Biz indi onlardan 100 il qabaqdayıq
Üzeyir
bəy Hacıbəylinin 140 illiyinə beşinci yazı
Salam
olsun, çox dəyərli oxucum! Ötən
yazımızın sonunda məlumat verdiyimiz kimi bu dəfə
Üzeyir bəy Hacıbəylinin satirik hekayələrindən
söhbət açacağıq. Hekayə yazılı və
ya şifahi şəkildə insanların başlarına gələn
və ya təsəvvür edilən hadisələrin nəql
edildiyi, qısa bir bədii əsərdir. Hekayə ədəbiyyatda
çox geniş yayılmış bir janrdır və
oxuculara emosional, sosial və mənəvi mesajlar ötürmək
məqsədi daşıyır. Bu yazı janrı, əsasən,
bir və ya bir neçə xarakterin iştirakı ilə
müəyyən bir hadisəni təsvir edir və çox
vaxt nəticəyə doğru irəliləyir.
Hekayələr
ən qədim ədəbi formalar arasında yer alır və
insan mədəniyyətində mühüm rol oynayır.
Onlar gündəlik həyatda baş verən hadisələri,
insanların həyat təcrübələrini, arzu və
qorxularını əks etdirən qısa bədii əsərlərdir.
Bəli, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi,
Üzeyir bəyi, onun müasiri olan Əliqulu Qəmküsarı,
Mirzə Ələkbər Sabiri, Əbdürrəhim bəy
Haqverdiyevi, Cəlil Məmmədquluzadəni və digərlərini
ən kəsə yoldan, ən asan anlaşılan dildə, ən
təsirli vasitə ilə öz yurddaşlarını,
soydaşlarını - məzlum millətini oyatmaq, maarifləndirmək
əzmi, məqsədi daim narahat edir, bu müqəddəs amal
uğrunda birləşdirirdi. Bu baxımdan gündəlik həyatda
baş verən hadisələr üzərindən hərəkət
etmək daha effektiv addım sayılırdı. Xüsusilə
"Molla Nəsrəddin" dövründə bir növ bu
sanki zamanın tələbi, öz-özündən
yaranmış ədəbi qanun və ya dəb forması idi.
Şübhəsiz ki, bu məqamda adını yuxarıda qeyd
etdiyim və etmədiyim görkəmli ədiblərimizin
böyük əksəriyyətinin Rusiyada təhsil
almasının və ya ümumilikdə rus ədəbiyyatının,
mətbuatının təsirinin olduğunu qeyd edə bilərik.
Fəqət bütün olanlar təkcə bunlardan ibarət
deyil. Bu məsələnin daha dərin, qədim və milli
kökləri var. Hekayənin əsas məqsədi oxucunu
maraqlandırmaq və müəyyən bir mənanı
ötürməkdir. Hekayələr qısa və
yığcam şəkildə yazılır və çox
vaxt bir və ya bir neçə əsas hadisəni əks
etdirir. Hekayələrin əsas xüsusiyyəti onların
qısa olması və əsasən bir ideya ətrafında
dolanmasından ibarətdir. Və əsas məsələ bu
gündəlik həyatda baş verən hadisədən onun
yaradıcılarını, iştirakçılarını
maarifləndirmək məqsədilə necə istifadə etmək,
hadisəyə necə baxmaq, onu bütün gözlərin, -
heç olmasa, mümkün qədər daha çox
gözün - görə,
başın anlaya biləcəyi şəkildə təqdim
etmək idi. Ümumilikdə hekayə janrından söhbət
gedəndə hansısa təsirlərin olması (bu
realdır və qeyri-adi heç nə yoxdur) ehtimalı
mümmkün görünsə də, konkret olaraq
Əbdürrəhim bəy Haqverdiyevin və Üzeyir bəy
Hacıbəylinin (bəylərin) satirik hekayələrilə
elə ilk tanışlıq milli və qədim məzhəkələrimizi
xatırladır. Necə deyərlər, sözləri və
musiqisi Bəhram Nəsibova aid olan məşhur
"Qarabağ" mahnısında deyildiyi kimi:
"Ruhunu
burdan alır Natəvanın qəzəli.
Anadır
arzulara hər zaman Qarabağ,
Danışan
dil-dodağım, tar-kaman Qarabağ."
Bu istiqamətdə
Üzeyir bəy Hacıbəylinin müasirləri və eyni
zamanda silahdaşları olan Mirzə Ələkbər Sabir,
Əliqulu Qəmküsar artıq həmin dövrdə kifayət
qədər tanınmış söz ustaları hesab olunurdu.
Lakin, bir az əvvələ getsək, bizim Qasım bəy
Zakir və
"İt
demə, ol dəxi bizim birimiz,
Belə
ölmüşlərə fəda dirimiz."
deyən
Seyid Əzim Şirvani kimi satiriklərimiz (nəzmlə
yazsalar da) var idi. Bütün bu sadaladığım və
sadalamadığm, "Keçəl"in,
"Kosa"nın söhbətlərindən, qədim məzhəkə
oyunlarından üzü bəri olduqca zəngin bir irs üzərində
təşəkkül tapmış milli folklorumuzun mahir
bilicisi Üzeyir bəy Hacıbəylinin satirik hekayələrinə
keçməzdən əvvəl (bu məqaləni yazanın
özünün də şair ruhlu bir qələm adamı
olduğunu nəzərə
almağınızı rica edirəm) Əliqulu Qəmküsarın
"Ədəbiyyat" adlandırdığı əslində
dövrünün "Azərbaycan"ı olan o məşhur
şeirindən bir bəndi diqqətinizə təqdim edirəm:
"İndi
lazımdır ki, millət huşunu cəm eyləsin,
Hər
cür olsa haq danışsın, haq desin, haq söyləsin,
Yoxsa bizlərə
təpər yoxsa, buna kim neyləsin?
Qalmaz
axırda bu cür bivayə millətdən nişan,
Əlaman
bu müstəbidlərdən, ilahi, əlaman!"
şeirin
tam mətni ilə "Gooqle"də "Əliqulu Qəmküsar
Ədəbiyyat" yazıb, axtarış etməklə
tanış olmaq olar (mütləq oxumağınızı
tövsiyə edirəm).
Zənnimcə,
dövrün mənzərəsi və imkanları ilə kifayət
qədər tanışlıqdan sonra konkret olaraq, görkəmli
ədib Üzeyir bəy Hacıbəylinin satirik hekayələrinə
keçmək olar. Maraqlıdır ki, müasir tədqiqatçılar ayrı-ayrı sənətkarların
satirik nəsr yaradıcılığından söhbət
açarkən tədqiqat zamanı bzim əsasən dahi bəstəkar
kimi tanıdığımız
Üzeyir bəyi görkəmli
yazıçıların sırasında ayrıca
başlıqlarla (xüsusi dəst-xəttilə seçilən
sənətkar) "Yusif Vəzir Çəmənzəminlinin
satirik hekayələri", "Realist nəsrdə M.F.Axundov ənənələri",
"Ü.Hacıbəyovun satirik hekayələri","Tağı
Şahbazi (Simürğ) satirik hekayələr ustası
kimi","Abdulla Şaiqin hekayələrində satirik hədəflər" kimi təqdim edirlər (Baba Babayev,
"Azərbaycan satirik nəsrinə dair
araşdırmalar", Bakı, "Müəllim" nəşriyyatı,
2009). Bəs Üzeyir bəy
Hacıbəylini belə həmişə müasir edən
hansı səbəb idi? Gəlin bu suala da ustadların dililə
cavab verək. Məsələn, Akademik Mirzə İbrahimov
"Üzeyir Hacıbəyov" (seçilmiş əsərləri
- 1985) kitabına yazdığı "Böyük bəstəkar
və yazıçı" adlı giriş məqaləsində
bu suala konkret olaraq belə cavab
verir: "Üzeyirin (Üzeyir bəyin Z.U) tənqidi sərrast
tənqid idi, işıqlı, mütərəqqi qayələri
müdafiə edir və hədəfə vururdu. ... Üzeyir
Hacıbəyov (Üzeyir bəy Hacıbəyli Z.U) cəhalətə,
mövhumata, fanatizmə atəş açırdı."
Akademik
Mirzə İbrahimovun təbirincə desək, Üzeyir bəy
Hacıbəylinin "sərrast atəş"ləri nəticəsində
əks cəbhədə olan pristavların, kərbəlayıların,
məşədilərin, tacirlərin, mollaların, müəllimlərin,
dırnaqarası ziyalıların mövqeləri
darmadağın edilirdi. Bu silsilə yazımın hələ
giriş məqaləsində (birinci yazıda) görkəmli ədib
Üzeyir bəy Hacıbəylinin "Yevlax - Şuşa
yolu" adlı satirik hekayəsindən söhbət
açarkən hədəflərin necə real, mövzunun nə
qədər aktual olması barədə sizə məlumat
vermişdim. Müəllifin təkcə yuxarıda adı
çəkilən satirik hekayəsi deyil, adlar və tiplər
nə qədər köhnə görünsə də,
"Pristav ağa", "Məşədi Kabilin Təbriz səfəri",
"Bazar söhbəti", "Məzhəkə",
"Təhsil", "Müəllimə", "Ramazan
ayında ibadət", "Məclisin duzu" kimi satirik
hekayələrində qaldırılan problemlər müasir
dövrümüzdə də hansısa şəklini dəyişmiş
formada mövcuddur. Zaman ötsə də, tiplər mutasiya edərək
cild dəyişsələr də Üzeyir bəyin
nişangahından yayına bilmirlər. Nə qədər
ora-bura vurnuxsalar da, bu, görkəmli söz ustasının
atış mənzilində çabalamqdan başqa bir şey
deyildir.
Dəyərli
oxucum, görkəmli ədib Üzeyir bəy Hacıbəylinin
140 illiyi münasibətilə qələmə
aldığım "Biz indi onlardan 100 il qabaqdayıq"
adlı bu yazımın
beşinci hissəsini ustad sənətkarın "Məclisin
duzu" adlı satirik hekayəsinin sonluğu ilə
yekunlaşdırmaq istəyirəm. Hekayədən sonuncu iki
abzası (sətirbaşını) olduğu kimi sizə təqdim
edirəm (mənzərə sizə tam aydın olması
üçün qeyd edim ki, hekayədə süjet təxminən
"O olmasın, bu olsun" komediyasında (filmində) Məşədi
İbadın (elçilik zamanı) şərəfinə
Rüstəm bəyin evində olan qonaqlıq (məclis)
zamanı yemək masasında olan söhbətdən - vəziyyətdən
ibarətdir):
"Mən
də fikir edirəm ki, yaxşı, hərgah bu tacir,
xalqın kreditini bağlayandırsa, yaman adamların birisidir,
daha bunun sağlığına içmək nə
üçün?
Sonra gələn
nitqlərə qulaq asıb görürəm ki, məclisdə
daha elə qabili-ehtiram adam yox imiş və "ata sərçə"lər
dəxi cik-cik eləmirlər. Bəs axırda məlum olur ki,
bizim məclisimizin duzu üç nəfərdir: biri başkəsən,
biri danosyazan, və biri də mərdüməzar
oğlu mərdüməzar."
Əziz və
çox dəyərli oxucum! Yazımın sonunda əvvəlki
yazılarımda olduğu kimi yenə acizanə bir təvəqqedə
bulunmaq istəyirəm. Mütləq və mütləq
Üzeyir bəyin yuxarıda adlarını qeyd etdiyim satirik
hekayələrindən heç olmasa birini tapıb oxuyun. Qoy,
bütün ömrünü, malını və
mülkünü öz canından əziz bildiyi xalqına,
millətinə, yurddaşlarına həsr etmiş bəyin
ruhu şad olsun.
Yazımın
sonunda mövzunu tam yekunlaşdırmaq məqsədilə Üzeyir bəyin zərgər dəqiqliyi
ilə hesablanmış sərrast atışları nəticəsində
onun topa tuduğu mövqelərdə olan hədəflərinin
vəziyyətini gözləriniz önündə
canlandırmaq üçün yenə o məşhur "O
olmasın, bu olsun" komediyasından (filmindən) iki səhnəni sizə
xatırlatmaq istəyirəm. Birinci, Məşədi
İbadın Gülnazı Sərvərlə birlikdə
görəndən sonra hamamda olan səhnədəki vəziyyət,
ikinci isə gəlinin qız (Gülnaz) yox, oğlan (Sərvər)
olduğunu bildikdən sonra düşdüyü halı
çox ibrətamizdir. Çox dəyərli oxucum, yəqin
ki, söhbətin bu səpkidə axışından növbəti
yazımızda mövzunun görkəmli ədibin
komediyaları olacağı artıq sizə məlumdur.
Növbəti sayımızda komediyalar haqqında olacaq
altıncı yazımızı oxumağı unutmayın.
Sona qədər həmsöhbət olduğunuz
üçün təşəkkür edirəm. Hələlik.
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü
Olaylar.-
2025.- 8-14 avqust, ¹27.- S.19.