“Şairin yaratdığının ömrü
özündən çox olmalıdır”
RƏHİLƏ
KƏSƏMƏNLİ-" Bəlkə də bunlar ona görə etdiyim sonuncu yaxşılıqlardı"
29 dekabr 1946-ci il. Bəlkə də bir çoxları
üçün bu tarix adi bir
gündür. Amma həmin gün uşaqdan böyüyə
adı, şeirləri
dillər əzbəri
olan, xalqının sevimli şairi Nüsrət Kəsəmənli
günüdür. Bəli,
29 dekabr Nüsrət Kəsəmənlinin dünyaya
göz açdığı
tarixdir. O, bu gün şeir, şair deyəndə adı yada düşənlər
sırasında önlərdədir.
"Saxla öz yanında ruhumu, Allah, bir də
bu dünyaya gətirmə məni"
deyən şair görəsən xalqının
ona olan sevgisinin fərqindəydimi?
Ölümündən sonra ona çox
yazılar yazıldı,
nə qədər məqalələr həsr
olundu. Bu müsahibəni də mən həsr edirəm.
Nüsrət Kəsəmənli deyəndə
şeir yada düşür dedim, amma təkcə şeir deyil. Ölümündən sonra
da onun xatirələrdən
silinməsinə icazə
verməyən, xatirəsini
əbədi yaşatmağı
özünə borc bilən xanımı var Nüsrət Kəsəmənlinin. Adətən
müsahiblərimiz haqqında
danışdığımız şəxs olur. Bu gün mənim
müsahibim Rəhilə
xanım Kəsəmənlidir,
Nüsrətin Rəhiləsi.
Ölümündən illər
keçməsinə baxmayaraq,
bu gün də Nüsrətin adını eşidəndə
kövrəlir, səsi
titrəkləşir. Onunla
olan xatirələrini
danışanda üzündə
güllər açır,
sanki başqa bir aləmə gedir. Nüsrət Kəsəmənlinin doğum
gününə həsr
etdiyim müsahibəni
təqdim edirəm. Bir az gec
oldu, amma şeirin günü yoxdu ki...
- Rəhilə xanım, Nüsrət bəyin vəfatından sonrakı 29 dekabrlar sizin evdə necə yad olunur?
- Tam səmimi
deyirəm, Nüsrət
Kəsəmənli mənim
üçün sağdır.
Heç nə dəyişməyib. Hansı
qanunlar, nələr onun xoşuna gəlirdi, nəyi qəbul edib, etmirdi, ümumiyyətlə
birgə həyatımız
ərzində nələri
yaşamışıqsa, onlar
mənim gözümün
qabağındadır. Elə
bilirəm, evin içindədir, heç
uzaqlaşmayıb. 29 dekabr
onun ad günü,
15 oktyabr dünyasını
dəyişdiyi gündür.
Hər iki tarixdə özüm hamıdan əvvəl tək gedirəm, söhbət edirəm, ürəyimi boşaldıb
gəlirəm. Elə
bilirəm, onunla hardasa görüşə
gedirəm, hardasa bir yerdə danışıb, qayıdırıq.
- Bəs Nüsrət
bəy özü sağlığında özəl
günlərə necə
önəm verərdi?
- Özəl günlərimiz olurdu, məsələn, ailə
qurduğumuz gün, ad günlərimiz. Axşam bir başqa olurdu, yaxınlar, qohumlar bir yerə yığışırdıq.
Amma gündüz ikimiz, bir də
kiçik nəvəmiz,
Nüsrət dünyasını
dəyişəndə onun
7 yaşı vardı.
Bağlı bir yerə gedirdik, otururduq. Üçümüz
olurduq, kənar adam olmazdı. Tanış olduğumuz gündən həmin ana qədər hansı günləri, anları yaşamışıq,
zarafatlı, acılı
nə vardısa, təkrar edirdik ki, birdən unudular o günlər. Elə xoşlayırdı
ki... Deyim qəribə gəlməsin,
böyük gül buketləri olurdu, amma onun ən
xoşuna gələn
tək bir gül olurdu. Bir dəfə
ona sual verdim ki, niyə tək bir gül?
Dedi ki, bütün o istəklər, görüntülər
birində cəmləşir,
gör nə boyda olur bu.
- Danışdıqlarınızdan belə qənaətə gəlirəm ki, Nüsrət
bəy çox kövrək, həssas qəlbli, incə biriymiş...
- Çox.
- Şeirlərindənmi, ya görünüşündənmi
cəmiyyət içində
sanki, sərt biri kimi tanınıb.
Ailəsinin tanıdığı
Nüsrət Kəsəmənli
ilə, xalqın tanıdığı Nüsrət
Kəsəmənli arasında
hansı fərqlər
var?
- Çox deyib-gülən,
hətta zarafatları
olan biri idi, amma həqiqətən
də kənardan çox ciddi görünürdü. Evdə
də ciddilliyi var idi, amma çox
çəkmirdi. "Etiraf"
şeirində də
var, "dəcəl balalara
mülayim ata, sənin üçün ən dəcəl uşaq olmuşam".
İndi siz burdan baxın ki, o cür dəcəl uşaqlara mülayim ata, mənim üçün dəcəl olan (gülür) biri. Bizdə evdə fikir ayrılığı
ancaq uşaqlarla bağlı olub. O həddindən artıq uşaqlara mülayim idi. Bilmirəm, atasız-anasız böyüdüyünə
görəmi, uşaqlıq
həyatını istədiyi
kimi yaşamamışdı,
ona görəmi, uşaqlara həddindən
artıq müstəqillik,
azadlıq verirdi ki, qoy, ürəkli böyüsünlər. Mən
tam onun əksi idim. Bir də görürdün, uşaq
da elə yerə çıxır ki, Nüsrət
özü inciyirdi, küsürdü. Nüsrətin
uşaqlardan küsməsi
uşaqlar üçün
ən böyük cəza idi. Çünki, hər şey Nüsrətlə bağlı idi, nə olurdusa, o müdafiə edirdi onları. Onlar küsülü olanda mən sevinirdim. Baxırdı üzümə,
deyirdi: "Biz uşaqlarla
küsmüşük, sevinirsən
hə? Sən Allah get
denən ki, gəlib üzr istəsinlər, barışım". Deyirdim,
elə şey yoxdu, elə küsülü qalsanız
yaxşıdır, mənə
bu sərf edir (gülür). Kənardan ola bilər sərt görünürdü,
amma nə qədər sərt görünürdüsə, bir
o qədər də kövrək idi, hədsiz kövrək idi. Elə anlar,
filmlər vardı ki,
baxıb, ağlayırdı.
Heç nə demirdim. Oturub baxırdıq, görürdüm,
gözündən yaş
axır. Bilirdim ki, onun həyatında ona tanış olan yerlər var.
- Şairlərin ilham
mənbəyi gözəllikdir.
Bəs Nüsrət bəyin ilham mənbəyi nə idi?
- Açığını deyim,
elə Nüsrət də gözəllik vurğunu idi. Demirəm ki, mən gözəl olmuşam, mənimlə ailə həyatı qurub. Adi qızlardan olmuşam, amma mənə elə gəlir ki, birgə ömür yaşayanda hiss etdim ki, Nüsrət üçün
ən çox önəmli olan qızın tərbiyəsi,
ağır təbiəti
idi. Kimlər haqqındasa danışanda
deyirdi ki, qəşənglik
qalsın bir qırağa, onu öyrənmək lazımdı
ki, əxlaqıdamı yerindədir?
Bir xanım kimi boynuna düşən vəzifələrin öhdəsindən
gələ bilərmi?
Xoşbəxtlik ani məhfumdur,
ola da bilir. Birdən elə bir xəbər
eşidərsən ki, deyərsən
dünyanın bədbəxti
mən imişəm. Mən Nüsrətlə tanış olduğum gündən öz həyatımı göz önünə gətirirəm.
Çoxları deyir
ki, film kimi gəldi keçdi gözümün
qabağından. Deyirəm,
keçə bilər,
amma bu vərəqlənmiş
ömür kitabıdır.
Mənim xoşbəxtliyim
ondadır ki, Nüsrətlə
keçən günlərimiz
xoş olub. Məni yaşadan o oldu ki, biz Nüsrətlə
sözsüz-söhbətsiz həyat sürdük. Hər şey keçib gedir, amma xoş anlar
ölümdən sonra
belə yada düşəndə
deyirsən ki, həyat
yaşamışam.
- Ev muzeyi haqqında düşünürsünüz?
- Çalışırıq. Qazaxda
onların ata-baba yurdu var. İndi ora bərbad günə salınıb, səbəbini
bilmirəm. Çox istərdim ki, oraları səliqəyə salıb,
ev muzeyi edək. Yaxud da Mədəniyyət Nazirliyindən
xahiş edək ki, onun bir ev
muzeyini açaq. 2 ildən sonra 80 illiyidir. Adətən deyirlər ki, yazıçılar,
şairlər gördüklərini
yazır. Nüsrətin
nə şeiri varsa, hansı mahnı varsa, hamısı onun həyatındandır. Düşünün
ki, filmdir, baxırsınız.
Hər şeyi orda sizə danışır, nağıl
edir.
- Məsələn, "Biri vardı,
biri yox" şeiri".
- O şeir onun həyatıdır. O şeirdə
bir az mübahisəmiz
düşmüşdü. Deyir: "Sözarası mənə "evlən"
dedilər, nişan üçün iki şey istədilər, məndə isə biri vardı, biri yox." Deyirdim, ay Nüsrət (gülür), nişan vaxtı yazıq anam səndən heç nə istəmədi. Bir tələbənin
qaldığı ev necədirsə, mən ora gəlin getmişəm. Bizim xoşbəxtliyimiz onda idi ki, bizdə "mən" sözü olmayıb. Bir-birimizi necə var, elə tanıtmışıq və
necə tanınmışıqsa,
axıra qədər elə yaşamışıq.
- Sizcə, həyatında
yaşadığı acılar
onu şair edib?
- Mənə də elə gəlir. Düzdü, istedad da var. Çox çətin həyat yaşayan olur, amma qələmə
ala bilmir. Dünyaya bir dəfə gəlirik, amma bu həyatda o qədər çətinliklərlə
rastlaşırıq. Həyat
adamı vadar edir ki, ürəyini boşaltsın. Üstəgəl,
istedad da olanda çox gözəl alınr. Onun əmisi Şeyda Əziz də şair olub, yəni nəsillərində
var. Oğlum Rəşadda
da bu istedad var. Bir dəfə mənə bir şeirini oxudu. Dedim, oğlum,
mən müəllim kimi qiymətləndirirəm,
amma şair tamam başqadır. Bunu atana oxusan
yaxşıdır. Nüsrət
şeiri bəyəndi
və bir söz işlətdi. Baxdı güldü, dedi ki, deyəsən mənim çörəyimi
əlimdən almaq istəyirsən (gülür).
Sonra çox gözəl
bir söz dedi. Mən indi də görürəm
ki, həmin o söz bu gün təsdiqini
tapır. Dedi ki, yaradıcı insan kim olursa olsun,
elə yaratmalı, yazmalıdır ki, onun yazdığının, yaratdığının
ömrü müəllifin
ömründən uzun
olsun. Gördüm, düz də deyir. Artıq özü 20 ildən artıqdır ki yoxdur, amma mən auditoriyaya
girəndə tələbələr
bilmirlər neynəsinlər.
Birinci kursdurlar, özümü tanımırlar
hələ, Nüsrətin
adı gəlib deyə bilmirlər neynəsinlər. Öz-özümə
düşündüm ki, o, gələcəyini də
görüb. Deyir ki, elə yazıb, yaratmaq lazımdır ki, o
yazdıqların qalsın,
onu oxusunlar. O tarixi əsər olsun ki, sən yoxsan dünyada, amma o əsərlər
var.
"Saxla öz yanında
ruhumu, Allah
Bir də bu dünyaya
gətirmə məni"
Həqiqətənmi bu misraları yazarkən bu dünyaya bir də gəlmək
üçün səbəb
tapmadı?
- Bir esse üzərində indi də işləyirəm.
İstəyirəm, bir
kitab yazım. Onun bütün yaradıcılığını,
şeirlərini, çap
olunmuş kitablarını
bir də təzədən çap
etdirim. Onun hələ çap olunmayan əlyazmaları
da qalıb, çox maraqlı şeirlərdir.
Bəlkə də, ona görə etdiyim sonuncu yaxşılıqlardır. O essedə
ürəyimi boşaltmaq
istəyirəm. Deyirəm
ki, sən ki, ailəndən
bu qədər razı idin, niyə ölümünü
arzulayırdın? Baxıram
ki, həyatdı. Mənim
təsəllim xoş
xatirələrdir. Öz-özümə
tək qalanda deyirəm, nə yaxşı oldu, mənim dünyam belə oldu. Şükürlər olsun
ki, həyat mənim yoluma belə bir yoldaş verdi.
- Nüsrət bəy sağlığından sevgi,
məhəbbət şairi
adlandırılır. Özü
bununla razılaşırdı?
Onun sevgi mövzusundan başqa da şeirləri var.
- Onun Qarabağ, Şuşa, ailəsi ilə bağlı böyük şeirləri
var. Onun çox böyük Vətən yanğısı var idi. Vəziyyəti ağır
olanda həqiqətən
də, bizə dövlət tərəfindən
çox hörmət
etdilər. Hara istəyirsən
müalicəyə göndərək
dedilər. O, İranı
seçdi. Təsəvvür
edin, hər gün səhər tələbələr gülləri
yapışqanla xəstəxana
pəncərəsinə yapışdırırdılar.
Ustad deyirdilər ona. Hər gün
gəlirdilər ki, onu
görüşə aparsınlar.
O, dünyasını dəyişəndə
2 gün mən bilmədim. Onu yola salanda nə
qədər tələbə
gəlmişdi, elə
bil nümayiş idi. Çox sevinirdi yolların açılmağına, azərbaycanlıların
gəliş-gedişinə. "Ağlama,Təbrizim!"-,
deyə-deyə getdin,
Təbriz sənin üçün ağladı.
Əfsuslar olsun ki, Qarabağın işğaldan
azad olunmasını görmədi. Kaş bir az da yaşayardı,
qələbələri görərdi.
Nəvəm Cavidan döyüşdən qayıdan
kimi Nüsrətin məzarına qaçmışdı
ki, baba, Şuşanı aldıq.
- Hər qələm
sahibinin digərlərindən
fərqləndirdiyi bir
əsəri olur ki, onu "şah" əsəri adlandırır.
Nüsrət bəyin
öz yaradıcılığında
ən sevdiyi əsəri hansı idi?
-Mənə elə gəlir ki, "Biri vardı,
biri yox".
Qiymət Mahir
Olaylar.- 2024.- 12-18 yanvar,
¹1.- S.19.