Mən dövlətin bu işə
qarışmasını istəmirəm
Azərbaycanda musiqi sənayesinin pərdəarxası
Bəstəkar Cavanşir Quliyevlə müsahibə
Hər mahnının bir
hekayəsi var. Səslənən
notlar arxasında duyğular dayanır. Tarix boyu Azərbaycan
musiqisi təkcə notlardan ibarət olmayıb, o, həm də bir yaddaşdır
- xalqın hissini, ağrısını, sevincini
içində yaşadan
bir güzgüdür.
Amma bu incə sənətin səhnədə
görünən tərəfi
qədər, görünməyən,
pərdəarxası dünyası
da var. Biz bəzən həzin,
bəzən oynaq olan bu melodiyaları
dinləyir - amma onların necə yarandığını, hansı
yollarla bizə çatdığını çox
zaman bilmirik. Səhnədə
bir neçə dəqiqəlik çıxışın
arxasında illərin
əziyyəti, arxa planda isə adları heç çəkilməyən insanlar
dayanır. Kimlər yazır bu əsərləri?
Kimlər səhnənin
kənarında qalır,
amma əsərləri
dillərdə dolaşır?
Azərbaycan musiqisinin tanınmış
bəstəkarı, Azərbaycan
Respublikasının əməkdar
incəsənət xadimi
Cavanşir Quliyev bu mövzuda bizimlə fikirlərini bölüşür. Onunla
təkcə melodiyalardan
yox, həm də bu sənayenin
iç üzündən
danışacağıq.
- Musiqi sənayesində uzun illər fəaliyyət göstərmiş
bir bəstəkar kimi, sizcə bu sahənin ən çox dəyişən və heç dəyişməyən
tərəfi nədir?
-Ən çox dəyişən məqam
ondan ibarətdir ki, bu gün müğənnilər
artıq ciddi və peşəkar bəstəkarlara müraciət
etmirlər. Bu da musiqinin
ümumi keyfiyyətinə
ciddi təsir göstərir. Dəyişməyən
cəhət radio və
televiziya kanallarında
keyfiyyətsiz, sənət
dəyəri olmayan mahnılar üstünlük
təşkil edir.
- Bugünkü musiqi daha çox sənətdir, yoxsa biznes? Siz bu
iki anlayış arasında tarazlığı
necə qoruyursunuz?
- Əslində, "biznes"
bədii sənətdə
yaranan gündən
var. Niyə? Çünki
bu sənəti yaradanlar insanlardır. Bu insanların maddi ehtiyacları var. Əgər
onlar başqa peşə ilə məşğul deyillərsə,
yalnız sənətlə
məşğuldurlarsa, deməli,
bu sənət onları yaşatmalıdır,
dolandırmalıdır. Bu qədimdən də belə olub.
Amma sualınızı anlayıram
- yəni bu qədər eybəcər
şəkildə idimi?
Yox, əvvəllər
bu, belə deyildi. Əgər söhbət mahnıdan, xüsusilə də Azərbaycan mahnısından
gedirsə, bu mahnı yaradıcılığının
iqtisadi tərəfini,
biznes tərəfini Sovet İttifaqı dövründə dövlət
üzərinə götürmüşdü.
Yaradanlara, bəstəkarlara
və şairlərə
"qonorar" verilirdi,
yəni pul ödənilirdi. Bu pul, təxminən, o dövrün
Sovet vətəndaşının
bir aylıq maaşı qədər olurdu. Pul ödəndiyinə
görə dövlət
özü də nəzarət edirdi. Yəni, kim pulu verirsə, o da nəzarət edir - bu, bazarın qanunudur. O görə də Sovet İttifaqında
keyfiyyətsiz musiqi efirə az çıxırdı.
Demirəm, yox idi, amma az
idi. Yəni sualın cavabı odur ki, bizneslə sənət ayrılmaz bir bütövdür. Sənət biznes olmadan yaşaya bilməz, ölər. Əgər biznes yalnız öz maraqlarını güdəcəksə,
o zaman da sənət ölür.
Yəni, bunlar bərabər yaşamalıdır.
- Sizin fikrinizcə, müasir musiqiyə hələ də ruh qatılırmı, yoxsa o, artıq sadəcə sifarişə
çevrilib?
- Sənət və sifariş. Əslində sifarişsiz mədəni əsər olmur ki. Sadəcə, bəzən
sifarişi kənardan
bir adam, bir idarə verir sənətkara, ya da sənətkar özü-özünə sifariş
verir. Yəni bir əsər yazmaq istəyirsə, o da bilmədən özünə
sifariş verir.
Bu "ruh" məsələsi...
Mən tez-tez rastlaşıram bu sualla. Jurnalistlərin çoxu verir bu sualı və
mən də cavab verirəm ki, məni bir anladın
görək, bu ruh nədir? Deyəcəksiniz ki, musiqidən
danışırıqsa, musiqinin
içində olan gözəllik və s. Siz ona "ruh"
deyirsiniz, mən ona "ustalıq" deyirəm. Yazanın ustalığı, yazanın
istedadı, yazanın
bacarığıdır. Musiqidə
o varmı, yoxmu? Mənim bunu deməyim bir az doğru olmur,
çünki dinləyici
deməlidir. Kimə-kimin
qəlbinə toxunursa
o əsərlər, o insanlar
deməlidir - bəyəndilər,
ya bəyənmədilər.
O görə də bu suala təxminən
belə cavab vermək istəyirəm: Ruh hər bir
əsərin içində
var. Hər şeyi sənətkarın istedadı
həll eləyir.
- Müğənnilərlə işləyərkən
sizin üçün
ən vacib olan nədir? Yaxşı musiqini yaxşı səs xilas edir, yoxsa
düzgün yanaşma?
- Təbii ki, əgər müğənninin səsi
varsa, bu yaxşıdır, pis şey deyil. Amma səs ən vacib olan deyil.
Hər bir insanda Allahın verdiyi bir səs-danışıq
səsi var.Yəni
insanlar danışırsa,
deməli, müəyyən
bir səsləri var.
Amma dediyim kimi, birinci iş deyil səs. Birinci iş istedaddır, ustalıqdır.
Mən misal çəkirəm həmişə
- Hacıbaba Hüseynov
kimi bizim bir xanəndəmiz vardı. Səsi çox yüksək deyildi. Uzun müddət
ömründə heç
oxumadı da. Hesab eləyirdi ki, səsi yoxdur oxumaq üçün.
Amma sonradan necə olursa, oxumağa başladı və məlum oldu ki, böyük ustaddır, böyük istedaddır. İnsanlar bəyəndilər,
dəyər verdilər
sənətinə. Biliyi
də, zövqü də var idi.
Səs vacibdir amma əsas
cəhət deyil. Əsas ağılı və biliyidir. Varsa, o zaman o müğənnidən
bir şey olacaq. Mən işlədiyim müğənnilərdə
də birinci növbədə səs axtarmamışam. Təbii
ki, səsləri olub.
hesab eləmişəm
ki, əsas o deyil. Əsas istedadı, biliyi, zövqü, dünya görüşüdür.
Bunların hamısına
bir yerdə "inkişaf" deyilir. O varsa, o müğənninin
ifası qəbul olunacaq.
- Gəlin bir az da "pərdəarxasından"
danışaq. Musiqi sənayesində elə nələr baş verir ki, dinləyici onun fərqində belə olmur?
-Təbii ki bəzi hallar baş verir. Bəzən müğənnilər dinləyicini
reallıqdan kənar bir tərəfə aparırlar. Səhnə də görürsən
ki, müğənni oxuyur
amma əslində o
"fanaqram" oxuyur.
Əvvəlcədən yazılmış
mahnı səslənir.
Aktiv dinləyicilər
bunu bilir amma geniş dinləyici bunu bilmir. Bu müğənnilərin
aktyorluq qabiliyyətindən
asılıdır Bu texnologiyanın
inkişafı ilə
yaranan haldır. Mən bu hala
o qədər yaxşı
baxmıram. Əgər
mahnını sən oxumusansa, səhnədə
də oxuya bilərsən. Tamaşaçı
müğənnini eşitmək
istəyir. İşlə
bağlı başqa pərdəarxası hadisə
yaşamamışam xatırlamıram.
- Gənc musiqiçilərlə
də təmasınız
olur? Onların sizə maraqlı və ümidverici gələn tərəfləri
hansılardır? Siz onlarda əsasən nə axtarırsınız?
- Əlbəttə, mən həmişə gənc ifaçılarla işləmişəm.
İndi də onlarla işləyirəm. Yaxınlarda
birgə konsertim oldu. Bütün ifaçılar gənc idi. Bu gün səhnədə olanlar, günümüzün ifaçıları
gənc sənətçilərdir.
Ümidverici ifaçılar
var. Əks halda, mən onlarla işləməzdim.
Həmişə demişəm
ki, mənim müğənni
ilə işləməyim
üçün o yaxşı yox, çox yaxşı müğənni olmalıdır.
Gənclər arasında
çox yaxşı namizədlər var. Əgər
inkişaf etsələr,
inkişafları uğurlu
getsə, onlar "ulduz" ola bilərlər.
Jurnalistlər onları
"ulduz" adlandırır.
Mən heç vaxt demirəm. Çünki Azərbaycanda
heç vaxt ulduz olmayıb. Səviyyəni bir az qaldırmaq lazımdır. Yaxşı
ifaçıların hamısı
ulduz deyil.
Hər halda, mən düşünürəm ki, bu
günün gənc ifaçıları arasında
tanınacaq olanlar var.
Amma bir məsələni
demək istəyirəm.
Məncə, bu bir mənfi haldır. Gəlin, buna
"mənfi" deməyək,
bir qeyd deyək. Müğənnilər
bəstəkarlarını az dinləyirlər. Qərarları özləri
verirlər. Belə halda bəzən yanlış mahnı oxuyurlar, yanlış repertuar seçirlər, yanlış geyim seçirlər. Bu, təcrübəsizlikdən
irəli gəlir. Məsələn, mənim
işlədiyim müğənnilər ,
xüsusilə də xanım müğənnilər
, o zamanlar oxumağa başlayanda mən nə deyirdimsə, onu edirdilər. Dediklərimə heç vaxt şübhə etmirlər. Heç bir zərər görmədilər. Bugünkü
ifaçılar bir qədər özlərindən
arxayndırlar. Mahnıya
düzgün dəyər
vermirlər. Bu da, təbii
ki, onlar üçün
itki olur. Çünki bəzən
yaxşı bir mahnını mahnı hesab etməyib ondan qaçırlar. Gənc ifaçılar əgər daha çox bəstəkar və şair dinləsələr, məncə,
daha yaxşı olacaqlar.
- Dövlətin musiqi sənayesinə olan dəstəyi sizi qane edirmi? Yoxsa
sizcə hələ də çatışmayan
vacib məsələlər
var?
- Dünyanın inkişaf etmiş ölkələrində
dövlət musiqi sənayesinə heç bir dəstək vermir. Sadəcə musiqinin ciddi növlərinə, yəni
opera, balet, simfonik musiqiyə və xüsusilə də o ifaçılara, o kollektivlərə
bələdiyyələr tərəfindən
və bəzən mədəniyyət nazirlikləri
tərəfindən müəyyən
maddi yardım verilir. Amma o maddi yardım həmin kollektivlərin qazancının
əsas hissəsi deyil. Əsas hissə, Avropa və Amerika kimi inkişaf etmiş ölkələrdə çox
sayda ictimai təşkilat var. Xeyriyyə
təşkilatları, müxtəlif,
fərqli ictimai təşkilatları. Onlar
mədəniyyətə maddi
yardım edirlər. Məsələn, bir dəfə Boston şəhərində,
Amerikada məşhur
Boston Simfonik Orkestrinin
konsertinə getdim və orada biletlə
bir yerdə broşür də verirdilər. O broşurun əvvəlində 12 insanın
şəkli və adları var idi. Soruşdum, tərcüməçidən
kimdir bunlar? Dedilər, bunlar bu orkestrin mesenatlarıdır.
Onlar yardım edirlər ki, orkestr keyfiyyətdə olsun. Yəni maaşları yüksək olsun və elədikləri yardım qədər vergidən azad olurlar. Bax, belə
bir qayda var o ölkələrdə. Ona görə
də o sənət orada artıq dövlətin qarışmasına
ehtiyac yoxdur, yaşayır. Hə, o ki,
qaldı mahnı təsərrüfatına, şou
biznes deyirlər ona, mən əyləncəli
musiqi deyirəm. Əyləncəli musiqi özü-özünə pul
qazanır orada. Konsertlər olur, albomlar buraxırlar, müxtəlif reklamlarda iştirak edirlər, qazanır. Və yaxud prodüksiya şirkətləri deyilən
bir şirkətlər
olur. Onlar müğənnilərlə, bəstəkarlarla,
şairlərlə ünsiyyətə
girirlər, müqavilələr
bağlayırlar, əsərlər
sifariş verirlər və onları yaşadırlar. Bizdə prodüksiya şirkətləri
bir-iki dənə var.
Həqiqətən prodüksiya
şirkətidirmi, onu
bilmirəm. Çünki
prodüksiya nə deməkdir? İşçilər,
yəni sənətkara
iş verən, işçilər də onu sifariş verən. Onu işə götürürsə,
sənətkara deməli,
onun pulunu verməlidir. Demək ki, bu prodüksiya şirkətinin pulu olmalıdır. Bax, belə bir şou
biznesidir bu. Bizdə bilmirəm var üzdə olanı mən tanımıram. Mənə
heç kəs təklif eləməyib,
"gəl müqavilə
bağlayaq, səndən
işləyək" deyən
olmayıb. Elə bir şey yoxdur.
Bildiyim qədər mənim həmkarlarıma
da belə müqavilə
təklif edən olmayıb. Ona görə də Azərbaycanda bir az bu
problem var. Hökumətin, mən
hesab edirəm ki, burada heç bir qarışığı
olmamalıdır. Çünki
hökumət qarışsa,
yenə qaydırıq
Sovet rejiminə. Hər şeyi oradan həll edirlər, oradan da parasını, pulunu verirlər. Biz ondan canımızı qutardıq
ki, o yaxşı deyil.
Çünki pulu verən adam sonra da hökm edəcək sənə. Sənə məcbur edəcək ki, "elə
yazma, belə yaz". "Elə oxuma, belə oxu". O da biraz azadlığı sıxmaqdır.
Mən dövlətin
bu işə qarışmasını istəmirəm.
Sadəcə qanun. Sadəcə, dövlət
qanunlar işə salmalıdır. O şəraiti
dövlət yaratmalıdır,
qanunvericilik şəraitini.
Gerisi bizdikdir.
O da məncə var, çünki
qeyri-hökumət təşkilatları
haqqında, ictimai təşkilatlar haqqında
müxtəlif qanunlar
var bizdə. Qanunlar yazılıb, o qanunları
işləməlidir. Elə
olan şəkildə
söu biznes sağlam təməldə
yaşayar və keyfiyyətli nəticələr
də verər, mən elə düşünürəm.
- Sizcə, gələcəkdə
musiqi sənayesində
inqilabi bir dəyişiklik ola bilərmi?
Əgər bu imkan sizin əlinizdə
olsa, ilk nəyi dəyişərdiniz?
-Hesab edirəm ki bizim musiqiimizə inqilabi dəyişikliklərə
ehtiyac yoxdur. Musiqimiz olduqca zəngin və gözəldir. İnkişaf
qaydaları və qanunları var. Sadəcə
ifa edənlər yazanlar və dinləyənlər zövqlərini
daha yüksəyə
apararaq daha keyfiyyətli əsərlər
yazmalı və dinləməlidirlər.Dinləyən
də yazan da keyifiyyət axtarmalıdır.
Bizim musiqmizdə inqilaba ehtiyac yoxdur. Sadəcə daha diqqətli olmaq lazımdır.
Zeynəb Mustafazadə
Olaylar.-
2025.- 25 aprel, ¹14.- S.17.