Biz indi onlardan 100 il qabaqdayıq
Üzeyir bəy Hacıbəylinin 140 illiyinə
altıncı yazı
Əvvəli ötən saylarımızda
"Pərvərdigara,
bu necə əsrdir? Bu necə zəmanədir? Nə at
çapmağın qiyməti var, nə tüfəng
atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan
sabahadək, arvad kimi gərək dustaq
alaçığının içində oturasan. Dövlət
dəxi haradan olsun, pul haradan olsun? Ah, keçən günlər!
Keçən dövrlər! Hər həftədə, hər
ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu.
İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq
olur! ..."
Salam olsun, çox dəyərli oxucum! Üzeyir bəy Hacıbəylinin
140 illiyinə həsr etdiyim altıncı yazını ölməz
komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını
qoymuş Mirzə Fətəli
Axundovun "Sərgüzəşti - mərdi - xəsis
(Hacı Qara)" komediyasından Heydər bəyin monoloqu ilə
başlamağım heç də təsadüfi deyil. Ötən
yazımızın sonunda məlumat verdiyimiz kimi bu
yazımızda Üzeyir bəyin komediyalarından söhbət
açacağıq.
Komediya adətən müəyyən
bir idealı təsdiq və təbliğ
edir. Lakin o, bunu bilavasitə deyil, bu ideala zidd və mane olan həyat
təzahürlərinə, xarakterlərinə gülmək
vasitəsilə edir. Belə təzahür və xarakterlərin
məcmusu kimi doğulmuş tipləri ədəbiyyatımızda
ilk dəfə Mirzə Fətəli Axundov və onun
ardınca da Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf
bəy Vəzirov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə
satirik gülüş atəşinə tutmuşlar. Əvvəlki
yazılarımda da qeyd etdiyim kimi ən maraqlısı odur ki,
bizim əsasən dahi bəstəkar kimi
tanıdığımız Üzeyir bəy Hacıbəyli
yuxarıda adlarını sadaladığım böyük ədiblərimizin
sırasında ölməz komediya ustası kimi öz yerini
tutmağı bacarmışdır. Ona bu şöhrəti
böyük ustalıqla yaratdığı Rüstəm bəy
və Məşədi İbad surətləri gətirdi,
sonsuza qədər ölməzlik qazandırdı. Akademik Mirzə
İbrahimov 1985-ci ildə Bakı şəhərində nəşr
olunmuş "Üzeyir Hacıbəyov" (Seçilmiş əsərləri)
kitabına yazdığı "Böyük bəstəkar və
yazıçı" adlı giriş məqaləsində
bu barədə belə yazırdı: "Üzeyir Hacıbəyov
(Üzeyir bəy Hacıbəyli Z.U) eyni zamanda görkəmli
bir ədib idi. Onun ədəbi yaradıcılığı
iki istiqamətdə davam etmişdir: o həm çoxlu dərin
məzmunlu satirik felyetonlar, publisisit əsərlər
yazmış, həm də opera və operettaların ədəbi
mətnini yaratmışdır.
Üzeyir
Hacıbəyov (Üzeyir
bəy Hacıbəyli- Z.U.) dünya opera
sənətində elə nadir sənətkarlardandır ki,
musiqi yaradıcılığında da, ədəbi
yaradıcılıqda da parlaq istedad nümayiş
etdirmişdir. "Koroğlu"dan başqa (bu əsərin
liberettosu Heydər ismayılov və Məmməd Səid
Ordubadi tərəfindən yazılmışdır)
bütün opera və operettalarının mətnini o
özü yazmışdır. Üzeyir Hacıbəyovun
liberettoları humanist mənasına və bədii keyfiyyətinə
görə sərbəst dram əsərləri kimi
yaşayır. "Ər və arvad" (bu əsər barədə
birinci yazımda məlumat vermişdim), "O olmasın, bu
olsun", "Arşın mal alan", Əsli və Kərəm"
dərin insani duyğuları ifadə edən, dolğun ictimai
tiplər yaradan gözəl səhnə əsərləridir..."
Əvvəlki yazılarımızda miniatürlər, satirik
hekayələr və ya səhnəciklərdən bəhs edərkən
bu məsələyə toxunmuşduq. Görkəmli sənətkarın
musiqisi kimi dramları da xalq yaradıcılığı ilə,
xalq ədəbiyyatı ilə, klassik ənənələrlə
sıx bağlıdır. Bu bağlılıq əsərlərin
mövzu və tip seçimlərində, səciyyəsində,
süjet quruluşunda, bədii dilində aydın şəkildə
özünü göstərir. Üzeyir bəyin dramları
janr xüsusiyyətləri cəhətdən əsasən iki
ruhdadır. Belə demək mümkünsə onları iki
qrupa bölmək olar. Onlardan bir qismi
klassik və xalq ədəbiyyatının məhəbbət,
ya qəhrəmanlıq motivləri əsasında
yazılmış ciddi dramlar, bir qismi də süjeti xalqın gündəlik həyatından
götürülmüş komik əsərləridir. Söhbətimizin
mövzusu komediyalar olduğuna görə bu yazımda
görkəmli ədibin birinci
qism - ciddi dram əsərlərinin siyahısına daxil olan
"Leyli və Məcnun", "Şeyx Sənan",
"Rüstəm və Söhrab", "Şah Abbas və
Xurşid banu", "Əsli və Kərəm",
"Harun və Leyla" kimi əsərlərini sadəcə
adını çəkməklə xatırladıb, mətləbə
keçid almaq istəyirəm.
Görkəmli ədibin miniatürləri,
satirik hekayələri, səhnəcikləri
haqqında qeyd etdiyimiz bütün xüsusiyyətlər eynilə
onun komediyalarına da aiddir. Bu xüsusiyyətlər burada səhnəyə
və komediya janrına uyğun daha qabarıq şəkildə
istifadə olunur.
Üzeyir
bəy bir qayda olaraq zamanla səsləşən
mövzulu komediyalar yaradıb.
Onun komediyalarında həm vəziyyətlər, həm də obrazlar səhnə
üçün maraqlı və özünəməxsus tərzdə
işlənib. Demək olar ki, görkəmli dramaturq (dahi bəstəkar,
böyük ədib Üzeyir bəyi şəstlə
"görkəmli dramaturq" adlandırmaqdan çəkinmirəm)
yaratdığı bütün səhnə əsərlərində
səhnə xarakterləri yaratmağı bacarıb. Üzeyir
bəy öz yaratdığı surətləri - həyat
verib ölməzlik qazandırdığı obrazlarını
gözlənilməz vəziyyətlərə salaraq, mürəkkəb
süjet xətlərindən keçirərək şərh
və inkişaf etdirməyə çalışır. Və
bu vəzifənin öhdəsindən böyük ustalıqla
gəlir. Onun komediyalarında adətən bir neçə
süjet xətti parallel inkişaf edərək, sonda vahid nəticə
ilə tamamlanır. Maraqlıdır ki, məhz bu xüsusiyyəti
biz Əbdürrəhim bəyin də irili-xırdalı
bütün əsərlərində görürük.
Dovrün tələbləri və janrın xüsusiyyətləri,
ədəbi mühit barədə uzun-uzadı girişdən
sonra konkret olaraq görkəmli dramaturqun komediyalarına
ayrı-ayrılıqda nəzər salsaq yaxşı olar.
Yuxarıda qeyd etdiyim kimi birinci yazımda "Ər və arvad"
komediyasına toxunmuş, mövzunun aktuallığını
nəzərə alaraq komediyadan kiçik bir parçanı
olduğu kimi təqdim etmişdim.
"Ər və arvad" komediyasında
Üzeyir bəy həyatı yaxşı müşahidə
etdiyini, canlı ictimai tiplər yarada bildiyini, yığcam və
dinamik süjet qurmağı bacardığını və
şirin, məlahətli, ifadəli xalq dilindən istifadənin
üstünlüyünü sübut edir. Bu ilk musiqili Azərbaycan
komediyasında iştirak edənlərin (surətlər - obrazlar)
çoxu fərdi xüsusiyyətləri, mənliyi olan
canlı ictimai tiplər - gündəlik həyatımızda
addımbaşı rastlaşdığımız fəal
ünsürlərdir. Bu və digər əsərləri ilə
tamı-tamına 100 ilin ötəsindən boylanan
böyük sənətkar zamanın fövqündə
dayandığını dünya durduqca yaşayacağını
yaratdığı hər bir tipin (surətin, obrazın) dililə
hər kəlmədə, hər cümlədə, hər
monoloqda bizə çatdırır.
Konkret olaraq, "Ər və arvad"ın qəhrəmanları;
qadın düşkünü, məsləksiz, əqidəsiz,
Mərcan bəy və ondan heç bir nailiyyətdə geri
qalmayan Kərbəlayı Qubad köhnəliyi, geriliyi təmsil
edən kütbeyin, dargörüşlü adamlardır. Onlara
qarşı qoyulmuş Minnət xanım, Gülpəri və
Səfi isə açıq gözlü, zirək və
ağıllıdır.İkincilər elə hərəkət
edirlər ki, birincilər öz qazdıqları quyuya
düşür və sonda axmaq vəziyyətdə
qalırlar.
Birinci yazımda "Ər və arvad"da qaldırılan problemlərin
aktuallığından söhbət açmışdım.
Onu əlavə etmək istəyirəm ki,
soydaşlarının gündəlik həyatını,
ehtiyaclarını daim diqqət mərkəzində saxlayan
Üzeyir bəy cəmiyyətin yaşam tərzini olduğu
kimi əks etdirən, zamanla səsləşən əsərlər
yaratmağın faydasını praktiki olaraq gördükdən
sonra bu işə böyük həvəslə davam etmiş
və nəticədə "Ər və arvadın" həmən
ardınca 1910-cu ildə "O olmasın, bu olsun"
komediyasını yaratdı.
"Arşın mal alan" və "O olmasın, bu olsun"
komediyaları mavi ekranlardan təkcə Azərbaycan oxucusuna,
dinləyicisinə, tamaşaçısına deyil, əksər
dünya xalqlarının mədəni kütləsinə
yaxşı tanışdır. Bu baxımdan və ya bu
istünlüyü, məşhurluğu nəzərə
alaraq təfərrüata varmadan hər iki komediya haqqında
qısa ümumi məlumat verməklə kifayətlənəcəm.
Beləliklə 1910-cu ildə qələmə
alınmış "O olmasın, bu olsun" 1911-ci ildə səhnə
həyatı qazanmaqla dar oxucu dairəsindən geniş
tamaşaçı auditoriyasına çıxdı. Və
tezliklə məşhurlaşdı. Bu komediya təkcə
Üzeyir bəy Hacıbəylinin
yaradıcılığında deyil, bütün Azərbaycan
ədəbiyyatında ən yaxşı komediyalardan biri
olmaqla, həm məzmunu, ideyasının dərinliyi,
ifşaçılıq qüvvəsi cəhətdən, həm
də bədii keyfiyyətləri ilə klassik səviyyəyə
qalxır. Görkəmli ədib zəmanəsi (zəmanəmiz)
üçün səciyyəvi olan yenilikçi və geridə
qalmış qüvvələr arasında gedən mübarizəni
dramatik konfliktin mərkəzinə qoymuşdur. Əsərdə
Rüstəm bəy, Məşədi İbad, Həsənqulu
bəy, Həsən bəy, Rza bəy, qoçu Əsgər
kimiləri köhnəliyi (geridə qalmışlığı)
təmsil edirlər. Yenilikçi ruh isə gənc tələbə
Sərvər və Rüstəm bəyin qızı Gülnaz
xanım surətlərində cəmlənmişdir.
Burada diqqəti maraqlı bir neçə məqama yönəltmək
istəyirəm. Görkəmli ədib nicatın və sonda parlaq qələbənin
təhsillə, elmlə, zirəkliklə bağlı
olduğunu gənc tələbə Sərvərin
timsalında böyük ustalıqla göstərmişdir. O
eyni zamanda "Ər və arvad"da olduğu kimi burada da
qadını, qızı ön plana çıxartmış,
sanki, uşaqlıq yaddaşında dərin iz buraxmış
Xurşidbanu Natəvan qeyrətli, onun kimi mətin, dəyanətli,
ağıllı və cəsur Azərbaycan xanımı
obrazını (obrazlarını) yaratmışdır (ədib
bu tendensiyanı "Arşın mal alan"da da uğurla
davam etdirmişdir).
Beləliklə, "O olmasın, bu
olsun"da Üzeyir bəy əxlaqsızlığı, mədəniyyətsizliyi
(Rüstəm bəy, Məşədi İbad timsalında)
satirik gülüş hədəfinə çevirir, lağa
qoyur (bəlkə də için-için, acı-acı ağlayır),
ələ salır və onların çürük mahiyyətini
açıb göstərir. Komediyada mədəniyyəti
zahiri dəbdəbə kimi anlayanlar (Rza bəy, Həsənqulu
bəy, Həsən bəy kimilərin timsalında) da
gülünc vəziyyətdə təsvir olunur və
addımbaşı öz dilləri ilə tənqid olunurlar.
"O olmasın, bu olsun"unun 1956-cı digər görkəmli
dramaturq Sabit Rəhmanın (Sabit Rəhman da
yaradıcılığa 1926-cı ildə "Molla Nəsrəddin"
jurnalında "Şeyx Samit" imzası ilə dərc
olunmuş kiçik bir felyetonla başlamış və
qısa bir zaman ərzində özünü
yazıçı-dramaturq kimi təsdiq edərək məşhurlaşmışdır)
ssenari müəllifliyilə ekranlaşdırılması bu
gün də onu gündəmdə saxlayan dünyaca məşhur
bir həyat qazandırdı. Günümüzdə
dünyanın təxminə 70-ə yaxın dilinə tərcümə
olunmuş "O olmasın, bu olsun" dünya mədəniyyət
hadisələri, incəsənət inciləri içərisində
öz şərəfli yerini tutmaqda və qorumaqda davam edir.
1913-1914-cü
illərdə Moskvada və Peterburqda oxuyarkən Üzeyir bəy
"Arşın mal alan"ı (1913) qələmə
alır. Əksər ədəbiyyat tənqidçilərinin
yekdil fikrinə görə bu əsər görkəmli ədibin
şah əsəridir. Köhnə əxlaq normalarına
qarşı çevrilmiş azad sevgi əsərin əsas qayəsini
təşkil edir. "Arşın mal alan" tiplərin
seçilməsi, fərdiləşdirilməsi və qarşılıqlı
münasibəti cəhətdən olduqca yaxşı
düşünülmüş, lakonik və təbii
inkişaf edən süjetə malikdir. Əsas bədii
gücünü sadə və şən xalq həyatından,
ruhundan alan əsərdə bəşəri keyfiyyətlər
güclüdür. Heç təsadüfi deyil ki, əsasən
Soltan bəy, Gülçöhrə, Əsgər və arada
söhbətlərə (vəziyyətlərə) şirinlik
qatan Vəli, Tellinin iştirakı ilə ortaya qoyulmuş, bu
gün də sevilən həyat dramından ibarət olan
"Arşın mal alan" komediyası (filmi - 1945 və
1965) dünya mədəniyyət incisi olaraq 80-ə yaxın
dilə tərcümə olunmuşdur. Bu fakt (nailiyyət)
olduqca qürurverici bir nəticədir. Üzeyir bəy
Hacıbəyli dühasının təcəssümü,
ölməzliyinin bariz nümunəsidir. Bəyin məqamı
hər zaman uca olub və olacaqdır!
Çox
dəyərli oxucum, əsərin xüsusilə
film variantında çox məşhurluğunu nəzərə
alaraq təfərrüata varmadan burda söhbətimi
yekunlaşdırıram.
Son olaraq onu qeyd
etmək istəyirəm ki, Üzeyir bəy Hacıbəylinin zəngin və rəngarəng
ədəbi irsi içərisində özünəməxsus
yeri olan komediyaları xüsusi çəkisiyə malikdir.
Ələxsus "O olmasın, bu olsun" və
"Arşın mal alan" bir buket halında əsl
şedevr, mədəniyyət hadisəsi, incəsənət
incisidir.
Sələf-xələf məsələsində
Mirzə Fətəli
ənənələrini ugurla davam etdirən Üzeyir bəyin
həm müasiri həm də demək olar ki, layiqli xələfi
rolunda çıxış etmiş Sabit Rəhmanın
davamçısı kimdir? Və ya kim olacaq?! Bax b usual məni
ciddi düşündürür.
Sona qədər həmsöhbət
olduğunuz üçün təşəkkür
edirəm. Növbəti sayımızda felyetonlar haqqında
olacaq "yeddinci yazı"nı oxumağı unutmayın. Hələlik.
Zaur
Ustac,
"Yazarlar" jurnalının
baş redaktoru,
AYB və AJB-nin üzvü.
Olaylar.- 2025.- 15-21 avqust,
¹28.- S.18.