"Caz
danışsaydı, deyərdi: "Məni dinləyin və
özünüzü kəşf edin"
Şahin Növrəsli: "Musiqi mənim həyatımın
ayrılmaz parçasıdır"
Caz - musiqi dünyasında özünəməxsus
yeri və xüsusi cazibəsi ilə seçilən bir
janrdır. Onun improvizasiya
xüsusiyyətləri, ritmik zənginliyi, həmçinin
müxtəlif musiqi ənənələri ilə sintezi
cazı unikal və zamanla inkişaf edən sənət
növünə çevirir. Dünyanın müxtəlif
guşələrində fərqli tərzdə yaşanan
caz Azərbaycanda da özünəməxsus
üslub və tərzdə inkişaf etmişdir.
Azərbaycanda caz musiqisi uzun tarixə malikdir və bu
janrın inkişafında ölkəmizin görkəmli sənətkarları
mühüm rol oynayıblar. Azərbaycan cazı, xüsusilə
milli musiqi elementləri ilə zənginləşərək
özünəməxsus səslənmə və ifadə tərzi
qazanıb. Bu istiqamətdə pianoçular xüsusi önəm
daşıyır, çünki piano cazın əsas alətlərindən
biri olmaqla yanaşı, improvizasiya üçün geniş
imkanlar yaradır.
Bu dəfə isə biz dünya caz ulduzu, Azərbaycan
Respublikasının əməkdar artisti Şahin Növrəsli
ilə söhbətləşdik. Şahin bəyin musiqi
dünyasında qazandığı uğurlar, onun Azərbaycan
cazına yanaşması və gələcək planları
barədə danışdıq.
-Musiqi sizin üçün nə ifadə edir? O, sizin
həyatınızda hansı yeri tutur?
- Bu, elə bir sualdır ki... Musiqi, ümumiyyətlə,
hər bir insan üçün ruhun qidasıdır. Hər
bir insanın daxili aləmi musiqiyə ehtiyac duyur. Amma biz
peşəkar musiqiçilər üçün bu, daha da fərqli
və dərin bir anlam daşıyır. Mən musiqiyə
uşaq yaşlarımdan bağlanmışam, təxminən
üç yaşından bu sahənin
içindəyəm. O vaxtdan bu günə qədər musiqi
mənim həyatımın ayrılmaz hissəsinə
çevrilib. Ona görə də musiqisiz bir həyat
düşünə bilmirəm. Təbii ki, həyatın
gedişatında elə dövrlər olur ki, musiqi ilə məşğuliyyət
bir qədər arxa plana keçir. Məsələn, elə
vaxtlar olur ki, yeni əsər yazmırsan, ifa etmirsən, ya da
uzun məşqlər olmur. Amma bu hallar uzun çəkmir.
Musiqi öz-özünə yenidən qayıdır,
insanın içində o ehtiyac və ilham oyanır. Bu,
çox təbii bir prosesdir. Mənim həyatım musiqi ilə
birgədir və musiqi olmadan özümü tam hiss etmirəm.
-Səhnədə caz ifa etmək sizə hansı
duyğuları yaşadır? Tamaşaçı ilə əlaqə
sizə nə verir?
- Caz - improvizasiyadır.
Bu musiqinin gözəlliyi ondadır ki, sən onu
yazılmış bir notdan deyil, o an səhnədə, ürəyindən
keçəni hissə-hissə ifa edirsən. Caz səhnədə,
real zamanda doğulan musiqidir. Bu prosesdə sən musiqinin
içində tam mənasıyla yaşayırsan. Və
maraqlısı budur ki, dinləyici də bunu dərhal hiss edir.
Onunla arasında emosional bir körpü yaranır.
Tamaşaçı səmimiyyəti duyur. Əgər sən
doğrudan da musiqi ilə bir bütün olursansa, cazın
axınına tam qapılırsansa, bu duyğu avtomatik olaraq
tamaşaçıya keçir. İmprovizasiya nə qədər
təsirli və içdən gələn olsa, o qədər
güclü reaksiya doğurur.Caz elə bir janrdır ki, o
ifaçı ilə dinləyicini birbaşa və canlı
şəkildə b irləşdirir. Hər konsert sanki unikal
bir hekayədir - bir daha təkrarlanmayan bir an.
- Musiqinizdə Azərbaycan ruhunu hansı yollarla
yaşadırsınız? Muğam elementlərini cazla birləşdirmək
sizin üçün sadəcə texniki, yoxsa mənəvi məsələdir?
- Gözəllik ondadır ki, muğam özü də
improvizasiya musiqisidir. Cazla muğamın birləşməsi isə
çox gözəl və təbii bir sintezdir. Bu, bir tərəfdən
texniki məsələdir, amma digər tərəfdən mənəvi
yükü çox böyükdür.
Muğam bizim musiqi köklərimizdir. O, xalqın
ruhudur, bizim milli kimliyimizin ifadəsidir. Ona görə də mənim
üçün muğamla cazı birləşdirmək təkcə
bir musiqi təcrübəsi deyil, həm də bir kimlik
nümayişidir. Bu sintez vasitəsilə mən öz musiqimdə
Azərbaycan ruhunu yaşadıram və dünyaya
çatdırıram. Xarici dinləyicilər
üçün bu çox fərqli və təsirli gəlir.
Onlar üçün bu, qeyri-adi, amma son dərəcə
peşəkar bir üslub kimi səslənir.
Bu səbəbdən də bir çox musiqiçilər
bu yoldan gedərək muğam-caz sintezli əsərlər
yaradırlar. Bu, həm musiqi baxımından zənginlik, həm
də milli irsin yaşadılması baxımından vacibdir.
- Azərbaycan cazı sizin üçün nədir -
bir miras, yoxsa özünüzə xas bir musiqi dili?
- Azərbaycan cazı - əslində bir janr kimi yox,
bizim yaratdığımız öz musiqi üslubumuzdur.
Cazın özü var, muğamın özü var. Amma biz
onların sintezindən öz musiqimizi yaradaraq yeni bir üslub
formalaşdırırıq.
Amma bu o demək deyil ki, biz yeni janr yaradırıq. Caz
həmişə olub - Amerika cazı, Avropa cazı... Biz sadəcə
öz musiqimizi onun içində ifadə edirik. Yeni üslub,
yeni əsərlər yaranır və bu da bizi fərqli edir.
- Vaqif Mustafazadənin irsi sizə hansı mənada təsir
edib? Onun qoyduğu yoldan çıxaraq siz öz musiqi yolunuzu
necə formalaşdırdınız?
- Vaqif Mustafazadə təkcə bir sənətkar
deyil, bizim üçün bir məktəbdir. Cazla milli
musiqimizin vəhdətini yaradan ilk şəxs o olub. Xüsusilə
biz gənc musiqiçilər onun musiqilərini öyrənərək
böyümüşük. Onun yaratdığı sintez - yəni
cazla Azərbaycan musiqisinin birləşməsi - bizim
üçün yalnız musiqi yox, həm də
düşüncə tərzidir. Biz o əsərləri dinləyib
təkcə musiqi yox, bir dünyagörüş
qazanmışıq. Onun üslubunu mənimsəyib zamanla
öz yolumuzu tapmışıq. Vaqif Mustafazadənin musiqisi hələ
də aktualdır, ifa olunur, öyrənilir. O, bizə musiqidə
necə azad, eyni zamanda köklərimizə sadiq olmağı
öyrədib. Allah ona rəhmət eləsin - o, Azərbaycan
caz tarixinin əvəzolunmaz zirvəsidir.
- Bəs siz o yoldan keçərək öz musiqi
yolunuzu necə formalaşdırdınız?
- Musiqi yolunu insan çox vaxt özü hiss etmədən
tapır. Bu, planla, ya süni şəkildə olmur. Mən sadəcə
çoxlu musiqi dinləyirdim - Amerika cazı, klassik musiqi, Vaqif
Mustafazadənin ifaları... Bunların hamısı ruhuma
hopurdu. Günlərlə məşq edir, öz üzərimdə
çalışırdım. Zamanla gördüm ki, mənim
içimdən bir üslub çıxır. Bu artıq mənim
səsim, mənim nəfəsimdir. Təbii ki, heç vaxt
"mən öz üslubumu yaratmalıyam" kimi
düşünmürdüm. Bu, illərlə formalaşan, dərinləşən
və içdən gələn bir prosesdir. Hər ifa, hər
konsert, hər yeni əsər mənim yolumun bir addımı
olub.
- Beynəlxalq səhnələrdə
çıxış edərkən dinləyiciyə "azərbaycanlı
cazmen" olaraq nə çatdırmaq istəyirsiniz?
- Xaricdə səhnəyə çıxanda üzərində
bir məsuliyyət hiss edirsən. Orada təkcə
özünü yox, ölkəni təmsil edirsən.
Afişada "Azərbaycan" yazıldığını
görəndə qürur duyuram. Çünki o anda
anlayıram ki, mən musiqimlə vətənimi
tanıdıram. Bu 25 il ərzində dünyanın müxtəlif
ölkələrində səhnələrdə
çıxış etmişəm. Hər dəfə
düşünmüşəm ki, dinləyici təkcə bir
musiqi ifaçısını yox, həm də Azərbaycanın
ruhunu, mədəniyyətini tanıyır. Klassik Azərbaycan
bəstəkarlarının əsərlərini ifa edəndə,
onların musiqisinin xarici dinləyicilər üçün nə
qədər dəyərli olduğunu görəndə deyirəm:
"Bax, bu mənim xalqımın musiqisidir!" Bu,
sözün həqiqi mənasında qürurverici hissdir.
- Gənc musiqiçilərə dəstək
verirsinizmi? Caz musiqisinə maraq
Azərbaycanda nə səviyyədədir? Gənclər
arasında bu janra münasibət necə dəyişir?
- Əlbəttə! Dəstək vermək mənim
üçün yalnız borc deyil, həm də böyük
zövqdür. Gənclər çoxdur, maraq da artmaqdadır.
Hətta iki oğlum da caz ifa edir - bu, mənim
üçün ikiqat sevinclidir. Təsisçi ve direktoru
olduğum Bakı Beynəlxalq Piano Festivalı var - orada həm
caz, həm klassik musiqiyə yer veririk. Gənclərə səhnə
imkanı yaradırıq. İki günlük konsert proqramlarımız
olur. Mən özüm də mütəmadi olaraq ustad dərsləri
keçirəm. Gələn hər bir gəncə sevə-sevə
vaxt ayırıram, təmənnasız dərs keçirəm,
yol göstərirəm. Bu mütləqdir. Əgər musiqini
sevən bir gənc var və sən ona yol açırsansa, sən
həm də musiqinin gələcəyinə xidmət edirsən.
Caz sevgisi nə qədər çoxalsa, onun ömrü bir o qədər
uzun olacaq.
- Hazırda üzərində
çalışdığınız yeni layihələr
varmı? Gələcək planlarınızı
bölüşə bilərsinizmi?
- Festival yeni bitdi. İki həftədir ki, Bakı Beynəlxalq
Piano Festivalının 4-cü buraxılışını təşkil
etmişik. Bu dəfə 10-15 ölkədən
ifaçılar gəlmişdi, çox rəngarəng
konsertlər oldu. Bütün il boyu bu layihəyə
hazırlıq gedib. İndi bir-iki başqa ideya var.
Böyük oğlum Fransada caz məktəbinə qəbul
olunub, onun sənət təhsilini düşünürük.
Orada da işlər, layihələr var. İndi yay
mövsümündə insan bir az istirahət haqqında da
düşünür. Amma sentyabrdan sonra yeni layihələrə
başlamağı planlaşdırıram.
- Son olaraq: əgər
caz danışa bilsəydi, sizcə tamaşaçıya nə
deyərdi?
- Caz deyərdi: "Mən azadlıq və gözəllik
içindəyəm." Caz sərbəst musiqidir,
improvizasiya,, amma o sərbəstliyin içində bir nizam, bir
daxili düzən var. O, həm təbii axınla gedir, həm
də ciddi musiqi mədəniyyətinin nəticəsidir. Caz
deyərdi: "Məni dinləyin və özünüzü
kəşf edin." Bu janr insanın daxilindəki
duyğuları ifadə etməyə imkan verir. Ona görə
də hər kəsi cazla tanış olmağa, onu hiss etməyə
dəvət edirəm. Bu musiqidə çox gözəl bir
dünya var.
Şahin Növrəslinin sözləri və musiqiyə
yanaşması Azərbaycan cazının zəngin ənənələrinin
nəinki qorunub saxlanıldığını, həm də
yeni nəsillərə uğurla
ötürüldüyünü bir daha təsdiqləyir. Onun
caz musiqisini milli musiqi elementləri ilə sintez etməsi,
improvizasiyanın ən yüksək səviyyədə tətbiqi,
bu janrın Azərbaycan səhnəsində özünəməxsus
yerini möhkəmləndirir. Musiqi sənətində
ustadlıq yalnız texniki bacarıqlarla deyil, həm də
ruhun dərinliyindən gələn ifadə ilə
ölçülür və Şahin bəy bu harmoniyanı
mükəmməl şəkildə təmin edir.
Azərbaycanda caz musiqisinə olan maraq və gənc
istedadların artması isə gələcək
üçün böyük ümidlər yaradır.
Şahin Növrəsli kimi sənətkarların festival, ustad
dərsləri və gənclərə dəstək layihələri
bu sənətin davamlı inkişafını təmin edən
əsas sütunlardır. Cazın yalnız bir janr deyil, həm
də duyğu, ifadə və yaradıcı azadlıq
olduğunu vurğulayan Şahin bəyin fəaliyyəti, Azərbaycan
musiqi mədəniyyətinin zənginləşməsinə,
dünya musiqi arenasında layiqli yer tutmasına xidmət edir.
Bu müsahibə musiqi sevərlərə və
xüsusilə Azərbaycan cazına maraq göstərənlərə
dəyərli baxış bucağı təqdim edir. Cazın
ruhunu və milli köklərlə
bağlılığını daha dərindən anlamaq istəyən
hər kəs üçün Şahin Növrəsli kimi
ustadların sözləri böyük məna kəsb edir. Qoy
bu sənət sahəsi daim inkişaf etsin, yeni istedadlar
yetişsin və Azərbaycan cazı dünya səhnələrində
öz səsini qürurla eşitdirsin.
Zeynəb Mustafazadə
Olaylar .- 2025.- 4-10 iyul (№22).- S.18.