Şəhidlərin xatirəsinə ali ehtiramın göstəricisi
27 sentyabr-Anım Günü Azərbaycan tarixinə əbədi həkk olundu
27 sentyabr təqvimi Azərbaycanın tarixinə və xalqımızın qəlbinə əbədi həkk olundu. Çünki məhz dörd il öncə bu tarixdə Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulması üçün Vətən müharibəsi başladı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu məhv edib. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bundan sonra Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı: "Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin, eləcə də qismən hərbi səfərbərliyin elan olunması unudulmaz hadisələrdir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq quruma, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Xalqda 27 sentyabr günü böyük coşğu var idi. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başlamışdı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun sayəsində yaşayırıq. Məhz onların qanı-canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu Qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Vətən müharibəsində Birinci Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərimizin, Xocalı soyqırımının, digər erməni qətliamlarının qurbanı olan soydaşlarımızın qisası alındı. Biz şəhidlərimizin ruhu qarşısnda baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Deputatın sözlərinə görə, 2020-ci il noyabrın 8-də üçrəngli dövlət bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı: "Şuşanın işğaldan azad olunması növbəti Qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsi oldu. 44 gün ərzində Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyətini rəsmiləşdirdi. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı. Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman belə olacaq. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti qəhrəman ordumuzun Zəfər yürüşünün əsasını təşkil etdi. Hazırda doğma Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri və Milli Musiqi Gününün təşkil olunması buna sübutdur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərinin aparılması Böyük Qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Bütövlükdə, hesab edirəm ki, qazandığımız zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı Ali Baş Komandanla və qəhrəman ordumuzla sıx birlik nümayiş etdirdi. Bu amil bizim Qələbəmizdə çox mühüm rol oynadı. Biz Zəfər tariximizin 3-cü ildönümünü digər möhtəşəm Qələbənin əldə olunması ilə qeyd etdik. Ötən il 19-20 sentyabr tarixlərində 23 saat ərzində ordumuz Qarabağ ərazisində lokal xarakterli antiterror tədbirləri keçirərək erməni separatçılarını diz çökdürdü. Artıq həmin torpaqlarda da Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdlara qayıtdı. Biz bu torpaqlarda bundan sonra əbədi yaşayacağıq. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq".
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Qafqazın əlverişli coğrafi mövqeyi və relyefi tarixən bu əraziləri böyük imperiyaların mübarizə meydanına çevirmişdir. Bu ərazilər uğrunda xeyli qanlar tökülmüşdür. Avropa ilə Asiyanı birləşdirən bu ərazi bir qitədə yaranan imperiyanın digər qitəni də işğal etməsi üçün bir keçid rolunu oynamışdır. Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində - çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Bədnam qonşularımız məskunlaşdıqları ilk gündan Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirərək azərbaycanlıların əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində onları sıxışdırmışlar: "1988-ci ildən başlanan Qarabağ hadisələri zamanı erməni ideoloqlarının "Dənizdən-dənizə Böyük Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanların ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazilərinin 20%-ni işğal etmişdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı ərazilərimizi acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri bu problemin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda, erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız yaxşı bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Məhz bu gün gəldi, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı, 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti, beynəlxalq hüququ təmin etmiş oldu".
Onun sözlərinə görə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi milli birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur: "Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixli Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və postmüharibə dövründə onlarla aparıcıl xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur, beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan möhtəşəm Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqı və Ordusu bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi".
Alim Hüseynli
Olaylar.- 2024.- 27 sentyabr-3 oktyabr, №33.- S.6.