Kino sənayesi öz iqtisadiyyatını
formalaşdırmalıdır
Müasir
dünya kinosunu yaxşı tanıyan prodüserlər
yetişməlidir
Son illər
Azərbaycan kinosunda müşahidə olunan yenilənmə və canlanma prosesi diqqətçəkici hal
alıb. Ənənəvi
mövzulardan uzaqlaşaraq,
sosial reallıqları,
fərdi həyat hekayələrini və aktual problemləri işıqlandıran filmlər
artmağa başlayıb.
Bu dəyişikliklərin
fonunda, yeni nəsil tamaşaçılar
formalaşır və
onlar artıq daha seçici, daha tələbkar, daha qlobal zövqlərə
sahibdirlər. Kino sahəsinin inkişafı
təkcə texniki təkmilləşmə ilə
deyil, həm də yaradıcı yanaşmalarla mümkün
olur. Bu yaradıcı yanaşmaların
mərkəzində isə
rejissorlar dayanır. Onlar həm sənətin ruhunu yaşatmalı, həm də cəmiyyətin nəbzini tutmağı bacarmalıdırlar.
Azərbaycan kinosu uzun illər
sovet kinematoqrafiyası
ilə paralel inkişaf edib. O dövrdə çəkilən
filmlər bu gün də klassik dəyərini qoruyur. Lakin müasir dövrdə kino sənayesi yeni çağırışlarla
üz-üzədir: rəqəmsal
texnologiyaların təsiri,
tamaşaçı zövqündəki
dəyişikliklər, mövzu
azadlığı və
bazar iqtisadiyyatı ilə ayaqlaşmaq zərurəti. Bu çağırışlar isə
istər gənc rejissorların, istərsə
də peşəkar sənətkarların fəaliyyətinə
birbaşa təsir edir.
Bu baxımdan,
müasir dövrdə
kino təkcə bir sənət növü deyil, həm də sosial platformadır. O, cəmiyyətin gündəlik
həyatını, psixoloji
vəziyyətini, ictimai
münasibətlərini vizual
dillə təqdim edir. Sosial mediada
geniş auditoriyaya çıxan yerli filmlər artıq kinoteatrlardan daha çox izlənilir.
"YouTube" kimi platformalar
gənc yaradıcıların
öz işlərini sərbəst şəkildə
təqdim etmələrinə
imkan yaradır.
Müsahibimiz ssenarist və rejissor Elvin Rüstəmzadə də
məhz bu dəyişikliklərin içində
olan, müasir Azərbaycan kinosuna fərqli yanaşma gətirməyə çalışan
şəxslərdəndir. Elvin bəylə kino sahəsinin ümumi mənzərəsinə,
yeni nəsil rejissorların rolu və tamaşaçı
zövqünün dəyişimi
haqqında söhbət
etdik.
- Elvin bəy, müasir Azərbaycan filmlərində
inkişaf etdirilə biləcək sahələr
hansılardır? Sizcə,
ssenari, aktyor oyunu və ya
texniki tərəflərdən
hansı daha çox diqqət tələb edir?
- Ümumiyyətlə, incəsənət sahələri
bir-biri ilə sıx əlaqəlidir. Kino sənəti isə demək olar ki, incəsənətin
bütün sahələri
ilə vəhdət təşkil edir. Məsələn, bir ədəbiyyat nümunəsindən
bəhrələnərək yaxşı ssenari yazmaq mümkündür. Yaxud da keyfiyyətli
musiqilər dinləyərək
gələcəkdə daha
peşəkar və zövqlü bir bəstəkar olmaq olar. Dünyaca məşhur rəssamların
əsərləri ilə
yaxından maraqlansan, onları davamlı izləyib müşahidə
etsən, bu, istər-istəməz səhnənin
vizual baxışına
təsir edəcək
və kinooperator kimi zövqünü formalaşdıracaq. Bu kimi nümunələr çoxdur.
Qaldı ki,
nə daha çox təsir edir? Sadaladığınız
hər şey. Kino - komanda işidir. Rejissor, ssenarist, aktyor, rəssam, operator, bəstəkar və texniki heyət - hamısı bir amal üçün çalışır: "Yaxşı
kino çəkmək!"
Ən azından niyyət bu olmalıdır.
- Rejissor kimi sizin fikrinizcə,
Azərbaycan tamaşaçısının
kino zövqü son illərdə necə dəyişib? Bu dəyişikliklər sizə yeni layihələrə yanaşmada
ilham verirmi?
- Tamaşaçı zövqü bir ara tamamilə korlanmışdı. Amma son 5-6 il ərzində
irəliləyiş müşahidə
olunur. Bəzi keyfiyyətli filmlər və seriallar çəkildi. Bilirsiniz, zövqlü gənclərimiz
çoxdur. Onlar daha çox xarici film və
seriallar izləyirlər.
Bu da onların
zövqünə ciddi
təsir edir və nəticədə milli kinomuzdan nə istədiklərini artıq çox yaxşı bilirlər. Və əlbəttə, bu hal biz
kino adamlarına ilham verir.
"Vətəndaş A"nı çəkəndə
mən tamaşaçıya
inanırdım. Serial
yayımlanmamışdan əvvəl
universitetlərdə görüşlər
keçirirdik. Gənclərin
serial barədə fikirləri və yanaşmaları çox maraqlı idi. Elə məhz o gənclər üçün
dayanmaq olmaz, çəkmək lazımdır!
- Sizcə, Azərbaycan filmləri cəmiyyətin gündəlik
həyatını və
sosial reallıqlarını
tamaşaçıya nə
dərəcədə çatdıra
bilir?
- Sosial mövzularda çəkilən
filmlərin kifayət
qədər tamaşaçısı
var. Düzdür, bu tip filmlər
hələ ki, kinoteatrlarda yüksək effekt vermir. Amma televiziya kanallarında və sosial mediada, xüsusən də
"YouTube" platformasında geniş izlənir.
- Yeni nəsil
rejissorların mövzu
seçimlərinə necə
baxırsınız? Onların
fərqli yanaşma və cəsarətli mövzularda işləmək
istəyi sənayemizə
hansı dəyərləri
qazandıra bilər?
- Əvvəlcə onu deyim ki,
yaradıcı insana mövzu məhdudiyyəti
qoymaq düzgün deyil. Sənətçi mövzu seçimində azad olmalıdır. Qaldı ki, hansı mövzu sənayemizi inkişaf etdirə bilər? Konkret olaraq belə bir mövzu
yoxdur. İstənilən
mövzuda yaxşı
film istehsal edərək sənayemizə
töhfə vermək
mümkündür. Əsas
odur ki, sən həmin mövzuya fərqli və uğurlu yanaşma sərgiləyəsən.
-Gənc rejissor
olaraq, sizcə, gənc rejissorların inkişafı və yaradıcılıqlarının dəstəklənməsi üçün
hazırda hansı imkanlar mövcuddur? Gələcəkdə bu sahədə hansı təşəbbüslər vacib
ola bilər?
- Hazırda kinoya
ən çox dəstəyi dövlət
verir - sağ olsun. Amma hər
kəs bilir ki, bu vəziyyət
uzun müddət belə davam edə bilməz. Kino sənayesi öz iqtisadiyyatını
formalaşdırmalıdır. Biz tamaşaçıya Azərbaycan kinosunu daha çox sevdirməliyik. Belə olduqda dolayısı ilə sponsorlara da kinomuzu sevdirmiş
oluruq. Özəl şirkətlər Azərbaycan
kinosuna investisiya qoymaqda maraqlı olmalıdırlar.
Bununla yanaşı,
müasir dünya kinosunu yaxşı tanıyan prodüserlər
yetişməlidir. Bu halda gənclər daha aktiv olacaqlar.
Çünki onların
ideyalarını maliyyələşdirmək
istəyən şəxslər
ortaya çıxacaq.
Beləcə daha çox film çəkiləcək! Daha
çox təcrübə
qazanılacaq! Daha yaxşı keyfiyyət əldə olunacaq!
xxx
Müsahibədən aydın olur ki, Azərbaycan kinosu artıq sadəcə əyləncə
və ya klassik süjetlərin təkrarlandığı bir
sahə deyil. Bu sənət forması getdikcə daha çox ictimai məsələlərin,
fərdi hekayələrin
və cəmiyyətin
dərin qatlarında gizlənən reallıqların
üzə çıxarılmasında
mühüm vasitəyə
çevrilir. Rejissorun
da qeyd etdiyi
kimi, kino - kollektiv əməkdir. Bu, bir nəfərin
deyil, bir çox yaradıcı insanın bir araya gələrək ortaya qoyduğu sənət məhsuludur. Burada ssenaristdən aktyora, bəstəkardan operatora, prodüserdən texniki heyətə qədər hər kəsin əməyinin rolu böyükdür. Amma bu əmək
yalnız zamanın nəbzini tutan, mövzuya fərqli və estetik yanaşma gətirə bilən rejissor baxışı ilə tamamlandıqda tamaşaçı
ilə emosional bağ qurur. Tamaşaçı zövqünün
son illərdə dəyişməsi, gənclərin
xarici kino ilə daha yaxından
tanış olması,
onların estetik gözləntilərinin artmasına
səbəb olub. Bu isə öz
növbəsində yerli
kino sənayesinə həm məsuliyyət, həm də böyük imkanlar yükləyir. Məhz bu səbəbdəndir ki, rejissorlarımız öz filmlərində daha çox sosial problemlərə toxunur, real həyat
hadisələrini və
insan psixologiyasını
əks etdirirlər. Tamaşaçı bu filmlərdə özünü
görmək, öz hisslərinə və düşüncələrinə güzgü tutmaq istəyir. Gənc rejissorların yeni baxış bucaqları, cəsarətli mövzu seçimləri, fərqli
estetika axtarışları
Azərbaycan kino sənayesinin gələcəyi
üçün ümidvericidir.
Lakin bu inkişaf üçün
təkcə istedad kifayət deyil. Güclü prodüser məktəbi, dayanıqlı
maliyyə dəstəyi,
geniş yayım imkanları və ən əsası, tamaşaçı ilə
dialoq vacibdir. Müsahibənin də əsas qayəsi bu idi: sənətə
sadəcə sevgi ilə deyil, eyni zamanda məsuliyyətlə
yanaşmaq.
Nəticə olaraq, Azərbaycan kinosunun bugünkü durumu bir keçid
mərhələsini xatırladır
- köhnə ilə yeninin, ənənə ilə çağdaşlığın
arasında bəzən
gərgin, bəzən
də harmonik bir əlaqə. Bu keçid dövründə hər yeni səs, hər fərqli baxış, hər cəsarətli addım daha böyük bir dəyişikliyin xəbərçisidir. Əsas
məsələ bu dəyişiklikləri dəstəkləmək,
inkişaf etdirmək və onları davamlı etməkdir. Çünki yaxşı
kino təkcə sənət deyil - həm də zamanın yaddaşıdır.
Səidə Ramazanova
Olaylar.- 2025.- 25 aprel-1 may, №14.- S.18.