Cəsarət və
millilik ünvanı - MİRKƏRİM HƏSRƏT
Mirkərim Əhməd oğlu Seyidov (Mirkərim
Həsrət) 26 avqust 1959-cu ildə Babək rayon Qahab kəndində
müəllim ailəsində doğulmuşdur. 12
uşaqlı ailənin 5-ci övladı olan M.Həsrət
1967-ci ildə Qahab kənd orta məktəbinə qəbul
olunmuş, 1977-ci ildə həmin məktəbi yüksək
qiymətlərlə bitirmişdir. 1977-ci ildə Akademik Y.Məmmədəliyev
adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
(İndiki Naxçıvan Dövlət Üniversitetinin)
"Azərbaycan dili və ədəbiyyat" ixtisasına qəbul
olunmuş, 1981-ci ildə həmin institutu yüksək qiymətlərlə
başa vurmuşdur. 1978-ci ildən ədəbi
yaradıcılığa başlayan şair fakultədə
"Ədəbi gənclik" dərnəyinin eyni adlı
divar qəzetinə rəhbərlik etmiş, həmin ildən
də dövrü mətbuatda şeirləri dərc
olunmuşdur. Şairin ilk mətbu əsəri olan "Qız
barmaqları" şeiri 1979-cu ildə "Şərq
qapısı" (ozamankı "Sovet
Naxçıvanı") qəzetində dərc
olunmuşdur.
1981-ci ildən 1992-ci ilədək Babək rayonun ucqar kəndi olan Nəcəfalı Dizədə müəllimlik fəaliyyətinə başlayan M.Həsrət 1992-ci ildən Qahab kənd tam orta məktəbində müəllim olaraq işləyir. Qüsursuz müəllimlik fəaliyyəti və çoxsayılı yüksək nəticələr göstərən məzunlarıma görə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür (2018).
Müxtəlif qəzet və jurnallarda vaxtaşırı əxlaqi, vətənpərvərlik mövzularında məqalələri və poeziya nümunələri dərc olunur.
Vətən yağı düşmən əlində inildəyəndə şairin mənəvi, daxili dünyasının hayqırtıları kimi 1977-ci ildə "Mənə şair deməyin" adlı ilk kitabı oxucuların ixtiyarına verilmişdir.
Vətənsevər şair 1992-ci ildə Vətənin müdafiəsi üçün Gərməçataq, Buzqov istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, 2001-ci ildən Azərbaycan Respublikasının Müharibə Veteranı adını almışdır.
Şair Mirkərim Həsrət 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2012-ci ildən Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin üzvüdür.
Mirkərim Həsrətin müxtəlif illərdə "Mənə şair deməyin" (Bakı, Yazıçı, 1997, 104 s.), "Qəm harayı" (Bakı, Naksuana, 2005, 310 s.), "Dağılasan, belə dünya" (Bakı, MBM, 2012, 224 s.), "Dərdimin şəklini çək" (Bakı, Mücrü, 2024, 176 s.), "Kimə tapşırım səni?" (Naxçıvan, Əcəmi, 2025) kimi kitabları işıq üzü görüb. Şairin "Tanrı görmür bu dərdimi", "Tanrı, məndən uzaq elə", "Dünya, məni ağlama", "Yaşama" və s. kimi şeirləri fəlsəfi və ictimai məzmunu ilə diqqəti cəlb edərək insan, həyat və dünya məsələlərinə şairin poetik dərki və ya şərhi kimi mənalana bilər. Ümumiyyətlə, şair M.Həsrətin yaradıcılığını səciyyələndirən mühüm keyfiyyət onun mədhiyyəçilik, saxta tərif və öygüdən uzaq olub, daha çox ictimai məzmun kəsb edən, tənqidi münasibət ortaya qoyan əsərlərdən ibarət olmağındadır. Bu cəhətdən M.Həsrətin yaradıcılığı ictimai etiraz və üsyan ortaya qoyan bir pafos və məzmuna malikdir. Şair M.Həsrət Naxçıvan ədəbi mühitinin "Xaqanisi" adlanmağa layiq bir qələm sahibidir. Vətəni, eli saxta məhəbbətlə öygü göstərən şairlərdən fərqli olaraq ağıl, idrak və tənqidi qavrayış yolu ilə sevən şair həqiqi və dözümlü bir məhəbbət nümunəsi göstərir. Təsadüfi deyil ki, şairin kitab başlıqlarına çevrilən "Qəm harayı", "Dağılasan belə dünya" adları bütün məzmunu ilə ictimai kədər, etiraz və üsyan ifadə edir. "Tanrı görmür bu dərdimi" şeirində şair ictimai dərdini dilə gətirərək yazır:
Balıqları qoxur başdan,
Səbrimiz də olub daşdan.
Baş açmıram bu savaşdan,
Tanrı görmür bu dərdimi.
...Vətənimə qan çiləndi,
Başımıza dərd ələndi.
İgidlərim güllələndi,
Tanrı görmür bu dərdimi.
Bu ictimai kədəri "Tanrı, məndən uzaq elə" şeirində davam etdirən şair vətənin bəlasını xəlqiləşdirərək deyirdi:
Ərşə qalxıb Vətən dağı,
Özümüzük yurda yağı.
Harınlaşan qurumsağı
Tanrım, məndən uzaq elə.
Bic şeytanın dal ayağı,
Rəhbər gördüm mən sarsağı.
Üzü gülən hər yaltağı
Tanrı, məndən uzaq elə.
Şairin bu ictimai kədər və mübariz ruhunu onun Xalq şairi Məmməd Araza müraciətlə yazdığı, məzmun və forma etibarilə ədəbiyyatımızdakı "Görmədim" şeirlərinin XXI əsrin astanasında davamı təsirini bağışlayan "Səs ver mənə " başlıqlı şeirində də görmək mümkündür:
Sətir-sətir, misra-misra alovlanıb köz olmuşam,
Haqq boğanın qabağında oxdan iti söz olmuşam.
Mən xalqımın taleyinə ağlamağa göz olmuşam,
Kökdən düşüb, ötmür daha sinəm üstə sədəfli saz,
Ölüsənmi, dirisənmi, səs ver mənə, Məmməd Araz!
Neçə meşin qapılara əl uzatdım əlim yandı,
Haqq çağırdım, haqq bağırdım,
Ağzım yandı, dilim yandı.
Düşdü hərrac bazarına
Obam yandı, elim yandı,
Dərdlərimdən bir sədd çəksəm, mənbəyinə dönər Araz,
Ölüsənmi, dirisənmi, səs ver mənə, Məmməd Araz!
Şairin "Doğma diyar", "O yurd neyləsin", "Vətən dedim", "Səninçün, Vətən!", "Vətən" və başqa şeirləri vətən mövzusunda vətənpərvərlik ruhunda yazılmış əsərlər kimi diqqəti cəlb edir.
Düşünməyin,
a dostlar, tariximdən naşıyam,
Sülh-ədalət
soraqlı yurdun vətəndaşıyam-
və
yaxud:
...Xoşbəxtəm
ki, Vətənin torpağıyam, daşıyam,
Sülh-ədalət
soraqlı yurdun vətəndaşıyam -
deyən
şair vətəndaşlıq lirikasının gözəl
örnəklərini yaratmışdır. Şair bəzən
Vətənin gözəlliklərini tərənnüm və
təsvir edirsə ("Doğma diyar"), bəzi şeirlərində
ictimai kədər, problem və tənqid ortaya qoymaqla vətənə
olan məhəbbət ruhunu ifadə etmişdir ("O yurd neyləsin",
"Vətən dedim", "Səninçün, Vətən!"
və s.). Şair sevdiyi, bağlandığı vətənin
qurban kəsildiyi gözəlliklərini poetik ilhamla dilə gətirərək
bir rəssam qələmilə təsvir və təqdim edir:
Ey
doğma diyarım, müqəddəs, əziz,
Eşqinlə
coşmağa incə səsim var.
Yelkənli
gəmiyəm, sənsə bir dəniz,
Qoynunda
üzməyə min həvəsim var.
Hər
yeni səhərdən nur alan kimi
Təbəssüm
paylayır elə camalın.
Mən də
baxıb sənə öz balan kimi
Deyirəm,
gözəldir sənin bu halın.
Şairin
"Səninçün, Vətən" şeiri isə
bütün ruhu, məzmunu, pafosu, şeriyyəti və
qüdrəti ilə şairin Vətənnaməsidir, vətənə
bağlılıq şəhadətnaməsi, məhəbbət
və ülfət kredosudur. Şeirdə ictimai məzmun təntənəli
diqtə üzərində təcəssüm taparaq öymə,
fəxriyyə səciyyəsi qazanmışdır:
Ürəyimi
günəş kimi
Yandıraram
başın üstə -
Sönsə
Günəş.
Gözlərimin
yağını mən
Əridərəm
daşın üstə -
Sənsə
atəş.
Mən
ürəksiz yaşayaram,
Göz
nurumu pay eləyib
Kor
adını daşıyaram,
Bu
dünyanın qəbir evinə kor gedərəm -
Səninçün,
Vətən!
Dolanaraq ayaqyalın
Torpağının
başına mən -
Pərvanətək.
Su olmasa dəm
verərəm
Kor
gözümün yaşına mən -
Budur istək!
Şeir
forma etibarilə təsdiq və inkar üzərində
qurulmuşdur. Şeirin əvvəli təsdiq, sonu isə
inkarla tamamlanmışdır. Şair əvvəlcə Vətən
üçün hər şeyindən keçə biləcəyinə
söz verir, amma sonda insan üçün ən qiymətli sərvət
hesab etdiyi, insanlığın dəyəri bildiyi ləyaqətdən
yalnız keçə bilməyəcəyini ifadə edir. Bu
fikri o mənada doğru qəbul etək olar ki, şairin əvvəlki
şeirlərində də təsdiqini tapdığı kimi Vətən
insan üçün ləyaqət və insanlıq
meyarıdır, bu mənada insanlıq və ləyaqətdən
imtina Vətəndən imtinadır. Buna görə də
şairin bu fikirlərini qeyd ediləın mənada qəbul
etmək olar. Şairin 2024-cü ildə Naxçıvan Muxtar
Respublikasının 100 illiyi münasibətilə
yazdığı "Naxçıvan" şeirində ana
vətənin möhtəşəm və fövqəladə
gözəllikləri poetik əlvanlıq və pafosla əks
etdirilmişdir:
Doğmaların
doğması, mənim şanlı
diyarım,
Ömür
boyu tükənməz mənim yazım, baharım.
Həm
qeyrətim, namusum, yenilməyən vüqarım.
Sənin
kimi diyara kimlər əsirgəyər can,
Mənə
Tanrıdan əziz atam, anam Naxçıvan!
Mən
qala tikmərəm yox, qeyrət qalamsan mənim,
Gah
babamsan, atamsan, gah da balamsan mənim.
Mənim
bir düşmənim var, o da sənin düşmənin.
Çiçəklər
gündən-günə, ömrün-günün firəvan,
Mənə
Tanrıdan əziz atam, anam Naxçıvan!
Sən
Şərqin qapısısan, elə Şərqin özüsən,
Turanıma
Oğuza boylanan bir gözüsən.
Türkiyəmin,
Təbrizin "Can!" dediyi sözü sən.
Yaşın
min ildən coxdur, həm qocasan, həm cavan,
Mənə
Tanrıdan əziz atam, anam Naxçıvan!
Şairin
ictimai etiraz, giley və narazılıq kəsb edən
"Dövlət qurmuşuq", "Satılır dedi",
"Azərbaycan eli var", "Durna qatarına
qoşulum", "Məndən şair çıxarmı
heç?!", "Naminə", "Dağılasan belə
dünya", "Vətən o vətən deyil",
"Buraxın məni", "Soruşma", "Yiyəsiz
vətən", "A dağlar", "Gora gedir
sabahımız" və s. kimi şeirlərində ictimai
etiraz daha şiddətli, kəskin və miqyasca
böyükdür. Şairin bəzən dərin hiddətlə
səsləndirdiyi "bayraq o bayraq deyil", "Vətən
o Vətən deyil", "torpaq o torpaq deyil" kimi ifadələri
vətənini dərin məhəbbət və sədaqətlə
sevən üsyankar bir şairin vətəni, eli, xalqı bəla
girdabına salan xəyanətkarlara qarşı dərin hiddət
və etirazının poetik təzahürü olaraq yer
almışdır.
Bu əsərlərin
bir çoxu Azərbaycan ədəbiyyatının ümumi
problematikası, məzmunu və konkret sənətkarları
ilə də əlaqəlilik kəsb edir. Şairin "Gora
gedir sabahımız" şeiri Xalq şairi B.Vahabzadənin
"Hara gedir sabahımız?" əsərinə cavab olaraq
yazılıb. Şairin "A dağlar" şeiri isə ədəbiyyatımızdakı
"dağlar" rədifli ictimai məzmunlu əsərlərlə,
xüsusilə Dədə Ələsgərin
"Dağlar" qoşması ilə doğmalıq kəsb
edir. Şairin "Dövlət qurmuşuq" şeiri isə
məzmun və ictimai etiraz xüsusiyyətlərinə
görə satirik şair Ə.Qəmgüsarın "Ədəbiyyat"
şeiri ilə bağlanır və s. Şair "Dövlət
qurmuşuq" adlı şeirində daha ciddi məsələlərə
toxunaraq ölkənin taleyi və vəziyyəti ilə
baölı qayğı və narahatlıqlarını qətiyyətli
şəkildə dilə gətirirdi:
Hərə
çəkdi bu milləti bir yana,
Ya bacara,
ya qanmaya, ya qana.
Dağ
çəkdirdi anam Azərbaycana,
Bilinmədi,
hansı xoş əməllidi.
Sabirin
"Satıram" satirik şeirini andıran
"Satılır" şeirində isə vətən
torpaqlarına olan xəyanətlər, milli sərvətin
talanması, vətənin əsl sahibi olan xalqın yoxsulluq
içində yaşaması kimi məsələlər poetik
etiraz və kədər olaraq ifadə olunmuşdur:
Hərrac
bazarına çəkiblər bizi,
Qanmazın
əliylə qanan satılır.
Eşşək
axurunda dənlik buğda var,
Atın
qabağında qırcın tapılmır.
Talayır
bizləri aşkarlıq altda,
Rüşvətxor,
möhtəkir, nə bilim kimlər.
Harınlar
bir az da harınlayırlar,
Zarıyır
mənimtək mənim kimilər.
"Yüz
erməni dığasına min şapalaq vura billəm, Min
ordunun qabağında bir qalatək dura billəm" deyən
şair üəriyində, biləyində Vətən, el,
torpaq naminə güc və təpərinin olduğunu dilə
gətirir, lakin bu təpəri "mənən
oğurlayanları"a qarşı üsyan qaldırırdı.
Şair bu arada "qələmini çörək
ağacına çevirib" ona-buna mədhiyyə yazıb,
yaltaqlıq edənləri də söz
qılıncının qarşısına çəkərək
"Necə yazırsınız?" şeirində tənbehləyirdi.
Şairin
"Sevmək olsaydı", "Qaytar geri", "Qız
barmaqları", "Gedəydin barı", "Məhəbbət",
"İstərəm", "Niyə sevməliyəm?",
"Məndən ayrılmaq niyə?",
"Bağışla", "Mən elə bilirdim" və
başqa əsərləri məhəbbət lirikasına aid
gözəl örnəklərdəndirlər. Şairin məhəbbət
lirikasında da tərənnüm, təsvirl\ə bərabər,
tənqid yer almışdır. Şair məhəbbətdə
düz ilqarı, sədaqət, iffət və vəfanı
öndə görərək sevgiyə haram qatan əks
xüsusiyyətləri tənqid edir.
"Bağışla" şeirində məhz eşqin
insanda dəyər verdiyi keyfiyyətlər dilə gətirilmiş,
aşiqlik keyfiyyətləri eşqin mahiyyətilə
münasibətdə poetik şəkildə işıqlandırılmışdır.
Şeirdə kamil, eşqinə sadiq və sədaqətli bir
aşiq obrazı əks etdirilmişdir. Şair eşqin
qüdrət və təmizlik ruhunu "Sevmək
olsaydı" şeirində də bütüb gözəl
keyfiyyət və xüsusiyyətlərilə dilə gətirmiş,
bir insan qəlbinin dərdi-dili kimi ortaya qoymuşdur:
O
oğrun gözlərdən uzaq olmazdım
Təzədən
sevilib-sevmək olsaydı.
Nə həsrət
çəkərdim, nə qəm yeyərdim
Həyatım
bir sənə gərək olsaydı.
Oyan, ey gəncliyim,
oyan, xatirəm,
Qaytar bircə
anlıq səadətimi.
Xoşbəxtdim,
ilahi, mən necə xoşbəxt,
Verməzdim
dünyaya məhəbbətimi.
Şairin
yaradıcılığında qəzəl janrı da
özünəməxsus yer tutur. Xüsusilə məhəbbət
mövzusunun öncəlik təşkil etdiyi qəzəlləri
arasında "Dünyaya səs salaram. Sən kimi cananım
ola", "Bu qədər cövr eləmə, xəcil
olarasan, gözəlim", "Könlümü qan eyləmisən",
"Könlümü viran elədin", "bilmirəm,
aşiqinə sən necə qıydın, gözəlim",
"Niyə gəlmir görəsən, yar bizə mehman gecələr",
"bülbülün naləsini bağçada güldən
soruşun", "Qoca bülbül, bu qədər ahü-fəğan
eyləmə gəl" və b. kimi qəzəlləri maraq
cəlb edir. Bu qəzəllər ruh etibarilə Nizaminin,
Füzulinin, Seyyid Əzim və Əliağa Vahidin qəzəllərinin təsirini özündə
yaşadır.
Şairin
"Şaha qurban gedən peşka" poemasında daha
çox ictimai-fəlsəfi məzmun üstünlük təşkil
edərək bir sıra ictima problem və qayğıları
ümumiləşdirmiş, fərdi münasibət ortaya
qoymuşdur. Poema müəyyən mənada filosof şair
İ.Nəsiminin "Məsnəvi"sini, M.Füzulinin
"Leyli və Məcunun" poeması və Xalq şairi
M.Arazın "Dünya sənin, dünya mənim"
şeirini xatırlatmışdır. Poemada təzadlar, ikiliklər
yer almışdır:
İkilər
üzərində qurulubdur dünyamız.
Bu
üzündə zülmət var, bu üzündə nurumuz,
Bu
üzündə ölüm var, bu üzündə
toy-büsat.
Bir
üzündə məhəbbət, birində bayqu həyat.
Bir
üzündə nəşədir, bir üzündə kədər,
ah,
Bir
üzü qatı gecə, bir üzü aydın sabah.
Niyə
belədir, Allah, bu ziddiyyət nədi bəs?
Varlığım
da ruhuma kəsilibdir dar qəfəs?
Əsərdə
müəllif ciddi fəlsəfi-ictimai məsələləri
ritorik suallar vasitəsilə ifadə edərək rənginləşdirir.
"Haçandan başlayıb mənəm-mənəmlik?",
"Bəs haçan çatacaq nur qələbəsi?",
"Haçan həsrətimə qəbir qazacam?" kimi bədii
suallardan yola çıxan şair ciddi fəlsəfi, ictimai mətləblər
ətrafında düşünəclərə dalaraq
insanlıq münasibəti ortaya qoymuşdur.
Azərbaycan
xalqının 2020-ci ilin noyabrında qazandığı
şanlı qələbə şair Mirkərim Həsrətin
də qəlbini cuşa gətirərək ruhuna pərvaz
vermişdir. Onun "Azərbaycan", "Şəhid balam
Şəhriyar" şeirlərində məhz qələbə
duyğuları öz əksini tapmış, Azərbaycanın
nail olduğu birlik, suverenlik və böyük Turan yolunda əzəmətli
mövqeyi əks edilmiş, tərənnüm olunmuşdur:
Sən
Turanın bir parçası, həm şirisən, həm
qurdu sən.
Hər
bir oğlun, hər bir qızın ərdi bu gün, ər
yurdu sən.
Varlığınla
sən bütövsən, basılmayan bir ordusan,
Bu ordunun
qabağında nə şir durur, nə də aslan,
Xətaimin
qılıncından doğulmusan, Azərbaycan!
Ramiz
QASIMOV
AMEA
Naxçıvan Bölməsinin şöbə müdiri,
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
Olaylar.-
2025.- 8-14 avqust, ¹27.- S.17.