Konfutsi. Onun fəlsəfi
təlimi
din səviyyəsinə yüksəlmişdir
Loqos
Kon Fu
Dzı (o, daha çox Konfutsi kimi məşhurdur) qədim
Çin filosofu və mütəfəkkiridir.
O, Kun Tsı kimi də tanınır.
Təqribən e.ə.
551 - e.ə. 479-cu illərdə
yaşayıb. Konfutsi
dünya fəlsəfi
sisteminə və fəlsəfi fikrinə böyük təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, filosofun təlimi
din səviiəsinə
yüksəlmişdir.
Onun Lu ərazisinin Tsu şəhərində, Şantung əyalətində doğulduğu bir çox sənədlərdə təsdiq edilmişdir. Çin salnaməçiləri qeyd edirlər ki, Konfutsinin əcdadları çox bacarıqlı olmuş və dövlət işlərində mühüm mövqe tutmuşlar.
Konfutsinin atası Şu-lian-xonun vaxtilə Çeuda şəhərciyinin hakimi olduğu məlumdur. Onun birinci arvadından doqquz qızı olmuşdur. İkinci arvadından isə bir oğlu olmuş, lakin bu uşaq körpə ikən vəfat etmişdir. Şu-lian-xo varis arzuladığı üçün 70 yaşında ikən İen adlı nəcib bir ailənin gənc qızı ilə evlənib. Gənc qızın adı Çing-si idi. Bu izdivacdan onların bir oğlu olmuş, həmin uşağa Kieu adı verilmişdir. Sonralar ona verilən "Konfutsi" və ya "Kon Fu-Tsi" adı isə "müəllim" mənasını daşıyırdı. Araşdırmalara görə, Konfutsi 19 yaşında ikən evlənmiş, onun bir oğlu olmuşdur.
Konfutsinin həyatında mistika yox idi, lakin onun doğulması sonralar əfsanə və möcüzələrlə əhatə olunmuşdu. Məsələn, salnaməçilərə görə, guya ata Şu-lian-xonun bağında gənc hökmdarın qarşısına Ku-lin adlı bir canavar çıxmışdı. O, hökmdara üstünə belə yazı həkk olunmuş daş təqdim etmişdi: "Çjeu sülaləsi süquta yaxınlaşanda saf bir körpə doğulacaq və o, kralsız bir kral olacaq". Əlbəttə, bu, bir əfsanədir.
Kieu üç yaşında ikən atası vəfat etmişdir. Yeddi yaşında isə Kieu məktəbə göndərildi. Orada mərasimlər, musiqi və riyaziyyat tədris olunurdu. Uşaqlar böyüdükcə fəlsəfə öyrənməyə başlayırdılar. Kieu təhsildə ən uğurlu yeniyetmə idi. O, olduqca çalışqan, xasiyyətcə mülayim bir şagird idi. Gənc Kieu artıq 17 yaşında məşhur alim Ping-Çunqun köməkçisi olmuşdu. O, qədim müəlliflərin əsərlərini öyrənməyə çox vaxt sərf etdi. Bu, gəncin düşüncəsinə böyük təsir göstərdi.
Bəli, Konfutsi hələ gənc yaşlarında ikən Çində ilk peşəkar müəllim və intellektual alimlər birliyinin təşkilatçısı kimi tanınmış, onun üç mindən çox tələbəsi olmuşdur.
Qırxdörd yaşında Konfutsi, Lu knyazlığında iqamətgahın hakimi oldu. O, xalqın yaşayış səviyyəsini xeyli yaxşılaşdırdı. Konfutsinin uğurunun sirri sadə idi: xalqa yaxınlıq. O, insanlarla yaxın ünsiyyət qurur və onlarla məsləhətləşirdi. Təqdir əlaməti olaraq Konfutsi bütün knyazlığın baş hakimi təyin edildi.
Lu knyazı ilə münaqişə səbəbindən müdrik filosof, knyazlıqdan ayrılmaq məcburiyyətində qaldı və uzun müddət digər knyazlıqlarda səfərdə oldu. Onu hər yerdə sevinclə qəbul edirdilər.
O, e.ə. 484-cü ildə yenidən Luya qayıtdı. Səyahətlərdən sonra Konfutsi Lu knyazlığına qayıtdı. Orada o, həyat yoldaşının ölüm xəbərini aldı. Bu xəbərə belə reaksiya verdi: "Həyat yoldaşım dünyasını dəyişdi, tezliklə mən də onun ardınca gedəcəyəm... Lakin ömrümün qalan hissəsini faydalı keçirmək lazımdır". O, həmin dövrdə bir çox elm adamlarının və pedaqoqların kitablarının redaktəsi, yayılması ilə, o cümlədən müəllimliklə məşğul oldu.
Konfutsi Çinin daxili böhranlarla müşayiət olunan sosial və siyasi dəyişikliklər dönəmində yaşamışdır. Bu, elə bir dövr idi ki, patriarxal normaları dağılmışdı, daxili ədavət isə nəsilləri parçalayırdı. Tarixi ənənələrin dağılması, məmurların acgözlüyü və satqınlığı, eləcə də sadə xalqın kasıblığı və iztirabları ölkənin taleyini düşünənlərin ciddi narazılığına səbəb olurdu.
Son bir neçə ilini Konfutsi öz tələbələrinə həsr etdi və demək olar ki, bütün vaxtını onlarla keçirdi. O, getdikcə daha çox ölüm haqqında düşünürdü. Son görüşlərdən birində o, vəsiyyətini səsləndirdi, buna görə kitablarını tələbələrinə miras qoydu və onlardan əsərləri uşaqlara ötürmələrini xahiş etdi.
Ömrünün son illərini doğma yurdunda keçirərək sakit çayın sahilində ağacların kölgəsində dünyasını dəyişdi. Özündən sonra yazılı əsərləri qalmasa da, şagirdləri vastəsi ilə böyük təlimi qaldı.
E.ə. 479-cu ildə Konfutsi yeddi gün huşunu itirmiş vəziyyətdə qaldı və daha sonra dünyasını dəyişdi. Filosofun son sözləri belə oldu: "Məndən sonra ağır zəhmətimi kim üzərinə götürəcək ki, mənim təlimimi davam etdirsin?"
Yeri gəlmişkən onu da qeyd edək ki, Konfutsinin adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına beşinci şəxs olaraq daxil edilib.
Sonralar bütün dünyada məşhur olan konfutsiçilik təlimi, nəzəriyyəsi və ya dini əvvəllər müasir Şandun əyalətinin ərazisində yaranmış və sonralar geniş yayılmışdır. Konfutsi burada doğulub ömrünü yaşamışdı.
Konfutsiçiliyin uzun müddət dövlət dini səviyyəsində qəbul olunması heç də təsadüfi deyildir. Bu təlim sosial-siyasi yönümlü idi. Belə ki, konfutsiçilik əslində imperator hakimiyyətinin və məmur aparatının mövqelərinin möhkəmlənməsinə töhfə verirdi ki, bu aparatın da bir hissəsi də Konfutsi idi. Ümumiyyətlə, Konfutsi xalqın üzərində məmurların və imperatorların idarə etdiyi bir hakimiyyət iyerarxiyasını dəstəkləyirdi. Lakin Konfutsi bütün hökmdarların özlərini inkişaf etdirməyə və xalqın ehtiyaclarına qayğı göstərməyə sadiq qalmalarını nəzərdə tuturdu.
Konfutsi göstərirdi ki, yaxşı hökumət, xalqa yaxşı qidaverən, xalqı lazımi qədər silahla təmin edən, xalqın etibarını qazanan hökumətdir. Xalqın etimad və etibarını qazanmayan hökumət heç vaxt ayaqda dayana bilməz. O, qorxuyla idarə olunan dövləti deyil, hökmdarla təbəəsi arasında qarşılıqlı bir razılaşma, ortaq yol tapan bir rəhbərliyi müdafiə etmişdir. Bu nöqtədə, müasir demokratiya qaydalarıyla bənzərlik özünü göstərir. Görüldüyü kimi, o, ölçü olaraq sıravi insanları, xalqın taleyini və onların yetişdirilməsini, onların xoşbəxtliyə qovuşmasını istəyirdi.
Konfutsinin bütün fəaliyyət və həyat yolu "Mühakimələr və Dialoqlar" əsərində öz əksini tapmışdır. Bu kitab əslində Konfutsinin şagirdləri tərəfindən toplanmış fikirlərin, düşüncələrin və dialoqların toplusudur. Bu əsər qədim Çin fəlsəfəsinin təməl daşını təşkil edir. Konfutsinin fikirləri və onun yaratdığı konfutsiçilik ənənəvi Çin mədəniyyətinin əsasını formalaşdırmış, yüz illər ərzində Çin cəmiyyətinə bütün sahələrdə dərindən təsir etmişdir.
Konfutsinin
siyasi idealı nə idi? İlk növbədə xeyirxah aristokratların gerçəkləşdirdiyi
bir hakimiyyət, hər bir insanın
vəzifəsinə ciddi
riayət etməsi və qoyulmuş ənənələrə əməl
olunması. İctimai
düzənin saxlanması
üçün o, rituallara
və mənəviyyata
çox əhəmiyyət
verirdi. Qədim çinli filosof, mənşəyinə görə
deyil, tərbiyəsinə
və öz bacarığını inkişaf
etdirmə qabiliyyətinə
görə alicənab
sayılan ideal insan konsepsiyasını da hazırlamışdı.
Konfutsi hesab edirdi ki, bu cür
insan ilk növbədə
humanist, insanlara qarşı
xeyirxah, ədalətli,
sadiq, səmimi olmalı, həmişə
biliklərə can atmalı,
valideynlərinə, xüsusilə
də yaşlılarına
hörmətlə yanaşmalıdır.
Böyük mütəfəkkir
ailədə, cəmiyyətdə
və dövlətdəki
insanlar arasında
ideal münasibətlər qanununu
aşağıdakı şəkildə
ifadə etmişdi:
"Özünə rəva
bilmədiyini, başqalarına
rəva bilmə".
Yeri gəlmişkən, Konfutsinin
həmin fikirləri Çində və bir çox ölkələrdə yenə
öz qüvvəsini
saxlayır.
Konfutsinin
siyasi təlimi, dövlətin ideal şəkildə
idarə edilməsinin
mənəviyyata, xüsusilə
"qızıl orta"
və "insanpərvərlik"
kimi etik anlayışlara əsaslanmasından
irəli gəlir. Bu anlayışlar "düzgün
yol"u təşkil
edir. Öz-özü
ilə və başqa insanlarla uzlaşmada yaşamaq istəyən hər kəs bu yolu
izləməlidir. "Alicənablar",
başqa sözlə idarəçilər, öz
rəiyyətinə qayğı
göstərməli, onları
öz əxlaqi nümunələrinin gücü
ilə tərbiyə etməlidirlər. Çin
mütəfəkkiri dövlətin
patriarxal-paternalist (paternalist-dövlət və şəxsiyyət arasında
qarşılıqlı "öhdəlik"-F.M.) konsepsiyasını
inkişaf etdirmişdir.
Konfutsiyə görə,
dövlət böyük
ailədir, burada hökmdar - ata, təbəələr isə
onun övladlarıdır.
Təbəələrin əsas
səxavəti hökmdara
sədaqət, bütün
"böyüklərə" itaət və hörmət etməkdən
ibarətdir.
Konfutsi zamanında, ailəyə çox əhəmiyyət
verilirdi. Ailə bağlarına hörmət
göstərməyənlərin "Göy" tərəfindən
cəzalandırılacaqları düşüncəsi vardı.
Dediyimiz kimi, anaya, ataya bağlılıq
və hörmət mövzusuna çox əhəmiyyət verilirdi.
Konfutsi bu fikirləri əsas tutaraq "Hsiao" inancını
meydana gətirmişdir.
Burada ailə üzvlərinin bir-birləri
ilə əlaqələri
düşünülmüş, sonra bu əlaqələr
genişlədilərək hökmdarla xalq arasındakı bağları əhatə etmişdir. Ümumiyyətlə,
iki cür
"Hsiao" vardır. Biri "fiziki Hsiao", yəni anaya-ataya kömək, digəri isə
"müqəddəs Hsiao"dur, yəni bu, o deməkdir ki, valideyn yaşadığı müddətdə
övladlarının maddi
rahatlıgın təmin
etməli, istəklərini
yerinə yetirməli,
onları hər cür təhlükədən
qorumalıdır. Övlad
isə ata-ana öldükdən sonra belə, qurbanlar verməklə onların xatirələrini əziz tutmalıdır.
Biz Konfutsini sözün mütləq mənasında
hansısa dinin banisi hesab edə
bilmərik. Doğrudur,
onun adı çox vaxt Budda və Zərdüştlə
yanaşı çəkilir.
Amma əslində Konfutsinin
dünyagörüşündə etiqad məsələlərinə
çox az yer verilir, bu
təlim daha çox fəlsəfi-etik
komponentləri, eyni zamanda ritual təcrübələri
özündə birləşdirir. Konfutsiçiliyin
əsas prinsipləri
- humanistlikdir.
Bəs konfutsiçilik buddizmdən
nə ilə fərqlənir? Konfutsiçiliyin
əsas mövzusu insandır. Bütün mülahizələr son nəticədə
insana gətirib çıxarır. Buddizm
isə tamamilə fərqli mövqedə dayanır, insan məsələsinə qayıtmır
və hər şeyi Budda ilə əlaqələndirir.
Bəli,
etik-siyasi təlim olan konfutsiçiliyin mərkəzində insan əxlaqı, ailə və dövlətin idarə olunması məsələləri durur.
Konfutsi üçün
çıxış nöqtəsi
kimi "səma" və "səmavi təsir" konsepsiyası
əsas götürülür.
Öz əsrinə tənqidi yanaşaraq ötən əsrləri üstün tutan Konfutsi bu müqayisənin
əsasında özünün
tzyun-tszı insanının
mükəmməl idealını
yaratmışdır. Bü təlimə görə müəyyən keyfiyyətlərə
malik olan insan həmin keyfiyyətləri
Dao mənəvi qanunları
ilə uzlaşdırmalıdır.
Bu mükəmməlləşmənin məqsədi hər kəsi xeyirxah insan səviyyəsinə çatdırmaq idi. Tzyun-tszı iki vacib üstünlüyə
-humanizm və borcluluq duyğusuna maik olmalı idi. Konfutsi təlimində
əsas yeri ailə,
cəmiyyət və dövlətdə insanlar arasında münasibətlər
tutur.
Konfutsi təliminə görə,
ən yüksək dəyər "nəcib şəxs" anlayışında
öz əksini tapır. Bu şəxs konfutsiçiliyin mənəvi
idealını təcəssüm
etdirir.
Konfutsinin
təsəvvür etdiyi
nəcib insan:
Heç vaxt mənfəət axtarmaz.
Öz səhvlərinə görə
başqalarını ittiham
etməz.
Kasıblığından
utanmaz.
Ədalət və həqiqətə
can atar və hər bir vəziyyətdə
ləyaqətlə davranar.
Konfutsizmə görə, xoşbəxtlik odur ki, səni anlayırlar, böyük xoşbəxtlik
odur ki, səni sevirlər, həqiqi xoşbəxtlik
odur ki, bu zaman sən özün sevirsən. Konfutsi deyir ki, təlimatı yalnız öz cahilliyini qəbul edən və bilik axtaran şəxsə
ver. Əgər sən
nifrət edirsənsə,
deməli, sən məğlub olmusan. Konfutsinin başlıca devizi: "Hər bir kişi öz
içindəki vəhşini
məhv etməlidir"
Konfutsizmdə qadına münasibət
fərqlidir. O, kişilərə qadının
rolu haqqında danışarkən əsasən
mühafizəkar mövqedən
çıxış edir.
Konfutsizmdə qadının
kişidən aşağı
olduğu vurğulanır.
Onun əsas vəzifəsi ərinə
və valideynlərinə
itaət etmək, evdə qayda yaratmaq və uşaq dünyaya gətirməkdir. Qadının
emosional həyatı daim arxa plana keçirilir, onun daha çox bioloji funksiyasına diqqət yetirilir. Konfutsinin məşhur ifadəsində qadına belə bir qiymət
verilir: "Müdrik qadın ərini dəyişdirməyə yox,
öz görünüşünü dəyişməyə
cəhd edər".
Konfutsinin
sevgi haqqında dediyi fikirlər də maraqlıdır. O, sevgi haqqında belə deyirdi: "Sevgi - varlığımızın
başlanğıcı və
sonudur. Sevgisiz həyat yoxdur, çünki sevgi müdrik insanın təzim etdiyi şeydir". Onun hər bir
ifadəsi insan həyatına, özü
və ətraf aləmə münasibətini
ifadə edir.
Konfutsinin
aforizmləri daim bütün dünyada maraq doğurub. Əslində bu qanadlı fikirlərin arxasına mühüm konseptual məsələlər
dayanır.
Konfutsi deyirdi:
"...Qiymətli
daş sürtülməsə
cilalanmaz. İnsan da çətinliklərdən keçməsə
uğur qazana bilməz.
...Təbiət
insan tərbiyəsinə
kölgə salsa vəhşi
canlı alınar, amma tərbiyə təbiətə kölgə
salarsa nəticədə
quru kitab alimi yetişər. Yalnız təbiətlə tərbiyə
tarazlıqda olduğu
zaman layiqli insan yetişər.
...Danışmağa
layiq bir insanla danışmamaq o insanı itirmək deməkdir. Danışmağa
layiq olmayan biri ilə danışmaq
isə sözləri itirməkdir. Müdrik insan nə insanları,
nə də sözləri itirər.
...Bilik əldə etməyin üç yolu var: düşüncə yolu
- ən şərəfli
yol, təqlid yolu - ən asan yol və
təcrübə yolu
- bu, ən çətin yoldur.
...Mən etibarsız bir insanla necə iş görməyi təsəvvür edə bilmirəm. Əgər
araba təkərsizdirsə, onunla necə hərəkət etmək
olar?
...Böyük insan heç vaxt yıxılmayan insan yox, yıxılıb
qalxan insandır.
...Nəcib insan özündən tələb edir, nanəcib insan isə adətən başqalarından tələb
edir.
... Ancaq öz nadanlığını
başa düşərək
bilik axtaran insana məsləhət
ver.
...Əgər nifrət edirsənsə, demək
ki, sən məğlub
olmusan.
Konfutsi öyrədirdi ki, təkcə
ailədə deyil, həm də bütün dövlətdə
yaşlılarla gənclər
arasında münasibətlərdə
qayda-qanun olmalıdır.
Tərbiyəli çinli
hər kəsə qarşı nəzakətlidir,
sosial statusundan aşağı olanlara qarşı kobudluq etmir və yüksək
statusda olanlara yaltaqlanmır.
Konfutsinin
ideyaları və əsas mövzuları - insanlararası münasibətlər,
humanizm və özünüinkişaf məsələri
bu gün də aktualdır.
Konfutsi təliminə görə, insanın həyatının mənası, "Göy altında" mükəmməl bir cəmiyyətin qurulmasından ibarətdir. Yalnız bu yolla Göy ilə Yer arasında harmoniya əldə edilə bilər. İnsan cəmiyyətin üzvi bir hissəsidir və cəmiyyətin maraqları prioritetdir.
Təlimin əsasını Göy və göyün əmri konsepsiyası təşkil edir ki, bu da taleyi müəyyən edir. Çində imperatorlar həmişə Göyün övladları kimi qəbul olunmuş və buna görə də onların hakimiyyəti bir neçə minillik boyunca mübahisəsiz olmuşdur. Bundan əlavə, konfutsiçiliyin ən mühüm qaydalarından biri, artıq dediyimiz kimi, "syao" - böyüklərə hörmət və ehtiram konsepsiyasıdır. Konfutsi həmçinin "li" - müxtəlif həyat vəziyyətlərində insanın davranışını tənzimləyən etiketi sistemini hazırlamışdır.
Konfutsi,
ilk növbədə, realist və maarifçi idi. O, cəmiyyətin rasionallıqla təşkil
olunmasını ənənələrin
qorunmasında görürdü:
"Əgər qədimdən
qoyulmuş adətlərə
riayət edilməsə
və ya ləğv olunsa, hər şey qarışacaq və nizamsızlıq yaranacaq".
O, adət-ənənələri tanrıları razı salmaq üçün vasitə kimi deyil, özünüidarə
və nizamın elementi kimi görürdü.
Hakim sosial təbəqənin üzvü olmasına baxmayaraq, Konfutsi dar sinfi maraqlarla
məhdudlaşmırdı. O hesab edirdi ki, xalqı cəhalətdə
saxlamaq, yalan vədlərlə idarə
etmək olmaz. "Əgər vicdanlı insanları irəli çəkib onları hiyləgər insanlardan üstün tutsanız, sadə insanlar itaətkar olarlar". Konfutsi deyirdi ki, ölkədə
hərbi təchizat və ərzaq çatışmazlığı ola bilər- bu bəlalar aradan qaldırıla bilər,
"lakin xalqın hökmdara və onun ətrafına inamı çatışmasa,
dövlət sabit ola bilməz".
Konfutsi üçün ideal insan
peyğəmbər yox, maariflçi,
müdrik və vicdanlı bir insandır. Şagirdlərindən
biri ona ruhlara necə xidmət etməyi soruşduqda, Konfutsi belə cavab vermişdi: "Biz insanlara
xidmət etməyi bilmirik, ruhlara necə xidmət edə bilərik?" O, insanın ölümündən
sonrakı mövcudluğu
haqqında suala da oxşar cavab verdi: "Biz həyatın
nə olduğunu bilmirik, ölümün nə olduğunu necə bilə bilərik?" Bilməməyin
qəbul edilməsi mütəfəkkirin mühüm
cəhətlərindən biri
idi.
Konfutsiyə görə, ailə
kiçik bir dövlət modelidir, burada ata-monarx mütləq hakimiyyət sahibidir. Amma bu hakimiyyətin despotizminə
baxmayaraq, dünyada daha böyük və qüdrətli bir qüvvə - Göy mövcuddur. Bu, ali hakimiyyət, ali hakimdir (dünya
nizamı, kainatın ağlı, kosmos). Hökmdarın özü
də Göydən qorxmalıdır. Əgər
o, Göy qarşısında
günah işlədərsə,
ədalətsiz qərarlar
qəbul edərsə,
yalan danışarsa və ya cinayətlər
törədərsə, onda
ölkədə Göy
tərəfindən göndərilmiş
təbii fəlakətlər
baş verər. Xalq isə belə
hökmdarı devirmək
və ya öldürmək hüququna
malikdir. Konfutsinin davamçısı Men-szı
bu vəziyyəti belə izah edirdi: "Bu, hökmdarın
deyil, bir əclafın və cinayətkarın öldürülməsi
olar".
Konfutsiçilik təxminən üç
min il ərzində uğurla
fəaliyyət göstərmişdir. Konfutsi təlimi Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Honq-Konq, Sinqapur və Vyetnam da daxil olmaqla bir
sıra Şərqi Asiya ölkələrində,
eləcə də Asiya diasporları vasitəsilə bütün
dünyada müxtəlif
dərəcədə yayılmış
fəlsəfi inanc sistemidir. Bəzənsə
artıq qeyd etdiyimiz kimi, bu təlim din kimi qəbul edilir.
Konfutsiçilik uzun əsrlər
boyu çinlilərin dünyagörüşünə
və həyat tərzinə əsaslı
təsir göstərmiş
və indi də göstərməkdədir.
Firuz Mustafa
Olaylar.-
2025.- 15-21 avqust, ¹28.- S.16-17.