Əlyazmalar yanmır
Vahid Əziz: "Poeziya sözlərin matematikası,
matematika rəqəmlərin poeziyasıdır"
Müsahibimiz xalq şairi Vahid Əzizdir.
-Vahid müəllim,
"Mənə yüz
il ömür arzulamayın,
Payız yarpağıtək qovmasın
külək,
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək."
Bu sətirləri
yazarkən Vahid Əziz yaşlanmaqdanmı qorxurdu?
-Bu şeirin
yazılması çox
təsadüfi oldu. Rəhmətlik İlhamə
xanım dostum idi, böyük müğənni idi. İldə iki dəfə özünə
ad günü keçirirdi, birini yayda, birini dekabrda.
İyun ayıydı,
SPACE-dən zəng etmişdilər ki, Vahid müəllim, sabah İlhamə xanımın ad günüdür, gələcəksinizmi?
Dedim şübhəsiz,
gələcəm. İlhamə
də mənə ağsaqqal deyirdi. O da zəng etdi
ki, "ağsaqqal, gəlirsən?" Dedim
"gəlirəm". 2007-ci il iyunun 6-sı idi. Dedim görəsən,
nə hədiyyə verim ona? Oxuyanda
hərəsi bir hədiyyə gətirir, biri gül gətirir,
biri bir başqa şey və s. O da hərəsinə bir titul verirdi. Çox qəribədir, mən də hər dəfə efirə çıxanda yeni şeirlə çıxmışam. Bəzən
elə olub ki, gedəcəyim verilişə gecikmişəm,
"ilham pərisi"
gəlib yapışıb
yaxamdan şeir yazmışam, sonra getmişəm. Birdən-birə
ağlıma gəldi:
"Mənə 100 il
ömür arzulamayın."
Mən şeirləri
əllə yox, birbaşa makinada yazıram. Fikir gəlir, ideya var, amma musiqisi olmadan o şeiri yaza bilmərəm. Vəhydən
də mənə bir səs, melodiya
gəldi, 5 dəqiqəyə
oxuya-oxuya yazdım. Gecə saat ikidə yazılan şeir idi. 2007-ci il iyun ayının 7-də o
şeiri SPACE-də oxudum. İllər keçdi, bir çox qəzetlərdə
çap olundu, sonra Elçin İmanov yaxşı bir mahnı bəstələdi, Vaqif Əsədov oxudu. Bu gün bu şeir
bildiyim qədər çox yayılmış
şeirdir. Bir yoldaş
mənə zəng edib deyir ki, "sən bilirsən, adın hər gün ölkədə çəkilir."
Tək ad günləri deyil, yasxanada mollalar da bu şeiri oxuyur.
Bir dəfə biri dedi ki, "adam kimi ölə bilirsiz ölün də, Vahid Əziz düz deyir, 100 il yaşayıb yaman günə qalmağın
nə mənası
var?"
Vaxtilə yüksək vəzifələrdə
işləmişəm: Bakı
Şəhər Partiya
Komitəsində, Mərkəzi
Komitədə, Mətbuat
Komitəsində sədr
müavini və s. Düzdür, Mərkəzi
Komitəyə də çox adam gəldi, şair oldu. Mən qələmi yerə qoydum. Çünki, mən partiya işçilərinin içində
şair, şairlərin
içində partiya işçisi kimi qalmaq istəmədim. O dövrdə çox az şeir yazmışam.
Sonra heç yerdə
işləmədim, ağır
illərim oldu. Demək olar ki, 27 il heç nə yazmadım. İndi o illərin
əvəzini çıxıram.
Görünür, Allah məni yaşatmalı imiş ki, mən o illərdə yazmadım. Bəlkə də o vaxt bu şeirləri
yazsaydım, indi həyatda olmazdım.
-Ən yaradıcı yaş dövrü, sizcə, hansıdır? Hansı mərhələdən
sonra şair yaza bilmir, ümumiyyətlə
belə bir dövr varmı?
-Mənim məhsuldar dövrüm indidir. Wikipediyada 1977-ci ildən ittifaqın üzvü yazılsa da, əslində
1974-dən üzvəm. İndi giley olmasın, Anarın pyesindəki kimi iki şeiri
çıxır, gəlir
dava salır ki, mən niyə üzv deyiləm? Mənim üç kitabım çıxmışdı,
Yazıçılar İttifaqının
üzvü deyildim. Süleyman Rüstəm, Əli Vəliyev, Rəsul Rza kimi nəhənglər zəmanət vermişdilər.
Üzv deyildim, dava da salmırdım.
İndi maşallah, yerindən
qalxan deyir şairəm. Əlbəttə,
özləri bilər,
hər kəs öz yazdığına cavabdehdir. Heç kəs öz qatığına turş
deməz. 1996-ci iyun ayının 6-da axşam
"Əzizim" şeiri
gəldi. Onunla yenidən poeziyaya qayıtdım. Həmin günün gecəsi Aygünün
ifasında olan "Gecələr keçir"
şeirimə mahnı
yazıldı.
Şeirlərimdəki bəzi kosmopolitiklik ki var, onlar uşaq yaşlarında astronomiyaya olan marağımdan irəli gəlir. Ən pis bildiyim fənn
riyaziyyat olub. Amma şair olmasaydım, şairliyimin çapında
riyaziyyatçı ola bilərdim.
Ümumiyyətlə 3 janr
var ki, bunlarda saxtakarlıq
etmək olmur. Şeir, musiqi, riyaziyyat. Riyaziyyatda vergül yerində olmayanda cavab düz alınmır. Musiqidə bir notu düz vurmasan,
bütün ritm pozulur. Poeziyada isə intonasiyadır. Riyaziyyatçı
olardım, çünki
mənim anlayışıma
görə poeziya sözlərin matematikası,
matematika rəqəmlərin
poeziyasıdır.
Məhsuldar dövrümsə 1996-cı ildən başladı və 70 yaşdan sonra bir daha təkrar olundu. "Ədəbiyyat və İncəsənət" qəzetinə bir gecədə yazdığım 10 şeir vermişəm. Tamam bir-birindən fərqli. Elə bil qalaktikanın dərinliyində bir disk qoyublar, ordan informasiya gəlir. Mən şeir yazanda səs eşidirəm, söz axtarmıram. Şair o zaman şair olur ki, o ilham pərisi ilə mübarizə aparmağı bacarır. İlham pərisi gətirir, görür yox, Vahid Əzizin zövqünə uyğun deyil, deyirəm, apar qaytar bunu, mənə lazım deyil. Məsələn, 1965-ci ildə yazdığım şeirin son bəndi indi ortalığa gəlib çıxıb. Mənə elə gəlir ki, dünyadan köçən şairlərin ruhları orda da işlə məşquldur. O ki, şeir gəlir, eşidirəm, dünyadan köçmüş şairlərin ruhudur, kiminsə ruhudur, bilmirəm. Orda oturub o şeirləri yazır və bura ötürür. Tutaq ki, sən deyirsən, "Vahid müəllim, mənə bu mövzuda şeir yazın." Hesab et ki, artıq o yazılıb. Sən onun mənə kodun verirsən, artıq o orda yazılıb gəlir. Hələ Kəlbəcər düşmən əsirliyində idi, yoldaşım dedi ki, Moskva göstərir, Kəlbəcərə qar yağır. Elə kövrəldim ki, ağlaya-ağlaya, dəhşətli bir hönkürtüylə o şeiri yazdım, "Kəlbəcərim". Bəzən şeir yazanda beynim dayanır. Deyirəm, "İlahi, imkan ver, bu misranı yazım. " İnsan çıldıra bilər. Hətta mənim bir misram var: " Doğuşda keçinən bir ana kimi misralar üstündə canım çıxacaq. "
Doğuşdur bu. Adam parça-parça olur. Poeziya çox qüdrətli bir işdir. Qurani-Kərim də, İncil də, Tövrat da -bütün dini kitablar hamısıTanrı tərəfindən şeir formasında gəlib. Bizim müqəddəs kitabımız da bu formada gəldiyinə görə şeirin müqəddəsliyini qorumaq lazımdır. Söz yığınağı şeir deyil, şeir çox mürəkkəb bir şeydir.
2007-ci ildə bir gün kliniki ölüm keçirdim. Anidən ayıldım, kim olduğumu unutmuşdum. Nəvəm o zaman balaca idi, otaqda onun beşiyini görüb anladım ki, kiməm, hardayam. Həmin günün axşamı bulvara çıxdım, gəzə-gəzə gedirdim, birdən şeir gəldi: "Eşidəndə dəyişmişəm dünyamı, çiçəklər də haray salsa incimə." "Nokialar" var idi, onu açdım, başladım şeir yazmağa. Mənim barmaqlarım klaviaturaya dəydikcə o şeir özü yazılırdı. İyun ayının 1-i idi səhv etmirəmsə, İctimai Televiziyadan məni çağırdılar, o şeiri orda oxudum. Ancaq hiss etdim ki, şeir bitməyib. Təxminən 11 gündən sonra son bəndi gəldi. Mən dəqiq inanıram ki, hz. Məhəmməd dağa çıxırmış, Allah tərəfindən, Cənabi Cəbrayıl tərəfindən vəhylə sözlər gəlirmiş və o da onları yazırmış.
Bu şeirdən sonra başqa bir mərhələ gəldi. "Alça çiçəyinə bənzəyən ömür" kitabı 700 səhifəlikdir, 206-cı səhifəyə bu şeiri saldım. O zamana kimi yazılanların təmizliyinə, duruluğuna bax, bir də ondan sonrakılara bax. Tamam fərqli şeylərdi, elə bil getdim ora, təzələndim, gəldim. Poeziya vergidir.
-Şeirlərinizi oxuduğunuz ilk insan kim olur
adətən?
-Özüm. Əvvəllər evdə şeir oxuyurdum. Onda mehriban vaxtlarımız idi. İndi mehribanıq, amma, sən demə qadınlar təzə eşqə düşəndə şeiri, yaradıcılığı sevirlər. Sonra deyirlər yox. (Gülür) Mənim bir neçə yaxın dostum var. Hərdənbir poeziyanı dəyərləndirən həmin dostlarıma, şeirləri oxuyuram. Dərd kimi bir şeydi, adam bəzən bölüşmək istəyir.
Ədəbiyyata yeni gələndə bir sıra maneələr
yaşadım mən.
Birinci kitabım
rahat çıxdı,
artıq ikincidə problemlər oldu. Ölkə rəhbərliyinə
müraciət etdim, müdaxilə edildi. Dedilər "nə istəyirsiniz bu adamdan? Qoyun şeirin yazsın. " Rəsul Rza kimi böyük bir şair 1968-ci ilin aprelində "Ədəbiyyat və İncəsənət" qəzetində
yazdığı "Tanışlıq"
məqaləsində yazmışdı
ki, "Vahid Əzizin şeirləri
qibtə ediləcək
qədər poetikdir.
" İndi həmin kitabları
oxuyanda niyə problemlər yaşadığımı
anlayıram. Vahid Əziz
bu yaşda yazır ki, "Qəm eləmə sarı çiçək, bəxt
gəlib ki, mən də solam. Bu dünyada axıradək kim qalıb ki, mən də qalam?"
Bir dostumun qızı, bir gün məndən
əlyazmalarımı istədi.
Dedi, mən onların üzünü
çıxarıb sizə
verim, amma əlyazması məndə
qalsın. Verdim, bir müddət keçdi. Dostum mənə
zəng etdi ki, evimiz yandı. Deyir, "getdik gördük ki, qapı belə yanıb, heç nə qalmayıb," düşünüb
ki, "vay, Vahid müəllimin
şeirləri yandı."
Deyir, "Şkafın
içərisindəki bütün
paltarlar yanıb, 3 dənə çamadan kül olub. Qızım sənin şeirlərini qır-qızıl
olan çamadana qoymuşdu. Şeirlər olan çamadana heç nə olmayıb. Açdıq
ki, şeirlər olan yerə heç keçməyib belə."
Əlyazmalar yanmır.
-200-dən
çox şeirinizə
mahnı bəstələnib,
Vahid bəy. Ölkəmizlə
yanaşı xarici ölkələrdə də
sevilərək dinlənilən
mahnılarınız var. Bu mahnıları oxuyan
ifaçılardan ən çox kimi bəyənirsiz?
-Mənim şeirlərimə mahnı yazanlar həmişə peşəkar sənətkarlar olub. Mirzə Babayev "Qurban olum", Tünzalə Ağayeva "Yoxsan bu şəhərdə", Rövşən Şərifli "Qoy işığı söndürüm", Flora Kərimova "İlahi" və s.
-Bu günki
poeziyamızda daha çox kimlərdir, şair olanlar, yoxsa şeir yazanlar?
-Bu gün də var istedadlı uşaqlar. Ancaq mən istəyərdim ki, onlar özlərindən müştəbeh
olmasınlar. Heç
şübhə etmirəm
ki, poeziyamızın parlaq
gələcəyi var. Əgər
Nəsimidən, Füzulidən,
Nizamidən, dahilərimizdən
sonra biz varıqsa, deməli, bizdən sonra da olacaqlar. Biz də müştəbeh
idik. Bəzən narazılıq edirlər ki, cavan nəsil
yaşlı nəsli inkar edir. Təbii
prosesdir. Biz də inkar etmişik,
ancaq təhqir etməmişik. İnkarın
inkar qanunu var psixologiyada. Ancaq illər keçdikdən sonra görürsən, yox, bunlar böyük imiş. Təəssüflər
olsun ki, bu günki Azərbaycan
oxucusunun səviyyəsi Aşıq
Ələsgər dövründən
çox aşağıdır.
Zövqlərimiz çox
korlanıb. Açıq
deyək ki, bu işdə özəl telekanalların
çox böyük günahı var. Bu isə ayrı
bir söhbətin mövzusudur. Facebook-a əsl poetik
dəyər saydığım
şeiri qoyuram. Ona reaksiya yoxdur. Amma harda ki, hamıya məlum olan şeirləri bir az da söyüşlə,
təhqirlə deyirsən,
ona reaksiya olur. Yaxşı yazıçı olmaq üçün yaxşı
oxucu olmaq lazımdır.
-Ədəbiyyatımızda nəyi dəyişmək
istəyərdiniz?
-Elə şey var ki, onu dəyişməyə
mənim gücüm çatmaz. Bu gün ədəbiyyatda adam çoxdur, ancaq çap olunmağa şəraitləri
yoxdur. Deyirlər ki, rayondan gələn gənclər savadsızdır.
Bu gün elə rayon
var ki, orda kitab mağazası
yoxdur. Təəssüflər
olsun ki, mədəniyyəti,
ədəbiyyatı inkişaf
etdirmək üçün
yazıçı, şair
cibindən pul verməlidir. Mən hər zaman demişəm,
dövlət, ömür
boyu əsər yazıb qonorar alan yazıçını
60, 70-i keçdikdən sonra
birdən-birə çölə
atmamalıdır. Dövlət
tərəfindən vəsait
ayrılmalıdır, nəşriyyatda
bir redaksiya heyəti yaradılmalıdır,
yazıçılar əsərlərini
ora təqdim etməlidir, vaxtı ilə olduğu kimi. Sovetin dövründə
ucqar rayonlara maşınlar qənd, çay, un aparırdı,
amma hamısının
üstündə bağlamalarda
kitablar olurdu. Vaxtilə 5000 kitabxana var idi, ali məktəblərdə,
orta məktəblərdə
və s. 500
tirajla çıxan kitabları şair qoltuğuna vurub satmalıdır? Rayonda yaşayan gənclər necə əldə etsinlər?
Hesab edirəm ki, Azərbaycan ədəbiyyatını, mədəniyyətini
daha da yüksəklərə
qaldırmaq üçün
mütləq dövlət
qayğısı olmalıdır.
Bu tək adamın, tək yazıçının
işi deyil.
Zeynəb Rzayeva
Olyalr.- 2024.- 22 dekabr-11 yanvar,¹1.-
S.14.