Əruz ürək döyüntüsüdür
"Bizim gördüyümüz
Bakının altında
bizim bilmədiyimiz gizli, mistik Bakı
var"
Özümü heç zaman əruz vəzninə yaxın hiss etməmişəm.
"Bəlayə düşsə Fəhmi, xilas üçün gəlib sən,
Otur yanımda
hərdən nağıl
danış mənimçün".
Ta ki, onu tanıyana qədər.
İfadəolunmaz
hisləri qələmlə dindirib vərəqdə əks
etdirməyi bacaran dəyərli qələm sahibi İlqar Fəhmi ilə müsahibəmi
sizlərə təqdim edir, oxuyarkən hər fikirdən
zövq alacağınıza əminlik verirəm.
-İlqar
bəy, necə düşünürsünüz, insan şair
doğulur, yoxsa sonradan şair olur? Yəni əlinə qələm
alan hər kəs şair ola bilərmi?
-Bilirsiniz bu nəyə
bənzəyir? Torpağa bir toxum
düşür. Son məhsul o toxumun da, düşdüyü
torpağın da keyfiyyətindən də
asılıdır. İnsanın ruhunda poeziya zərrəsi
var və o gedib başqa sahəyə düşürsə, o
həmin poeziyanı məhz şeir olaraq yox, başqa sahədə
istifadə edir. Poeziya yaradıcılıqdır. Mən
insanları şair, rəssam və s. kimi bölmürəm,
yaradıcı insan var, yaradıcılıq qabiliyyəti
olmayan insan var. Yaradıcı insan hansı mühitə
düşsə, orada öz
yaradıcılığını inkişaf etdirəcək.
Təbii ki, burada istedadın spesifik fizioloji xüsusiyyətləri
var. Bir insan yaradıcı insandır, ancaq onun fiziki qabiliyyətləri
imkan vermirsə, yaxşı rəqqas ola bilməz. Məncə,
50 faiz həmin o yaradıcılıq qabiliyyətidir, 50 faiz isə
insanın düşdüyü mühitdir. Mühitin çox
böyük rolu var. Mən Bakı-Abşeron mühitində
gözümü açandan klassik ədəbiyyat, muğam, qəzəliyyat
və s. içərisində böyümüşəm deyə,
mənim yaradıcılığın, istedadım bu tərəfə
yönəlib. Kəlbəcərdə doğulsa idim, yəqin
ki, aşıq şeiri yazan şairlərdən olardım. Bacarığın sahədə
özünü göstərmək
mühitdən asılıdır.
-Bir müsahibənizdə "Bakıdan
kənarda heç nə yaza bilmərəm"
demisiniz. Düşünmürəm ki, sizin kimi
yaradıcı bir insanın bölgə fərqi ilə əli
qələm tutmasın. Sizi Bakıya bağlayan ən
başlıca səbəb nədir? Niyə Gəncədə
yox, Şamaxıda yox, Almanyada yox, məhz Bakıda yaza
bildiyinizi və
bundan kənar heç bir yerdə
bacarmadığınızı düşünürsünüz?
-Son vaxtlar bu məsələlər
üzrə çox danışıqlar gedir. Məsələn,
deyirlər ki, başqa bölgədə bitən meyvə bir
ölkəyə ixrac olunursa, o insanlara xeyirdən çox
ziyan verir. Çünki, o, həmin coğrafiyanın meyvəsidir
və oranın insanları da o coğrafiyanın bir hissəsidir,
orda daha təsirli olur. Kənara çıxdıqca
effektivliyini itirə-itirə gedir. Bu baxımdan, Bakı mənim
üçün həmin coğrafiyanın bir hissəsidir. Mən
Bakının energetikasıyla nəfəs alan adamam.
Bütün mənfi-müsbəti, çatışmayan
xüsusiyyətləri ilə birlikdə Bakı mənim
içimdədir. Kənarlaşdıqca, o enerjinin zəiflədiyini
hiss edirəm. O enerjinin nə olduğunu tapa bilmirəm.
Mistikaya, metafizikaya inanıram. Bunların da mahiyyətinin əsasında
sözlə ifadə oluna bilməmələri dayanır.
Saatlarla da danışsam, bunu sözlə ifadə edə bilməyəcəm.
Hər halda Bakının tarixən bir mistikası var. Bakı
uzun illər atəşpərəstlərin qibləsi olub,
hürufilər uzun illər burada yaşayıblar və s.
Bakının tarixində bir çox mistik məqamlar var.
Bakının çox qəribə bir aurası var. Elə
bil, gözəl bir bina var, onu uçurdub təmir edəndə
altından daha qədim bina çıxır. Energetik
baxımdan Bakı mənim üçün o cür bir şəhərdir,
bizim gördüyümüz Bakının altında bizim bilmədiyimiz
gizli, mistik Bakı var.
-O zaman
sizi ilhamlandıran bir
nüans da məhz Bakıdır deyə bilərikmi?
-Bəli, əlbəttə.
Bakı həmişə məni paradokslar şəhəri
olaraq özünə cəlb edib. Ümumiyyətlə,
insanı cəlb edən həmişə ziddiyyətlər
olur. Bir insan həddən artıq işıqlı, ziyalı,
müsbət enerjili birini sevə bilməz. Sevəcək, bir
həftə sonra onu darıxdıracaq. Çünki, onun nəyi
edib-etməyəcəyini öncədən bilmiş olacaq.
İnsanlar da, obyektlər də, məkanlar da, əsərlər
də, baxdığımız filmlər də o zaman bizim
üçün maraqsızlaşır ki, biz o gözlənilməzliyi
itiririk. Müəyyən şəhərlər var ki,
onların energetikasında, görünüşündə
ziddiyyət yoxdur. Amma Bakıda uşaqlığımdan bəri
o ziddiyyətin içərisində yaşamışam. Bizim
məhəlləmizdə qəribə bir sərhəd var idi.
Burada küçədə belində bıçaq olan
oğlanlar, küçəni o tərəfə keçəndə
qısa ətəkdə qızlar var idi. 100 metr o tərəfdə
hansı reallıqla qarşılaşacağını
bilmirdin. Bir yerdə normal olan bir şey, digər yerdə az
qala bıçaqla qarşılanırdı. Bütün
bunlar çox dar bir məkanda birləşmişdi. Sərhədlərin
o tayında səni nə gözləyir, bilmirdin. Bütün
bu ziddiyyətlər o qədər də konflikt
yaratmırdı. O ziddiyyətlər öz ənənəsini,
çərçivəsini kənara
"sırımağa" çalışmırdı. Bu
çox əhəmiyyətlidir. Bakının məhəllələrində
görürdüm ki, hərənin öz sərhəddi var,
heç kim öz qanununu o sərhəddən kənara
şamil etməyə cəhd etmir. Ailəmdə də bunu
görmüşəm. Atamla anam çox fərqli adamlar idi,
biri ateist, biri dindar. İkisi də bir-birinə nəyisə
zorla təlqin etməyə çalışmırdı. Bu
insanlar, cəmiyyətlər, toplumlar arasında münasibətin,
birgə yaşayışın çox qəribə bir
kodudur. Əxlaq çərçivələri ilə müəyyən
sərbəstlik, inkişafla geridəqalmışlıq bir
şəhərin içində bir-birilə paralel necə
mövcud olurdusa, məncə, bu-müxtəlif ziddiyyətlərin
bir məkanda birləşə bilməsi, Bakının
möcüzələrindən biri idi.
-Əksər zamanlarda araqçından istifadə
edirsiniz. Bunun xüsusi bir səbəbi varmı? Adət-ənənələri
yaşatmaq məqsədimi daşıyır, yoxsa sadəcə
imicinizə yaraşdırdığınız bir detaldan ibarətdir?
-Əslində, ümumiyyətlə,
həyatda bir çox
şeylər qəfil baş verir. O vaxt mənə bir papaq
bağışlamışdılar. Qışda ondan istifadə
edirdim. Sonra bir neçə dəfə tədbirlərdə də
çıxarmadım. Baxdım ki, yavaş-yavaş imicə
çevrilməyə doğru gedir, özümə də
maraqlı gəlir. Bir element sən ağzını
açmazdan əvvəl kimliyini bildirməlidir. Papaq məsələsinin
maraqlı cəhəti bundan ibarətdir ki, bizdə hər təbəqənin
öz papağı olub. O papağa baxıb, gələnin zadəgan,
tacir, dövlət qulluqçusu, əsnaf, fəhlə və
s. olduğunu anlayırmışlar.
-Ədəbiyyat həyatın
təsviridir. Sizcə bugünkü ədəbiyyatımızda
gördüklərimiz öz əksini tapır, yoxsa görmək
istədiklərimiz?
-Həyatın əksidir
termini ədəbiyyata münasibətlərdən
biridir. Kimin üçünsə ədəbiyyat
gördüklərimizin, kimin üçünsə görmək
istədiklərimizin əksidir. Əfsuslar olsun ki, son vaxtlar ədəbiyyat
məhz gördüklərimizin əksi olur. Həyatda
gördüyümüzün güzgüsünə
çevrilib. Sən deyə bilərsən ki, bu
yaxşıdır, gördüyümüzü göstərir.
Amma mən bunu yaxşı hal hesab etmirəm,
gördüyümü göstərirsə, mən onsuz da bunu
görürəm. Ədəbiyyat görmədiyimizi göstərməlidir.
Son zamanlar biz bunu itirmişik. Bilən və bilməyən
adamlar üçün ədəbiyyat var. Fərq ondadır
ki, bilməyən adam üçün olan ədəbiyyat
sırf gözlə görünən estetika üzərindədir.
Bilən adamlar üçün olan ədəbiyyat gözlə
görünməyən şeylər haqqında olur. Bundan əvvəl
ədəbiyyat kütlələrə gedib
çatmırdı, ona görə də kütləvi ədəbiyyatımız
əksərən şifahi olub. İndi hamı oxuya bilir, deməli
gözə hesablanan ədəbiyyat da artıq kitaba gəldi.
Bazar qanunları nə istəyir? Mən kitabı naşir
olaraq çap edirəmsə, sərf etməz ki, bu kitabdan 50 ədəd
satım, istəyərəm 5000 ədəd satım. Təbii
ki, 5000 satıla bilənə üstünlük verərsən.
Sayla bağlı olan şeylər daha ön plana
çıxır, daha kütləvi olur. Elitar təfəkkür
üzərində qurulan sənət nümunələri
yavaş-yavaş sıxışdırılır. Bu
baxımdan "ədəbiyyat həyatı əks etdirir"
deyənlərin dövranıdır. "Ədəbiyyat
görmək istədiklərimizi,
gördüyümüzün arxasında görmək istədiyimizi
əks etdirir" deyənlər və onların əsərləri
sanki bir növ ögey övlad kimi kənara
sıxşdırılır. Nə zamana kimi belə davam edəcək,
bilmirəm, amma hələ ki, tendensiya buna doğru gedir.
-Yaradıcılıq düşüncənizə
görə bu gün
gənc və ya orta yaşlı yazarlar günümüzü
maraqlandıran, ədəbiyyatın boynuna düşən məsələləri
qabarda bilirlərmi?
-Məncə, yox.
Çünki, burda mənim nifrət etdiyim bazar və biznes irəli
çıxır. Mən özüm həmişə
düşünmüşəm ki, yaradıcı insan toplumdan
bir pillə yuxarıda olmalıdır, toplumun
zövqünü formalaşdırmalıdır. Müəyyən
seriallar, filmlər və s. çəkiləndə indi
düşünürük ki, oradan kimisə özümüzə
tərəf gətirək. Biz ancaq bunu
düşünürük, onların zövqünü
öyrənək, istehlak etdiyimiz material tam onların ürəyincə
olsun ki, reytinq gəlsin. Reytinq olmayanda vəsait olmur. Deməli,
artıq sən kütləni özünə
uyğunlaşdırmırsan, özün kütlənin
içinə düşüb ona uyğunlaşırsan.
Kütləvi cəmiyyətin ən böyük faciəsi
bundan ibarətdir. Əvvəl mənim bir yazım
çıxırdı, məsələn, mənim
üçün o jurnalı nə qədər adamın
oxuyacağı maraqlı deyildi. Məni 10-12 nəfər
adamın rəyi maraqlandırırdı. Yəni, onların rəyi
yaxşıdırsa, o artıq mənə bəs edirdi. Biz
bunu itirmişik. Hər şey rəqəmləşir. Sən
öz beynini ona sərf etməlisən. Naşir, rejissor,
televiziya istehsalçısı, mətbuat nümayəndəsi,
hamısında beyin kütlədən diqqət
qazanmağın yolların tapmaq üzərində
düşünür. Görürsən ki, bu işi necə
görmək barədə enerjin daha az sərf olunur, nəinki
"bunu necə bəyəndirim?" Düşünməli
deyilsən, neyniyim ki, oxunma çox olsun, düşünməlisən
ki, nə edim ki, qarşımdakı müəllifin iç
dünyasını açıb göstərə bilim.
Son zamanlar meyxanayla bağlı çox mübahisələr
gedir. Baxıram ki, meyxana yaxşı kütləvi sənətdir.
Amma bir çox ciddi əsər yazan insanlar görürəm
ki, qeyri-ixtiyari meyxana deyənlərə müəyyən bir
qıcıq əmələ gəlir. Çünki,
düşünürlər ki, niyə onlara bu qədər
sevgi var, bizə yoxdur? Özüm üçün də sual
altındadır ki, bu yanaşma tərzi nə zaman dəyişə
bilər?
-Əruz vəznində yazıb yaradan seçilən
şairlərdənsiniz. Bilirik ki, əruz qəliz bir vəzndir.
İlk başda əruzun haqqını verə biləcəyinizə
əmin idinizmi? Ümumiyyətlə, sizi bu vəznə
doğru yönəldən onun hansı özünəməxsusluğu
idi?
-Mistika. Bax, əruzda deyilən hansısa fikri
sözlə kiməsə izah etməyə çalış.
Qəzəlin formasında, ritmində, vəznində nə isə
bir ecaz var ki, o məzmunu onun içərisindən
çıxaranda hər şey itir. Həmin fikri sənə sadəcə
bir söz kimi deyəndə sən ondan heç bir təsir
almayacaqsan. Bu bir geyimə bənzəyir. Hansısa paltarı
geyinəndə görürsən ki, sənə münasibət,
diqqət nə isə başqa cür olur. Şeir məzmunu
üçün də formalar bir geyimdir. Əruzun ritmini
içimin ritmi ilə uşaq vaxtından o qədər
üst-üstə düşdüyünü hiss etdim ki,
başa düşdüm, mən nə yazsam da elə əruzda
yazacam. Heca şeirlərim də var, düzdür. Amma ürək
döyüntüsü əruzdur. Əruz ritmli
söz deməkdir. Ritm də insan həyatının
nizam-intizamıdır. İnsan düşüncəsində
ürək döyüntüsü, kainatın, buludların,
ayın, günəşin, fəsillərin dövr etməsi...
gör dünyada nə qədər tsikllər var. Bunlar
hamısı onu göstərir ki, kainatdakı hər şey
dövrə vurur və təkrarlanır. Əruz da həmin o
təkrarlanan ritmin şeir variantıdır. O təkrarlanan ritm
hansı mistik, psixoloji hisləri yaradırsa, mən onu
sözlə izah etməkdə çətinlik çəkirəm.
Əruzda olan şeir sərbəst olsa idi, görəcəkdin
ki, o sənin bir azca ağlına təsir etsə də, ruhuna
etməzdi. Sənətdə mistika dediyimiz əruzda daha
güclüdür.
Məsələn, mənim bütün dünyagörüşümün ziddinə olan bir filmə baxıram. Tutaq ki, ateizmi sevmirəm, amma bu film ateizmdən bəhs edir. Amma filmdən o qədər xoşum gəlir ki. Məntiqlə bu filmə nifrət etməliyəm. Ədəbiyyatda da belədir. Bax, bu sənətə münasibətin mistikasıdır.
Zeynəb Rzayeva
Olaylar.-
2024.- 12-18 yanvar, ¹1.- S.20.