Azərbaycan milli mətbuatı:
TƏŞƏKKÜLDƏN BÖYÜK ZƏFƏRƏ
Azərbaycan xalqının çoxəsrlik
inkişafına zənginlik
qatan, ona yeni istiqamət verən, demokratik fikir, milli məfkurə
və istiqlaliyyət düşüncəsi bəxş
edən məhz 150 illik mövcudiyyəti olan milli mətbuatımızdır.
Milli kimliyimizi bizə başa salan, milli oyanış
və inkişafımıza
səbəbkar olan maarif və mətbuat yolunda böyük mücadilə
açan milli ziyalılarımız misilsiz
və əvəzolunmaz
xidmətlər göstəriblər.
"Əkinçi" ətrafında
xidmət göstərən
ziyalı babalarımızın
zəhmət və sevgilə əkdikləri demokratik fikir, milli inkişaf və oyanış düşüncəsi sonrakı
nəsillərin - "Şərqi-rus",
"Füyuzat", "Molla
Nəsrəddin", "Kaspi",
"Azərbaycan" və
b. mətbuat orqanlarının
yaranması ilə daha da böyük
inkişaf yolu keçmiş və ilk rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetilə nəticələnmişdir.
Söz azadlığı
demokratik inkişaf və ümumi ictimai tərəqqi deməkdir. Bu mənada xalqımızın
ümummilli lideri Heydər Əliyev deyirdi: "Azərbaycan mətbuatı tarixi
boyu daim mütərəqqi ictimai idealların carçısı
kimi çıxış
etmiş, xalqımızın ən
ülvi arzularının
reallaşmasına öz
töhfəsini vermiş,
onun müstəqillik amalının güclənməsində,
mənəvi dəyərlərinin
tərəqqisində, milli
şüurun, mədəniyyətin
formalaşmasında böyük
rol oynamışdır".
Doğrudan da, Azərbaycanın maarifpərvər
ziyalısı Həsən
bəy Zərdabinin təşəbbüsü
ilə nəşr olunan ilk azərbaycandilli mətbuat orqanı "Əkinçi"nin işıq üzü görməsi milli Azərbaycan mətbuatının
doğuluşu idi.
Bu böyük
mücahid Həsən
bəy Zərdabinin ciddi
səyləri
və maarifpərvər
dostların
köməkliyi ilə ərsəyə
gələn
"Əkinçi" qəzeti öz doğuluşu ilə əslində müsəlman aləmində
görünməmiş bir
mədəni hadisəyə
yol açdı. Bu yolda o qədər
maarifpərvər insanlar
əziyyət, əzab
çəkmişdilər ki,
onun müqabilində Həsən
bəy Zərdabinin tale payına düşmüş "Əkinçi"
qəzetinin dərci həqiqi mənada ölçüyəgəlməz
bir nailiyyət idi. Bu səylərin
nəticəsində 1875-ci il iyul ayının 22-də "Əkinçi"nin birinci nömrəsi öz oxucularını salamladı. Qəzetin nəşri, demək olar, bütün maarifpərvər
ziyalıları fərəhləndirdi, hətta "qəzet bütün Rusiyada olan müsəlmanları
hərəkətə gətirdi". Qəzetin ilk nömrəsi iki sütuna ayrılmış səkkiz
səhifədən ibarət bir həcmdə idi. Qəzetin "Daxiliyyə" adlı məramnaməsi hesab edilən baş məqaləsində
bu mətbuat orqanının fəaliyyət
dairəsi, istiqaməti,
xətti-hərəkəti proqram şəklində müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi. Bundan başqa qəzetin "Əkin və ziraət xəbərləri", "Elm
xəbərləri" şöbələrində heyvandarlıq və əkinçiliyə
dair maarifləndirici materiallar öz əksini tapırdı.
"Təzə xəbərlər" adlı şöbədə
isə sayca çox, həcmcə yığcam siyasət, məhkəmə, ticarət,
tibbi məsələlərə
dair oxunaqlı yazılar işıq üzü görürdü.
Qəzetin maraqlı
çıxmasında dövrün
tərəqqipərvər ziyalıları
- S.Ə.Şirvani, N.Vəzirov,
M.F.Axundov, Ə.Gorani,
M.Dərbəndi, Əhsənül-Qəvaid
yaxından iştirak edirdi. Həmçinin qəzetin yayılmasında
dövrün ziyalıları
çox maraqlı idilər. "Əkinçi"
öz mötəbər
heyəti ilə dövrün bütün çatışmazlıqlarını ifşa edir, "ifrat adətlərə görə pıçıltını
eşitməyən yuxulu insanları qamçı ilə oyatmağa"
cəhd edir, mədəni geriliyi, avamlığı,
fərdiyyətçiliyi tənqid atəşinə tutur, habelə maarifçi yazılarla çıxış edirdilər.
Bununla da, "Əkinçi" qəzeti
"...Sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış
qılıncına bənzəyirdi. Bu qılıncla Həsən
bəy avamlıq və cəhalətin qara
pərdələrini yırtmaq,
xalqına işıq
yolu açmaq arzusunda bulunurdu".
Millət yolunda
xidməti özü üçün amala çevirən qəzet bütün
var-qüvvəsi ilə xalqın maariflənməsi, demokratik
inkişafı, ana dilinə bağlılıq
və sair məsələlər uğrunda
mücadilə aparırdı.
Bu mübarizə çox çəkmədi.
Gerilik tərəfdarları
və siyasi düşmənlər xalqın
maarifçi qəzeti
olan "Əkinçi"nin 1879-cu ilin sentyabrında bağlanmasına
nail oldular. Ancaq bununla belə bu qəzet öz ikiillik fəaliyyəti, idealları,
müqəddəs vəzifələri
ilə özündən
sonrakı nəsillərə
örnək və miras oldu. Bu
yolu davam etdirən maarifpərvər
insanlar ilk milli mətbu orqanımızın davamçıları "Ziya",
"Ziyayi Qafqaziyyə",
"Kəşkül", "Kaspi", "Həyat"
"İrşad", "Şərqi-Rus", "Molla
Nəsrəddin", "Füyuzat",
"Azərbaycan" və
digər mətbuat orqanlarının yaranmasına
nail oldular. Beləliklə, Azərbaycanda milli mətbuatçılıq
ənənələri yarandı
və inkişaf etdi. Demokratik mətbuatın inkişafında bu
ənənələri "Molla Nəsrəddin" və "Füyuzat" daha da inkişaf etdirib zənginləşdirdi.
Bu inkişafın nəticəsində isə
dərin və möhkəm mətbuat ənənələri formalaşdı.
"Əkinçi"dən "Molla Nəsrəddin"ə,
"Molla Nəsrəddin"dən
"Azərbaycan"a mühüm
bir mətbuat yolu başlandı ki, bu da öz
növbəsində Azərbaycanda
demokratik dəyərlərin
və ictimai fikrin inkişafı, milli istiqlal təfəkkürünün formalaşması
və mədəni dəyişikliklərin
baş verməsində
böyük hadisə
oldu. Azərbaycan Xalq Cümhuriyyəti kimi milli demokratik,
parlament tipli dövlətin qurulması
da məhz milli mətbuatın oyanış və maarifləndirici missiyasının
nəticəsi idi.
Fəxarətlə demək olar ki, Azərbaycan milli mətbuatının inkişafında Naxçıvandan
olan ziyalılar böyük fəallıq
göstərirdilər. M.T.Sidqi,
F.Ordubadi, M.Şahtaxtılı,
C.Məmmədquluzadə, E.Sultanov,
Ə.Qəmgüsar, H.Cavid,
M.S.Ordubadi, B.Şahtaxtinski,
Q.Şərifzadə, M.Sidqi,
Ə.Şərif və
daha neçə-neçə
Naxçıvan ziyalısı
milli mətbuatın pərvazlanmasında öz
istedadı və zəhmətlərilə çalışmışdılar.
Qətiyyətlə demək
olar ki, Azərbaycanda "Əkinçi"dən
başlanan milli mətbuat yolu XX əsrin ilk anadilli mətbuat orqanı olan Məhəmmədağa Şahtaxtılının
"Şərqi-rus" qəzeti
ilə yeni bir inkişafa qədəm qoydu. Bu mətbuat orqanı dövrə və zamana uyğun olaraq Azərbaycan xalqının
tarixi taleyi ilə bağlı zəruri və vacib məsələləri
böyük cəsarət
və hünər göstərərək ictimai
müzakirə meydanına
çıxardı. İlk
dəfə M.Şahtaxtılı
həm "Şərqi-rus"un,
həm "Kaspi"nin,
həm də digər mətbuat orqanlarının səhifələrində
Azərbaycan xalqının
etnogenezi və adı ilə bağlı olan məsələləri elmi
cəhətdən sanballı
izahlarla maraq dairəsinə gətirdi.
Onun estafetini təhfil alan Cəlil Məmmədquluzadənin
"Molla Nəsrəddin"
jurnalı da təkcə Azərbaycan coğrafiyasında deyil, bütövlükdə Yaxın
Şərq və türk-müsəlman dünyasında
mühüm yeniliklərlə
dolu bir mətbuat tarixi və ənənəsi yaratdı. İlk gülgü-karikatura jurnalı
olan "Molla Nəsrəddin" Azərbaycan
xalqını milli ideyalar və ideallar istiqamətində xalqın ruhuna, anlayacağı dilə uyğun hazırlayan mətbuat orqanı olaraq böyük tarix yazdı. İlk rəngli, şəkilli jurnal olan bu mətbuat
orqanı bütün
geniş xalq kütlələrini deyib gəlmişdi. Sadə, anlaşıqlı ana dilində yazan bu mətbuat orqanında bütün kütlələrin sevdiyi
Molla Nəsrəddin lətifə ənənələrinə
uyğunluq başlıca
yazı üslubu seçilmişdi. Ana dili və əlifba
məsələsi, qadın
azadlığı, insanların
hüquq və azadlıqları, maarif, elm və təhsil
və b. çoxsaylı
məsələlərdə böyük oyanış yaradan "Molla Nəsrəddin" jurnalı
istiqlal və oyanış mətbuatı
kimi səciyyəyə
malik oldu və milli istiqlalın
sərkərdəsi adını
aldı.
Ümummilli liderimiz
Heydər Əliyevin dediyi kimi: "Milli özünüdərkin
bərqərar olmasında,
vətənpərvərlik hisslərinin aşılanmasında,
milli və ümumbəşəri dəyərlərin
təbliğində müstəsna
rol oynamış Azərbaycan mətbuatı
xalqımızın azadlıq
və müstəqillik uğrunda mübarizəsinə öz
böyük töhfəsini
vermişdir". Bu baxımdan Heydər Əliyev milli mətbuatımızın sələfi
ilə xələfini,
yaradanları ilə davamçılarını
əlaqələndirərək müasir cəmiyyətdə
söz haqqına
və demokratik hüquqlara cavab verən milli mətbuatın formalaşmasına şərait
yaratdı. Ümummilli
liderimizin səyləri
sayəsində jurnalist
peşəsi və mətbuatçılıq fəaliyyəti
özünün həqiqi mahiyyətini tapdı. Ümummilli liderimiz Heydər Əliyev Milli Mətbuat Günü münasibətilə mətbuat
işçilərinə ünvanladığı
müraciətində də
mətbuat işinin ciddiliyini, onun milli inkişafda olan yerini və rolunu, jurnalist peşəsinin çətinliyini
həssas münasibətlə
ifadə edərək
deyirdi: "Azərbaycan mətbuatı çox zəngin və şərəfli inkişaf
yolu keçmiş, xalqımızın həyatının bütün sahələrinin istək və arzularını daim öz səhifələrində
əks etdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin
formalaşmasına və
inkişafına güclü
təkan vermişdir.
...Bu gün Azərbaycanda çoxşaxəli
mətbuat və informasiya sistemi yaradılmışdır. Hazırda
bütün respublika ərazisini əhatə edən yüzlərlə
kütləvi informasiya
şəbəkəsi, teleradio
şirkətləri, qəzet
və jurnallar azad surətdə fəaliyyət
göstərir, jurnalistika
elmi sürətlə
inkişaf edir". Ümummilli liderin bu diqqətcilliyi və qayğıkeşliyi
sayəsində insan haqları və söz azadlığına
dayanan Azərbaycan demokratik mətbuatının
inkişaf etdirilməsi
üçün ölkəmizdə
müxtəlif əhəmiyyətli
tədbirlər həyata
keçirilmişdir. Bu
gün bu konsepsiya böyük siyasətçinin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Elə bu məqsədlə də "Hər bir demokratik cəmiyyətin formalaşmasında,
güclənməsində mətbuat
mühüm rol oynayır. Artıq Azərbaycanda müstəqil
mətbuat formalaşıbdır.
Bu, cəmiyyətin inkişafı üçün
çox lazımdır",
- deyən Prezident İlham Əliyev mətbuat nümayəndələrinin
maddi rifahı və sosial həyat şəraitini yaxşılaşdırmaq məqsədilə
çoxsaylı işlər
həyata keçirmiş,
medianın qayğıkeş
dostu kimi yadda qalmışdır. Media sahəsində
aparılan ardıcıl
islahatlar, göstərilən
dəstəklər və
müəyyənləşdirilən vəzifələr Azərbaycan
mediasının daha da müasir tələblər saviyyəsində
inkişafı və fəailəyyətinə yön
vermişdir. KİV-də
ana dilinin saflığının və
dövlət dili tələblərinin qorunması
haqqındakı qərarlar
da müdrik dövlət başçısının
islahatçı və
milli mənafeli mövqeyindən xəbər
verir.
Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafı həmişə
diqqət mərkəzində
olub. "Şərq qapısı" qəzeti
Naxçıvanda mətbuatın
babası hesab
olunur. Həmişə
dövlət qayğısı
ilə əhatələnən
bu mətbuat orqanı muxtar respublikada həyata keçirilən yenilənmə
və quruculuq tədbirlərini, aparıcı
hadisələri və
s. ictimaiyyətə çatdırır.
1921-ci ildən nəşrinə
başlanılan "Şərq
qapısı" qəzetinin
milli mətbuat tələbləri çərçivəsində
inkişafı da məhz Ulu Öndərimiz
Heydər Əliyevin adı ilə bağlıdır. "Şərq
qapısı" qəzeti
Naxçıvanda ictimai
fikrin inkişafına
mühüm töhfələr
verib. Bu mətbuat orqanı Azərbaycan milli mətbuatını zənginləşdirməklə
bərabər, muxtar respublikanı əhatə
edən ictimai, siyasi, mədəni və sair informasiyaların
əhatəli emal olunmasına mühüm xidmət göstərir. Qəzetin eyniadlı elektron mediya saytı da xəbərlərin
çevik və sürətli şəkildə
çatdırılmasında mühüm rol oynayır. Bundan başqa "Nuhçıxan" İnformasiya
Agentliyi və "Naxçıvanxəbərləri" informasiya saytları da Naxçıvanla bağlı xəbərlərin
paylaşımında fəal
yer tuturlar.
Mətbuat milli
inkişafımızın başlıca
güc mənbəyidir.
Hər zaman xalqın və dövlətin yanında olan mətbuat inkişafa güc qatmaq məqsədilə milli maraqlardan çıxış edərək
əskilməz enerjisi ilə çalışmaqda, fəaliyyət
göstərməkdədir. Bu gün xalqla
dövlət birliyi çərçivəsində Azərbaycanın bir məqsədi demokratik, şəffaf mətbuat, mediadırsa, mətbuatın
da məqsədi güclü, müstəqil
Azərbaycandır! Dövlətin
qayğısı ilə
əhatələnmiş media
orqanları 2020-ci ildə
44 günlük Vətən
müharibəsində dövlətin
və Prezidentin yanında olmaqla xalq, ordu və
lider birliyinə ləyaqətlə xidmət
etdi. Azərbaycan təkcə müzəffər
Sərkərdəsi və
Ordusu ilə hərb meydanında deyil, həm siyasət və diplomatiya meydanda, həm də infiormasiya müharibəsində
ləyaqətlə döyüşərək
şanlı zəfərə
nail oldu. Azərbaycan milli mətbuatının 147-ci ilinin
2022-ci ildə müqəddəs
Şuşa şəhərində
keçirilməsi də
Şanlı Zəfərə
xidmət göstərmiş
Azərbaycan jurnalistikası
üçün yaddaqalan
gün olmuşdur. Azərbaycan Respublikası
Prezidentinin Şuşada
jurnalistlərə müraciəti
də bir proqram xarakteri daşımışdır: "Azərbaycan Respublikası
müstəqil siyasət
yürüdən, müasir,
güclü, beynəlxalq
münasibətlər sistemində
layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək
beynəlxalq nüfuzuna
xələl gətirmək,
daxili həyatına təsir göstərmək
cəhdləri səngimir.
Vətən müharibəsi
zamanı Azərbaycan
mediası informasiya cəbhəsində mübarizə
apararaq, kütləvi
dezinformasiya hücumlarının
qarşısının alınmasında,
cəmiyyətimizin operativ
və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız
Azərbaycan həqiqətlərini,
o cümlədən işğal
dövründə ermənilərin
tarixi torpaqlarımızda
törətdikləri misli
görünməmiş vəhşilikləri
və vandallığı
beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün
fəaliyyətlərini yorulmadan
davam etdirirlər. ...Əminəm ki, Azərbaycan jurnalistikası
əldə olunmuş
uğurların inkişaf
etdirilməsi, cəmiyyətimizin
davamlı tərəqqisi
və xalqımızın
xoşbəxt gələcəyi
üçün bundan
sonra da öz səylərini əsirgəməyəcək".
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar 2025.-
18-24 iyul (¹24).- S.17.