Antalya Diplomatiya
Forumu:
Azərbaycanın
parçalanmış dünyada
diplomatiyanı bərpa
etmək cəhdləri
2025-ci
ilin 11-13 aprel tarixlərində qardaş Türkiyədə IV
Antalya Diplomatik Forumu keçirildi. Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
dəvəti ilə forumda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev də iştirak etdi və
çox mühüm görüşlər keçirdi. Forumda
qlobal parçalanmaların artdığı bir dövrdə
diplomatiyanın sabitləşdirici güc kimi yenidən təsdiqlənməsinə
olan təcili ehtiyac, böyüyən geosiyasi çatlar, dərinləşən
qlobal bərabərsizliklər, mülki şəxsləri hədəf
alan zorakılıq hallarının artması, fərqli
baxışlara qarşı dözümsüzlük, texnoloji
inkişafın yaratdığı qeyri-müəyyənliklər
və iqlim böhranının çoxşaxəli təsirləri,
bu halların ortaq ədalət duyğusunu sarsıtması və
beynəlxalq qurumlara olan etimadın zəifləməsi kimi məsələlər
ətrafında fikir mübadiləsi aparıldı. Antalya
Diplomatiya Forumu belə mürəkkəb
çağırışların və çoxsaylı
böhranların səciyyələndirdiyi və artmaqda olan
qeyri-sabitlik və qeyri-müəyyənlik dövründə
çoxtərəfli nizamın sistemli problemlərini dəyərləndirməyi
və sürətlə dəyişən beynəlxalq
mühitdə diplomatiyanın əhəmiyyətini müzakirə
etməyi hədəfləyirdi.
Forum
diplomatiyanın inkişaf trayektoriyasını necə dəyişə
biləcəyini və parçalanmış bir dünyada
birlikdə hərəkət etmək üçün ortaq zəminin
necə yaradılacağını araşdırmaq məqsədilə
qlobal liderləri, siyasətçiləri, akademikləri,
iş dünyası ekspertlərini, media və vətəndaş
cəmiyyəti nümayəndələrini uğurla bir araya gətirməyi
bacardı.
Tədbirdə
diplomatiyanın daha əhatəli, çevik və
dayanıqlı hala necə gətirilə biləcəyini
araşdırmaq üçün ənənəvi diplomatik səyləri
dəstəkləyən qeyri-hökumət
iştirakçılarının rolu da müzakirə olundu.
Qeyd edək
ki, qlobal çağırışlarla bağlı müzakirələrin
aparılması, onların həlli yollarının
tapılması kimi məsələlərdə
dünyanın aparıcı platformalarından biri olan Antalya
Diplomatiya Forumunda 20-dən çox dövlət və
hökumət başçısı, 70-dən artıq nazir
olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli
nümayəndə iştirak etmişdir.
Forum
çərçivəsində müxtəlif formatlarda
keçirilmiş 50-dən artıq tədbirdə Yaxın
Şərqdən Asiya və Sakit okean hövzəsinə,
Afrikadan Latın Amerikasına qədər geniş
coğrafiyada qlobal çağırış və təhdidlərlə
yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi,
rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində
mühüm yer tutan məsələlər ətrafında
müzakirələr aparıldı.
Prezident
İlham Əliyevin həyata keçirdiyi uzaqgörən,
praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan
son illərdə regionda və dünyada mühüm siyasi,
iqtisadi və humanitar mərkəzlərdən birinə
çevrilib. 2020-ci ildə Vətən müharibəsində
qazanılan tarixi Qələbə ölkəmizin suverenliyini və
ərazi bütövlüyünü bərpa etməklə
yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki
mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş
və qlobal proseslərə təsir göstərən
dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya
birliyində sabitlik, inkişaf və əməkdaşlıq
simvolu kimi çıxış edir. Ölkəmizlə əməkdaşlıq
etmək istəyən dövlətlərin və beynəlxalq
təşkilatların sayı durmadan artır. Xarici siyasətdə
balanslaşdırılmış yanaşma,
qarşılıqlı hörmətə və faydaya əsaslanan
münasibətlər Azərbaycanın beynəlxalq
nüfuzunun artmasına şərait yaradıb. Dövlətimizin
başçısının beynəlxalq və regional tədbirlərdə
iştirakı, habelə Azərbaycanın ev sahibliyi etdiyi
yüksək səviyyəli Zirvə görüşləri
ölkəmizə olan marağın və etimadın bariz
göstəricisidir.
Son bir
neçə ildə Prezident İlham Əliyevin Mərkəzi
Asiya Dövlət Başçılarının 5-ci Məşvərət
Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirənin
(AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay
Əməkdaşlıq Təşkilatının sammitlərində,
Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində,
SPECA - Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üçün Xüsusi BMT
Proqramının Zirvə Görüşündə, Davos
Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə
marağın əyani təcəssümüdür.
Forum
müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri,
dövlət və hökumət
başçılarını, xarici işlər nazirlərini
bir araya gətirərək, son illər ərzində region
üçün əhəmiyyət kəsb edən ən
önəmli məsələlərin və
çağırışların müzakirəsi
baxımından çox vacib beynəlxalq platformaya
çevrilib.
Azərbaycan
və Türkiyə arasında əsası Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət,
iki dövlət" prinsipinə əsaslanan münasibətlər
bu gün hər iki ölkənin rəhbərlərinin siyasi
iradəsi və şəxsi dostluqları sayəsində ən
yüksək zirvəyə çatıb. Bu münasibətlər
təkcə iki qardaş ölkə arasında deyil, həm də
regionun təhlükəsizliyi və inkişafı
baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan arasında formalaşmış
qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
bu birliyin davamlılığını və
gücünü təmin edən əsas amillərdəndir.
Türkiyə-Azərbaycan
münasibətlərinin unikal xarakteri və bu əlaqələrin
sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından
nümunəvi model kimi çıxış edir. Heç
şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya
işgüzar səfəri və Antalya Diplomatik Forumunda
iştirakı təkcə iki ölkə arasında strateji
münasibətlərin daha da möhkəmləndirilməsi
baxımından deyil, həm də Azərbaycanın beynəlxalq
mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin
irəlilədilməsi baxımından mühüm hadisə
olacaqdır.
Antalyada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan ilə keçirdiyi görüşdə Azərbaycanla
Türkiyə arasında qardaşlıq və müttəfiqlik
münasibətlərinin bütün sahələrdə
uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin
perspektivləri müzakirə edilib. Dövlətimizin
başçısı Antalya Diplomatiya Forumuna dəvətə
görə Türkiyə Prezidentinə təşəkkürünü
bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə
duran vacib məsələlərin müzakirəsi
üçün dünyanın aparıcı
platformalarından biri olduğunu deyib. Bununla yanaşı,
dövlət başçıları ikitərəfli
münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq
bölgələrində vəziyyətlə bağlı
fikir mübadiləsi aparıblar.
Azərbaycanın
artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat
sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə
də sıx bağlıdır. Ölkəmiz bu gün
regionun enerji xəritəsini müəyyən edən
aparıcı aktorlardan biri kimi çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
reallaşdırılan və dünya enerji təhlükəsizliyinə
mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi
Avropanın enerji mənbələrinin şaxələndirilməsi
baxımından strateji əhəmiyyət kəsb edir.
Üç min beş yüz kilometrdən çox uzunluğu
olan bu layihə Azərbaycanın zəngin enerji
resurslarını Gürcüstan, Türkiyə və Cənubi
Avropa ölkələri vasitəsilə beynəlxalq bazarlara
çatdırmaqla qlobal enerji əməkdaşlığının
mühüm komponentinə çevrilib.
Bununla
yanaşı, ölkəmiz nəqliyyat və logistika sahəsində
də mühüm təşəbbüslərlə
çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və
görülən digər işlər Azərbaycanın
regionun əsas nəqliyyat qovşağına çevrilməsini
təmin edir. Bu layihələr təkcə regional deyil, həm
də Asiya ilə Avropa arasında strateji əlaqələrin
möhkəmlənməsində mühüm rol oynayır.
Azərbaycanın
uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz
beynəlxalq əməkdaşlıq platformalarında da fəal
iştirak edir. COP29 kimi mötəbər beynəlxalq tədbirin
2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin
qlobal ekoloji gündəmdəki mühüm rolunu və iqlim dəyişikliyi
ilə mübarizəyə verdiyi töhfələri bir daha təsdiqləyir.
Bu tədbir vasitəsilə Azərbaycan bəşəriyyətin
qarşısında dayanan ən aktual problemlərin həllində
təşəbbüskar və məsuliyyətli tərəfdaş
olduğunu nümayiş etdirib.
Bundan əlavə,
Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı və digər beynəlxalq
qurumlarla sıx əməkdaşlıq şəraitində həyata
keçirdiyi humanitar və inkişaf layihələri də
ölkəmizin dünyada sabitlik, humanizm və dialoq mədəniyyətinin
təşviqinə verdiyi əhəmiyyətli töhfələrin
göstəricisidir. Xüsusilə, Prezident İlham
Əliyevin Qoşulmama Hərəkatına sədrliyi
dövründə inkişaf etməkdə olan ölkələrin
maraqlarını müdafiə etməsi, qlobal ədalətin
bərpasına yönəlmiş addımlar atması beynəlxalq
ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.
Bütün
bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin
Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın
dünya siyasətində mühüm söz sahibi olan dövlətə
çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu
gün yalnız enerji və nəqliyyat sahələrində
deyil, həm də sülh, əməkdaşlıq və
dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal
mövqe tutaraq, regionun və dünyanın gələcəyinə
töhfə verir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə
görüşü zamanı Prezident İlham Əliyevlə
Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər
çərçivəsində keçirilən
görüşlər, həmçinin ötən il onun
Şuşada Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının qeyri-rəsmi Zirvə
toplantısında iştirakı məmnunluqla
xatırlandı. Prezident İlham Əliyev Şimali Kipr
Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına
müşahidəçi qismində qatılmasını qeyd
etdi. Ersin Tatar dövlətimizin başçısına
Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə
və dəstəyə, həmçinin bir neçə
gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq
forumda dediyi sözlərə görə minnətdarlığını
ifadə etdi. Qeyd edək ki, hazırda Şimali Kipr Türk
Cümhuriyyətinə dəstək müstəsna əhəmiyyət
kəsb edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Suriya
Ərəb Respublikasının keçid dövrü
Prezidenti Əhməd Əl Şaraa ilə
görüşü regionda baş verən dəyişikliklər
fonunda çox önəmlidir. Prezident İlham Əliyev
Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar
məmnunluğunu bildirərək, bununla bağlı Əhməd
Əl Şaraanı təbrik etdi.
Dövlətimizin
başçısı dedi ki, dəyişikliklərdən
sonra Azərbaycan nümayəndə heyəti ən qısa
müddət ərzində bu ölkəyə göndərilib
və Əsəd rejiminin siyasəti səbəbindən uzun
zaman fəaliyyət göstərməyən Azərbaycanın
Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident
İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi
üçün zəruri olan bərpa prosesində Azərbaycanın
iştirak etməyə hazır olduğunu qeyd etdi. Əhməd
Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə
görə dövlətimizin başçısına minnətdarlığını
bildirdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik
sahələrində Azərbaycanın Suriyaya dəstək
göstərməsinin önəmini qeyd etdi.
Suriyada
sabitliyin bərpası üçün əlindən gələni
etdiyini deyən Əhməd Əl Şaraa bununla belə xarici
amillərin bu məsələyə təsirindən
narahatlığını vurğuladı. Görüşdə,
eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli
əməkdaşlıq formatının inkişafı məsələsinə
toxunuldu. Qeyd etmək lazımdır ki, ölkələrimiz
arasında yüksəksəviyyəli rəsmi nümayəndə
heyətlərinin və biznes dairələrinin təmsilçilərinin
qarşılıqlı səfərlərinin həyata
keçirilməsi ilə bağlı razılıq əldə
olundu. Dövlətimizin başçısı Əhməd
Əl Şaraanı ölkəmizə səfərə dəvət
etdi. Dəvət minnətdarlıqla qəbul olundu.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Antalyada
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə
keçirdiyi görüşdə Azərbaycanla
Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın
tarixi xarakter daşıdığı qeyd olundu.
Bu ilin
yanvarında Azərbaycana işgüzar səfərini və səfər
çərçivəsində Prezident İlham Əliyevlə
görüşlərini məmnunluqla xatırlayan
Gürcüstanın Baş naziri həmin görüşlərdə
ölkələrimiz arasında iqtisadi-ticari, mədəni və
digər sahələrdə əməkdaşlığın
genişləndirilməsinə, bununla bağlı aidiyyəti
dövlət qurumlarına verilən
tapşırıqların icrası istiqamətində
görülən işlərə toxundu.
İrakli
Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl
ADA Universitetində beynəlxalq forumda
çıxışı zamanı ikitərəfli əlaqələrimizə
dair söylədiyi fikirlərin Gürcüstanda çox
böyük maraqla qarşılandığını bildirdi.
Dövlətimizin başçısı hazırda dünyada
cərəyan edən təlatümlü şəraitdə Azərbaycan
və Gürcüstanın birliyinin, həmrəyliyinin
vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində
regional məsələlərin məhz region ölkələri
tərəfindən həll olunmasının vacibliyini qeyd
etdi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Sudan Respublikasının
Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan
Abdelrahman Al-Burhan ilə görüşü olub. Sudan
Respublikasının Suveren Keçid Şurasının Sədri
ölkələrimiz arasında tarixi əlaqələrin
olduğunu qeyd etdi. O, Azərbaycanın həm öz regionunda,
həm də dünyada böyük nüfuza malik vacib ölkə
olduğunu vurğuladı. Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan
Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin
inkişafına mühüm əhəmiyyət verdiyini dedi və
ölkələrimiz arasında mədən sənayesi, neft,
energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə
əməkdaşlıq üçün yaxşı
imkanların olduğunu qeyd etdi. Söhbət zamanı təhsil
və təlim sahələrində də əməkdaşlıq
məsələləri müzakirə edildi.
Prezident
İlham Əliyev 2019-cu ildə Abdel Fattah Al-Burhan Abdelrahman
Al-Burhanın Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət
başçılarının 18-ci Zirvə
görüşündə iştirakını və səfər
əsnasında aparılmış müzakirələri məmnunluqla
xatırladı. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin
yüksələn xətt üzrə inkişaf etdiyi
vurğulandı. Görüşdə iki ölkə
arasında münasibətlərin genişləndirilməsi
üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin təşkil
edilməsi məsələlərinə dair fikir mübadiləsi
aparıldı, Qoşulmama Hərəkatı və digər
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq qeyd olundu.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Avropa
Şurasının Baş katibi Alen Berse ilə
görüşü zamanı Alen Bersenin COP29 çərçivəsində
ölkəmizə səfəri və onun Azərbaycan
Prezidenti ilə görüşü məmnunluqla
xatırlandı. COP29 zamanı qlobal iqlim gündəliyi ilə
bağlı vacib qərarların qəbul olunduğu bir daha
vurğulandı. Görüşdə Azərbaycan ilə
Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin
perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Qeyd edək
ki, Azərbaycan ərazi bütövlüyünü Avropa
Şurasının Parlament Assambleyasında ikili standartlar,
selektiv yanaşma və qərəzli mövqelərin sayı
çoxalmağa başladı. Antalya Diplomatik Forumunun getdiyi
günlərdə Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulosun
"Alpha News" telekanalına müsahibəsində Azərbaycana
qarşı səsləndirdiyi ittihamlar həqiqətdən
uzaq, reallıqları təhrif edən və qəbuledilməzdir.
Məlumdur ki, Azərbaycanın AŞPA-nın Avropa Şurasının
Nizamnaməsini pozması və səlahiyyətlərindən
sui-istifadəsi ilə bağlı ona qarşı
atdığı addımlardan sonra da dialoqa hazır
olduğunu nümayiş etdirməsinə baxmayaraq, Russopulos,
Şvabe və başqaları ardıcıl olaraq Azərbaycanın
beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini
sarsıtmağa cəhd ediblər. Bu illər ərzində
AŞPA ikili standartlar əsasında həyata keçirdiyi
antiazərbaycan siyasəti ilə Azərbaycan xalqının
haqlı neqativ reaksiyasını qazanıb. Assambleyadakı
hazırkı isterik vəziyyət və onun başında
duran diktator Russopulos AŞPA-dakı acınacaqlı vəziyyətin
təzahürüdür. Eyni vəziyyət Avropa Parlamentində
də var. Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarları ilə bağlı mövqeyimizə gəlincə,
Bakının bu hakimlərin seçimində iştirak etmədiyini
nəzərə alaraq, Azərbaycandan qərarlarının
icrasını tələb etmək absurddur. Belə olan halda məhkəmə
qərarlarının icrası mümkün deyil.
Qeyd edək
ki, Teodoros Russopulos Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin səlahiyyətlərinin dayandırılması
ilə bağlı ədalətsiz və hüquqi baxımdan
şübhəli təşəbbüsü dəstəkləyən
76 AŞPA üzvü kimi Azərbaycanın qara
siyahısına salınıb. Russopulos Azərbaycana daxil
olmağa cəhd etsə, onun ölkəyə girişinə
icazə verilməyəcək.
IV Antalya
Diplomatiya Forumunda böyük maraq doğuran hadisə kimi Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici
işlər naziri Ararat Mirzoyan arasında görüş və
müzakirələr olmuşdur. Tərəflər Azərbaycan
və Ermənistan arasında sülh və dövlətlərarası
münasibətlərin qurulması haqqında sazişdən
sonra normallaşma prosesinin hazırkı vəziyyətini
müzakirə ediblər. Nazirlər dialoqu davam etdirməyə
hazır olduqlarını bildiriblər.
Antalya
Diplomatik Forumu çərçivəsində "Cənubi
Qafqazda regional əməkdaşlıq üçün
çağırışlar və imkanlar" mövzusunda
panel müzakirəsi keçirilmiş, müzakirələrdə
Azərbaycan, Gürcüstan və Ermənistanın xarici
işlər nazirləri Ceyhun Bayramov, Maka Boçorişvili və
Ararat Mirzoyan iştirak etmişdir.
Müzakirə
çərçivəsində cənab nazir ölkəmizin
mövqeyini bird aha geniş auditoriyanın diqqətinə
çatdırmışdır: iki əsas maneənin -
ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan
Konstitusiyasına dəyişikliklərin aradan
qaldırılması sülh sazişinin imzalanması
üçün real imkanlar açır.
Bu zəruri
addımlardan sonra iki ölkə arasında sülh və
dövlətlərarası münasibətlərin qurulması
haqqında sazişin yekunlaşdırılması və
imzalanması yolunda əlavə maneələr olmayacaq.
Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan fərqli
olaraq Azərbaycanın Konstitusiyasında Ermənistana
qarşı heç bir ərazi iddiası
olmadığını bildirməklə Ermənistanın bu
sahədə olan manipulyasiyalarına da tutarlı cavab verdi:
"Əgər belə bir fakt olsaydı, erməni tərəfi
sözsüz ki, bu məsələni qaldırardı".
Azərbaycan
30 illik erməni işğalına son qoymaqla iki ölkə
arasında münasibətlərin normallaşmasına, Cənubi
Qafqazda sülhün bərqərar olmasına imkan yaratdı.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində
xatırlatdı ki, rəsmi Bakı İrəvana 2021-ci ildə
düşmənçilik səhifəsini bağlamağı
təklif edib və bu çağırış təxminən
bir il cavabsız qalıb: "2022-ci ilin ilk aylarında Ermənistana
sülh sazişinin 5 əsas bəndi təqdim olunub, həmin
ilin oktyabrında isə iki ölkə arasında müzakirələr
başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan
tərəfi tərəfindən hazırlanıb, ikisi də
son olaraq Ermənistan tərəfi tərəfindən təqdim
olunub. Bir ay əvvəl müzakirələr başa
çatdı və danışıqlar zamanı bu məsələlərlə
bağlı Ermənistana və digər maraqlı ölkələrə
məlumat verdik. Nazir qeyd edib ki, Azərbaycanın digər
şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin
həlli üçün yaradılmış ATƏT-in Minsk
Qrupunun ləğvi ilə bağlıdır: "ATƏT-in
Minsk Qrupu 30 il ərzində heç bir nəticə əldə
etməyib. Artıq Qarabağ məsələsi həll olunub
və bu ərazilər Azərbaycanın tərkib hissəsidir.
Ermənistan da bunu etiraf edib. Belə bir şəraitdə biz
Ermənistanın Minsk qrupunun fəaliyyətini daim gündəmə
gətirmək üçün səylərini davam etdiririk.
Minsk qrupunun buraxılmasını israrla tələb
edirik".
Beləliklə,
Azərbaycanın beynəlxalq nüfuzunun davamlı
artmasının növbəti təsdiqi kimi, Prezident İlham
Əliyev aprelin 11-13-də Türkiyənin Antalya şəhərində
keçirilmiş IV Antalya Diplomatiya Forumunda iştirakı
böyük maraq doğurdu. Forumda "Parçalanmış
dünyada diplomatiyanı bərpa etmək" mövzusu ətrafında
qlobal çağırışların müzakirəsi keçirildi.
Forum
müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri,
dövlət və hökumət
başçılarını, xarici işlər nazirlərini
bir araya gətirərək, son illər ərzində region
üçün əhəmiyyət kəsb edən ən
önəmli məsələlərin və
çağırışların müzakirəsi
baxımından çox vacib beynəlxalq platformaya
çevrilib.
Qeyd etmək
lazımdır ki, bu il Azərbaycan Prezidenti ilk dəfə
olaraq Antalya Diplomatiya Forumuna qatılırdı. Belə
nüfuzlu bir tədbirin qardaş Türkiyədə
keçirilməsi, təbii ki, xüsusilə qürurvericidir.
Antalya Forumu artıq qısa müddətdə Münhen Təhlükəsizlik
Konfransı, Davos İqtisadi Forumu kimi beynəlxalq platformalarla
eyni sırada yer almağa başlayıb. Bu Türkiyənin
artan siyasi, iqtisadi və hərbi gücünün göstəricisidir.
Azərbaycanla Türkiyəni yalnız qardaşlıq
bağları deyil, həm də strateji müttəfiqlik birləşdirir.
Bu birlik regionda sülhə və sabitliyə xidmət edir.
Antalya Diplomatiya Forumu çərçivəsində baş
tutan görüşlər isə bu əməkdaşlığı
daha da dərinləşdirir və möhkəmləndirir.
Antalyada
keçirilmiş görüşlər Azərbaycan-Türkiyə
münasibətlərinin hazırkı vəziyyətinə və
inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir
mübadiləsi üçün geniş imkanlar yaratdı. Bu
səfər, həmçinin ikitərəfli əməkdaşlığın
siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər
sahələrdə daha da dərinləşdirilməsi
baxımından mühüm addım olacaq. Bununla
yanaşı, Azərbaycan və Türkiyə bu gün
regional təhlükəsizliyin təminatçıları,
sülh və əməkdaşlığın təşəbbüskarları
kimi çıxış edirlər. Onların regiondakı fəallığı,
Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən
Aralıq dənizinə qədər geniş coğrafiyada
sabitliyin qorunmasına verdikləri töhfə beynəlxalq aləmdə
yüksək qiymətləndirilir.
Prezident
İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir
ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal
miqyasda etibarlı tərəfdaş və təşəbbüskar
dövlət kimi qəbul edilir. Dövlətimizin
başçısının beynəlxalq münasibətlər
sahəsində zəngin təcrübəsi, strateji
baxışları və praqmatik yanaşmaları onu beynəlxalq
platformalarda böyük maraqla qarşılanan Liderə
çevirib. Prezident İlham Əliyevin iştirakı ilə
keçirilən forumlar və zirvə görüşləri
təkcə diplomatik formatda deyil, həm də məzmun və
nəticələr baxımından yeni keyfiyyət mərhələsinə
yüksəlir.
İlyas
Hüseynov
Sosial Tədqiqatlar
Mərkəzinin
sektor
müdiri, politoloq
Olaylar.-
2025.- 18-24 aprel, №13.- S.10.