Mən öz qələmimi
Ustadın qələminin
beş verstliyində saxlamağa borcluyam
Tanrıya dalan Məmməd İsmayılın səssiz
ucalığı
Avqustun 20-si sabahın gözü yenicə açılmışdı."Real"
TV-də "Xəbərlər"
ə baxırdım. Peşəkar
telejurnalist Kamran ustad şair, təpədən dırnağacan
İNSAN olan, türkçülüyə
və türk dünyasına olan ümman sevgisini böyük qəlbində yana-yana bəsləyən, həm də bu mənada Ziya Göyalp, Mehmet Akif Ərsoy,
Məhəmməd Hüseyn
Şəhriyar, Xəlil
Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Məmməd Araz kimi azman söz
ustadları ilə eyni sırada vüqarla boy göstərən Məmməd
İsmayıl haqqında
qısa, (bu kəlməni xüsusi vurğulayıram-ləyaqətli) bəli, məhz ləyaqətli bir sujet təqdim etdi. Və son
cümlə: "Məmməd
İsmayıl Tovuzun Əsrik kəndindəki qəbristanlıqda dəfn
olunacaq". Mir Şahinə ürəkdolusu
"sağ ol!" dedim.
Bütün varlığımla sarsılmışdım. Ustadın mualicə olunduğu klinikalardan birində çarpayıda uzanıb nəzərlərini sonsuzluğa dikdiyi görkəmi gözümün önündə canlandı. Məmməd bəy mərd-mərdanə son yolçuluğa hazır olan qüdrəti, ölümün hədələrinə belə məhəl qoymayan kişiliyi ilə sanki deyirdi: "Sizə bir xəzinə əmanət edirəm. O xəzinədən bəhrələndikcə mən yaşayacağam". Bəli, ustad! Azərbaycan var olduqca, Azərbaycan ədəbiyyatı da var olacaq. Həmin ədəbiyyatda, dünyanın müxtəlif dillərinə tərcümə olunmuş əsərlərinizdə, bütövlükdə Türk dünyasının ədəbiyyatında, sazın-sözün meydanında Məmməd İsmayıl böyüklüyü elə böyük də görünəcək.
Telejurnalist taleyimdə Məmməd İsmayılın xüsusi yeri, həm də üzərimdə haqq-sayı var. Yəqin çoxları etiraf edər ki, "xüsusi yer" və "haqq-say" məsələsinin ünvanı təkcə bu sətirlərin müəllifi deyil (həm də bir çoxlarının). O, doğrudan-doğruya zamanında inqilabi işlərə imza atan "Gənclik" jurnalının ətrafına kəsərli qələmi, ictimai mövqeyi olan, dürüst yazarlar toplamışdı. 300 min tirajla nəşr olunan bu jurnalın qəlbi Azərbaycan xalqının mütləq əksəriyyətinin nəbzi ilə eyni vururdu. Sovet-kommunist rejiminin tətbiq etdiyi qadağaları qırıb atan jurnal respublikanın ictimaii-siyasi həyatına tamamilə yeni nəfəs vermişdi. Vaxtilə həmin jurnalın əməkdaşları və bu nəşr orqanı ilə sıx əməkdaşlıq edənlərin bir çoxu indi müasir Azərbaycan ədəbiyyatının, mediasının və teleradio məkanının vazkeçilməz isimləridir.
Məmməd İsmayıl Az.TV - nin sədri olarkən öz sözləri ilə desək "haralılığından, kimliyindən asılı olmayaraq istedadlı, ancaq istedadlı jurnalistləri irəli çəkirdi" O,"Gənclik"dəki yeniləşmə işini teleradio şirkətində də davam etdirmək istəyirdi. Qısa zamanda bir çox yeniliklərə imza atdı da. Televiziyada ilk "Səhər" proqramını yaradıcısı da o idi. Məmməd İsmayıl həm də peşəkar özəyi Xalq Cəbhəsi fəallarının qərəzli və yaramaz mövqelərindən, şər-böhtanlarından qoruyurdu. Ona görə də çox keçmədi ki, Xalq Cəbhəsi rəhbərliyində təmsil olunanların münasibəti Məmməd İsmayıla qarşı 180 dərəcə dəyişdi. Onlar tez-tez sədrin otağında görünür, "rəhbər göstərişlər" verirdilər. Teleşirkətdə bir çox redaksiyaların başına "bayraqdar cəbhəçilər" keçməyi bacarmışdılar . Onlar tez-tez "yaramaz jurnalistlərin","Heydər Əliyevin adamları" nın ad və soyadları olan siyahıları sədrin stolunun üstünə qoyurdular. Mən də "qovulmağa layiq" hesab edilənlərdən biri idim. Ustad 2007-ci ilin aprelində mənin haqqımda, həm də bir çox başqa məsələlər barədə etdiyi qeydlərdə belə yazır: "Səyyad Ağbabalı verilişlərin birində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə bağlı bir xəbər və bir sujet efirə vermişdi. Səhərisi aləm bir-birinə dəydi. Cəbhəci fəallar tələb edirdilər ki, O, tamamilə televiziyadan uzaqlaşdırılsın. Doğrudur, mən buna yol vermədim. Bununla belə, onun iş yerini dəyişdirməli oldum."
Əslində bu ilk belə hadisə deyildi. Ulu Öndərin yubileyi ilə əlaqədar 10 dəqiqəlik bir veriliş də efirə getmişdi. Məhz həm də bu fakta görə Məmməd İsmayıl Heydər Əliyevin adamı kimi xarakterizə edilirdi. Bu məsələ ilə bağlı hətta teleşirkətin önündə piket də təşkil edildi. O isə çəkinmədən mövqeyini belə izah etdi :"Uzun illər Azərbaycanı idarə etmiş, xidmətlərinə görə Siyasi Büronun üzvlüyünə yüksəlmiş, indi isə Naxçıvan Ali Məclisinin sədri olan böyük dövlət adamı haqqında 10 dəqiqəlik bir sujetin verilməsi normal qarşılanmalıdır. Hətta az verildiyinə görə söz-söhbət yaranmalı idi. Tam əksini görürəm. Məni Heydər Əliyevə xidmət etməkdə günahlandıranlar Surət Hüseynovun çevriliş girişimi zamanı özləri onu Bakıya dəvət etdilər."
Bəlkə də yeri deyil, amma yada salmasam da olmur. Məmməd İsmayılın 2007 - ci ildə
"525-ci qəzet" də
"Mən istedadı
və həqiqəti qorumağa çalışmışam"
sərlövhəli yazısına
görə ustada
"daş atmağa",
böhtan yağdırmağa
başladılar. "Bizim
işimiz Səyyad Ağbabalı ilə deyil, ağsaqqalladır" deyib
bütün sərhədləri
aşdılar. Özlərini
o qədər unutdular
ki, "Məmməd İsmayılın
dövründə saz
teleekranı zəbt etmişdi" kimi sərsəm iddia da irəli sürdülər.
Arzuları o idi ki, Məmməd İsmayıl onlarla mübahisəyə girişsin.
Ancaq unutdular ki, "ustad milçək vızıltısı"na qulaq
asmır. Bir təpəcik
belə olmayanlar başı qarlı uca dağa daş
atmağa çalışırdılar.
Həpəndlər ki, həpəndlər...
Böyük şair mənimlə
etdiyi söhbətlərindən
birində "yaxın
dostları" nın
belə onu unutduğundan gileyləndi.
Sonra da əlavə etdi:
"Toplum fərdlərin
sayı ilə deyil, mərdlərin sayı ilə güclü olur. Adamın bir üzü olar" deyib bu iki
bənd şeiri oxudu.
Olsun yatan baxtım sizə hədiyyə,
Vaxtı
oyadanlar baxtı oyatmır.
Adım
cərgənizdən silinib
deyə,
Bircə
əlinizin xınası
çatmır.
Vaxtı
yox, özünü göstərər saat,
Vaxtı
soruşdunmu özünü
deyər.
Mənəm diliniz ucundakı
ad,
Bir gün dil yanılıb
düzünü deyər
Məmməd İsmayıl bir
türk sevgisi ilə yaşadı, yaratdı, elə o sevgi ilə də Haqq Dünyasına qovuşdu.
Tanrı
dağlarından enib gəlibdi,
Bozqırda, Bozqurda dönüb
gəlibdi.
O yurtdan bu yurda
enib gəlibdi,
Hicran sevgisidi türkün sevgisi.
Yaxşı bax, o qala türk qalasıdı,
Bütün qalaların ilk qalasıdı.
Basılmaz, yenilməz Ərk
qalasıdı,
Ərkin
sevgisidi türkün sevgisi.
Adəmlə Həvvanı gördüyü
yaşda,
Başında dərd də
var, dərddən savaş
da.
Namusu nəfsindən yuxarı başda,
Börkün sevgisidi türkün
sevgisi.
Bir hədisdə deyilir ki, insan var önə baxar, insan var sona. Sona baxanlar daha üstündür, çünki görüşləri
sona, sonuca aiddir. Önə baxanlar isə özlərinə görə
daha xas adamlardır. Onlar sona baxmazlar. "Nə hacət?" deyərlər.
Buğda əkilən
yerdən arpa biçiləsi deyil ki? Bəziləri də var
ki, nə önə, nə də sona baxarlar. Yadlarına nə ön, nə də son düşər.
Onlar Tanrıya dalıb getmişlər. Ustad Məmməd İsmayıl Tanrıya dalanlardan idi.
Əminəm ki, bu qeydlərlə
Məmməd İsmayılın
haqqını verə
bilmədim. Bunu bacara da bilmərəm. Mən öz qələmimi ustadın qələminin beş verstliyində saxlamağa borcluyam.
Səyyad AĞBABALI,
Əməkdar jurnalist
Olaylar.- 2025.- 22-28 avqust,
¹29.- S.14.