Biz indi onlardan
100 il qabaqdayıq
Üzeyir bəy Hacıbəylinin
140 illiyinə yeddinci yazı
Əvvəli ötən saylarımızda
Salam olsun, çox dəyərli oxucum! Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə qələmə
aldığım silsilə
yazının yeddincisinə
gəlib çatdıq.
Söhbətimizə qaldığımız
yerdən davam edək (bəyin də ruhu şad
olsun).
Yazımızın bu hissəsinə
qədər Üzeyir
bəyin miniatürləri,
satirik hekayələri,
səhnəcikləri, komediyaları
və yaradıcılığının
digər mühüm xüsusiyyətlərilə tanış
olduq. Böyük sənətkarların yaradıcılığı,
böyük sənət
əsərləri daima
insanların diqqətini
cəlb edir, canlı fikirlər oyadır. Əlbəttə
bu diqqət həmişə eyni səviyyədə olmur; bəzən soyuyub yavaşıyır, bəzən
də şiddətlənir,
qızışıb alovlanır.
Akademik Mirzə
İbrahimov 1985-ci ildə Bakı
şəhərində nəşr
olunmuş "Üzeyir
Hacıbəyov" (Seçilmiş
əsərləri) kitabına
yazdığı "Böyük
bəstəkar və yazıçı" adlı
giriş məqaləsində
qeyd edir ki, bu vəziyyət (dəyişkənlik) hər
zamanın, hər dövrün ictimai mübarizələrinin xüsusiyyətlərindən,
mündəricəsindən, ideallarından asılıdır.
Hər dövr, hər nəsil öz məqsədləri,
ictimai meyilləri üçün keçmiş
irsdə bir dəlil, bir dayanacaq axtarır, bu irsin köməyilə ideallarını yaymağa,
daha iti, daha sürətli addımlarla irəliləməyə,
arzu və istəklərinə çatmağa
çalışır.
Lakin bir həqiqət də var ki, cari siyasi tələblər böyük sənət əsərlərində özünə
bir dayanacaq tapmadıqda belə o əsərləri qiymətdən
sala, ziyalı və fikri açıq
adamların onlara olan marağını söndürə bilmir. Bu
əsərlər insan
ruhunun, insan psixologiyasının daha dərin qatlarına təsir etdiyi üçün cari siyasi tələblərin hökmünə tabe deyildir.
Üzeyir
bəy Hacıbəylini
biz məhz bu cür əsərlərin
müəllifi kimi tanıyırıq: "Leyli
və Məcnun", altıncı yazıda haqqında ətraflı söhbət
açdığımız "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu" və bir sıra başqa
əsərləri zamanın
daim axan, daima dəyişən cərəyanlarından asılı
olmayaraq xalqın həmişə sevdiyi, ləzzət aldığı
əsərlərdir. Üzeyir
bəy böyüklüyü,
Üzeyir bəy Hacıbəyli sənətkarlığının
ucalığı, onun
ölməzliyinin sirri
məhz yaradıcılının
bu xüsusiyyətində
- daim zamanın fövqündə olmasındadır!
Bu əbədidir!
Əvvəlki yazılarımızda da zaman-zaman bu məsələyə toxunduq ki, Üzeyir bəyi geniş oxucu və tamaşaçı
kütləsi əsasən ancaq böyük və məşhur bir bəstəkar kimi tanımışlar. Yuxarıda
və əvvəlki yazılarda dəfələrlə
qeyd etdiyimiz kimi bu silsilə
yazını yazmaqda əsas məqsədlərimizdən
biri Üzeyir bəyin böyük bəstəkar olmaqla bərəbarər, eyni zamanda görkəmli ədib; yazıçı,
publisist, satirik hekayələr ustası, dramaturq olmasını vurğulamaqdan, xatırlatmaqdan,
tanıtmaqdan ibarətdir.
Silsilə yazımızın
bu hissəsinə qədər öyrəndik
ki, Üzeyir bəy, məqalələr, hekayələr,
komediyalar yazmaqla bərabər, "Koroğlu"
operasından başqa
digər qalan bütün opera və operettalarının
mətnini də
özü yazmışdır.
Bu yazımızın (yeddinci
yazının) bilavasitə
məqsədi Üzeyir
bəy Hacıbəylinin
öz şirin, duzlu, dərin ictimai mənalı felyetonları ilə "Molla Nəsrəddin" məktəbinin qüdrətli
nümayəndələrindən biri olduğunu xatırlatmaq, təbliğ
etməkdən ibarətdir.
Felyeton,
ədəbiyyatda və
publisistikada, xüsusilə
də qəzet və jurnallarda geniş yayılmış
bir janrdır. "Felyeton" sözü, əslində, fransızca
"feuilleton" sözündən gəlir və "səhifə" mənasını
verir.
Felyeton,
satirik və ya yumoristik üslubda
yazılmış, əsasən,
ictimai həyatın mənfi cəhətlərini
tənqid edən bir qəzet-jurnal yazısıdır. Felyetonlar
həm nəsrlə, həm də nəzmlə yazıla bilər.
Ədəbiyyatçıların və ədəbiyyat tənqidçilərinin
hamıya açıq
ümumi (bu günə - 18.08.2025 - olan)
qənaətinə görə
Azərbaycanda felyeton janrını ədəbiyyatımıza
Cəlil Məmmədquluzadə
gətirmişdir. Təbii
olaraq ilk nəsrlə
yazılan felyeton nümunəsi də Cəlil Məmmədquluzadəyə
aid hesab olunur. Nəzmlə yazılan ilk
felyeton isə Mirzə Ələkbər
Sabirə aiddir (hətta belə bir fikir də
var ki, Azərbaycanda ilk felyetonu
da məhz Mirzə Ələkbər Sabir yazmışdır).
Ümumilikdə felyetonun ədəbiyyatda
bir janr kimi 1800-cü ilin yanvarın 28-də Fransada
yaranması haqqında
məlumat var.
Hal-hazırda "Felyeton nədir?" - sualı verildikdə, ağıla gələn ilkin təxmini cavab belədir: "Felyeton - nöqsanları, çirkin
əməlləri istehza
edib pisləyən qəzet və ya jurnal məqaləsidir."
Məhz
bu prizmadan baxdıqda Üzeyir bəyin felyetonlarının
mövzularının nə
qədər müasir, görkəmli satira ustasının qaldırdığı problemlərin
nə qədr aktual olduğu bir daha gözlər
önünə sərilir.
Söhbət qəzet, jurnaldan
düşmüşkən, Üzeyir bəyin "Qəzet oxuyan" adlı felyetonundan kiçik bir hissəni diqqətinizə
təqdim etmək istəyirəm:
"Qəzet oxuyan müsəlman qəzetdən
məlumat qazanır, biliyini artırır. Ona görə, "qəzet oxumaq müsəlmana haramdır".
Qəzet
oxuyan müsəlman bütün aləmin əhval və övzaından (ərəb,
"ovza" - اوضاع vəziyyətlər)
xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü
hadisə və vaqiələri bilir. Ona görə, "qəzet oxumaq müsəlmanlara haramdır",
Qəzet
oxuyan müsəlmanın
aağlı artır,
dargöz olmur... "
Və bu qaydada felyeton
davam edir. Əslində felyetonda qaldırılan məsələni
birbaşa olduğu kimi sözbəsöz də günümüzə
aid etmək mümkündür.
Ancaq mən daha çox məsələnin mahiyyətinə
üstünlük verirəm.
Hal-hazırda əlimizdə
olan informasiya nəqli mümkün bütün vasitələrdən məqsədyönlü
şəkildə faydalı
istiqamətlərdə (əsasən
milli-mədəni tabliğat
istiqamətində) istifadə
etməyin tərəfdarıyam.
İstifadə edirikmi?
- edirik. Ancaq o səviyyədə deyil. Daha mütəşəkkil
olmalıyıq. Dövrümüz
üçün "qəzet"
məfhumu şərti
olaraq qəbul olunmalı, felyetonda qaldırılmış məsələnin
televiziya və radio verilişləri, müxtəlif
kanallar, kitablar da (elektron kitab da) daxil olmaqla faydalı
informasiya əldə edib, ötürülməsi
mümkün olan bütün vasitələrə
şamil edilməlidir.
Və ya, "Bir "başıqapazlı"nın
söylənməyi" felyetonu:
"Bizim adımız başıqapazlıdır. Ya
budur ki, gərək
biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da, hər tərəfdən qapaz yeməyi gözümüzün
önünə alaq. Bilet alıb vaqona minirik, konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıbməni rüşvətdən məhrum
edibsən? Bilet almayıb vaqona minirik, yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən? Sonra da tutub cibimizi soyur."
Yuxarıda qeyd etdiyim kimi, "vaqon", "bilet", "konduktor"
məfhumları şərti
qəbul olunmalıdır.
Hal-hazırda doğum
evindən, qəbiristanlığa
qədər olan vəziyyət hamımızın
gözünün qabağındadır
(əksəriyyətin görməməsi
heç də bu problemlərin olmaması anlamına gəlmir).
"Müştəri" adlı
felyotonun sonuncu bölümünü şərhsiz,
filansız olduğu kimi sizə təqdim edirəm edirəm (sadəcə say
bildirən rəqəmlərin
nisbiliyini nəzərə
almağınızı əvvəlcədən
xahiş edirəm):
"Qəzetlərimizin müştəriləri
azdırsa da özləri
getdikcə çoxalmaqdadırlar.
Əlhal, tək bir Bakı şəhəri
3 qəzet verməkdədir.
Kazan isə 5 qəzet
intişarına müvəffəq
olubdur. Sair şəhərlər də
Bakı ilə Kazandan geri durmaq
istəmirlər. Qəzetlərimiz
cürbəcürdür. Kişilərimizə
məxsus, arvadlarımıza
mənsub, uşaqlarımıza
mütəəlliq qəzetlərimiz
vardır. Lakin... "çoxluq"
sözünə dair türkün bir senzorsuz məsəli vardır ("senzorsuz"
sözünü mən
"əz bərayi-xali
nəbudəni-mərasilə" dedim. Özüm yaxşı bilirəm ki, hökumətə müxalif
sözlərdən savayı
ağıza gələn
(hər) sözü
sensor buraxar və buraxır da).
Görünür ki, bəzi qəzetlərimiz,
bu zərb məsəli isbat etmək istəyirlər. belə ki, o qəzetlərdən
yavaş-yavaş "xuliqanlıq"
iyi gəlməkdədir...
"Nur" ilə "Bəyanül
həqq"in acığı
tutmasın."
Ümumiyyətlə, Üzeyir bəy Hacıbəylinin
"Qulaq ardına vurmaq", "Mühüm
suallar və əhəmli cavablar",
"Biz nə haydayıq?",
"İki səs",
"Köhnə çuxa",
"İbrət kitabı"
və digər bu kimi onlarla
ibrətamiz felyetonları
vardır ki, hamısını
bircə-bircə oxumaqda
tariximiz, ədəbiyyatımız,
mədəniyyətimiz, milli kimliyimiz adına fayda var deyəcəkdim, ancaq demirəm. Çünki, bunların hamısını oxumaq vacibdir. Hə, müsəlman qardaş və bacılar, bəyin öz təbiricə desək, o beş vacib əməldən biridir və ya olmalıdır.
Dəyərli oxucum, ümumilikdə
Üzeyir bəy Hacıbəylinin hələ
ötən əsrdə
Azərbaycanda
Respublika Elmlər Akademiyası
tərəfindən toplanıb
çap olunmuş dörd cilddən ibarət "Əsərləri",
bu sislsilə yazımı yazarkən istinad etdiyim əsas mənbə olan "Üzeyir Hacıbəyov" (seçilmiş
əsərləri) və
əsrimizdə işıq
üzü görmüş
("Kitabal" (kitabal.az) dan əldə etmək mümkündür)
"Üzeyir Hacıbəyov"
(felyetonlar / hekayələr)
kitablarında adı və mətni məlum təxminən yüzə yaxın felyetonu məlumdur ki, bunların hamısı ilə tanış olmaq mümkündür. Yəni, Üzeyir bəy Hacıbəylinin demək olar ki, əlimizdə olan bütün felyetonlarını
oxumaq imkanımız
var.
Görkəmli satira ustası Üzeyir bəyin "Biz nə tövr iş görürük?" adlı
felyetonun sonluğu ilə gəlin tanış olaq:
"... Başlayırıq camış
boyda iş görməyə, lakin camışa da gücümüz
çatmır. Aşağı
enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar.)
Deyirik ki, eşşək
boyda iş görək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini. Görürük
yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda da görürsən
ki, içimizdən bir
pişik çıxdı
və siçanı yedi!... (Hə ay kasıb, gəl indi get, Ballıcada, Xanyurdunda torpaq götür, min bir zillətlə təsərrüfat
yarat, gözlə gör, Məstan nə vaxt üstünə
hoppancaq. Z.U)
Biz belə iş görürük."
Çox
dəyərli oxucum, Üzeyir bəyin bir-birindən dəyərli,
ibrətamiz, aktual mövzulu felyetonlarının
hamısından nəinki
bir qəzet məqaləsində, hətta
bir kitabda belə danışıb qurtarmaq mümkün deyil. Yazı boyunca yeri gəldikcə
vurğuladığım kimi
bu silsilə yazımın məramı,
məqsədi Üzeyir
bəy Hacıbəylini
xatırlatmaq, əsərlərini
yada salmaqdan ibarətdir.
Əvvəlki yazılarımda olduğu
kimi yenə sələflik, xələflik
məsələsinə toxunmaq
istəyirəm. Qeyd etdik ki, Üzeyir bəy Cəlil Məmmədquluzadə - "Molla
Nəsrəddin" məktəbinin
ən qüdrətli nümayəndələrindən biridir (Mirzə
İbrahimov, "Böyük bəstəkar və yazıçı", "Üzeyir
Hacıbəyov" (seçilmiş
əsərləri) Bakı,
"Yazıçı", 1985. 653 s. Səh. 12). Bəs dövrümüzdə bu
şərəfli missiyanı
öz üzərinə
götürmüş qələmdaşımız
varmı?
5 oktyabr 2009-cu il tarixində
"modern.az" saytında Əməkdar jurnalist, tanınmış ədəbiyyatçı
alim, yazıçı, publisist
(müsahibəni verərkən
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində
çalışan) Akif Əlinin jurnalist Günay Musayeva ilə "Mətbuatda satira və felyeton yazmaq istedad tələb edir" başlıqılı
müsahibəsi yer alıb. Həmin müsahibədə Akif müəllim
jurnalistin: .
- Müasir Azərbaycan mətbuatı və ədəbiyyatı satira və felyeton sarıdan korluq çəkir. Səbəbi
nədir? - sualına
-Satira və felyeton yazmaq istedad tələb edir. Bu ən çətin janrlardan biridir. Hər adam onu yaza
bilməz. -
deyə cavab verib. Və bu həqiqətən də belədir. Bəs bu gün
vəziyyət necədir?
Konkret olaraq felyeton yazan, yaza bilən varmı? Üzeyir bəy ənənələri
davam etdirilirmi?
Bu suala inamla cavab
vermək olar ki, bəli var! Əgər, Yunus Oğuzun 2023-cü ildə Bakı şəhərində çap
olunmuş "Felyetonlar
/ esseler" kitabı
ilə tanış olsanız ümidvaram ki, siz də mənim
kimi düşünəcəksiniz.
Adı çəkilən
kitabın felyetonlar bölümündə Yunus
Oğuzun bir-birindən
maraqlı və ibrətamiz təxminən qırxa yaxın felyetonu toplanıb. Bu felyetonların
içərisində ənənəni
davam etdirmək baxımından "Kasıbçılıqdı,
Mirzə...", "Həsənağanın
qohumu", "İşsizliyə
yox deyək!",
"Gülməşəkər namizədlər" və
bir-birindən dəyərli
digər felyetonlar istər-istəməz
diqqəti cəlb edir. Yunus Oğuzun
"İşsizliyə yox
deyək!" felyetonundan
üç cümlə
ilə görkəmli
satira ustası Üzeyir bəy Hacıbəylinin felyetonları
haqqında olan (yeddinci yazı) yazımı bitirmək istəyirəm:
"... Bazardan ta şah qapısına qədər
hər yerdə dilənçi var. Soruşanda
ki, niyə dilənirsən,
get işlə, deyir, iş ver işləyim.
Buna bir əncam çəkmək lazımdır."
Sona qədər həmsöhbət
olduğunuz üçün
təşəkkür edirəm.
Növbəti sayımızda
söhbətimiz daim aktual məsələ kimi gündəmdə olan resenziyalar barədə olacaq. Əgər siz də nə vaxtsa "Nümunəvi resenziya necə olmalıdır?" - sualına cavab axtarmısınızsa, "səkkizinci
yazı"nı mütləq
oxuyun! Hələlik..
Zaur
Ustac,
"Yazarlar" jurnalının
baş redaktoru,
AYB və AJB-nin üzvü
Olaylar.- 2025.- 22-28 avqust, ¹29.- S.19.