Padişahın
duası
Pritça
Qədim zamanlarda bir ölkə qonşu ölkəni təhdid edir, hədələyirdi, getdikcə müharibə vəziyyəti yaranırdı.Bir gün təhdid olunan ölkənin padişahı vəzirinə deyir ki, gəl bir çıxaq camaatın içinə, görək xalq bu barədə nə fikirləşir?
Vəzir cavab verir:
-Qurban olduğum, əgər biz bu qiyafətdə xalqın içinə çıxsaq, hər kəs özünü qibleyi-aləmin yanında göstərmək üçün, deyəcək ki, sizin sayənizdə düşməni əzib keçərik.
Padişah deyir:
-Vəzir, sizə kim dedi ki, biz bu qiyafətdə gedəcəyik?
...Nağıl dili yüyürək olar. Padişah və vəzir dərviş paltarı geyinib, gecə vaxtı çıxırlar şəhərə. Bir az getdikdən sonra görürlər ki, bir evdən işıq gəlir, qapını döyürlər. Qapını açan ev sahibi alt paltarda onların qarşısına çıxır və qəzəblə soruşur:
-Nə istəyirsiniz?
Padişah cavab verir:
-Biz qərib dərvişlərik, gecələməyə yer axtarırdıq. Səni bu halətdə görüb daha heç nə istəmirik.
Ev sahibi
istehza ilə bunlara deyir:
-Ayə,
siz nə həyasız dərvişlərsiniz.-Onlar yola
düşəndə hələ də kişinin səsi gəlirdi.
- Gəlib gecə vaxtı insanları rahatsız edirsiniz.
Bir az
getdikdən sonra yenə işığı yanan bir ev
gördülər. Qapını taqqıldatdılar. Bu dəfə
qarşılarına döyüş geyimində, təpədən
dırnağa qədər silahlanmış ev sahibi
çıxdı:
-Xoş gəlmişsiniz,
ağa dərvişlər, - dedi, - mənə bir
qulluğunuz.
Padişahın
yerinə vəzir dilləndi:
-Ağa,
biz qərib dərvişik, Allah xatirinə, bizi bir gecəlik
qonaq edərsiniz?
Ev sahibi
güldü.
-Nə
ağa, məndən ağa çıxar, adi bir dulusçuyam.
Allaha da qurban olum, onun qonağına da, keçin içəri.
Otağa
keçəndə ev sahibi lampanın
işığını bir az da artırıb qonaqlara
baxıb soruşdu:
-Aclığınız
varsa, deyim bir şey hazırlasınlar.
Bu dəfə
padişah cavab verdi:
-Narahat
olmayın, əxilərin yeməyi quru çörəklə
sudur, onu da yemişik, içmişik.
Birdən
şahın gözləri divardan asılmış, dəridən
hazırlanmış xəritəyə sataşır. Bu xəritədə
düşmənin və öz
ordusunun mövqeləri sərgilənmişdi. Düşmən
mövqelərinə qara sap, öz mövqelərinə isə
qırmızı sap keçirilimiş iynə
sancılmışdı.
Padişah
əlini xəritəyə uzadıb soruşdu:
-Bu nədir?
Ev sahibi
cavab verdi:
-Qurban
olduğum ağa dərviş! Allahdan gizlin deyil, sizdən niyə
gizli olsun? Şəhərdə söz-söhbət gəzir
ki, müharibə olacaq. Mən də bu xəritəni
hazırlatdırdım, evə gətirdim. İynələri
sancdım xəritənin üstünə.
Düşündüm ki, əgər düşmən
hücum edərsə, onun hansı cinahı zəif olarsa
oradan hücuma keçək. Sonra isə qurd döyüş
üsulu ilə onu mühasirəyə
alarıq.
Padişah
baxdı ki, dulusçu müharibə aparmaq üsulunu əməlli-başlı
bilir.
Daha bir
söz demədi, yıxılıb yatdılar. Səhər o
başdan durub ev sahibinə təşəkkür edib saraya
döndülər. Padişah qırmızı paltar geyinib
taxta çıxaraq vəzirinə əmr verdi:
-Get,dünən qapılarını
döydüyümüz adamları gətir bura.
Bir azdan hər
ikisi padişahın hüzurunda idi. Dulusçu onu tanısa da
məğrur durmağından qalmadı. O biri ev sahibi isə əsim-əsim
əsirdi.
Padişah
ona qəzəbləndi:
-Gəda,
eşitdim, dünən gecə qapından iki dərvişi
qovmusan, hətta arxalarınca istehza da etmisən.
Kişinin ürəyi qorxudan
ayaqlarının altına düşdü.
-Qələt
eləmişəm, qurban olduğum.
Padişah
əmr verdi:
-Aparın
ona on şallaq vurun. Mühafizəçilər kişini əngir-boyun
eləyib sürüyə-sürüyə apardılar. Sonra
üzünü dulusçuya tutdu. - A kişi, sən
dulusçu ola-ola müharibə haqqında
düşünürsən. Get dulusçuluğunu et də.
Dulusçu
təmkinini pozmadan cavab verdi:
-Qibleyi aləm,
axmaq olasan ki, bilməyəsən. Müharibə başlasa və
məğlub olsaq, təkcə dövlətimizə ziyan dəyməyəcək,
həm də mənim ailəmlə yanaşı hər bir ailəyə
zərər dəyəcək. Dövləti qorumalısan ki,
ailən də sakit və qorxusuz yaşasın.
Padişah
baxdı ki, dulusçu həm də adamı inandıra bilir.
Əmr verdi:
-Yaxşı
get, səni hələlik tavaçı (əsgər toplayan)
təyin edirəm.
Dulusçu
baş əyib çıxandan sonra vəzir soruşdu:
-Qibleyi aləm,
çox olmadı?
-Yox
çox olmadı, - padişah cavab verdi. - Biz birinci evə
getdik, adam qabağımıza alt paltarında
çıxdı. Deməli, bu adam nəinki dövlətini,
heç ailəsini də qorumağa qadir deyil. İkinci ev
sahibi isə bizi döyüş geyimində
qarşıladı, evində də döyüş xəritəsi,
qurd döyüş üsulu. Atalarımız, dədələrimiz
buna Turan döyüş üsulu deyirdilər.
Sonra
padişah iki əlini də göyə qaldırıb dua elədi:
-Tanrım,
dövlətimizi əbədi yaşatmaq üçün bizi
həmişə belə ailələrə möhtac eylə!
Yunus OĞUZ
Olaylar.-
2025.- 22-28 avqust, ¹29.- S.12.