“SEVGİ DOLU ŞEİRLƏR”İN
İŞIĞINDA
(Zaur Ustac yaradıcılığına bir nəzər)
Hərə
dünyaya bir missiya ilə gəlir. Zaur Ustac da şairlik
missiyasını yerinə yetirmək üçün qələmdən
yapışmalı olub və ilk şeirlərindən anadan
şair doğulduğunu təsdiqləyib.
Onun
poeziyasının işığında görürsən ki,
qələm ona, o da qələmə yaraşır. Qələmlə
ülfət bağlayan şair ürəyindən gəlməyən
bir misranı da yazıya almayıb. Bu da onu göstərir ki,
şair ülfət bağladığı qələminə
xəyanət etməyib, etməyir və etməyəcək də...
Şairin
“Sevgi dolu şeirlər” kitabını (2024) böyük
maraqla, həvəslə, həm də həyəcanla oxudum.
Ürəyim ağappaq işıq selinə
büründü, duyğularım təzələndi və
ruhumu qidalandıran şeirlər Zaurun söz
dünyasının təmizliyindən, saflığından,
halallığından xəbər verməklə
yanaşı, həm də şairin vətənə,
torpağa, yurd yerinə... böyük sevgisinin göstəricisidir.
Zaurun təkcə
“Ağ çiçəyim” şeirilə onun vətən
sevgisini, yurdun hər gülünü, çiçəyini
necə əzizlədiyini, onlara müqəddəs bir
varlıq kimi baxdığını hiss edirsən. Hiss edirsən
ki, “Xoş gördük, günaydın, ay Ağ
çiçəyim!” – deyən şairin ürəyindən
süzülən səmimi, kövrək misralar ruhumuzu
sığallayır və o, gözəl bir təbiət mənzərəsini
Ağ çiçəyin timsalında rəssam kimi çəkərək
gözlərimiz önündə canlandırır. Sözlə
Ağ çiçəyin şəklini çəkən,
çiçəyi insaniləşdirib onunla söhbət edən
şair inandırıcı, təsiredici misraları inci kimi
ard-arda düzərək həm gözümüzü, həm
də könlümüzü oxşayır.
Dümağsan,
qar sənin yanında qara,
Tanrım
rüsxət verib, baxmayıb qara.
Bu
qarlı qış hara, tər çiçək hara?
Xoş
gördük, günaydın, ay Ağ çiçəyim!
Zaurun hər
şeiri onun həm yaradıcılığını, həm
məramını, məsləkini səciyyələndirir, həm
də hiss olunur ki, onun hər bir poetik misrası qətiyyən
pafos xatirinə yazılmayıb, hər misra onun iç
dünyasından qopub gələn ən kövrək, ən həzin,
ən səmimi hisslərdir, duyğulardır.
Duyğularını, hisslərini, fikir və
düşüncələrini şeirlərinə hopduran, hər
“sözə ehya” verən Zaur Ustacın “Sevgi dolu şeirlər”
kitabını çəkinmədən, cəsarətlə ədəbi
hadisə saya bilərəm. Bu fikrimdə haqlıyam.
Çünki ədəbiyyatın ədəbi tarixinə
yazıla biləcək bu misraları onun kimi yazan olarmı?
“Yelləncək” şeirində oxuyuruq:
Çiçəklər
ruhumun yelləncəyidir,
Ruhumu
asmışam nar çiçəyindən.
Arzular
dünyamın gələcəyidir,
Arzumu
tutmuşam bar çiçəyindən.
Bu poetik
misraları oxuyandan sonra düşündüm ki, Zaurun
özü də işıqdır, sözü də. Onun
sözünün işığında ziyarətgaha doğru
üz tutub getmək olar. Çünki şair
sözünün işığında mənən
saflaşırsan, ruhən təmizlənirsən, imam övladı
olursan! Ziyarətgaha da məhz mənən təmiz və halal
adam kimi getməlisən ki, ziyarətin də qəbul oluna. Bu
misraların işığında müqəddəs yerlərə
ziyarətə necə getməyə bilərsən? Və həm
də ziyarətə Qarabağ atının belində getmək
necə də gözəl olardı!
Anası
Günəşdi, atası Aydı,
“Qıratdı”,
“Düratdı” Qarabağ atı!
Tanrı ərməğanı,
butadı, paydı,
Baratdı,
muraddı, Qarabağ atı!
“Sevgi dolu
şeirlər”də idrak və təsvir üslubu təzə,
orijinaldır, həyati, dünyəvidir, təbii və
ülvidir. Təbii və ülvi olduğuna görə də
şeirləri ürəyə yatımlıdır,
könül rahatlığı gətirəndir, oxucunu
yaşamağa ruhlandıran, həyatdan zövq almağa,
sevib-sevilməyə, qurub-yaratmağa, insanlara
yaxşılıq etməyə, savab işlər görməyə
səsləyəndir. Bu şeirlərə hopmuş hissləri,
duyğuları canlı səs kimi eşitmək olur,
çünki şair havada uçuşan səsləri “tutub”
şeirə gətirərək oxuculara təqdim edir. Oxucular
da bu şeirlərdə öz hisslərini,
duyğularını, fikir və düşüncələrini
hiss edir, ürək döyüntülərini, qəlb
çırpıntılarını duyur. Şairin ürək
döyüntülərilə oxucuların ürək
döyüntüləri üst-üstə düşür
ki, bu da Zaur Ustacın əsl şair olduğunun göstəricisidir.
“Sevgi dolu
şeirlər” kitabını bir nəfəsə oxusam da gəldiyim
qənaət budur ki, Zaur Ustac sözün həqiqi mənasında
lirik duyğular şairidir, fikir və düşüncə
şairidir. Onun şeirlərində fəlsəfi fikirlər
özünü qabarıq şəkildə göstərir, eləcə
də onun şeirlərində yalan və uydurma bir misraya,
misralarında “laxlayan”, yerində olmayan bir sözə,
bayağı, cılız hisslərə, saxta, boğazdan
yuxarı deyilən, cansıxıcı bir misraya da rast gəlmək
mümkün deyil. Nə yaxşı ki, onun şeirlərində
ümid işığı var, bu günə, gələcəyə
inam dolu ovqat var, mübarizəyə
çağırış var, namərdlərə, şeytan
adamlara nifrət var. Bu, belə olmalıdır. Axı o,
şeirlərinin birində haqlı olaraq “Ustacam” deyir. “Ustacam”
deyən şair ancaq düzü-düz, əyrini – əyri
yaza bilər, qələmilə vətənə, millətə,
Azərbaycan ədəbiyyatına xidmət edə bilər.
Müzəffər
ordunun şanlı əsgəri,
Ərənlər
yurdunun ər övladıyam.
Zalımın
zülmünə təhəmmülüm yox,
Babəklər
yurdunun hürr övladıyam.
Onu da deməyi
özümə borc bilirəm ki, şairin şeirlərinin
“dili” təbii və sadədir. Təbii və sadə
olduğu qədər də xəlqidir. Onun şeirlərində
poetik ritm pozulmur, misralar həzin bulaq kimi ürəyə
rahatlıq gətirir, ovqatı təzələyir, şairin vətənpərvərlik
duyğularından, yurd yerinə sevgisindən xəbər
verir:
Gəzdim
qarış-qarış doğma torpağı,
Hər
dağda, dərədə izim var mənim.
Hələ
keçilməmiş uca dağların,
Uca zirvəsində
gözüm var mənim.
(«Gəzdim»)
“Sevgi dolu
şeirlər”in işığında sonetlər su çəkən
kimi məni özünə çəkdi. Gözlərim
önündə “Yazıçı” nəşriyyatında
ötən əsrin 70-ci illərində çap olunan V.
Şekspirin “Sonetlər” kitabı canlandı. O vaxtdan bu günə
kimi Azərbaycan şairlərinin qələmindən (B. Adil
istisna olmaqla) çıxan sonetləri oxumamışdım,
görünür, rastıma çıxmamışdı,
yoxsa gözümdən yayınmazdı. Bir sözlə, az
qala əlli ilə yaxın idi ki, sonet janrında şeir
oxumamışdım, amma Zaurun qələmindən
çıxan sonetləri böyük maraqla, böyük həvəslə
oxudum. Heyrətdən əllərim üzümdə qaldı.
Bu sonetlərin sehrinə düşdüm, cazibə qüvvəsindən
çıxa bilmədim. Nə vaxtsa Zaurun sonetlərindən
söz açmaq arzusu ilə sözümü tamama yetirmək
istəyirəm. Həm də istəyirəm ki, bilələr:
Zaur Ustac müasir Azərbaycan poeziyasına yeni nəfəs və
ovqat bəxş etmiş istedadlı bir şairdir. Onun ürəklərə
yol tapan hər bir şeiri Zaur dünyasının
böyüklüyündən, Zaur
yaradıcılığının zənginliyindən,
novatorluğundan xəbər verir.
“Sevgi dolu
şeirlər” onun zəngin və çoxşaxəli
yaradıcılığından süzülən bir damla
nurdur. Bu nurun özündə bir Günəş
işığı var. Bu günəşin
işığına yığışıb şair qəlbindən
süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin
sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur
Ustac kimi haqqa üz tutan şairlərin yanında olmaq Allaha da
xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz
ki?
Vaqif
İSAQOĞLU
AYB və
AJB üzvü
Olaylar.-
2024.- 25-31 oktyabr, ą37.- S.22.