Şair həyatı yaşayan şair

 

Faiq Balabəylinin bal kimi şeirləri

 

Salam olsun, dəyərli oxucum! Özündə tükənməz güc-qüvvət ehtiva edən sözün tək yeganə sahibi uca Yaradana şükürlər olsun ki, yeni gözəl bir səbəbiyyət üzərindən Sizinlə körpü qurmaq bizə müyəssər oldu. Min şükür!

 

Əlbəttə bu fikir subyektiv qəbul olunmalıdır. Belə düşünürəm ki, bütün digər Şərq xalqlarında olduğu kimi  bizdə  (bax bu yazını yazdığım dildə oxuyub anlayanlar) şeir yazmağa meyillilik, aludəçilik var. İstiqanlıyıq, həssasıq... Tez coşuruq... Ağına-bozuna baxmadan şeir qoşuruq... Cild-cild kitablar yazırıq. Tacir yazır, müəllim qoşur, alım nəzmə çəkir d. Əlqərəz yazmaq, qoşmaq bizim üçün adi bir işdir. Vəzifə sənətimizdən asılı olmayaraq bu işi çoxumuz bacarırıq. Bu qabiliyyət anamızın südü, çəkdiyi bayatılarla hopur canımıza, qanımıza... Bir balaca qəmlənən ya sevinən kimi sövqi-təbii qoşmalar qoşulur, boylar boylanır, dastanlar bağlanır... Gündəlik qayğılarımızdan dolayı məcubur olduğumuz işlə yanaşı şairliyi yaşadırıq... Hərəmiz öz bildiyimiz kimi; həkim şair, müəllim şair, taksi sürücüsü şair  hətta qəssab şairlərimiz var... Bir sözlə hər öz həyatını yaşayır, şairlik şələsini çiynindən yerə qoymur... Hərənin öz həqiqəti ehtiyacları var. Ələxsus son otuz ilin söz dünyasına quşbaxışı bir nəzər salsaq, mavi suların qoynunda bir şair görürük. Mən mavi sulara, sonsuz səmanın ənginliklərinə qərq olmuş bu şairə dənizçi, təyyarəçi, balıqçı şair deyə bilmərəm. Bu əsl şair həyatı yaşayan (bütün parametrlərilə) şairdir.

Şairin qələmə aldığı ən yeni nümunələrdən birinə nəzər salaq (onun ötən əsrin sonlarında müxtəlif məkanlarda, fərqli vəziyyətlərdə, zaman şərtlərində yazdığı şerlər var):

Mənim qoca şəhərim, mənim uca şəhərim,

neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!

Özümüzdən çox uzaq,

könlümüzə çox yaxın,

gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!

Burada şairin mühətabı Şuşa (Qala) şəhəridir. Qələmə aldığı hisslər ən son hadisələrin eyforiya qarışıq coşqunluğu ilə yoğrulsa da, cilalayıcı şair ruhu heç bir misrada çiy sözə yer verməmişdir. Bu nümunədə mühətabı Nəsimi ilə, M.Ə.Sabirlə, bütün Azərbaycanın özü ilə asanlıqla əvəz etmək olar. Əslində isə şair özü ilə söhbətləşir...

Çətin bəzən hətta məşəqqətli olsa da şair həyatı yaşamaq hər şairə nəsib olmur... Dənizçi Faiq Balabəyli, tacir-sabunçu Sabir kimi, tacir-müəllim Hadi kimi əsl şair həyatı yaşayan barmaqla sayıla biləcək qədər az  şairlərimizdən biridir.

Bu yazını yuxarıdakı qaydada əziz dostum, qardaşım Faiq Balabəylinin lap körpəlikdən qələmə aldığı istənilən nümunə ətrafında həcmcə qədər istəsəniz böyütmək olar. Bütün səmimiyyətimlə qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur.

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi "Dəniz adamı" məqaləsindən kiçik bir hissəni xatırlatmaqla yazımı yekunlaşdırmaq istəyirəm: "Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır."

Bəli, Faiq Balabəylini şair edən, onu bir ömürlük şair həyatı yaşamağa məhkum edən bu qayğıdır. Onun həssas qəlbində pərvəriş tapıb bir türlü  ovunmayan intizar, həsrət Azərbaycan sevdası... Bu sonluğa ustad sənətkar Bəxtiyar Vahabzadənin "Payız düşüncələri" kitabının  "Vətəndaş" şeirinin adını yazmaqla xüsusi bir rəng qatmaq istəyi keçdi könlümdən... - əziz dəyərli oxucum düşün ki, qeyd etdiyim bu iki nümunə Faiq Balabəyli üçün, onun adına yazılıb, onun həyatını əks etdirir...

Mənim şair qardaşım Faiq Balabəyli, 60 nədir ki, ...?! Allah sənə uzun ömür versin, 70-də, 80-də, 90-da görüşək... Bütün Azərbaycan dağlarına, çəmənlərinə bal toplamağa getmiş arıların öz pətəklərinə dönsün... Bal kimi şeirlərin süzülsün... Necə ki, belələri var:

Doyunca əyilib içdim suyundan;

Tamı tamahlandırdı, yumdum gözümü,

dadı damağıma köçdü, içimə çəkdiyim

havanı udmaq

geri qaytarmamaq... yordum özümü...

yaxud:

İndi hay-həşir salacaq

uçacaq ac qağayılar

Qayığın saldığı izə

qonacaq ac qağayılar.

Ömrünü belə yaşayar -

nəfəsi kəsilənə qədər.

İçində qayğı daşıyar

Boğular nələr nələr...

…Can Qardaş, can. Sənin nələr  çəkdiyini mən bilirəm. Mən.

 

 Zaur Ustac

"Yazarlar" jurnalının baş redaktoru.

 

Olaylar.- 2024.- 20-26 sentyabr, ¹32.- S.23.