Kütlə onun sözünü

təkrar edəni sevir  

 

Şair, yazıçı, kinodramaturq,Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri  üzrə  katibi  İlqar Fəhmi ilə müsahibənin davamı

 

Əvvəli ötən sayımızda

 

-Əruz vəzni şeirlə insan ruhu arasında hansısa mistik bir bağlantını özündə qoruyub saxlaya bilir. Bu o demək deyil ki, əruzda yazılırsa təsir edir, yox. Ancaq istənilən halda gözəl istifadə olunduqda təsir gücü fərqli olur. Təsirin özü fərqli olur, biri var ki, sən gözlə görünən şeylərdən istifadə edib  insanın gözünə təsir edirsən, biri var ki, gözlə görünməyən şeylərin üzərindən ritmlə, taktla, təhtəlşüur səviyyəsində nələrisə oynatmaqla insana təsir edirsən ki, bu da gözəldir. Düşünürəm ki, əruzun mistikasını hələ tam istifadə etməmişik. O qədər gizli, insanın ruhunu silkələyən şeylər var ki, gələcək nəsillər yəqin ki, bunu daha da genişləndirərlər.

-Bir nurumuz olsaydı, saçardıq

Bir kölgəmiz olsaydı, yatardıq.

Bir sirrimiz olsaydı, açardıq,

Bir dostumuz olsaydı, satardıq.

Ümumiyyətlə, dostlar tərəfindən satılmaqla çoxmu rastlaşıb İlqar Fəhmi? Onun üçün dostluq etmək anlama gəlir, necə dostluq edirlər?

-Dostluğun da sirrini, bayaq qeyd etdiyim kimi, hansısa maraqda yox, məhz heç bir marağa xidmət etmədiyi halda mənəvi bağlılıq üzərində görmüşəm. Məsələn, insanlar var ki, birgə fəaliyyətləri var, müəyyən işlər görürlər, bir sahədədirlər yaxud da bir-birləri ilə başqa bağlılıqları var deyə dostdurlar. O fəaliyyət kəsilən kimi, o dayanan kimi onların əlaqəsi kəsilir. Çox yox, 4-5 dostum var ki, onlarla məni əslində heç bir maraq bağlamır, onların mənə xeyri var, mənim onlara. Amma isə bağlantımız var. Bu mənimçün çox önəmlidir. Satılmamışam. Çünki, hər adamı yaxın buraxan deyiləm ki, tez-tez satılım. Qapalı insanam. Şeirə qayıtmaq istəyirəm ki, o şeir görünənin arxasında görünməyənə ünvanlanmış bir şeirdir. Kütlə təfəkkürü ilə mənə çox adam irad tutdu ki, o misranı ordan çıxart. O sənin xasiyyətinə, nüfusuna, obrazına uyğun deyil. Necə yəni dostumu satardım? Bu kütlə tərzidir, gördüyünü gördüyü kimi qavrayır. Amma ruhu olan insan başa düşür ki, burada söhbət dost satmaqdan getmir. Bu insan o qədər tənhadır ki, hətta xəyanət etmək istəyəndə belə bunun üçün yaxın adam tapa bilmir. Bu artıq görünənin arxasındakı hiss duyğudur. Bu şeir əslində, tənhalığın fəryadıdır. "Olsaydı" sözü isə insan tənhalığının bəyanının kritik nöqtəsidir. Hətta bir neçə versiya dedilər ki, dəyişim. Mən özüm bir ara fikirləşdim ki, bəlkə düz deyirlər, bəlkə mən bunu dəyişim? Mənim bu şeirimi yaxşı oxucularımdan biri səsləndirmişdi. Dedim hamı deyir, "dostumuz olsaydı satardıq"ı çıxar ordan. Dedi bura bax, sən çıxarsan da, mən elə belə oxuyacam. Bu bir nəfərin sözü mənim üçün kütlədən gələn yüzlərlə rəydən daha üstündür. Bəzi rəqəm dalınca qaçan uşaqlara deyirəm ki, insanın mənəvi rahatlığını normal təmin etmək üçün 10-12 nəfər kifayət edir. 20 artıq çoxdur. Artıq 100-150 olduqda sənin beynində bir xaos əmələ gəlir. Napoleonun bir gözəl sözü var, deyir ki, 1 nəfərin ölümü cinayətdir. 10 nəfərin ölümü faciədir. 100 nəfərin ölümü statistikadır. Mənim bəzi ulduzlara yazığım gəlir. Sənin bir milyon fanatın olanda bu rəqəm sənə heç vermir. Pul verir yaxşı, amma 200 qız orda səninçün saçlarını yolursa oturub düşünürsən ki, kaş Allah mənə onların yerinə bir nəfər verəydi. Orta statistik insan üçün 15-16, 20-dən o tərəfə artıq çoxdur. Kitab satışını qoyaq qırağa, mənim kitabımı 5000 adamın oxumağı ilə 10000 adamın oxuması arasında mənəvi kimi dəstək fərqi var? Pulu başa düşdük, maddi gəlir gəlir. Onlar sənə heç vermir əslində, səndən ruhən çox uzaq olan, sənə heç bir dəstəyi, sevgilərinin müsbət enerjiləri olmayan insanlardır. Sadəcə rəqəm var orda, rəqəm çoxalır. Əksəriyyət səni yox, öz beyinlərindəki "sən" obrazını sevirlər. Sabah sən onların ziddinə olan şeyi yazsan, bir dəqiqənin içində onların məhəbbəti nifrətə çevrilir. Yəni, kütlə onun sözünü təkrar edəni sevir. Mənim dediyim sevgidə isə səni ruhuna görə sevirlər. Məni sevən insan, sabah onun fikrinin əleyhinə bir fikir desəm , məni onun gözündən salmayacaq. Afaq Bəşirqızı çıxdı Prezidentin qabağında dedi ki, aktyorlar pis yaşayır. Oldu xalqın qəhrəmanı. 3 ay keçəndən sonra televiziyada kimisə söydü, oldu xalqın düşməni. Ona görə müəyyən vaxt keçəndən sonra dərin düşüncəsi olan insan rəqəm dalınca qaçmağı bir qırağa qoyur, az, amma ruhuna yaxın dənələrin üzərində köklənir. Bu artıq insanın müəyyən qədər müdrikləşməyə doğru getdiyini göstərir. Elə insan var, çoxa nail olur, başa düşür ki, çox ona heç vermir, təzədən aza qayıdır.

-Yazdıqlarınız arasından ən bəyəndiyiniz misra hansıdır?

-Misra deməzdim, amma şeir olaraq "Bakı" şeirini çox sevirəm. Çünki, onun yaranmağı da bir möcüzə oldu, yarım saat, bir saatın içində. Bu, başqa şeirlərimin enerjisindən çox fərqlənir. Mənim yaradıcılığımda belə ona bənzər ikinci bir şeir yoxdur. Çünki, orda həm sevgi var, həm nifərt var, həm qəzəb var, həm duyğusallıq, həm incə ruh, həm kobudluq var. Yəni bu bir çox ziddiyyətlərin birləşdiyi məqamdır. Digər şeirlərimdə bir zərif, həssas ruh varsa, burada bütün insan xislətləri birləşib. Mənimçün o şeir çox unikal bir şeirdir. Bir sahibkarın obyektləri olur e, bu mənim evimdir, bu mənim restoranımdır s. Mənimçün "Bakı" şeiri həmin obyektlərdən biridir.

-Postmodernizm ədəbiyyatının önəmli nümayəndələrindən birisiniz. Özünüzdən başqa daha hansı nümayəndəni müsbət mənada ön planda görürsünüz?

-Mən tam postmodernizm deməzdim. Bəzi məqalələrdə Şərq postmodernizmi ifadəsini işlətmişəm. Düşünürəm ki, məni Şərq modernizminə aid etmək olar. Sual yarana bilər ki, postmodernizmdə Şərq nədir, Qərb nədir? Çünki, postmodernizm köhnə ənənələrin dağıdılması, köhnə yanaşma tərzlərinin sındırılması üzərindədir. Bizdə fərq ondan ibarətdir ki, bizim içimizdə müəyyən bir səmavi işıq, mənəvi dirək, təkan mənbəyi olduğuna görə biz sona qədər dağıda bilmirik. Biz şərqli olaraq keçmişin üstündən sona qədər xətt çəkə, ənənələri məhv edə bilmirik. Yenə sual yarana bilər, əgər bunları saxlayırıqsa postmodernizm haradadır? Biri var toxunulmaz saxlayırsan, biri var tam dağıdırsan. Bunun arasında qızıl orta xətt var. Sən bunu restavrasiya edirsən. Şərq postmodernizmi restavrasiya, restrukturizasiya üzərində qurulub. Tutaq ki, atam məni incidir. Postmodernizm deyir ki, qır, sındır, atanı məhv et. Konservatizm deyir ki, yox, atanın hökmünə axıra qədər tabe ol. Amma Şərq postmodernizmi deyir ki, atanı qoy qabağına sındır, dağıt, pərdəni aradan götür. Onunla münasibətlərini otur təzələ, yenidən qur. Bu çox əhəmiyyətlidir. Qərb onu sındırmaq yolu ilə getdi. Allahdan tamamilə imtina etdilər, mistikadan, metafizikadan imtina etdilər. Bunun paralelində Şərqin müəyyən bölgələri var ki, onlar heç nədən imtina etməyiblər, 500 il bundam qabaq necə yaşayırdılarsa, indi elə yaşayırlar. Şərqli olub, Qərbdə təhsil alıb gələn həkimlərimiz, alimlərimiz mistikadan, metafizikadan tam imtina edə bilmirlər. Fərqli bir yol tapırlar ki, necə edim ki, həm inkişaf edim, həm mənəvi dəyərlərimi qoruyub saxlayım. Məsələn, Avropa mənəvi dəyərlərdən imtina etmək hesabına inkişaf etdi. Mən bunu bizim digər yazarlarımızın əksəriyyətində görürəm ki, onlar mifləri dağıtmağa cəhd etsələr , yenə tam sındıra bilmirlər. Çünki, içlərindəki işıq hələ tam tükənməyib.

 

Zeynəb Rzayeva

 

Olaylar.- 2024.- 19-25 yanvar, ¹2.- S.19.