"Rusiya bir vaxtlar
İrəvanda ixtişaş törədə bilmədi, bizdə
neynəyəcək?"
Yunus Oğuz: "Rusiyanın əlinin hər yerdən
çıxdığı bir məqamda dünyanın ölkəmizə marağı artır"
"Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara
qarşı törədilən zorakılıq aktı əslində
Rusiyanın dövlət siyasətinin təzahürüdür.
Zaman-zaman Rusiyada yaşayan soydaşlarımıza qarşı
irqçilik münasibətləri dəfələrlə
müşahidə olunub. Təyyarə qəzasından
başlanmış deputatımızın bu ölkəyə
buraxılmaması, Yekaterinburq, Voronej, Saratov şəhərlərində
soydaşlarımıza qarşı kütləvi hücumlara
qədər baş verən bütün proseslər eyni siyasətin
tərkib hissəsidir". Bunu "Olaylar"a
açıqlamasında yazıçı-publisist,
politoloq Yunus Oğuz deyib.
Bildirib ki, ehtimallara görə,
belə hadisələr
Moskvada da təkrar oluna bilər: "Vaxtilə Moskvada azərbaycanlı
iş adamı Telman İsmayılovun əlindən bazarı
aldılar, yerində iri bir ticarət mərkəzi tikdilər.
Rusiya yaxşı dərk edir ki, artıq Azərbaycanın müstəqil
xarici siyasəti relsə düşüb. Moskva isə bundan
narahatdır. Çünki, hazırda Moskva hər tərəfdən
sıxılır. Demək olar ki, Rusiya Afrikadan çıxarılıb,
Liviya, Suriya əlindən alındı, Şərqə
doğru sıxışdırılır ki, orada da bircə
Şimali Koreya qalıb. Vyetnam kommunist ölkəsi olsa da belə
Rusiya ilə əlaqələr qurmaqda maraqlı deyil. Ukrayna ilə
müharibə davam edir ki, burada da itkiləri kifayət qədər
çoxdur. Məlumata görə, müharibə
başlayandan bu vaxta qədər Rusiya müharibəyə
14 trilyondan artıq pul xərcləyib.
Hansı ki, bu vəsaiti xalqın rifahı üçün də
xərcləmək olardı. Cənubi Qafqazda Gürcüstan əlindən
çıxıb, Ermənistan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının Xarici İşlər
Nazirləri Şurasının son iclasına qatılmadı.
Lavrov bu addıma görə Ermənistanı hədələdi
ki, hakimiyyətin mövqeyi erməni xalqının
maraqlarına ziyan vuracaq və eyham vurdu ki, kilsə ilə
münaqişənin kökündə Rusiya dayanır.
Qırğızıstan Türk Dövlətləri Təşkilatına
daxil oldu, deməli, Orta Asiyada bir Tacikistan qalıb. İqtisadi əlaqələrin
yüksək səviyyədə olmasına baxmayaraq Çinin
marağında odur ki, Rusiya zəifləsin. Baxmayaraq ki,
Çin Rusiyadan ucuz neft, qaz alır, amma öz siyasətini
yürüdür. Arxayın olduğu İran idi ki, o da
darmadağın oldu, Rusiya heç qarışa da bilmədi.
Fakt odur ki, Azərbaycanın Rusiyadan asılı olmayan bir
strateji müttəfiqliyi var ki, bu da Pakistan-Türkiyə-Azərbaycandan
ibarətdir. Bəzi mənbələrin məlumatına
görə, bu ittifaqa Özbəkistan da qoşulmaq istəyir.
Odur ki, Rusiya "yaralanmış ayı"ya dönüb.
Rusiya bunun nəticələrini daxilə buraxmaq istəmədiyindən
xarici siyasətdə dava aparmağı üstün tutur.
Rusiyanın xarici siyasətinin kökündə isə təhdid,
təzyiq, şantaj, şovinizm durur. Düşünür ki,
kimlərin əli ilə Bakını alsın. Ancaq
düşünmür ki, artıq o vaxtlar çoxdan
keçib. Azərbaycan qüdrətli dövlətə
çevrilib, müstəqil xarici siyasət yürüdür.
Artıq Pakistanın Baş naziri, Türkiyə və
İran prezidentləri
yenidən Xankəndinə gəlirlər. Bu o deməkdir ki,
artıq Azərbaycanın xarici
siyasəti müəyyənləşib. Bu siyasətdə Avropa da, Avropa İttifaqı da var.
Hətta Makron Ermənistana deyir ki, sülh müqaviləsini
tezləşdirin. Rusiyanın əlinin hər yerdən
çıxdığı bir məqamda dünyanın Azərbaycana marağı artır. Belə halda
Rusiya həzm edə bilmir ki, 200
il nəzarətində olan bir ərazidə müstəqil
siyasət yürüdülsün.
Rusiya Liberal Demokrat Partiyasının lideri
Vladimir Jirinovskinin bir sözü var idi ki, "gərək
Ukrayna ilə müharibəni başlamazdıq. Çünki,
türk gəlib Dərbəndə
girəcək". Əslində bir dəfə -1918-ci
ildə Türk-İslam Ordusu Dərbəndə,
Mahaçqalaya daxil
olmuşdu".
Yunus Oğuz deyib
ki, Rusiyada xalq acından
ölür, Qoqolun "Müfəttiş" əsərində
deyildiyi kimi məmurların hamısı rüşvətxor olub:
"Rüşvət o həddə çatıb ki, ölkədə
hər şey dağıdılıb. Kriminal aləm vətəndaşların
normal həyatını pozub. Belə halları aradan
qaldırmaq əvəzinə, Rusiya bizdən küsür ki,
niyə Avropaya qaz satırsan?
Hansı ki, biz olmasaq, Amerika
Avropaya maye qaz satacaq. Artıq Liviya ilə Türkiyə
razılığa gəlib ki, Aralıq dənizində
müştərək olaraq neft yataqlarının
axtarışına başlansın. Bunun
reallaşdırılması üçün müqavilə
bağlanılan kimi azərbaycanlı mütəxəssislər
cəlb olunacaq. Deməli, Türkiyə üçün
Liviyada, İraqda, Suriyada yaşıl işıq
yandırılıb. Yeni dünya nizamında geosiyasətlər
tamamilə yenilənir, yeni qüvvələr ortalığa
çıxır. Yeni qüvvələrin içərisində
Türkiyə, Pakistan, Azərbaycan var, Rusiya isə yoxdur.
Rusiya beynəlxalq qanunları tanımır. Ona görə də
BMT-nin tanıdığı Ukrayna ərazilərini ələ
keçirib".
Y.Oğuz bildirib ki, Rusiyada azərbaycanlıların
70-80 faizi bizneslə məşğul olur: "Rusiya buna imkan
verməyəcəksə, gəlib bizneslərini Qarabağda
quracaqlar, yaxud bizneslərini Türkiyəyə, Almaniyaya,
Tanzaniyaya daşıyacaqlar. Nəzərə almaq
lazımdır ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin
ikili pasportu var. Bununla soydaşlarımızı qorxurmaq
uğursuz taktikadır. Rusiya iki il əvvəl Qarabağda
yaşayan ermənilərə göstəriş verdi ki,
gedib İrəvanda
ixtişaş yaradın, ancaq heç bir nəticəsi
olmadı. Hansı ki, ermənilərin ən imkanlı
adamları Qarabağda yaşayırdı, hamısının
da bahalı xarici maşınları var idi. Qarabağda bir nəfər
piyada gəzirdi, o da 200 baş qoyunla. O vaxt Rusiya İrəvanda
çevriliş edə bilmədisə, deməli indi də
heç nə edə bilməyəcək".
Politoloq qeyd edib ki, Avropanın əlinə imkan
düşüb ki, Rusiyanın azərbaycanlılara
qarşı qanunsuz hərəkətinə münasibət
bildirsin: "Avropa İttifaqı artıq həyəcan təbili
çaldı. Rusiya bilməlidir ki, gec-tez Orta Asiya da ondan
üz döndərəcək. İran dərsini
götürdü, İsraillə müharibədə
Rusiyanın heç bir köməyi olmadı. Azərbaycan
Rusiya vətəndaşlarının İrandan
çıxmasına şərait yaratdı, yeməklə təmin
etdi, üstündən bir gün keçməmiş
soydaşlarımıza qarşı hücum təşkil
edildi. Rusiyanın yaxşılığa qarşı adekvat
cavabı bundan ibarətdir. Deyirlər Rusiyanın iki
danışıq dili var-biri ordudur, o biri donanma. Mən isə
buna üçüncüsünü-fəza, hibrid müharibələrini
əlavə edərdim. Bu arada,
Britaniyanın xarici işlər naziri Lämminin Türkiyəyə səfərini təsadüfü hesab
etmək olmaz. Rusiya bunu
görür, ancaq əlindən bir şey gəlmir. Odur ki,
balaca ölkələr üzərinə yerimək istəyir,
lakin bu da alınmır".
Alim Hüseynli
Olaylar .- 2025.- 4-10 iyul (¹22).- S.12.