İSGƏNDƏR ÇİTAŞİ nədən
unuduldu?
Qafqaz
dünya xəritəsində kiçik bir nöqtə kimi
görünür, lakin bu region müxtəlif dillərdə
danışan və fərqli dini inanclara sahib xalqların
minillər boyu mehribanlıqla birgə yaşadığı ərazidir.
Buna görə də, Qafqazı "azsaylı xalqlar
muzeyi" adlandırırlar. Regionda müharibələr olsa
da, bu müharibələrin heç biri milli və dini
münaqişələrdən qaynaqlanmamışdır.
Əksinə, müharibələr daha çox hakimiyyət və
ərazi bölgüsü məqsədi
daşıyırdı. Sovet İttifaqı və çar
Rusiyasının işğalçı siyasətləri
bölgədəki xalqları bir-birindən ayırmağa
yönəlmişdi. Bu siyasətlərin bir hissəsi xalqlar
arasında istifadə edilən yazı sistemlərinin,
xüsusilə, ərəb qrafikalı əlifbanın dəyişdirilməsi
idi. Bu məsələdə fəal iştirak edənlərdən
biri də İsgəndər Çitaşi olmuşdur.
İsgəndər
Çitaşi, Azərbaycanda yaşamış və saxur,
udin dillərinin əlifbalarını yaratmış bir şəxs
olaraq tanınır. O, 20-ci əsrin əvvəllərində
Qafqazın azsaylı xalqları və etnik qrupları ilə
bağlı apardığı elmi tədqiqatlar, eyni zamanda
dilçilik sahəsindəki fəaliyyəti ilə
tanınan önəmli bir alimdir. Onun elmi irsi, xüsusilə
Azərbaycandakı azsaylı xalqların dilləri və mədəniyyətləri
ilə bağlı apardığı tədqiqatlarla əhəmiyyətlidir.
Bu, həm regionun etnik müxtəlifliyinin qorunmasına, həm
də dil və əlifba islahatlarına yönəlmiş
mühüm addımlar atılmasına səbəb
olmuşdur. Çitaşi yalnız dilçilik sahəsindəki
araşdırmalarla deyil, Sovet dövründə
qarşılaşdığı siyasi və ideoloji təzyiqlərlə
də yadda qalmışdır.
İsgəndər
Çitaşi haqqında dəqiq məlumatları 1930, 1933 və
1936-cı illərdə yazdığı tərcümeyi-halından
əldə etmək mümkündür. Bu əlyazmalar,
Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə tərəfindən
aşkara çıxarılmışdır.
Çitaşi,
1904-cü ildə Türkiyənin Qaradeniz bölgəsinin
Viçə kəndində az torpaqlı, kasıb bir ailədə
doğulmuşdur. O, ilk təhsilini kənd məktəbində
almışdır. Sonralar təhsilini Batum, Kutaisi və Voronej
kimi şəhərlərdə davam etdirmişdir. Təhsil
yolu çətinliklərlə dolu olmuşdur.
Babasının təkidi ilə Batumidəki litseyə
yazılmaq istəsə də, müsəlman və yad soylu
olduğu üçün qəbul edilməmişdir. Birinci
Dünya Müharibəsi onun həyatını tamamilə dəyişdirmişdir.
Müharibə və sürgünlər nəticəsində
o və ailəsi yurdlarından didərgin
düşmüşdür. 1919-cu ildə, İsgəndər
Çitaşi əmisi ilə birlikdə Sovet Ordusunun
süvari dəstələrinə qoşulmuşdur. Sonralar,
1922-ci ildə yaşının az olması səbəbindən
Sovet Ordusundan tərxis edilmişdir.
1924-cü
ildə Cənubi Osetiyaya göndərilən Çitaşi,
burada Pioner təşkilatını qurmuşdur. O, 1928-ci ildə
Şərq Xalqlarının Milli və Etnik Mədəniyyətlərini
öyrənən Elmi Tədqiqatlar İnstitutuna aspirant olaraq qəbul
olmuş, burada lazca dilçilik tədqiqatlarına
başlamışdır. Bu dövr onun elmi fəaliyyətinə
mühüm təsir göstərmişdir.
İsgəndər
Çitaşi bu institutda təhsil alarkən, gələcək
həyat yoldaşı, azərbaycanlı Yusifzadə Şəhla
xanımla tanış olur. Yusifzadə Şəhla, yəqin
edilir ki, Azərbaycanın tanınmış jurnalist və ədəbiyyatşünası
Mirzə Cəlal Yusifzadənin qızıdır. Onların
tanışlığı və evliliyi, Çitaşinin həyatında
əhəmiyyətli bir mərhələ olmuşdur. İsgəndər
Çitaşinin elmi fəaliyyətinin mühüm bir hissəsini
Azərbaycandakı azsaylı xalqlar və etnik qruplarla bağlı
apardığı tədqiqatlar təşkil edir. Belə ki,
o, Sovet Ensiklopediyasının sifarişi ilə
"Avarlar", "Avar dili", "Abxaz dili",
"Adıgey", "Abadzehlər", "Analitik əlifba",
"Krits köyü gezisi", "Kapantsyanın kitabı
haqqında", "SSRİ xalqları siyahısı
haqqında bir nöqtə" kimi məqalələr
yazmışdır.
Çitaşi,
həmkarları ilə birlikdə Laz dilində ilk qəzet
olan Mçita Muruzxini nəşr etdirmişdir. Təəssüf
ki, bu qəzetin yalnız iki nömrəsi çap edilə
bilmişdir. Birinci nömrəsi 7 noyabr 1929-cu ildə, ikinci
nömrəsi isə həmin ilin dekabrında dərc
olunmuşdur. Türkiyəyə aparılması qadağan
olunan bu qəzet, Mustafa Kamal Atatürkün əmri ilə
ikinci nömrəsindən sonra bağlanır.
1929-cu ildə
Gürcüstan Kommunist Partiyasının Azsaylı Xalqlar
Bölməsi, İsgəndər Çitaşini Abxaziyada
yaşayan lazların Türkiyəyə
köçünün qarşısını almaq və
lazlarla danışıqlar aparmaq üçün vəzifələndirmişdir.
Bu dövr ərzində Çitaşi, latın
qrafikasının əsasında laz dilinə aid əlifbanı
hazırlamışdır. İsgəndər Çitaşi,
1930-cu ildən sonra Sovet Şərq Xalqları İnstitutunda təhsilini
davam etdirmişdir. O, Tiflisdəki Qafqaz Tarix və Arxeologiya
İnstitutunda fəaliyyətini davam etdirmiş və burada
lazca dərsliklər hazırlamışdır.
Çitaşi, həmçinin Lazca dərs kitablarının
hazırlanması üçün Suxuma göndərilmişdir.
O, öz xalqı üçün əlindən gələn
bütün səyləri əsirgəməmişdir: Laz
dilində təhsil verən məktəblərdə
uşaqlar üçün Lazca dərs kitabları
hazırlamışdır. 1932-ci ildə ilk Lazca oxuma-yazma
öyrədən dərs kitabı olan "Çquni
Çhara - Albonişi Supara"nı, 1933-cü ildə
"Oxesapuşi Supara" (Hesab kitabı), 1935-ci ildə
"Alboni" (Əlifba) və 1937-ci ildə
"Okitxuşeni Supara" (Oxuma kitabı) kitablarını tərtib
etmişdir. Lakin geri dönərkən "əmək
intizamını pozduğuna" görə işindən azad
olunmuşdur.
1935-ci
ilin mayından 1936-cı ilin mayına qədər
Çitaşi Tiflisdəki Qafqaz Tarix-arxeoloji İnstitutunun Laz
bölməsinin müdiri olaraq fəaliyyət göstərmişdir.
1936-cı ildə Abxaziya dövlət başçısı
Nestor Lakobanın ölümü ilə vəziyyət gərginləşmişdir.
Çitaşiyə dəstək olan Nestorun vəfatından
sonra Laz dili ilə bağlı fikir ayrılıqları
meydana çıxmışdır. Həmkarı və eyni
zamanda rəqibi olan Arnold Çikobava Laz dilini "ev dili"
olaraq qəbul etməklə yanaşı, Lazlar
üçün ədəbi dilin Gürcü dili
olmasını tələb edirdi. Çitaşi isə öz
xalqına, dilinə və soykökünə bağlı olaraq,
Arnoldla tam əks mövqedən mübarizə aparırdı.
O, Laz dilinin ədəbi dil olaraq qəbul edilməsini və
latın qrafikalı Laz əlifbasının tərtibini dəstəkləyirdi.
Bu
mübarizə siyasi xarakter almağa başlamışdır.
Əslində, bu, SSRİ-nın özünəməxsus siyasətinin
təzahürü idi. Azərbaycanda da həmin illər ərzində
iki dəfə əlifba dəyişdirilmişdir (1929-cu ildə
latın, 1939-cu ildə isə kiril qrafikalı əlifbaya
keçilmişdir). Lakin, gürcülərin mübarizəsi
daha güclü olmuşdur. Belə ki, 1936-cı ildən
etibarən başlanan əlifbanın kirilləşdirmə
prosesi Gürcüstanda gürcüləşdirmə ilə nəticələnmişdir.
Şübhəsiz ki, bu prosesdə hakimiyyətdə olan
gürcü kökənlilərin millətçi siyasəti,
eyni zamanda Stalinin gürcü olması da mühüm rol
oynamışdır.
1938-ci ildə,
Çitaşi "yarqılanmağa məhkumlar"
siyahısına əlavə edilmiş və 22 iyun 1938-ci ildə
Tiflisdə edam edilmişdir. Onun edamına bəhanə olaraq
Laz xalqı arasında casus, terrorçu və
üsyançı olmaq kimi saxta iddialar irəli
sürülmüşdür.
İsgəndər
Çitaşinin zəngin elmi fəaliyyəti, onun
yazdığı əsərlər və yaratdığı əlifbalar,
Azərbaycandakı azsaylı xalqların mədəni irsinin gələcək
nəsillərə çatdırılmasında mühüm
rol oynamışdır. O, Azərbaycandakı azsaylı
xalqların dilləri, mədəniyyətləri və tarixləri
ilə bağlı bir çox elmi tədqiqatlar
aparmış, onların bəzilərini çap etməyə
müvəffəq olsa da, bəziləri əlyazma şəklində
qalmaqdadır.Lakin onun elmi fəaliyyəti Sovet
İttifaqının repressiya siyasəti və etnik qruplara
qarşı tətbiq etdiyi zorakılıqların fonunda
formalaşmışdır. Çitaşi xalqının
suverenliyi, azadlığı üçün mübarizə
aparan bir şəxsiyyət olmasına baxmayaraq, özü də
bilmədən rus siyasətinin qurbanına çevrilmişdi.
Çitaşinin həyat və fəaliyyəti onun
zamanında qarşılaşdığı çətinliklərə
rağmən dil və mədəniyyət sahəsindəki
mübarizəsinin əhəmiyyətini daha da
vurğulayır və bu gün onun öz xalqı, o cümlədən
Azərbaycandakı azsaylı xalqlar üçün etdiklərini
diqqətə gətirmək labüddür.
Cəmilə
NİYAZ QIZI
AMEA
Folklor İnstitutu
Olaylar.-
2025.- 7-13 mart, №9.- S.17.