Yazmaq trenddir,
yazıçı olmaq istedad: Çağdaş ədəbiyyatın
içindən baxış
Bəzən elə bir dövrə çatırıq
ki, hər kəsin əlində bir qələm var, amma
yazılanların içində ruh qıtlığı
yaşanır. Bu gün ədəbiyyat aləmində belə
bir paradoksla qarşı-qarşıyayıq: Kitab yazmaq
heç vaxt bu qədər asan , amma yazıçı olmaq
heç vaxt bu qədər çətin olmamışdı.
Əvvəllər bir kitabın yazılması, redaktəsi,
çapı və oxucuya çatması illərlə vaxt
aparırdı. Əsərləri yazmaq üçün nəinki
bilik, eyni zamanda əzmkarlıq və ciddi bir əmək tələb
olunurdu. Bu gün isə texnologiyanın inkişafı ilə
hər şey dəyişib. İndi bir kompüter, bir yazı
proqramı və özünü "yazar" elan etməyə
hazır bir istək kifayət edir.
Artıq nəşriyyatlara müraciət etmək,
redaktor gözləmək, yazını düzəltmək və
onlayn kitab mağazalarına düşmək üçün
illərlə gözləmək lazım deyil. Hətta bir
çox insan öz kitabını özü çap etdirir,
sosial şəbəkələrdə reklam edir, bir-iki təqdimat
keçirib "müəllif" adına sahib olur. Ədəbiyyat
indi daha demokratik görünür, amma əslində, bu
"liberallaşma" keyfiyyətin qurbanı hesabına
baş verir.
Əslində yazıçı olmaq təkcə
yazmaq deyil. Yazıçı olmaq - müşahidə etmək,
duymaq, düşünmək və bütün bunları
oxucuya toxunan, düşündürən, dəyişdirən
formada təqdim etmək deməkdir. Yazıçı
zamanın ruhunu hiss edən, cəmiyyətin dərdinə bələd
olan və onu sənətkarlıqla ifadə edən şəxsdir.
Amma bu gün çoxu üçün
yazıçılıq yalnız kitab çap etdirməkdən
ibarətdir. Hətta bəzi hallarda əsər
yazılmamışdan öncə kitabın təqdimat tarixi təyin
olunur.
Bu yerdə bir sual doğur: Oxucuların əlindəki
bu qədər kitabın içində nə qədər
yazıçı nəfəsi var?
Müasir dövrdə kitab bazarında ciddi bir
"inflyasiya" yaşanır. Hər ay onlarla, yüzlərlə
yeni ad altında bədii kitab çıxır. Amma bu əsərlərin
böyük bir qismi bədii dəyərdən uzaq, tələsik
yazılmış, qəlibləşmiş fikirlər və
klonlanmış obrazlarla doludur. Məzmun yox, forma önə çıxarılır.
Gözəl üz qabığı, maraqlı ad, sosial şəbəkədə
marketinq, vəssalam, kitab "bestseller"ə çevrilə
bilir. Əsərin dəyəri artıq oxucunun
aldığı "selfie" sayına, təqdimatda
iştirak edən məşhur qonaqlara və ya TikTok-dakı
paylaşıma görə ölçülür. Dərinlik,
bədii dili işləmə, ədəbi ənənələrə
bağ - bunlar "nostalji anlayışlar" kimi bir kənara
itələnir.
Bəs keyfiyyət niyə aşağı
düşür?
Oxucu kütləsinin bir hissəsi hələ də
hansı əsərin yaxşı, hansının zəif
olduğunu seçə bilmir. Zəif yazılar belə
sürətlə oxunur, sosial mediada paylaşılır və
populyarlaşdırılır.
Bir çox nəşriyyat keyfiyyətə yox, tiraja və
satış potensialına baxır. Pulunu ver, kitabın
çap olunsun.
Bu gün cəmiyyətdə demək olar ki, sağlam
ədəbi tənqid yoxdur. Yaxşı ilə pisi ayırd edən
mexanizm zəifdir. Tənqid deyilən şey, ya şəxsi
hücum olur, ya da tanışlıq əsasında tərif.
Bir çox "müəllif" sadəcə izləyici
sayına güvənərək yazıçı kimi qəbul
olunmağa çalışır. Yazılarında fikir deyil,
cümlənin bəzəyi, söz oyunları önə
çıxır.
Bütün bu mənzərəyə baxmayaraq, hələ
də içində əsl söz yanğısı olan gənclər
var. Yazmaq üçün deyil, demək üçün
yazan, modaya deyil, məna axtarışına çıxan yeni
nəsil ədəbiyyatçılar yetişməkdədir.
Onlar səs-küy yaratmasalar da, dərinliyə enirlər. Bəlkə
də zamanla bu sükut, o səslərdən daha çox
qalacaq.
Eyni zamanda oxucu da zamanla ayılır. İnstagramda
görünən kitabın əvəzinə içində
fikir olan, oxucunu dəyişdirən əsərlərə
yönəlmə başlayır. Az olsa da, seçilmiş
oxucu kütləsi bu cür dəyərləri axtarır.
Əsl yazıçı olmaq üçün isə bu
kütlə yetərlidir.
Mövzu ilə bağlı
yazıçı-dramaturq, publisist, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi,
AYB-nin katibi Elçin Hüseynbəyli Olaylar.az-a
açıqlama verib. Yazıçı bildirib ki, hər yazan
yazıçı olmur, çünki yazmaq asanlaşsa da, həqiqi
ədəbiyyat daxili ehtiyacdan, deyil, dəyərdən
doğur:
"chr("39")Hər oxuyan Molla Pənah Vaqif
olmur" deyiblər. Hər oxuyan Vaqif olmadığı kimi,
hər yazan da yazıçı olmur. Bu, tamamilə təbiidir.
Amma burada narahat olmalı, neqativ qarşılanmalı bir məqam
da yoxdur. Çünki hər kəsin öz fikrini ifadə etməyə
haqqı var. İnsan yazmaqla daxili dünyasını ortaya
qoyur, fikirlərini paylaşır. Bu, yaradıcı
azadlığın bir parçasıdır.
Doğrudur, yazmaq bu gün daha asandır. Əvvəllər
bir mətni kağızda yazmaq, onu redaktə etdirmək,
çap etdirmək böyük zaman və enerji tələb
edirdi. İndi isə texnologiyanın verdiyi imkanlar sayəsində
yazmaq da, nəşr etdirmək də daha sürətli və əlçatan
olub. Amma burada bir mühüm məsələ var: necə
yazmaq?Yazmağın asanlaşması, təəssüf ki,
keyfiyyət məsələsində müəyyən problemlər
doğurur. Çünki artıq bir çox hallarda yazmaq
ehtiyacdan, daxili tələbatdan doğmur. Əksinə, bəzən
sadəcə "müəllif" adını qazanmaq,
görünmək və ya maddi məqsədlərlə
yazılır. Bu zaman yazı üslubu, ədəbi dəyər,
dilin estetikası, mövzunun aktuallığı və dərinliyi
arxa planda qalır".
Elçin Hüseynbəylinin sözlərinə
görə, ədəbiyyatda əsas meyar zamanın
sınağından çıxmaqdır, çünki yazmaq
asan, amma dəyərli və qalıcı əsər yaratmaq
çətindir.
"Hazırda ədəbiyyat sahəsində keyfiyyətli
əsərlərlə zəif yazılar arasında sərhədi
müəyyənləşdirmək isə,
açığını desək, heç də asan deyil.
Çünki zövqlər müxtəlif olduğu kimi, əsərlər
də müxtəlifdir. Kimisi süjetə önəm verir,
kimisi dilin poetikasına. Kimisi hissləri axtarır, kimisi fikirləri.
Amma yenə də bir meyar var ki, onu unutmaq olmaz:
uzunömürlü olmaq. Məncə, zamanla sınaqdan
çıxan, sırf maddi maraqla deyil, daxildən gələn
ehtiyacla yazılan, xalqa və cəmiyyətə bağlı əsərlər
qalıcı olur. Onlar nə qədər az oxunsa da, zamana tab gətirir,
bir dövrün güzgüsünə çevrilir.
Unutmamaq lazımdır ki, hər yazılan da kitab
olmur. Kitabın adını daşımaq, sadəcə bir
neçə səhifə çap etdirməklə
mümkün deyil. Kitab - fikrin, hissin, sözün məsuliyyətidir.
O baxımdan yazmaq da, çap etdirmək də bu gün kifayət
qədər asanlaşıb. Kim istəsə, müəyyən
vəsait qarşılığında istədiyi mətni
kitab formasında çap etdirə bilər. Puluna minnət -
deyə bilərik. Amma məsələ bununla bitmir.
Ən yaxşısı odur ki, yaxşı əsərlər
yazılsın, keyfiyyətli mətnlər ortaya
çıxsın və onları nəşriyyatlar da maraqla
çap etsin. Belə olduqda həm nəşriyyat qazanır,
həm müəllif. Amma indi bu şərait, bu münasibət
sistemi çox çətindir, təəssüf ki. Tələbat,
bazar, oxucu marağı və nəşriyyatların
yanaşması - bütün bunlar ciddi problemlərlə
üz-üzədir.
Yazmaq azadlığı vacibdir, amma
yazdıqlarının məsuliyyətini daşımaq da bir o
qədər önəmlidir".
Akademik Milli Dram Teatrının mətbuat katibi,
yazıçı-dramaturq Cavid Zeynallı da mövzu ilə
bağlı suallarımızı cavablandırıb.
-Cavid bəy, sizcə, bu gün yazıçı
olmaq daha çətindir, yoxsa yazmaq?
Bu sual ətrafında düşünəndə ilk
olaraq bir şeyi qeyd etməliyik: əgər söhbət həqiqi
istedaddan, həqiqi ədəbiyyatdan, yəni yüksək
estetik və məzmun səviyyəsinə malik mətnlərdən
gedirsə, yazıçı olmaq heç vaxt və heç
bir dövrdə asan olmayıb. Yazıçılıq, sadəcə
sözlərlə işləmək, hekayələr yazmaq
deyil. Bu, həm də dərin müşahidə qabiliyyəti,
insan psixologiyasına bələdlik, cəmiyyətlə əlaqə,
dil duyumu və zamanla yarış deməkdir. Həqiqi
yazıçı yalnız müəyyən bir dövrün
məhsulu deyil - o, zamanın sınağından keçən
şəxsiyyətdir. Elə buna görə də,
yazıçının əsil dəyərini əslində
zaman verir. Müasir dövrdə diqqətdən kənarda
qalan bir əsər illər sonra klassikaya çevrilə bilər.
Bu da onu göstərir ki, dəyər anlayışı
yalnız bugünkü oxucu marağı ilə
ölçülmür. Bəzən ədəbi cəhətdən
olduqca güclü bir mətn o dövr üçün
anlaşılmaz, hətta "lazımsız" görünə
bilər. Oxucu marağını cəlb etməyə bilər.
Amma bu o demək deyil ki, həmin əsər dəyərsizdir.
Oxucunun zövqü və marağı mütləq meyar ola
bilməz. Ədəbiyyat nəzəriyyəsi, estetik
kateqoriyalar və ədəbi tənqid müəyyən dəyərlər
müəyyən edir ki, həmin meyarlarla əsərlər
qiymətləndirilir. Həqiqi ədəbiyyat uzunmüddətli
təsir gücünə malikdir və bu təsiri yalnız
zaman göstərə bilir. Ona görə də ədəbi
dəyər - ani populyarlıqla deyil, zamanın süzgəcindən
keçmək və yadda qalmaqla ölçülür.
-"Kitab yazmaq asanlaşıb" fikrinə
münasibətiniz nədir?
Bəzən belə bir fikir səslənir ki, "indi
hər kəs kitab yazır, kitab yazmaq asanlaşıb, bu da ədəbiyyatın
səviyyəsini aşağı salır." Mən bu fikrə
tamamilə fərqli rakursdan baxıram. Kitabların çox
yazılması, yazıçılıq iddialarının
artması mənim üçün qorxulu və narahatedici hal
deyil. Əksinə, bu, təbii bir prosesdir. Cəmiyyətdə
yaradıcılıq meylinin artması, insanların öz
fikirlərini ifadə etməyə çalışmaları
müsbət haldır. Buna inzibati yolla, qadağalarla və ya
süni filtrlərlə müdaxilə etmək olmaz və belə
bir ehtiyac da yoxdur.
Hər bir insan yazmaqla özünü ifadə edir,
özünü tanıyır və reallaşdırır.
Yazmaq prosesinin özü insanı formalaşdırır. Kitab
yazmaq, sadəcə nəticə əldə etmək deyil, həm
də müəllifin bir oxucu kimi formalaşması, dilə və
struktura münasibətinin inkişaf etməsi, fikir ifadəsində
püxtələşməsi deməkdir. Təbii ki, bu qədər
rahat şəkildə kitabların yazılması və nəşr
olunması müəyyən mənada ədəbi
meyarların dəyişikliyinə və hətta bəzən
aşınmasına səbəb ola bilər. Amma burada da əsas
meyar zamanın sınağıdır. Keyfiyyətsiz və ədəbi
baxımdan zəif əsərlər sadəcə informasiya
tullantısı kimi bir müddət sonra unudulur. Əvəzində
isə həqiqi dəyərə malik əsərlər illər
sonra da oxunur və öz yerini qoruyur. Bu baxımdan, kitabların
çox yazılması ilə mübarizə aparmağa deyil,
keyfiyyətin təbliğinə ehtiyac var.
-Sizcə, bu gün Azərbaycanda nəşr olunan bədii
əsərlərin neçə faizi ədəbi cəhətdən
dəyərlidir?
-Ədəbi əsərlərin faizlə dəyərləndirilməsi
çətin məsələdir. Əlimdə konkret bir
ölçü cihazı yoxdur ki, deyim filan qədər əsər
dəyərlidir, digəri deyil. Amma uzun illərdir ki, ədəbi
mühitin içindəyəm və istedadlı insanları
tanıyıram. Bu insanlar arasında mənim dostlarım da
var. Cəmiyyət, xüsusilə kiçik ədəbi
çevrələr istedadlıları tanıyır və
onları fərqləndirə bilir. Ədəbiyyatda
zövqlü, savadlı və obyektiv qiymətləndirmə
qabiliyyətinə malik bir qrup insan - müəllimlər, tənqidçilər,
redaktorlar və hətta diqqətli oxucular var ki, onlar hansı əsərin
həqiqi dəyərə malik olduğunu görür və hiss
edirlər. Bu, kəmiyyət yox, keyfiyyət məsələsidir.
-Ədəbiyyatda kəmiyyətin çoxluğu
keyfiyyəti artırırmı, əksinə?
-Sual maraqlıdır, mənim fikrimcə, xeyr,
artırmır. Ədəbiyyat sənəti elə bir sahədir
ki, orada kəmiyyətlə keyfiyyət arasında birbaşa əlaqə
yoxdur. Həqiqi ədəbiyyat həmişə
azlıqdadır. Tarix boyu belə olub. Böyük əsərlər,
istedadlı qələmlər say etibarilə az olub, lakin təsir
baxımından böyük və dərin olub. Yaxşı əsər,
yaxşı fikir heç vaxt çox ola bilməz. Bu səbəbdən,
ədəbi bolluq bizi aldatmamalıdır - çoxluq keyfiyyət
göstəricisi deyil. Əsl söz, həqiqi ədəbiyyat
nadir hallarda yaranır və öz dəyərini zamanla təsdiqləyir.
Kitab yazmaq doğrudan da asanlaşıb. Amma
yazıçı olmaq - hələ də çətindir.
Çünki yazıçı olmaq üçün təkcə
qələm deyil, vicdan, bilik, dərinlik və duyğu
lazımdır. Bu günkü ədəbiyyat bazarında
çoxlu kitab var - amma çox az yazıçı var.
Yazıçı olmaq - zamanla mübarizə
aparmaqdır. Sürətlə yazıb unudulmaq yox, yavaş
yazıb yadda qalmaqdır.
Səidə Ramazanova
Olaylar .- 2025.- 25-31 iyul (№25).- S.15.