Qanunla haram, dinlə
halal?
Son günlər sosial şəbəkələrdə
və media resurslarında geniş
rezonansa səbəb olan bir xəbər cəmiyyətdə
ciddi narahatlıq doğurub. Söhbət Abşeron rayonu,
Aşağı Güzdək qəsəbə məscidinin
axundu Turab Tahirovun 16 yaşlı bir qızı
qaçırması barədə yayılan məlumatlardan
gedir. İddialara görə, dini təhsil almaq məqsədilə
məscidə gedən yeniyetmə qız axund tərəfindən
Göyçaya aparılıb və orada onunla ailə
qurmağa məcbur edilib. Məsələ ilə bağlı
müxtəlif tərəflərdən səsləndirilən
ziddiyyətli açıqlamalar isə hadisəyə
münasibətdə suallar doğurmaqla yanaşı, dərin
ictimai və hüquqi müzakirələrin əsasını
qoyub.
Məlum olduğu kimi, yeniyetmə qız daha sonra
sosial şəbəkədə video paylaşaraq, heç bir
zorakılıqla qarşılaşmadığını,
Turab Tahirovla könüllü şəkildə ailə
qurduğunu bildirib. Lakin bu açıqlama cəmiyyətdəki
narahatlığı azaltmaq əvəzinə, əksinə,
daha da artırıb. Çünki məsələ sadəcə
bir şəxsi münasibət deyil, həm də hüquqi,
dini və mənəvi müstəviləri əhatə edir.
Qızın atası Emin Babayev isə qəti şəkildə
bildirir ki, qızı zorla aparılıb, onun
razılığı alınmayıb və bu münasibət
heç bir şəkildə qanunla əsaslandırıla bilməz.
O, övladının həyatının, təhsilinin və gələcəyinin
təhlükə altında olduğunu söyləyərək
hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu hadisə təkcə bir ailənin faciəsi və
ya fərdi insident kimi qiymətləndirilmir. Məsələ
həm də yetkinlik yaşına çatmayan şəxslə
dini nikah bağlamağın qanunvericiliklə tənzimlənməsi,
dini və hüquqi normaların pozulması, məscid
institutuna olan ictimai inamın sarsılması və gənc
qızların təhlükəsizliyi ilə bağlı
geniş miqyaslı müzakirələrin başlanmasına səbəb
olub. Ən önəmlisi isə, bu tip hadisələrin cəmiyyətin
gözünün önündə baş verməsi və bəzi
hallarda "dini əsaslarla" ört-basdır edilməyə
çalışılmasıdır.
Mövzu ilə bağlı İlahiyyatçı
Yaşar Qurbanov Olaylar.az-a danışıb.
İlahiyyatçı bildirib ki, İslamda valideyn
razılığı olmadan qız qaçırıb evlənmək
haramdır və belə bir kəbin batil sayılır:
"İslam dinində "qaçmaq"
anlayışı - yəni bir qızın özbaşına
qərar verərək, valideynin razılığı olmadan
ailə qurması - qəbul edilmir. Hətta qız həddi
buluğa çatsa belə, "mən istədiyimə
qaçıb gedərəm, ailə quraram"
düşüncəsi dinimizə ziddir. Çünki evlilik
yalnız dini və hüquqi çərçivədə,
düzgün formada kəsilmiş kəbinlə
mümkündür. Kəbinin isə bir neçə əsas
şərti var: qızın vəlisinin - yəni atası və
ya digər yaxın kişi qohumunun - razılığı,
iki şahidin iştirakı və mehrin müəyyən edilməsi.
Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) bu
mövzuda çox aydın və qəti şəkildə
buyurur:
"Əgər bir qadın vəlisinin izni olmadan evlənərsə,
o kəbin batildir, batildir, batildir."
Bu ifadə bir neçə dəfə təkrar
olunaraq məsələnin ciddiliyini vurğulayır. Deməli,
ata və ya qanuni vəlinin icazəsi olmadan bağlanan nikah
dini baxımdan keçərli sayılmır. Belə bir nikah
nə doğru, nə də bərəkətli olar. Bu səbəbdən
də qız qaçırmaq, məcburi şəkildə evlənmək
və ya dini kəbinin qeyri-qanuni üsulla bağlanması
cahillik və savadsızlıq sayılır. Təəssüf
ki, bu cür hallar hələ də bəzi bölgələrimizdə
yaşanır və insanlar bu davranışı dinlə əlaqələndirməyə
çalışırlar. Halbuki bu, İslamın ruhuna
ziddir".
İlahiyyatçı əlavə edib ki, dini vəzifə
daşıyan şəxslər savadlı, məsuliyyətli
olmalı, xüsusilə də qadınlara yönəlik dini təlimlər
qadın din xadimələri tərəfindən keçirilməlidir.
"Bu cür hallarda kəbin kəsən şəxslərin
- yəni imamların, axundların - məsuliyyəti daha da
böyükdür. Dində nüfuz sahibi olan şəxslər
ilk növbədə şəriət biliklərinə sahib
olmalı, dini hökmləri dəqiq bilməli və
savadlı yanaşmalıdırlar. Yalnız Qurani-Kərimi oxuya
bilmək, ayə əzbərləmək və ya dini mərasimlərdə
iştirak etmək imamlıq vəzifəsi üçün
yetərli deyil. Həqiqi dini təhsil görmüş, məsuliyyətli,
əxlaqlı, vicdanlı və Allahdan qorxan şəxslər
məscidlərdə dini rəhbər olmalıdır.
Bəzi hallarda kəbinlərin, xüsusilə də
qızqaçırma hallarının axundlar tərəfindən
"halal" elan edilməsi, ciddi dini və hüquqi
pozuntudur. Belə şəxslərin axund və ya imam təyin
olunması düzgün deyil və bu, cəmiyyət
üçün zərərli nəticələr doğura
bilər. Dini vəzifə daşıyan insanlar hərəkət
və qərarlarında İslamın prinsiplərinə əsaslanmalı,
xalqı doğru yola yönəltməlidirlər.
Digər bir məsələ isə qadınların
dini təhsili ilə bağlıdır. Əgər
qadınlara Qurani-Kərim dərsi və ya dini maarifləndirmə
keçirilirsə, bunu qadın din xadiməsi - dini təhsilli,
savadlı bir qadın etməlidir. İslamda qadınlara dini dərslərin
kişi din xadimləri tərəfindən keçirilməsi
məqsədəuyğun sayılmır. Xüsusilə də
məscid daxilində bu işlər daha həssaslıqla tənzimlənməlidir.
Qadınlara dini bilikləri öyrətmək, onları maarifləndirmək
üçün qadın müəllimələr
yetişdirilməlidir. Axund və ya kişi imamın
qadınlara dərs keçməsi, onları fərdi şəkildə
təlim etməsi uyğun hesab olunmur və bu, dini prinsiplərlə
ziddiyyət təşkil edir".
Yaşar Qurbanov qeyd edib
ki, ailə həyatı qurmaq məsuliyyət tələb edən
bir qərardır. Bu qərar yalnız hissə və emosiyaya
deyil, dini və hüquqi çərçivəyə əsaslanmalıdır.
Valideyn razılığı, dini qaydalara uyğun kəbin,
qarşılıqlı hörmət və məsuliyyət
olmadan qurulan evliliklər nə dini, nə də ictimai
baxımdan qəbul edilə bilər. Cəmiyyət olaraq bu məsələlərə
ciddi yanaşmalı, din adı ilə savadsızlıq və
cahilliyi təşviq edənlərə qarşı
çıxmalıyıq.
Sosioloq Elçin Bayramlının məsələyə münasibəti isə
fərqlidir. Sosioloqun sözlərinə görə, bəzi
gənclər 17 yaşında ailə qurmağa bioloji və
psixoloji cəhətdən hazır olsa da, qanun bunu nəzərə
almır və nikaha mane olur:
"Bu məsələ ilə bağlı həmin
qız özü açıqlama verib və bildirib ki, 17
yaşı var. Heç bir zorakılıq tətbiq
olunmayıb, hətta özü israrla ailə qurmaq istədiyini
deyib. Onlar könüllü şəkildə nikaha daxil
olublar. Doğrudur, bu hal hüquqi baxımdan nikah
yaşından bir il aşağıdır. Problem də elə
buradadır - bizdə nikah yaşı təbiətin bioloji
qanunlarına zidd müəyyən olunub. Çünki həm
oğlanlarda, həm də qızlarda 15-16 yaşında orqanizm
bioloji olaraq ata-ana olmağa hazır olur. Bu min illərdir belədir,
dünyanın bir çox ölkəsində də vəziyyət
bu cürdür. Təbiətdə hər bir canlının
cütləşmə yaşı orqanizmin bioloji
hazırlığına uyğun təyin olunur. İnsan
istisna deyil.
Bir çox ölkələrdə, xüsusilə də
ABŞ və Avropada, 15-16, bəzən hətta 14 yaşda belə
nikaha icazə verilir. Bizdə isə hüquqi sistem bioloji
qanunlarla üst-üstə düşmür. Nəyə əsasən
18 yaş təyin olunub? Hansı elmi, tibbi və ya mənəvi
arqumentə əsaslanır?
Allah insanı bu yaşda orqanizmi ilə birlikdə
yaradıb və bu imkanları ona təbii olaraq verib. Bəziləri
bu yaşda psixoloji və ya fiziki baxımdan hazır olmaya bilər
- bu, fərdi haldır. Amma elələri də var ki, 17
yaşında tam şəkildə yetkin, savadlı, işləyən,
psixoloji baxımdan hazır, ailə saxlamağa qadir olur. Belə
halda bu şəxsin ailə qurmasına hansı əsasla maneə
yaradılır?".
Elçin Bayramlı bildirib ki, təbiət 17
yaşda ailə qurmağa imkan verirsə, qanunların buna mane
olması həm bioloji, həm də sosial baxımdan ziddiyyət
yaradır.
"Maraqlıdır ki, 17 yaşında normal, əxlaqlı
şəkildə ailə quranlara cəmiyyət hücum edir.
Amma 15-16 yaşında sosial şəbəkələrdə
açıq-aşkar əxlaqsızlıq edənlərə
heç nə deyilmir. Bu nə deməkdir? Qanun 16 yaşda
qızın qeyri-rəsmi münasibət yaşamasına
dolayısı ilə imkan verir, amma 17 yaşda ailə
qurmasına icazə vermir?
Əsl problem erkən evlilik deyil, gec evlənmədir.
Gec ailə qurma tendensiyası genefondu zəiflədir, ailələrin
qurulmasını azaldır. 35 yaşdan sonra oğlan və
qızların evlənməsi çətinləşir."
Sosioloq vurğulayıb ki, qanunlar bioloji və mənəvi
reallıqlara uyğunlaşdırılmasa, insanlar hüquqi
deyil, təbii normaya üstünlük verəcək və bu,
daha ciddi sosial problemlərə yol açacaq.
" Əsl faciə erkən evlilik deyil, 16 yaşdan
başlayaraq əxlaqsızlıq mühitinin yayılmasıdır.
Buna isə göz yumulur. Cəmiyyət artıq təbii,
normal və mənəvi dəyərləri bir kənara
atıb. Bu məsələ nə vaxtsa obyektiv yanaşma ilə
həll olunmalıdır. İnsanlar biologiyaya uyğun
yaşamalıdır. İnsan orqanizminin və
anatomiyasının qanunlarını pozmaq, hüquqi zorla tənzimləməyə
çalışmaq, nəticədə sosial problemlərə
yol açır. Bu qanunlar düzgün və obyektiv
olmadığı müddətdə, cəmiyyət tərəfindən
qəbul edilməyəcək. Nəticədə insanlar
hüquqi normanı yox, bioloji və mənəvi normaları əsas
götürəcək. O zaman da heç kim bu insanları
günahlandıra bilməz.
Zorla ailə qurdurma halları, əlbəttə ki,
insan hüququ pozuntusudur və qanun çərçivəsində
qarşısı alınmalıdır. Amma könüllü,
qarşılıqlı razılaşma ilə qurulan ailələrə
eyni münasibət göstərmək düzgün deyil.
Əks halda, cəmiyyətdə ailə institutuna inam daha da zəifləyəcək,
insanlar qanunsuz yollara yönələcək və nəticədə
daha dərin sosial problemlər ortaya çıxacaq".
MÜƏLLİFDƏN SÖZARDI
Əgər bir gənc 16 yaşında ailə qura
bilirsə, o zaman bu yaşda həmin gənc əsgərliyə
gedə biləcəkmi? O, həyat yoldaşını və
ola bilsin, tezliklə dünyaya gələcək
uşağını dolandıra biləcəkmi? Kim ona və
hansı işi verəcək? Hansı müəssisə
onunla əmək müqaviləsini imzalayacaq? Hansı bank ona
kredit verəcək? Hansı dövlət orqanı onun valideyn
statusunu ciddiyə alacaq? Yaxud, bu yaşda ailə qurmaq ona
hansı psixoloji yükü, hansı təhsildən, hansı
gələcəkdən imtinanı bəxş edəcək?
Dövlətin, hüququn, təhsilin və əmək
bazarının rəsmi olaraq hələ "uşaq"
hesab etdiyi bir insanın birdən-birə "ailə
başçısı" rolunu üzərinə
götürməsi nə dərəcədə məntiqlidir?
Bəlkə də bu sualların cavabını biz artıq
bilirik, amma cavabdan qaçırıq. Əgər cəmiyyətimiz
bir gəncə yalnız 18 yaşdan sonra səsvermə
haqqı verirsə, əsgərlik
çağırışı göndərirsə, əmək
münasibətlərini tənzimləyirsə - o zaman niyə
bu sistemin içində 15-16 yaşlı bir qızın və
ya oğlanın "ailə həyatı" normal hesab
olunmalıdır? Hər şeyin başında duran əsas məsələ
budur: biz nə qədər özümüzə səmimi
cavab verə bilirik? Sırf fərdi razılıq ifadə
olunub deyə, 16 yaşlı bir insanın ailə qurması cəmiyyət
üçün qəbulolunanmı olmalıdır? Məncə,
razılıq anlayışını sadəcə söz kimi
yox, yetkin qərarvermə qabiliyyəti ilə ölçmək
lazımdır. Və nəhayət, bu cür münasibətlərdə
fərdi "seçim" deyil, sosial məsuliyyət,
dövlət və cəmiyyət qarşısında
cavabdehlik əsas götürülməlidir.
Bu da təptəzə məlumat.Yardımlıda repetitorluq fəaliyyəti ilə məşğul
olan müəllim öz şagirdi olan qızı
qaçırıb. Qeyd edək ki, qız bu il 11-ci sinifi
bitirib. Həmin məsələ ilə bağlı hazırda
Yardımlı Rayon Polis Şöbəsində
araşdırma aparılır. İlkin araşdırma
zamanı 17 yaşı tamam olmuş yeniyetmənin məktəbli
olmadığı müəyyən edilib.
Səidə Ramazanova
Olaylar .- 2025.- 4-10 iyul (¹22).- S.22.