Bir şəhid əynində
köynəkdi Vətən!
Sevimli şairimiz Hüseyn
Bağıroğlunun şeirləri üzərinə
düşüncələr
Naxçıvan ədəbi mühitinin
istedadlı nümayəndələrindən biri şair
Hüseyn Bağıroğludur. Şeirlərinin səmimiliyi,
insan problemini yeni lirik əhval-ruhiyyədə bədii əksinə
görə fərqlənən Hüseyn Bağıroğlu
Babək ədəbi mühitinin yetirdiyi və müasir Azərbaycan
şeirində rəğbətlə qarşılanan nümayədələrindən
biridir. Hüseyn Bağıroğlu 1961-ci ildə Nehrəm kəndində
doğulub. Ali təhsil alandan sonra müxtəlif yerlərdə,
o cümlədən Naxçıvan Dövlət Televiziya və
Radio verilişləri komitəsində
çalışıb. Ədəbi mühitdə istedadlı
şair kimi özünə dərin hörmət və rəğbət
qazanan şair şeirlərinin bədii siqləti və ideya-məzmun
xüsusiyyətləri ilə diqqət cəlb edib. Onun
müxtəlif illərdə bir neçə kitabı, o
cümlədən "Adam kölgəsinə səsləmə
məni" (1998), "Mən çiynimdən yerə qoydum
dünyanı" (2001), "Başımda qar olur,
ayağımda yaz" (2010), "Nə yaxşı göydədi
hələ göy üzü" kimi kitabları çap
olunmuşdur.
İstedadlı şair bədii səmimiyyəti ilə daha çox oxucu rəğbəti qazanmışdır. Şairin "Adam kölgəsinə səsləmə məni", "Mən çiynimdən yerə qoydum dünyanı" kimi misraları da həm fəlsəfi məzmunu ilə fəqlənən, həm də geniş oxucu rəğbəti qazanan misrlar sırasındadır. Şairin yaradıcılığı haqqında bəhs edən Nadir Yalçın yazır: "Şeirləri oxuduqca hiss olunur ki, şair hər bir misrasını ürəyinin odu, duyğularının şəhdi ilə qələmə alıb. Ədəbi qanunauyğunluqların dəqiq gözlənildiyi bu şeirlər əsas verir ki, oxucu mütaliə zamanı müəllifin kamil bədii portretini öz təxəyyülündə canlandırsın". Doğrudan da, şair Hüseyn Bağıroğlu o sənətkarlardandır ki, onun yaradıclığı mənəvi kimliyinin bədii ifadəsidir. Şair yaradıcılığında kimdirsə, həyatda şəxsiyyət olaraq da odur. Onun poetik ifadələri şəxsiyyətinin həyat dəyərləri, yaşam qənaətləridir.
Hüseyn Bağıroğlu lirik şairdir. Onun yaradıcılığında vətən və insan sevgisinə həsr olunan humanist məzmunlu əsərləri şairin ədəbi şəxsiyyətinin möhürü kimi çıxış edir. İnsana dərin hörmət və sevgi nümayiş etdirən şair əsərlərində də bu humnanizmi uğurla nümayiş etdirə bilmişdir. Hüseyn Bağıroğlunun yaradıcılığında Vətən insandan - vətəndaşdan kənar anlaşılan məfhum deyil. Həm də H.Bağıroğlu "vətən, vətən" deyə süni pafos və yorucu söz təkrarları ilə vətənpərvərlik və vətənə məhəbbət ideyası əks etdirmək deyil, vətən sözü işlətmədən vətəni sevdirən və məhəbbət duyğularını ifadə edən sənətkardır:
Dağlarda düşmənə göz dağı-səngər,
Düzlərdə bir zərif çiçəkdi Vətən.
Hər məqamda sən düşmənə sinə gər,
Simurq qanadında lələkdi Vətən.
Şairin bədii söz sənətkarlığının təzahürüdür ki, dağdakı çiçəklə şəhid əynindəki köynək arasında həm söz qabığı, həm də inteqrativ əlaqə taparaq vətən anlayışında birləşdirmişdir. Şairin təbirincə, Vətən həm dağ döşündəki çiçək, həm də dağlar kimi sinə gərən şəhid əynindəki köynəkdir. Çiçəklər dağ döşündə rənglənib Vətənə gözəllik, sevgi bəxş etdiyi kimi, Şəhid əynindəki köynək də Vətənə dəyən güllələrin yarasından rəng alaraq Vətənə məhəbbətin sevgi rəngini təzahür etdirir. Bu baxımdan şəhid köynəyi həm də vətən bayrağıdır:
Tufanlı günlərdə dayağa dönər.
Dumanlı günlərdə mayağa dönər.
Qızara-qızara bayrağa dönən
Bir şəhid əynində köynəkdi Vətən.
Əlbəttə, bu düşüncə, baxış milli düşüncə və inamın təzahürüdür. "Kitabi-Dədə Qorqud" dastanında da Vətənin qeyrətli, igid, qəhrəman oğlu Beyrəyin qanlı köynəyi Vətən sevgisinin bayrağına çevrildiyi kimi, onun barmağından axan qan ağlamaqdan kor qalan Atanın gözlərinin aydınlıq ümidinə, şəfasına çevrildi. Hətta milli dəfnetmə ənənəsinə görə, şəhidlərin əynindəki qanlı paltarlar onların son kəfəni olaraq qəbul edilər və dəfn olunar. Bu mənada şəhid köynəyi müqəddəsdir, vətən, torpaq müqəddəsliyinin ifadəsidir.
Şairin "Mənim şəhid-şəhid azalan yurdum" misrası ermənilərin Azərbaycana qarşı hərbi müdaxilələri nəticəsində itirələn torpaqları və şəhid düşən vətən övladlarına elegeya təsiri bağışlayan misrasıdır. Şair müxtəlif mövzularda yazdığı şeirlərdə özünəməxsus sənətkarlıq bacarığı nümayiş etdirilmişdir. Vətən sevgisi vətəndaşlığın alın yazısı kimi onun misralarında xüsusi yer tutmuşdur:
Allahdan da
öz payını
Utana-utana
istədin.
Özünə
heç nə ummadın,
Hər
şeyi Vətənə istədin.
Şairin
istedadla qələmə aldığı "Salam, əziz
Şuşa" şeiri Vətən müqəddəsliyinə
bürünmüş Şuşanın zəfərinə həsr
edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin
Şuşanın alındığı gün "Salam, əziz
Şuşa, biz qayıtmışıq!" fikrindən mənəvi qida və
boy alan şeirdə Şuşaya bəslənilən müqəddəs
sevgi və onun zəfərindən doğan intəhasız
qürur öz bədii əksini tapmışdır:
Sənsən
bizim ruhumuzun məskəni,
Yad əllərdə
qoyardıqmı heç səni?
İti
qovan kimi qovduq düşməni,
Salam əziz
Şuşa, biz qayıtmışıq!
Sənə
göz dikənin vurduq gözündən,
Hünəri
var bir də çıxsın özündən.
Gör nə
at çapırıq Cıdır düzündə!
Salam əziz
Şuşa, biz qayıtmışıq!
Sən
indi azadsan azad quş kimi,
Axır
gözümüzdən sevinc yaş kimi,
Eşqin
qəlbimizdə bir naxış kimi.
Salam, əziz
Şuşa, biz qayıtmışıq.
Çox
oddan, alovdan keçib gəlmişik,
Dağ
çəkənə dağlar çəkib gəlmişik,
Şəhadət
şərbəti içib gəlmişik.
Salam, əziz
Şuşa, biz qayıtmışıq.
Şairin
"Azərbaycan əsgəri" şeiri də Azərbaycan
əsgərinə həsr edilən ən uğurlu fəxriyyələrdən
biri kimi qiymətləndirilə bilər. Bu şeir
özünün təntənəliliyi ilə diqqəti cəlb
edir:
Ey tarixin
ilk əri,
Azərbaycan
əsgəri!
Dünya
türkün dünyası,
Vətən
ömrün mənası,
Başda
Turan sevdası,
Bağrına
bas Xəzəri.
Sənsən
uca Allahın
Ən
sevimli əsəri,
Azərbaycan
əsgəri!
İman
dolu köksünə
Nə ox,
nə güllə dəysin.
Uca
Tanrı düşməni
Sənin əlinlə
döysün.
Hünərinə
sevinib
Coşsun
Araz, Həkəri...
Ey tarixin
ilk əri,
Azərbaycan
əsgəri!
Şeir
öz tənətənə və təmtəraqlı
üslubuna görə marş janrını xatırladır.
Bu mənada "Azərbaycan əsgəri" şeirini
yüzillərə öz hünərilə tarixə
yazdığı böyük zəfərdən sonra Azərbaycan
ordusunun fəxriyyəsi və əsgər
yürüyüşü üçün marşı hesab
etmək olar.
İstedadlı
şairə və ədəbiyyatşünas Lütviyyə
Əsgərzadə Hüseyn Bağıroğlunun
yaradıcılığını səciyyələndirərkən
yazırdı: ""Vətən", "Azərbaycanım",
"Salam, əziz Şuşa", "Azərbaycan-Türkiyə",
"Sənin baban", "Azərbaycan əsgəri" və
b. şeirlərdə doğma torpağa bağlılıq, Vətən
övladlarının misilsiz qəhrəmanlığı,
Böyük Zəfərimiz, vətən torpağının əsarətdən
qurtuluşu, yenidən yazılan tariximiz yüksək poetik
dillə nəzmə çəkilir".
Buludlar hayqırır,
şimşəklər dinir,
Hər əsən
küləkdən qopur bu nida;
Ulduzlar
sayrışır, mələklər dinir,
Yurd sevən
ürəkdən qopur bu nida:
"Azərbaycan
can içində bir candır!
Qarabağ
əbədi Azərbaycandır!"
Hər
qaya köksündə, hər dağ başında
Tarixim daşlarda
dil açıb deyir;
Bu qədim
torpağın hər qarışında
Şəhid
məzarları gül açıb deyir:
"Azərbaycan
can içində bir candır!
Qarabağ
əbədi Azərbaycandır!"
Şair
Hüseyn Bağıroğlunun lirikası fəlsəfi məzmunu
ilə daha çox diqqətə gəlir. Şairin
bütün şeirlərində fəlsəfi rəng, fəlsəfi
düşüncə, hər bir anlamı daha geniş məzmunda qəbul etmək onun
yaradıclığı üçün xarakterik və səciyyəvidir.
Hüseyn Bağıroğlunun bu kontekstdə böyük rəğbət
qazanan şeirlərindən biri "Söz" şeiridir. Məlumdur
ki, Azərbaycan ədəbiyyatında əzəldən
söz üzərində çoxsaylı şeirlər həsr
edilmişdir. Həm şifahi xalq ədəbiyyatında, xalq
inancında söz müqəddəsliyi ilə mənalandırılmış,
həm də klassik sənətkarlarımız sözə
müqəddəs məna verərək onun şəninə ən
alovlu misralar həsr etmişlər. Nizami Gəncəvinin
poemalarında söz haqqında bəhs olunan müdrik
misraları, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin,
Şah İsmayıl Xətayinin, Yunus Əmrənin və
türk şeirinin böyük ustadı Məhəmməd
Füzulinin söz haqqında
şeirləri ədəbiyyatımızın ən diqqətəşayan
yerlərini tutmaqdadır. Hüseyn Bağıroğlunun da sələflərinin
ənənəsinə qayıdaraq sözə fəlsəfi məzmunda
yanaşan bu şeiri xüsusi məna-məzmun xüsusiyyətlərilə
diqqəti cəlb edir. Sözü yaradılışdan əvvələ
- daha qədim, əzəli bir anlayışa sahib olduğunu
qeyd edən şair onun müqəddəslik rəmzindən,
xeyir anlamından, hələ şərə əsir-yesiur
olmamasından bəhs açır, onun müqəddəs
yerindən danışır:
Onda mələklərin
dodağındaydı,
Onda yer
üzünə enməmişdi Söz.
Ömrünün
ilahi nur çağındaydı,
Qarğışa,
söyüşə dönməmişdi Söz.
Onda yer
üzünə enməmişdi Söz.
...Söz
onda şah idi qızıl taxtında,
Şeytanla
sözünkü düz gəlməmişdi.
Həvvanın
üzündən cənnət bağında
Adəmin
üzünə söz gəlməmişdi.
Şeytanla
sözünkü düz gəlməmişdi.
Sözə
orijinal bir yanaşma göstərən şairin bu misraları
ədəbiyyatımızda ən qiymətli misralar kimi
qalmağa layiq nümunəılərdəndir.
Hüseyn
Bağıroğlunun yaradıcılığında insan da
çox mühüm bir yer tutaraq əks etdirilir. İnsan
müqddəs yaradılış mahiyyətinə malik bir
varlıq kimi sevilsə də, şeytana yoldaş bir varlıq
kimi də ondan dərin bir giley, şikayət var Hüseyn
Bağıroğlunun yaradıcılığında.
Şeirlərindən birində insanlardan gileylənən
şair yazırdı:
İlahi,
görürsən bəndələrini,
Məndə
yaşamağa hal qoymadılar.
Dərd
ilə hördülər hər tərəfimi
Bir yana
çıxmağa yol qoymadılar.
Və
yaxud şairin:
Ruhumuz
göylərdə darıxır yəqin,
Yerdən
göy üzünə baxmağa gəlir.
Bəlkə
də əyninə bir bədən geyib
Güzgüdə
özünə baxmağa gəlir -
misraları
insan haqqında platonik düşüncələri
özündə ehtiva edir.
Göyə
endirdilər məni,
Səma gəlib
çatdı mənə.
Sözlə
dindirdilər məni,
Məna gəlib
çatdı mənə.
Bilmədim
bu nə qurğudu,
Başladı
eşqin qürubu;
İçimdə
ümman qurudu,
Dərya
gəlib çatdı mənə.
Nə məkanda,
nə vaxtdaydım,
Nəğmə
kimi dodaqdaydım...
Mən
dünyadan qabaqdaydım,
Dünya gəlib
çatdı mənə.
Şairin
"Mən dünyadan qabaqdaydım", "Bura yer
üzüdü", "Göy adamları", "Biz yerə
gəlməyik", "Cənnətdi sevənin yeri
dünyada" və digər şeirləri özünün
fəlsəfi məzmunu ilə diqqəti cəlb edən əsərlər
silsiləsindəndir.
Beləliklə,
oxucuların sevimli şairi Hüseyn Bağıroğlu
özünün yüksək bədii sənətkarlıq
ehtiva edən əsərləri ilə "nəğmə
kimi dodaqda" olan, bədii dərki və poetik
qavrayışı etibarilə isə "dünyadan
qabaqda" olan sənətkar kimi həmişə ən uca
yerdə - söz sevənlərin qəlbində və dilində
olan şairlərdəndir.
Ramiz
QASIMOV
Naxçıvan
Müəllimlər İnstitutunun dosenti,
filologiya
üzrə fəlsəfə doktoru
Olaylar.-
2025.- 13-19 iyun, ¹20.- S.22.