkətin hər qonşusunda bir parçası əsir qalan torpaqlarının geri qaytarılması idi:

Hər qazi bir qaladı, -

Bir qələbə örnəyi,

Şəhid-şəhid ovundu

Bu torpağın göynəyi,

Göydə mələklər öpdü

Neçə qanlı köynəyi,

Bu müqəddəs nura bax,

Gözün aydın, Qarabağ!

Şairin ilmə-ilmə tarixi toxuyub bugünə gətirib çıxardığı, rəngbərəng boyalarla naxışlandırdığı sənət əsərini 44 günlük zəfərimizlə tamamlaması taleyin cilvəsidir. Əlbəttə ki,şair poemada  parçalanan, yadelli zülmü altında inləyən, müharibə soyqırımları ilə insanlarını itirən, şəhərləri, kəndləri dağıdılıb viran qoyulan, zəkalıları repressiyalara, sürgünlərə məruz qalan bir xalqın tarixini göz yaşı ilə nəql etməklə qəm-kədər ovqatı yaradaraq insanlığı hey düşünməyə, səhvləri görməyə vadar edir, amma sonda əzmlə, mətanətlə silaha sarılıb dünya güclərinə meydan oxuyaraq düşmənə qan udduran, onu geri oturdan bir xalq olmağımızı nikbin notlarla dilləndirir. Bu da poemanın təsir gücünü maksimal dərəcədə artırır:

Səni qazi-qazi qaytardım, Vətən,

Qəhrəman-qəhrəman qaytardım səni.

Səni şəhid-şəhid qaytardım, Vətən,

Cana can, qana qan qaytardım səni,-

misraları bir üvertüranın son akkordları kimi səslənir. Lakin şairin arzuları bitib-tükənmək bilmir, o məmləkətin yeni erasının başlandığını elan edir. Şairin amalı ülvi əzəmətlə doludur:

İndi bu Vətənin hər yeri bizim,

Bura doğumluyuq,

bura bağlıyıq.

İndi bir adı var hər birimizin

İndi hər birimiz Qarabağlıyıq!

Hələ qarşımızda min-min uğur var,

Mehri,

Dərələyəz,

Həm Zəngəzur var!-

deyərək sanki bu günümüzdən -" Qərbi Azərbaycana qayıdış"  hərəkatımızdan söz  açır. Xalqımızın milli kimliyinin manifesti kimi yazılmış, həm şairin yaradıcılıq tərcümeyi-halına, bədii pasportuna çevrilmiş "Vətən" poeması təqribən 30 illik bir axtarışın nəticəsində ərsəyə gəlib. Təbii ki, bu 30 ilin böyük bir qismi vətən tarixinin araşdırılmasına həsr edilmişdir. Hələ erkən yeniyetmə çağlarında ilk şeirlərini Osman Sarıvəllinin xeyir-duasını alaraq araya-ərsəyə gətirən şair çağdaş poeziyamızda vətənpərvərlik mövzusunda olan  şeirləri ilə öncül yerlərdən birini tutur. Geniş diapazona malik yaradıcılığının sorağı  vətənin sərhədlərini aşan Ramiz Qusarçaylı "Vətən" poemasına görə 2021-ci ildə İstanbul şəhərində təşkil edilən "Türkcənin 14-cü Uluslararası şeir şöləni" adlı beynəlxalq miqyaslı tədbirdə "Ziya Paşa Büyük Ödülü"nə, 2022-ci ildə Bakıda Əhməd Cavad mükafatına layiq görülmüşdür.

Müharibə bu poemanın elə ilk sətirlərindən başlamışdı. Şair tarixini azadlığı qədər sevdiyi Azərbaycanına "Vətən" poemasını ərməğan etmək üçün illər öncə ilk növbədə öz üzərindən süstlüyü, ruhundan küskünlüyü atıb psixoloji ovqatının müxtəlif çalarlarını şeirdə təzahür etdirib ilk addımda ən vacib uca  yüksəkliyi-ruh yüksəkliyini fəth etmişdi. Bu böyük  ruh  sayəsində şair öz gücünün potensialını süngüyə çevirib millətin tarixi  ucalığından  doğan  bədii ucalığı  yarada  bildi. Böyük  Zəfərin təntənəsinə  vətəndə "Vətən"i yaratmaq şərəfi isə şairin qismətinə düşən ən böyük  mükafatıdır.

 

Məhrux  Dövlətzadə

Filologiya  üzrə  fəlsəfə  doktoru, 

ADPU-nun  filologiya  fakültəsinin müəllimi

 

Olaylar.- 2024.- 11-17 oktyabr, ¹35.- S.17-18.